Məhkəmə qərarları › İş №2(089)-180/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-180/2023

26.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-180/2023 26.07.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, Cavabdeh, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdehdən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 14 saylı evin, 9 saylı mənzilin alınmasına xərclədiyi 66400 manat pulun, mənzilin alınmasına beh olaraq verdiyi 500 manat məbləğində pulun və Şahid6 kredit öhdəliyinə görə 22 iyul 2021-ci il tarxdə ödənilmiş 292 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, əvvəllər 2 dəfə ailə qurmuş, nikahları uğurlu olmamış və nikahı pozulmuşdur. 2 övladı var. Uzun illərdir ki, tək yaşayır. Tək yaşamaq onun üçün çox çətin olmuşdur. Bu səbəbdən də güvənə biləcəyi bir xanımla ailə qurmaq barədə düşünmüşdür. Yaxın qohumları Culfa şəhərində yaşayır, özü də Culfa şəhərində pasport qeydiyyatındadır. Müxtəlif səbəblərdən hərdən Culfa şəhərinə gəlmişdir. 2020-ci ilin dekabr ayında evlə təmin olunamayan hərbçilərə verilən illik kirayə haqqının alınması ilə əlaqədar Culfa şəhər Bələdiyyəsinə getmiş, Cavabdeh orada görmüşdür. Şahid6 Culfa şəhər bələdiyyəsində mühasib vəzifəsində işləməsini öyrənmişdir. Əvvəllər də cavabdehi orada görmüş, lakin yaxından tanımamışdır. Onun haqqında qohumlardan məlumat almış, cavabdehin subay olmasını, nikahda olub, ayrılmasını, 2 yetkinlik yaşına çatmayan uşağının olmasını, keçmiş həyat yoldaşının Türkiyə Respublikasında yaşamasını öyrənmişdir. Cavabdehə qarşı hisslərinin fərqli olduğunu hiss etmiş, ciddi münasibət qurmaq məqsədilə qohumları vasitəsilə cavabdehə bu haqda xəbər göndərmiş, telefon nömrəsini əldə etmiş, onunla telefon əlaqəsi saxlamış və söhbət etməyə başlamış, bir neçə gündən sonra onunla görüşmüşdür. Aralarında gələcəkdə ailə quracaqları barədə söhbətlər də olmuş, söhbət əsnasında cavabdeh də onun kimi uğursuz nikahda olmasını, tənha olmasını demiş, yaş fərqlərinin olmasına baxmayaraq, yaxşı ailə ola biləcəklərini düşünmüşdür. Tarixini dəqiq xatırlamır, bacısı X12 şəhərində Səriyyənin yaşadığı evə getmiş, onun üçün elçilik etmiş, elçilik müsbət qəbul olunmuş, həmçinin cavabdehin barmağına üzük taxılmışdır. Sonra onlar nikah bağlanması üçün hazırlıq işlərinə başlamışlar. Həmin vaxtlar özünü xoşbəxt hiss etmiş, nəhayət ki, tənhalığına son qoyulacağını düşünmüşdür. Təssüflər olsun ki, bu belə olmamış, cavabdehi tanıması nəinki, tənhalığının sonu olmuş, cavabdeh onun əminiliyindən, saflığından vicdansızcasına sui-istifadə etmiş, onu aldatmaqla son vardövlətini də ələ keçirmişdir. İddiaçı izahatında onu da bildirmişdir ki, cavabdehlə tanış olduğu gündən “Kapital Bank” plastik kartının şəkilini “vatsap”la ona göndərmiş, maddi sıxıntıları olduğundan dəfələrlə maddi köməklik etməsini istəmiş, Səriyyəyə inanmış, başqa heç nə düşünməmiş, 2021-ci ilin yanvar ayının sonlarında 200 manat və 100 manat, fevral ayının əvvəlində, daha sonra 350 manat, 2 dəfə 50 manat kartına pul köçürmüş, fevralın 28-də Culfa şəhərində şəxsən özünə pul vermiş, iyun ayının 6-da 500 manat, təyyarə bileti almaq üçün iyun ayının təqribən 20-də 100 manat, iyulun təqribən 12-də cavabdehin uşaqları ilə birlikdə Bakıya gəlməsi üçün təyyarə bileti alınması üçün 150 manat pulu həmin karta köçürmüşdür. Həmçinin cavabdehə aralarında olan söhbətlər əsnasında Bakıda mülkiyyətində mənzilinin olmamasını, lakin 2019-cu ildə ünvan 1 ünvanında 1 otaqlı mənzil almasını, bacısı Zeynalova (Mustafayeva) Nəzakət Məmməd qızının adına rəsmiləşdirdiyini bildirmişdir. Cavabdeh həmin mənzili öz adına rəsmiləşdirməyə təkid etmiş, bacısı Nəzakətlə danışmış, bacısı mənzilini 05 mart 2021-ci il tarixində Bakı şəhəri 30 saylı Notariat Ofisində bağışlama müqaviləsi ilə ona bağışlamış, mənzili öz adına rəsmiləşdirmişdir. Cavabdeh bununla da sakitləşməmiş, öz məkrli planlarını sona qədər çatdırmaq məqsədi güdmüş, ona 2 uşağının olduğunu, ailə qurduqdan sonra dörd nəfər olacaqlarını, 1 otaqlı mənzildə yaşamalarının mümkün olmayacağını, evin darısqal olacağını və həmin 1 otaqlı mənzilin satılmasını, 2 və ya 3 otaqlı mənzil almasını ondan tələb etmişdir. Cavabdehlə ömrünün sonuna qədər bir yerdə yaşayacaqlarına inanmış, onunla razılaşmış və həmin mənzili makler vasitəsilə xx.xx.2021-ci il tarixində 