Məhkəmə qərarları › İş №2(089)-122/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-122/2021

04.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-122/2021 04.06.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi zərər” tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh “xxxx” ASC-dən öhdəliyin lazımınca icra edilməməsinə görə 33364 manat maddi ziyan, 50000 manat mənəvi ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, xx xxxxxxxx 1963-cü il tarixdə Culfa rayonunun Əbrəqunus kəndində doğulmuş, 2020-ci ilədək Əbrəqunus kəndində yaşamışdır. 1983-1996-cı illərdə “xxxx” ASC-də çilingər, təhlükəsizlik üzrə mühəndis vəzifəsində işləmişdir. 1988-ci ilin fevral ayında iş zamanı baş vermiş hadisə nəticəsində gözündən xəsarət almışdır. 2002-ci ilədək “xxxx” ASC tərəfindən aldığı xəsarətlə bağlı ona hər hansı məbləğdə ödəniş edilməmişdir. Müraciəti əsasında Culfa Rayon Məhkəməsinin 17 dekabr 2002-ci il tarixli, 2-117/2002 nömrəli qətnaməsi ilə “xxxx” ASC-dən 5.778.860 manat birdəfəlik ödəncin, 35115 manat aylıq ödəncin alınıb ona verilməsi qət edilmişdir. Birdəfəlik ödənc öna verilmiş, lakin aylıq ödəmələr bu günədək ödənilməmişdir. 2004-cü ildə maddi və mənəvi zərər tələbi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Culfa Rayon Məhkəməsinin 2-5/2004 nömrəli, 27 may 2004-cü il tarixli qətnaməsi ilə 8.820.700 manat maddi və mənəvi zərərin “xxxx” ASCdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilmişdir. 8.820.700 manat maddi və mənəvi zərər ona ödənilmişdir. İddiaçı izahatında onu da bildirmişdir ki, 1988-ci ildən 1996-cı ilədək “xxxx” ASC-də işləmiş, aylıq əməkhaqqı və pensiya almışdır. 23 ildir ki, aldığı xəsarətdən əziyyət çəkir. Maddi ehtiyac səbəbindən Bakı şəhərində, Türkiyə Respublikasında, Rusiya Federasiyasında çətinliklə işləmiş, ailəsinin ehtiyaclarını qarşılamaq üçün pul qazanmışdır. Culfa rayon Məhkəməsinin 17 dekabr 2002-ci il tarixli, 2-117/2002 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 35115 manat aylıq ödənc zamanında “xxxx” ASC-dən alınıb ona verilsəydi, həmin pul məbləğindən lazımi qaydada istifadə edərdi. Bu gün həmin məbləğin aylıq ehtiyacların qarşılanması üçün xərclənməsi mümkün deyil. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 35115 manat aylıq ödəncin 19 il ərzində ödənilməməsinə görə illik hesablanmış beş faiz, cəmi 33364 manat məbləğində pulun alınıb ona verilməsini istəyir. Həmçinin Culfa Rayon Məhkəməsinin 17 dekabr 2002-ci il tarixli, 2-117/2002 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 35115 manat aylıq ödənc zamanında “xxxx” ASC-dən alınıb ona verilmədiyindən mənəvi olaraq əziyyət çəkmişdir. Odur ki, mənəvi zərər olaraq 50000 manat məbləğində pulun alınıb ona verilməsini xahiş edir. 21 may 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş “xxxx” ASC-nin direktoru X3 iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, “xxxx” ASC 2001-ci ilədək dövlətin mülkiyyətində olmuş, 2001-ci ildə özəlləşdirilmiş, 2005-ci ildə dövlət qeydiyyatına alınmış, “xxxx” ASC-nin direktoru olmuşdur. “xxxx” ASC 2011-ci ilədək sənəd üzərində fəaliyyət göstərmiş, istehsal, gəlir olmamış, 2011-ci ildə fəaliyyətini dayandırmışdır. Ə.Əliyev izahatında onu da bildirmişdir ki, İddiaçı 1988-ci ildə iş qəzası nəticəsində xəsarət almış, Culfa Rayon Məhkəməsinin 17 dekabr 2002-ci il tarixli, 2-117/2002 nömrəli qətnaməsi ilə “xxxx” ASC-dən 5.778.860 manat birdəfəlik ödənc, 35115 manat aylıq ödəncin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Birdəfəlik ödənc olan 5.778.860 manat və 10 aylıq 35115 manat, cəmi 351.150 manatın iddiaçıya ödənilməsi üçün DSMF-nin Culfa rayon şöbəsindən “xxxx” ASC-nin hesabına pul köçürülmüş, həmin məbləğlər iddiaçıya verilmiş, qalıq aylıq ödəmələr cəmiyyət fəaliyyət göstərmədiyindən ödənilməmişdir. Culfa Rayon Məhkəməsinin 2-5/2004 nömrəli, 27 may 2004 nömrəli qətnaməsi ilə 8.820.700 manat maddi və mənəvi zərərin “xxxx” ASC-dən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilmişdir. 