55500 manata satmışdır. Mənzili satdıqdan sonra tək yaşadığından və təhlükəsizlik baxımından mənzilin satışından əldə etdiyi pulu alqı-satqı müqaviləsini bağladığı 50 saylı Notariat Ofisinin depozit hesabında xx.xx.2021-ci il tarixinə qədər saxlamışdır. Həmçinin 2 və ya 3 otaqlı mənzil axtarmışdır. Cavabdehlə aralarında olan danışığa əsasən mənzili aldıqdan sonra, övladları ilə birgə daimi yaşamaq üçün Bakıya köçməli idi. Bir neçə vaxtdan sonra makler vasitəsilə əvvəllər həmişə arzuladığı yerdən 2 otaqlı mənzil tapmış, mənzil tam hazır və boş olmuşdur. Mənzilin öz adına alınmasına cavabdeh qəti etiraz etmiş, bunu onunla əsaslandırmışdır ki, o, daha gəncdir, ailənin gələcəyi üçün Naxçıvan MR-nı həmişəlik olaraq tərk edəcək, həmçinin onun əvvəllər 2 dəfə evli olmasını əsas göstərərək bildirmişdir ki, ondan tam arxayın deyil. Cavabdeh həmçinin ona qarşı olan münasibətinin səmimi olmasına inanması üçün mənzilin onun adına rəsmləşdirilməsini xahiş etmiş, mənzilin cavabdehin adına rəsmilləşdirilməsinə razılıq vermişdir. Alacağı mənzilin ümumi dəyərini 76000 manata razılaşmışlar. Alqı-satqıdan öncə o, 500 manat beh vermiş, nəticədə, hər ikisi Bakı şəhəri 50 saylı Notariat Ofisinə getmişlər. Əvvəlcədən tədarük etdiyi 76000 manat pulu özü ilə gətirmiş, alqı-satqı müqaviləsi bağlanmışdır. Notariat ofisinə cavabdehlə birlikdə getmiş, ofisin qarşısında cavabdeh telefonla danışdığından özü notariusa daxil olmuş, cavabdeh ondan 1-2 dəqiqə sonra notariusa daxil olmuş, özü notariusa daxil olan zaman Şahid3 və satıcının nümayəndəsi notariusda olmuşlar. Mənzilin alınmasına cavabdeh 10800 manat pul xərcləmişdir. Bildiyinə görə "xxxx" ASCdən iyul ayında 6300 manat pul götürmüş, 4500 manat isə başqa şəxsdən borc almışdır. Mənzilin ümumi dəyəri 76000 manat olmuş, ümumlikdə mənzilin alınması üçün 77200 manat pul xərclənmişdir. 75820 manat mənzilin sahibinə vermiş, su qızdırıcısının alınması üçün 100 manat xərcləmiş, 52 manat istilik pulu, 20 manat kommunal borca ödəmiş, ümumi hesabdan 180 manat çıxılmışdır. Mənzil əldə olunduqdan sonra, mənzili əşyalarla təchiz etmiş, belə ki, satdığı 1 otaqlı mənzilində olan bütün ev əşyalarını, hamam güzgüsü, yun döşəklər, yorğanlar, balışlar, qab-qaşıq, dəhliz üçün paltar asan dəsti, 4 göz pilitə, 3 ədəd xalça, Türkiyə istehsalı olan sarı rəngdə masa, 3 ədəd stul, “Samsung” markalı 82 sm ölçüdə olan plazma televizor, 1 ədəd ağ rəngli kreslo, ağ rəngli divan, “Vestel” markalı soyuducu, “Vestel” markalı 7 kq paltaryuyan maşın və sair əşyaları mənzilə daşımışdır. Hətta cavabdeh onu gələcəkdə münasibətlərinin möhkəm olacağına inandırmaq üçün əldə etdikləri mənzilə daimi pasport qeydiyyatına düşməsinə mane olmamışdır. Onu da qeyd etmək istəyir ki, cavabdehə nikaha daxil olmağı əvvəlcədən bildirmiş, cavabdeh nikaha yalnız mənzilin alqı-satqı müqaviləsindən sonra daxil olacaqlarını bildirmişdir. Hər ikisi də tibbi müayinədən keçmiş, Bakı “ASAN 5” Mərkəzi qeydiyyat şöbəsinə nikaha daxil olmaq haqqında ərizə yazmışlar. X3ra nikahın 1 aydan sonra, yəni xx.xx.2021-ci il tarixdə rəsmi qeydiyyata alınacağı haqqında arayış verilmişdir. Lakin bir neçə vaxt sonra, cavabdeh həmin mənzilin yalnız ona məxsus olmasını, həmin mənzili kirayə verəcəyini, onun bu mənzilə dair heç bir hüququnun olmadığını bildirmişdir. Cavabdehə mənzilin pulunun 90 faizini onun verdiyini xatırlatmış, cavabdeh isə bildirmişdir ki, “əsas müqavilədir və müqavilədə də yalnız mənim adım var”. Həmin vaxt düşünmüşdür ki, yəqin cavabdeh əsəbiləşib, bir neçə vaxt ayrı qalsalar münasibətləri yaxşılaşacaq. Cavabdehə qarşı olan münasibəti cavabdehin onu aldada biləcəyini düşünməyə imkan verməmişdir. Lakin zaman keçmiş, yenə də səhv etdiyini görmüşdür. Belə ki, 22 avqust 2021-ci il tarixdə cavabdehə səs atmış, bir gün sonra zaksa gedəcəklərini, nikaha daxil olacaqlarını demiş, cavabdeh ona səs atmış, ona “rədd ol, sən mənə layiq deyilsən” demişdir. Bu səbəbdən də xx.xx.2021-ci il tarixdə qeydiyyat şöbəsinə tək getmiş, cavabdehin də gələcəyini düşünmüş, lakin cavabdeh 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə gəlməmiş, onu orada təklikdə bir neçə saat gözləmiş, anlamışdır ki, cavabdehin ona qurduğu tələyə düşmüşdür. Cavabdehə dəfələrlə zəng etmiş, lakin o zənglərinə cavab verməmişdir. Onun ümid etdiyi həyat, qurmaq istədiyi ailə və halal pulu puç olmuşdur. Pulunu cavabdeh vicdansızlıqla əlindən almışdır. Cavabdehin barəsində ərizə ilə Nizami Rayon Polis İdarəsinin 24 PB-yə müraciət etmiş, araşdırma aparılmış, “Cinayət işinin başlanılmasının rədd olunması haqqında” qərar qəbul olunmuş, mülki məhkəməyə müraciət etməsi bildirilmişdir. Ömrünün demək olar ki, son hissəsində bütün var dövlətindən, pulundan, eləcə də rahat yaşamaq imkanından məhrum edilmişdir. Pozulan hüquqları bərpa olunmalı və ünvan 2 ünvanında yerləşən mənzilin cavabdehin adına alınması üçün xərclədiyi 66400 manat məbləğində pul cavabdehdən alınaraq ona qaytarılmalıdır. İddiaçı izahatında onu da bildirmişdir ki, cavabdeh tərəfindən Kapital Bank ASC-nin Culfa filialından götürülmüş kredit məbləğindən bir aylıq kredit borcu, 225 manat onun tərəfindən xx.xx.2021-ci il tarixində (**********565003AZN nömrəli bank hesabı) ödənilmiş, həmin məbləğ cavabdehdən alınmalı və ona verilməlidir. Həmçinin iddia ərizəsinin verilməsi üçün ödədiyi 291 manat cavabdehdən alınmalı və ona verilməlidir. İddia ərizəsində cavabdehdən alınması üçün qeyd edilmiş 500 manat səhvən qeyd edilmişdir, belə ki, 500 manat 66400 manata daxildir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil1 iddiaçının ifadəsinə oxşar ifadə vermiş, iddianı müdafiə etmiş, iddianın tamamilə əsaslı olduğunu bildirmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, iddiaçı ilə Culfa şəhər Bələdiyyəsində qarşılaşmış, iddiaçının onunla ailə qurmaq barədə fikri olmuş, bu barədə fikrini ona çatdırmışdır. İddiaçı ilə ailə qurmaq fikri olmamış, lakin iddiaçı ona çox vədlər vermiş, onu inandırmışdır. Mənzilin alınması üçün 6300 manat kredit götürmüş, özündə əlavə pul olmuş, Bakı şəhərinə gedən zaman üzərində 15000 manat pul olmuşdur. İddiaçı Bakı şəhərində ona mənzil almaq üçün söz vermişdir. Bakı şəhərinə gəlməmişdən iki gün əvvəl iddiaçı bir otaqlı evini satmadığını bildirmişdir. Naxçıvandan gələn zaman üzərində olan pulun bir hissəsi manat, bir hissəsi dollar olmuşdur. Bankdan götürdüyü 6300 manat pulu iddiaçı ödəməli idi. İddiaçı bir aylıq ödəniş etmiş, qalan aylar üçün ödənişləri özü etmişdir. Bakı şəhərinə gedən zaman hava limanında onu iddiaçı qarşılamış, bir otaqlı evinə aparmışdır. İddiaçının ona alacağı evə əvvəlcədən baxmamış, sadəcə şəkillərdə görmüş, evin dəyərinin 76000 manat olmasını bilməmiş, notariat ofisinə getmək üçün hazırlaşan zaman iddiaçı ev almaları üçün 60000 mantın çatmadığını, qardaşından almasını bildirmişdir. Bakı şəhərində evin alınması üçün notariat ofisinə iddiaçı ilə birlikdə getmiş, 75000 manatı notariusun depozitinə iddiaçı qoymuşdur. Evi iddiaçı tapmış, beh vermiş, evin tapılması üçün vasitəçiyə də pulu iddiaçı vermişdir. Evin alınmasından sonra iddiaçı əşyalarını yeni alınmış evə gətirmiş, sonra isə özü ilə aparmışdır. İddiaçı ilə münasibətlərinin korlanmasına səbəb Bakı şəhərinə böyük qızı ilə getməsi olmuşdur. İddiaçıdan ayrıldıqdan sonra iddiaçının səs yazılarını, vatsap yazışmalarını silmişdir. Bakı şəhərində evi onun adına alacağını iddiaçıya əvvəlcədən bildirmişdir. Ona görə evin öz adına alınmasını istəmişdir ki, iddiaçı əvvəlki həyat yoldaşları kimi onu tərk etməsin. Cavabdeh Şahid6 izahatında onu da bildirmişdir ki, evin alınması üçün 60000 manatı qardaşı Şahid5 borc almışdır. İddiaçının bir otaqlı mənzili satması barədə məlumatı olmamış, özü 29 iyun 2021-ci il tarixdə Bakı şəhərinə getdikdən sonra iddiaçı bir otaqlı evini sata bilmədiyini bildirmişdir. İddiaçı qardaşının maddi imkanın yaxşı olmasını əvvəlcədən bilmiş, bu barədə söhbət əsnasında özü ona demişdir. İddiaçı utandığını, qardaşı Rasimdən borc istəyə bilmədiyini, qardaşından 60000 manat borc almasını ona demişdir. Qardaşı ilə danışmış, iddiaçıya məxsus bir otaqlı evdən çıxmış, yaxınlıqda olan metroya getmiş, Rasim gəlmiş, 60000 manatı ona vermiş və getmiş, özü evə qayıtmış, birlikdə notariat ofisinə getmişlər. İddiaçı pul almaq üçün onunla birlikdə getməmiş, utandığını demişdir. İddiaçı söz vermişdir ki, bir otaqlı evini satacaq qardaşına olan borcu qaytaracaq. Qardaşının Bakı şəhərində evi, obyektləri var. Qardaşının ona 60000 manat borc verməyə maddi imkanı var. Qardaşı Rasimdən Bakı şəhərində ev alması üçün 60000 manat borc almasını təsdiq edən hər hansi bir sübutu yoxdur. Qardaşından borc alan zaman iddiaçının bir otaqlı evi satacağını, borcu qaytaracaqlarını qardaşına demişdir. Qardaşının mülkiyyətində evi, nəqliyyat vasitələri var, mülkiyyətində nəqliyyat vasitələrinin olması barədə sübutları (etibarnamələri) məhkəməyə təqdim etmişdir. Hazırda borc məsələsinə görə qardaşı ilə aralarında münasibət pozulmuşdur. Evi satacaq, qardaşına olan 60000 manat borcu qaytaracaq. Cavabdeh Şahid6 izahatında həmçinin onu da bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzilin alınmasından sonra iddiaçı ona mesaj yazmış, bildirmişdir ki, “evi mənə bağışla, yoxsa səni süründürəcəyəm, səni biabır edəcəyəm, zaksa aparmayacağam”. İddiaçının məqsədi, əgər ayrılsaq, mənzildən ona pay əldə etmək olmuşdur. Bakı şəhərində olduğu qısa müddətdə iddiaçı onu istirahət üçün harasa aparmamış, onunla davamlı mübahisə etmiş, ona “kim sənə Bakıda ev alar” demiş, iddiaçıya “kim mənə evə alarsa, mən də ona ərə gedərəm” demişdir. Notariat ofisinə gedən zaman aralarında mübahisə olmamış, hər bir halda evin onun adına alınacağı barədə razılaşmışlar. Notariat ofisinə iddiaçı ilə birlikdə daxil olmuş, iddiaçıdan bir neçə dəqiqə sonra notariat ofisinə daxi olmamış, notarat ofisinə daxil olan zaman şahid Nuriyev və başqa iki şəxs orada olmuş, onlar iddiaçı ilə salamlaşmışlar. İddiaçı onu nikahın qeydiyyata alınması üçün aparmadığından, qeydiyyat şöbəsinə getməmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin vəkili Vəkil2 iddianı qəbul etməmiş, iddianın əsassız olduğunu, məhkəmə araşdırması zamanı tələbin sübut olunmadığını bildirmiş, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının təklifi ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu ərazisində ev alqısı- satqısı ilə məşğul olur. Nizamini təxminən 10 il olar ki, tanıyır. Nizami təxminən 2021-ci ilin mart ayında bir otaqlı evini satmaq istədiyini bildirmiş, 2021-ci ilin iyun ayında onun vasitəçiliyi ilə mənzili 56000 manata satmışdır. 55500 manat bankda notariusun depozitində qalmış, 500 manatı isə götürmüşdür. Alqı-satqı əməliyyatında qeyri-rəsmi olaraq iştirak etmişdir. İddiaçı bir otaqlı mənzilini satanadək bir neçə dəfə ona 2 otaqlı mənzil axtardığını, iki ev özü, 1 ev isə həmkarı Yavər tapmışdır. Yavər tapdığı evin mülkiyyətçisi ilə razılaşmışlar. Nizami ondan evə baxmasını xahiş etmiş, özü, Yavər və Nizami evə baxmış, evin yaxşı ev olduğunu bildirmişlər. Yavər evi 76000 manata satdıqlarını demiş, sonra evin sahibinə zəng etmiş, razılaşmışlar. Nizami Yavərə 500 manat beh vermişdir. Təxminən 2 həftə sonra mənzilin alqı-satqısı olmuş, orada iştirak etməmişdir. Alqı-satqıdan iki gün əvvəl Nizami onunla görüşmüş, sənədləşdirməyə 500 manatının çatmadığını demiş, 500 manat borc istəmiş, ona 500 manat borc vermişdir. Həmçinin Yavərə 700 manat verəcəyini, Yavərdən həmin pulu evin sənədləşdirməsindən sonra verməsini deməyi xahiş etmiş, Yavərə demiş, Yavər etiraz etməmişdir. Nizami mənzilin alqı-satqısından sonra ona 500 manat, Yavərə isə 700 manat vermişdir. Şahid2 ifadəsində onu da bildirmişdir ki, Nizami ilə söhbət zamanı demişdir ki, ailə qurmaq istəyir, bir otaqlı evi satıb, iki otaqlı ev almasına səbəb ailə qurmasıdır. Ailə qurmaq istədiyi xanım evin onun adına sənədləşdirilməsini istəyir. Nizamiyə evi öz adına sənədləşdirməsini, sonra xanıma bağışlamasını məsləhət etmişdir. Nizaminin bir otaqlı evin satışından əldə etdiyi və notariusun depozit hesabına qoyduğu 55500 manat pulu depozitdən onunla birlikdə götürmüş, hətta tək yaşadığını, pulun onda olmasının təhlükəli olduğunu, bir-iki gün pulu saxlamasını xahiş etmiş, lakin pulu qəbul etməmişdir. Nizami bir otaqlı evini 2 otaqlı ev alması üçün satmış və iki otaqlı ev almışdır. Məhkəmə iclasında iddiaçının təklifi ilə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, ev alqı-satqısı ilə məşğul olur. Nizamini 6-7 il olar ki, tanıyır. Nizami 2021-ci ilin mart ayında ofisə gəlmiş, 1 otaqlı evini satmaq istədiyini, 2 otaqlı ev almaq istədiyini bildirmiş, 2 otaqlı evlərin təxminən qiymətini soruşmu, ona 75000-85000 arası qiymətlərin dəyişdiyini demişdir. Nizami bir otaqlı mənzilini satılması üçün yazdırmış və getmişdir. 07 iyun 2021-ci il tarixdə Nizami ofisə gəlmiş, bir otaqlı evini satmaq üçün razılaşdıqlarını, beh də aldığını bildirmiş, iki otaqlı ev tapmasını xahiş etmişdir. Təxminən iki-üç gün sonra həmkəndlisi Qara adlı şəxs ofisə gəlmiş, iki otaqlı evini satmaq istədiyini bildirmiş, evin açarını ona vermiş və getmişdir. Nizamiyə zəng etmiş, demiş, Nizami iki dəfə özü, bir dəfə həmkarı Rza ilə, bir dəfə 1 nəfər usta ilə, 1 dəfə isə iki cavan oğlanla evə baxmış, 76000 manata razılaşmışlar. Nizami ona 500 manat beh vermiş, 10000 manatının olduğunu, 56000 manata bir otaqlı evini satdığını, 10000 manatı isə bir həftəyə hazırlayacağını bildirmişdir. Nizami sonra bir dəfə də ofisə gəlmiş, bir az da vaxt istəmiş, həmçinin evi başqa şəxsin adına sənədləşdirəcəyini, həmin şəxsin işdən çıxa bilmədiyini bildirmiş, həmin şəxsin kim olmasını deməmişdir. 29 iyul 2021-ci il tarixdə mənzilin alqı-satqısı aparılmışdır. Bir gün əvvəl Nizami ona zəng etmiş, ona çatacaq 1 faizi iki-üç gün sonra verməsini xahiş etmiş, onunla razılaşmışdır. Həmçinin mənzilin sənədləşdirilməsinə lazım olan pulu Rzadan borc aldığını bildirdmişdir. 29 iyun 2021-ci il tarixdə özü, Nizaminin ev aldığı şəxsin nümayəndəsi və Vasif adlı şəxs notariat ofisinə getmiş, onlar notariusa daxil olduqları zaman Nizami orada olmuşdur. Təxminən 1-2 dəqiqə sonra isə cavabdehin notariusa daxil olduğunu xatırlayır. Nizaminin çiynində qara sumka olmuş, o, pulun hazır olduğunu bildirmiş, hətta pulu ona göstərmişdir. Notarusun olduğu otağa Nizami, cavabdeh və satıcının nümayəndəsi daxil olmuşlar. Bir neçə dəqiqədən sonra Nizami notariusun otağından çıxmış, pulu notariusun depozitinə qoymuş, sonra alqı-satqı prosesi başa çatmışdır. Mənzilin alqı-satqısından sonra açarı Nizamiyə vermişdir. Şahid3 ifadəsində onu da bildirmişdir ki, cavabdehi əvvəllər görməmiş, cavabdehi ilk dəfə notariat ofisində görümüşdür. Nizami mənzili cavabdehin adına alacağını ona deməmiş, sadəcə başqa şəxsin adına alacağını demiş, mənzilin alqı-satqısı zamanı pul Nizamidə olmuş, pulu depozitə Nizami qoymuşdur. Məhkəmə iclasında cavabdehin təklifi ilə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində bildirmişdir ki, cavabdeh bacısıdır. Bakı şəhərində yaşayır. Yaşamağa mənzili yoxdur, 4 ay əvvəl mənzilini satmışdır. Tayota pirus markalı avtomobili var, başqasına məxsus çay evini işlədir, mülkiyətçi ilə aralarında müqavilə yoxdur, aylıq gəliri 1800-2500 manat olur. X13 Bakı şəhərində 76000 manata mənzil almasını bilir, həmin məbləğin 60000 manatını özü bacısına borc vermişdir. Cavabdehə 60000 manat borc verməsini təsdiq edən heç nə yoxdur. Evin alınmasından iki gün əvvəl bacısı ona Nizami ilə ev almaq istədiklərini, 60000 manat pulun çatmadığını, ona borc olaraq 60000 manat pul verməsini xahiş etmiş, qısa müddətdə özü pulu qaytaracağını bildirmişdir. Neftçilər metrosunun yaxınlığında Səriyyə ilə görüşmüş, metronun hansı tərəfində görüşdüklərini xatırlamır. Bacısına 60000 manat pul vermiş, Nizami orada olmamışdır. Səriyə Nizaminin nəyininsə olduğunu, satıb pulu qaytaracaqlarını demişdir. 60000 manat özünə və qardaşı İsmayıla məxsus pul olmuşdur. Bacısına məxsus olan mənzilin alınmasında iştirak etməmişdir. Şahid5 ifadəsində onu da bildirmişdir ki, Səriyyə Bakı şəhərinə gəldiyi gün əmisinin evində qalmış, sonrakı günlər Səriyyə ilə birlikdə Xalqlarda qalmışlar, kimin evində qaldıqlarını xatırlamır, onun yaddaş problemləri vardır. İddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə olunmuş, 07 iyun 2021-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 28 saylı evin 123 saylı mənzilini 55500 manata X1. 07 iyun 2021-ci il tarixli 15-32 saylı qəbzdən görünür ki, X10 həmin mənzili almaq üçün 55500 manat pulu 50 saylı Notariat Ofisi vasitəsi ilə “Kapitalbank”ın hesabına ödəmişdir. 29 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X7 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 14 saylı evin 9 saylı mənzilini 75000 manata Cavabdeh satmışdır. 29 iyun 2021-ci il tarixli 14-39 saylı qəbzdən görünür ki, Cavabdeh həmin mənzili almaq üçün 75000 manat pulu 50 saylı Notariat Ofisi vasitəsi ilə “Kapitalbank”ın hesabına ödəmişdir. 50 saylı Notariat Ofisindən Mərkəz vəkil Bürosunun vəkili Şaiq Hüseynova ünvanlanmış 04 noyabr 2022-ci il tarixli məktubdan müəyyən olunur ki, ünvan 3ariat ofisində 07 iyun 2021-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-1044 reyestr saylı “Alqı-satqı müqaviləsi” üzrə satılan əmlakın dəyərini təşkil edə 55500 manat məbləğində pul vəsaiti satıcı İddiaçı tərəfindən məxaric qəbzi əsasında xx.xx.2021-ci il tarixdə notariusun depozit hesabından götürülmüşdür. Bank VTB ASC tərəfindən verilmiş 19 yanvar 2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, 02 iyul 2021-ci il tarixdə Bank VTB ASC-nini Neftçilər filialıdan X11 tərəfindən Zolotaya Korona pul köçürməsi sistemi vasitəsilə İddiaçı adına göndərilmiş 850 ABŞ dolları məbləğində vəsait əldə edilmişdir. Bakı şəhəri 13 saylı Vəkil Bürosuna Naxçıvan MR Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyi yanında Dövlət Əmək müfəttişli Xidmətindən ünvanlanmış məktuba əlavə edilmiş əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən məlumatdan görünür ki, Cavabdeh 01 oktyabr 2020-ci il tarixdən Culfa şəhər Bələdiyyəsində işləyir, 350 manat əməkhaqqı alır. 22 iyul 2022-ci il tarixli 005656 nömrəli müştəri kodu ilə #836 nömrəli qəbzlə Cavabdeh tərəfindən kreditlərin ödənişi növü üzrə 225 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Əmək və əhalinin Sosial müdafiəsi nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialından verilmiş 20 fevral 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı yaşa görə 1491.16 manat pensiya ödənilir. 5 saylı Bakı “ASAN XİDMƏT” X5 İddiaçı ünvanlanmış 13 sentyabr 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə heç bir üzrlü səbəb olmadan şöbəyə gəlməməsi ilə əlaqədar onlar arasında nikahın dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Ərazi idarəsindən 13 saylı vəkil bürosuna ünvanlanmış 25 fevral 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Şahid5 adına Bakı şəhəri üzrə hazırda qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan 17 aprel 2023-cü il tarixli, 26111 nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 291 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının, iddiaçının vəkilinin, cavabdehin, cavabdehin vəkilinin, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iddiaçı iddia ərizəsində, məhkəmə araşdırması zamanı izahatında qeyd etmişdir ki, 2020-ci ilin dekabr ayınadək və dekabr ayında Culfa şəhər Bələdiyyəsində işləyən cavabdehi görmüş, onun barəsində məlumat əldə etmiş, cavabdehin subay olmasını, nikahda olub, ayrılmasını, 2 yetkinlik yaşına çatmayan uşağının olmasını, keçmiş həyat yoldaşının Türkiyə Respublikasında yaşamasını öyrənmişdir. Cavabdehlə ailə qurmaq barədə qərara gəlmiş, qohumları vasitəsilə cavabdehə bu haqda xəbər göndərmiş, telefon nömrəsini əldə etmiş, onunla telefon əlaqəsi saxlamış və söhbət etməyə başlamış, bir neçə gündən sonra onunla görüşmüşdür. Aralarında gələcəkdə ailə quracaqları barədə söhbətlər olmuş, yaş fərqlərinin olmasına baxmayaraq, yaxşı ailə ola biləcəklərini düşünmüş, nəticədə cavabdehdən razılıq almış, elçilik edilmiş, üzük taxılmış, özünü xoşbəxt hiss etmiş, nəhayət ki, tənhalığına son qoyulacağını düşünmüşdür. Cavabdeh tanış olduğu gündən “Kapital Bank” plastik kartının şəkilini “vatsap”la ona göndərmiş, maddi sıxıntıları olduğundan dəfələrlə maddi köməklik etməsini istəmiş, Səriyyəyə inanmış, başqa heç nə düşünməmiş, 2021-ci ilin yanvar ayından iyul ayının 12dək cavabdehin göndərdiyi kart hesabına bir neçə dəfə müxtəlif məbləğlərdə pul köçürmüşdür. Cavabdehə 2019-cu ildə ünvan 1 ünvanında 1 otaqlı mənzil almasını, bacısı Zeynalova (Mustafayeva) Nəzakət Məmməd qızının adına rəsmləşdirdiyini bildirmiş, cavabdeh həmin mənzili öz adına rəsmləşdirməyi təkid etmiş, bacısı Nəzakətlə danışmış, bacısı mənzilini 05 mart 2021-ci il tarixdə Bakı şəhəri 30 saylı Notariat Ofisində bağışlama müqaviləsi ilə ona bağışlamış, mənzili öz adına rəsmləşdirmişdir. Cavabdeh ona 2 uşağının olduğunu, ailə qurduqdan sonra dörd nəfər olacaqlarını, 1 otaqlı mənzildə yaşamalarının mümkün olmayacağını, evin darısqal olacağını və həmin 1 otaqlı mənzilin satılmasını, 2 və ya 3 otaqlı mənzil almasını ondan tələb etmiş, cavabdehələ razılaşmış və həmin mənzili xx.xx.2021-ci il tarixində 56000 manata satmış, 55500 manatı alqı-satqı müqaviləsini bağladığı 50 saylı Notariat Ofisinin depozit hesabında xx.xx.2021-ci il tarixinə qədər saxlamışdır. Həmçinin 2 və ya 3 otaqlı mənzil axtarmış, ünvan 5 ünvanında 9 nömrəli 2 otaqlı mənzili tapmış, mənzili öz adına almasına cavabdeh qəti etiraz etmiş, gələcək üçün cavabdeh ona inanmamış, cavabdehi ona olan münasibətində səmimi olmasına inandırması üçün mənzilin onun adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Mənzilin dəyərini 76000 manata razılaşmış, 500 manat beh, 700 manat maklerə vermiş, 500 manat mənzilin alqı-satqısına xərcləmişdir. Alqı-satqı müqaviləsi Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmışdır. Mənzilin alınmasına cavabdeh 10800 manat pul xərcləmişdir. 