8.820.700 manat maddi və mənəvi zərər iddiaçıya ödənilmişdir. Culfa Rayon Məhkəməsinin 17 dekabr 2002-ci il tarixli, 2-117/2002 nömrəli qətnaməsi qismən icra edildiyindən, icra edilməyən hissədə icraya göndərilmiş, qətnamənin icra edilməsi mümükün deyil, ona görə ki, cəmiyyət fəaliyyət göstərmir, istehsal, gəlir, cəmiyyətin əmlakı yoxdur. İş materiallarına əlavə edilmiş- Culfa rayon Məhkəməsinin 17 dekabr 2002-ci il tarixli, 2-117/2002 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, “xxxx” ASC-dən 5.788.860 manat birdəfəlik ödənc, 35115 manat aylıq ödəncin alınıb İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı 07 aprel 2021-ci il tarixdə Culfa Rayon Məhkəməsinə daxil olmuş ərizəsinin surətindən müəyyən olunur ki, 5.788.860 manat birdəfəlik ödənc İddiaçı 07 dekabr 2004cü il tarixdə ödənilmiş, 35115 manat aylıq ödənc ödənilməmişdir. Culfa Rayon Məhkəməsinin 2-5/2004 nömrəli, 27 may 2004 nömrəli qətnaməsinin surətindən görünür ki, 8.820.700 manat maddi və mənəvi zərərin “xxxx” ASC-dən alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Culfa rayon Təhsil şöbəsinin 375 nömrəli, 12 iyul 2012-ci il tarixli məktubunun surətindən müəyyən olunur ki, Culfa Rayon Məhkəməsinin 2-5/2004 nömrəli, 27 may 2004 nömrəli qətnaməsi tam icra olunmuşdur. DSMF-nin Culfa rayon şöbəsinin 06/232 nömrəli, 13 dekabr 2004-cü il tarixli məktubunun surətindən müəyyən olunur ki, 17 dekabr 2002-ci il tarixli, 2-117 nömrəli icra vərəqəsinə əsasən “xxxx” ASC-nin sabiq işçisi İddiaçı barəsində hesablanmış 5.788.860 manat birdəfəlik ödənc və 35115x10=351150 manat aylıq ödənc, cəmi 6.140.010 manat ödənc 30 noyabr 2004-cü il tarixli, 67 nömrəli ödəniş tapşırığı ilə zərərçəkmiş İddiaçı İbar oğluna zərərin ödənilməsi üçün “xxxx” ASC-nin ********** nömrəli hesabına ödənilmişdir. Culfa rayon Vergilər şöbəsindən verilmiş 04 iyun 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, “xxxx” ASC-nin hüquqi ünvanı Culfa rayonunun Əbrəqunus kəndidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində də hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Hazırkı iş üzrə iddiaçı iddia tələbində istinad etdiyi halların əsası olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "X.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında şərh etmişdir ki, “...məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir...”. İş üzrə toplanmış sübutları araşdırarkən məhkəmə müəyyən etmişdir ki, iddiaçının iddia tələbində qeyd edilənlərlə bağlı hüququnun pozulması təsdiqlənmir və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Beləliklə, iş üzrə toplanmış sübutları araşdırıb, onlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad etməklə 35115 manat aylıq ödəncin 19 il ərzində ödənilməməsinə görə illik hesablanmış beş faiz, cəmi 33364 manat məbləğində pulun alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qanunun normasının mənasından belə nəticəyə gəlmək olar ki, kreditor, yəni borc verən şəxs borc verdiyi məbləği müəyyən edilmiş müddətdə geri ala bilməzsə, borclu borc aldığı pul məbləğinin ödənilməsini gecikdirdikdə əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz tələb edə bilər. Müəyyən edilmişdir ki, tərəflər arasında borc (kredit) müqaviləsi bağlanmamış, İddiaçı cavabdeh “xxxx” ASC-yə borc (kredit) müqaviləsi üzrə pul verməmiş, iddia tələbi “xxxx” ASC-dən Culfa rayon Məhkəməsinin 17 dekabr 2002-ci il tarixli, 2-117/2002 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 35115 manat aylıq ödəncin alınıb İddiaçı ödənilməməsi səbəbindən yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Culfa Rayon Məhkəməsinin 17 dekabr 2002-ci il tarixli, 2-117/2002 nömrəli qətnaməsinin qismən icra edilməməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən iş qəzası nəticəsində xəsarət almış İddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aylıq ödəncin illik hesablanmış beş faizinin (19 il üçün) cavabdehdən tələb etməsinə əsas ola bilməz. Məhkəmə iddianın maddi zərərin ödənilməsi hissəsində rədd edilməsini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyi baxımından da qanuni hesab edir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçı Ş.Namazovun cavabdeh “xxxx” ASC-dən 50000 manat məbləğində mənəvi zərər tələbinə gəldikdə, məhkəmə belə hesab edir ki, həmin hissədə də iddia əsassızdır. Belə ki, iddiaçı iddia ərizəsində, məhkəmə araşdırması zamanı izahatında bildirmişdir ki, cavabdeh “xxxx” ASC tərəfindən öhdəlik, yəni