75820 manat mənzilin sahibinə vermiş, su qızdırıcısının alınması üçün 100 manat xərcləmiş, 52 manat istilik pulu, 20 manat kommunal borca ödəmiş, ümumi hesabdan 180 manat çıxılmışdır. Hesab edir ki, cavabdeh onu gələcəkdə münasibətlərinin möhkəm olacağına inandırmaq üçün əldə etdikləri mənzilə daimi pasport qeydiyyatına düşməsinə razılıq vermişdir. Cavabdeh əvvəlcədən nikaha yalnız mənzilin alqı-satqı müqaviləsindən sonra daxil olacaqlarını bildirmişdir. Mənzilin alqı-satqısına qədər nikaha daxil olmaları üçün Bakı “ASAN 5” Mərkəzinə müraciət etmişlər. Nikahın xx.xx.2021-ci il tarixdə rəsmi qeydiyyata alınacağı onlara bildirilmişdir. Mənzilin alınmasından sonra cavabdeh həmin mənzilin yalnız ona məxsus olmasını, həmin mənzili kirayə verəcəyini, onun bu mənzilə dair heç bir hüququnun olmadığını bildirmiş, mənzilin dəyərinin 90 faizini onun verdiyini cavabdehə xatırlatmış, cavabdeh isə “əsas müqavilədir və müqavilədə də yalnız mənim adım var” demişdir. Cavabdehin dediklərinə inanmamış, cavabdehə qarşı olan münasibəti cavabdehin onu aldada biləcəyini düşünməyə imkan verməmiş, 22 avqust 2021-ci il tarixdə cavabdehə səs atmış, bir gün sonra zaksa gedəcəklərini, nikaha daxil olacaqlarını demiş, cavabdeh ona səs atmış, ona “rədd ol, sən mənə layiq deyilsən” demişdir. Bu səbəbdən də xx.xx.2021-ci il tarixdə qeydiyyat şöbəsinə tək getmiş, cavabdehin də gələcəyini düşünmüş, lakin cavabdeh 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə gəlməmişdir. Cavabdeh Şahid6 izahatında qeyd etmişdir ki, iddiaçı onunla ailə qurmaq istəsə də iddiaçı ilə ailə qurmaq fikri olmamış, lakin iddiaçı ona çox vədlər vermiş, onu inandırmışdır. Mənzilin alınması üçün 6300 manat kredit götürmüş, özündə əlavə pul olmuş, Bakı şəhərinə gedən zaman üzərində 15000 manat pul olmuşdur. Bankdan götürdüyü 6300 manat pulu iddiaçı ödəməli idi. İddiaçı əvvəlcədən ona Bakı şəhərində mənzil alacağı barədə söz vermişdir. İddiaçı kredit müqaviləsi üzrə bir ay 225 manat ödəniş etmişdir. İddiaçının ona alacağı evə əvvəlcədən baxmamış, sadəcə şəkillərdə görmüş, evin dəyərini əvvəlcədən bilməmiş, notariat ofisinə getmək üçün hazırlaşan zaman iddiaçı ev almaları üçün 60000 manatın çatmadığını, qardaşından almasını bildirmiş, 60000 manatı qardaşı Şahid5 borc almışdır. İddiaçı söz vermişdir ki, bir otaqlı evini satacaq, qardaşına olan borcu qaytaracaq. Qardaşı Rasimdən Bakı şəhərində ev alması üçün 60000 manat borc almasını təsdiq edən hər hansi bir sübutu yoxdur. Bakı şəhərində evin alınması üçün notariat ofisinə iddiaçı ilə birlikdə getmiş, 75000 manatı notariusun depozitinə iddiaçı qoymuşdur. Evi iddiaçı tapmış, 500 manat behi, evin tapılması üçün vasitəçiyə 700 manatı iddiaçı vermişdir. İddiaçı ilə münasibətlərinin korlanmasına səbəb Bakı şəhərinə böyük qızı ilə getməsi olmuşdur. İddiaçıdan ayrıldıqdan sonra iddiaçının səs yazılarını, vatsap yazışmalarını silmişdir. Bakı şəhərində evi onun adına alacağını iddiaçıya əvvəlcədən bildirmişdir. Ona görə evin onun adına alınmasını istəmişdir ki, iddiaçı əvvəlki həyat yoldaşları kimi onu tərk etməsin. Bakı şəhərində olduğu qısa müddətdə iddiaçı onu istirahət üçün harasa aparmamış, onunla davamlı mübahisə etmiş, ona “kim sənə Bakıda ev alar” demiş, iddiaçıya “kim mənə evə alarsa, mən də ona ərə gedərəm” demişdir. ünvan 2 ünvanında yerləşən mənzilin alınmasından sonra iddiaçı ona mesaj yazmış, bildirmişdir ki, “evi mənə bağışla, yoxsa səni süründürəcəyəm, səni biabır edəcəyəm, zaksa aparmayacağam”. İddiaçının məqsədi, əgər ayrılsalar, mənzildən pay əldə etmək olmuşdur. Notariat ofisinə gedən zaman aralarında mübahisə olmamış, hər bir halda evin onun adına alınacağı barədə razılaşmışlar. Notariat ofisinə iddiaçı ilə birlikdə daxil olmuş, iddiaçıdan bir neçə dəqiqə sonra notarat ofisinə daxi olmamış, notarat ofisinə daxil olan zaman şahid Nuriyev və başqa iki şəxs orada olmuşlar. İddiaçı onu nikahın qeydiyyata alınması üçün Asan 5 mərkəzinə aparmadığı üçün qeydiyyat şöbəsinə getməmişdir. Qardaşının mülkiyyətində nəqliyyat vasitələrinin olması barədə sübutları məhkəməyə təqdim etmişdir. Hazırda borc məsələsinə görə qardaşı ilə aralarında münasibət pozulmuşdur. Evi satacaq, qardaşına olan 60000 manat borcu qaytaracaq. Məhkəmə iddiaçının və cavabdehin izahatlarında bildirdiklərindən, iş materiallarından belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır, iddiaçı tələbinin əsası kimi istinad etdiyi fakt və halları sübut etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə də məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin araşdırlan hallarından sübuta yetmişdir ki, həqiqətən də ünvan 6 ünvanında yerləşən 9 nömrəli mənzilin dəyəri 76000 manata razılaşdırılmış, mənzilin alınması üçün İddiaçı tərəfindən satıcıya əvvəlcədən 500 manat beh verilmiş, 500 manat satıcıya nağd olaraq verilmiş, 700 manat maklerə verilmiş, 500 manat sənədlərin hazırlanmasına xərclənmiş və alqı-satqı zamanı dövlət rüsumu ödənilmiş, 75000 manat notariusun depozitinə qoyulmuşdur. Cavabdeh iddiaçı tərəfindən 500 manat beh verilməsini, 500 manat satıcıya nağd olaraq verilməsini, 700 manat maklerə verilməsini, 500 manat sənədlərin hazırlanmasına xərclənməsini və alqı-satqı zamanı dövlət rüsumu ödənilməsini etiraf etmişdir. Mənzilin alınmasına 10800 manatın cavabdeh tərəfindən ödənilməsi iddiaçı tərəfindən etiraf edilir, lakin mənzilin alınması üçün cavabdehin qardaşı Rasim Mustafayevdən 60000 manat borc alınmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan müəyyən olunur ki, iddiaçı 07 iyun 2021-ci il tarixdə mülkiyyətində olan bir otaqlı mənzili 55500 manata satmış, həmin məbləği notariusun depozitinə qoymuş və 25 iyun 2021-ci il tarixdə, yəni mübahisəli mənzilin alınmasından 4 gün əvvəl notariusun depozitindən götürmüşdür. ünvan 6 ünvanında yerləşən 9 nömrəli mənzilin alınmasına xərclənmiş ümumilikdə 77200 manatın 66400 manatının iddiaçı tərəfindən xərclənməsi sübut olunur. 75000 manat məbləğində pulun notariusun depozitinə İddiaçı tərəfindən qoyulması məhkəmə araşdırması zamanı izlənilmiş xarici yaddaş qurğusunda olan video görüntülərlə də öz təsdiqini tapmışdır. Həmçinin işin araşdırılan hallarından müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah bağlamaqla evlənmək qərarına gəlmişlər və bu məqsədlə qeydiyyat şöbəsinə ərizə vermişlər. Nikahın qeydiyyat tarixi xx.xx.2021-ci il müəyyən olunmuş, lakin həmin tarixdə Cavabdeh qeydiyyat şöbəsinə gəlmədiyindən nikahın rəsmiləşdirilməsi mümkün olmamışdır. Cavabdeh qeydiyyat şöbəsinə gəlməməsinin səbəbini onunla əsaslandırmışdır ki, onu qeydiyyat şöbəsinə iddiaçı aparmalı idi. İddiaçının bildirdiklərindən isə müəyyən edilmişdir ki, artıq mənzilin alqı-satqısından sonra cavabdeh onunla mübahisə etmiş, evlənmək istəmədiyini bildirmişdir. O, da nəzərə alınmalıdır ki, Piriyeva X4 Nizami Məmməd oğlu ilə evlənməyə bu şərtlə razılıq vermişdir ki, Nizami mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsindəki 28 saylı evin 123 saylı mənzilini satmalı, 2 və ya 3 otaqlı mənzili onun adına almalıdır. Hazırda cavabdehin mülkiyyətində olan mənzil alınmasına iddiaçı tərəfindən 66400 manatın xərclənməsini təsdiq edən hallardan biri də, cavabdehin iddiaçıya “mən mənə ev alan şəxsə ərə gedəcəyəm” deməsidir ki, cavabdehin bildirdiyi kimi iddiaçı bir otaqlı evini satmadığını bildirmişdirsə cavabdeh ailə qurmaqdan imtina etməli idi, lakin ailə qurmaqdan son ana kimi imtina etməmişdir. Cavabdeh izahatında bildirdiyi kimi, hələ güvənmədiyi bir şəxsə qardaşından borc alıb verməsi inandırıcı deyil. İddiaçı borcu qaytarmayacağı halda cavabdehin evi satıb borcu qaytaracağını düşünməsi barədə bildirdikləri isə ümumiyyətlə inandırıcı deyil, ona görə ki, hər bir halda cavabdehin iddiaçı ilə ailə qurmaqda ilk məqsədlərindən biri iddiaçının ona mənzil alması olmuşdur ki, evləndikdən sonra iddiaçının borcu qaytarmadığı halda mənzilin satılması məsələsi ortaya çıxacaq ki, belə olan halda cavabdeh əldə etdiyini itirmiş olacaq. Məhkəmə cavabdehin bildirklərini qəbul etmir, ona görə ki, iddiaçının cavabdehin qardaşı qarşısında hər hansı bir öhdəliyi, yəni bir otaqlı mənzili satmaq və borcu qarşılamaq barədə öhdəliyi olmamış, iddiaçı bir otaqlı mənzilini isə əvvəlcədən satmışdır. Məhkəmə hesab edir ki, cavabdehin 23