Culfa Rayon Məhkəməsinin 17 dekabr 2002-ci il tarixli, 2-117/2002 nömrəli qətnaməsi 35115 manat aylıq ödənc hissədə icra edilmədiyindən 50000 manat məbləğində mənəvi zərər alınıb ona verilməlidir. Həmçinin iddiaçı mənəvi zərər tələbini onunla əsaslandırmışdır ki, 23 ildir ki, aldığı xəsarətdən əziyyət çəkir. Maddi ehtiyac səbəbindən Bakı şəhərində, Türkiyə Respublikasında, Rusiya Federasiyasında çətinliklə işləmiş, ailəsinin ehtiyaclarını qarşılamaq üçün pul qazanmışdır. Culfa Rayon Məhkəməsinin 17 dekabr 2002-ci il tarixli, 2-117/2002 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 35115 manat aylıq ödənc zamanında “xxxx” ASC-dən alınıb ona verilsəydi, həmin pul məbləğindən lazımi qaydada istifadə edərdi. Bu gün həmin məbləğlə aylıq ehtiyacların qarşılanması mümkün deyil. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Mülki işin materiallarına əlavə edilmiş Culfa Rayon Məhkəməsinin 2-5/2004 nömrəli, 27 may 2004 nömrəli qətnaməsinin surətindən görünür ki, iş qəzası nəticəsində xəsarət almış İddiaçı maddi və mənəvi zərər tələbi təmin edilmiş, 8.820.700 manat maddi və mənəvi zərərin “xxxx” ASC-dən alınıb İddiaçı ödənilməsi qət edilmişdir, həmin məbləğ İddiaçı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə uyğun olaraq, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Məhkəmə İddiaçı mənəvi zərər tələbi ilə bağlı nəticəyə gələrkən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli, 7 nömrəli Qərarında qeyd edilənləri də nəzərə almışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə göstərilənləri, işin araşdırılmış hallarını nəzərə alıb, qanunvericiliyin müddəalarına əsaslanaraq qeyd edir ki, İddiaçı “xxxx” ASC-yə qarşı mənəvi zərərin ödənilməsi tələbi ilə iddia qaldırmaqda haqlı olmamışdır. Belə ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona maddi və mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, cavabdeh təşkilatın ona mənəvi zərərin vurulduğunu bildirsə də, bunu sübuta yetirə bilməmişdir. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Məcəllənin 1097.1-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, cavavdeh təşkilat “xxxx” ASC 10 aprel 2011-ci il tarixdən fəaliyyətini dayandırmışdır. Belə olan halda iddiaçının ləğv edilməsə də, fəliyyəti dayandırılmış cəmiyyətə qarşı mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi isə “İcra haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş qaydada icra edilir ki, aylıq ödəncin ödənilməmiş ayları üçün ödənilməsi məqsədilə İddiaçı ərizəsi əsasında icra edilməsi üçün Culfa rayon İcra və Probasiya bölməsinə göndərilmişdir. İddiaçı Ş.Novruzovun 23 ildir ki, aldığı xəsarətdən əziyyət çəkməsi, maddi ehtiyac səbəbindən Bakı şəhərində, Türkiyə Respublikasında, Rusiya Federasiyasında çətinliklə işləməsi, ailəsinin ehtiyaclarını qarşılamaq üçün pul qazanması iddiaçının mənəvi zərərlə bağlı tələbinin təmin edilməsinə əsas ola bilməz. Hər bir ailə başçısının vəzifəsi işləmək, ailənin ehtiyaclarını qarşılamaqdan ibarətdir. İddiaçı İİİ qrup əlildir, əmək qabiliyyətlidir. İşləməli, ailə üzvlərinin ehtiyaclarını qarşılamalıdır. Həmçinin o da nəzərə alınmalıdır ki, iddiaçı 35115 manat aylıq ödəncin ümumiyyətlə ödənilmədiyini bildirsə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Culfa Rayon Məhkəməsinin 17 dekabr 2002-ci il tarixli, 2-117/2002 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 5.788.860 manat birdəfəlik ödənc və 35115x10=351150 manat aylıq ödənc, cəmi 6.140.010 manat ödənc 30 noyabr 2004-cü il tarixli 67 nömrəli ödəniş tapşırığı ilə DSMF tərəfindən zərərçəkmiş İddiaçı zərərin ödənilməsi üçün “xxxx” ASC-nin ********** nömrəli hesabına ödənilmiş, cavabdeh “xxxx” ASC-nin direktoru Ə.Əliyev həmin məbləğlərin iddiaçıya verildiyini bildirmişdir. Həmçinin “xxxx” ASC 10 aprel 2011-ci il tarixdən fəaliyyətini dayandırmışdır. Məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, iddia rədd edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsümu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 33364 manat maddi zərər, 50000 manat mənəvi zərər tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə ondan apelyasiya şikayət verilmədiyi halda, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar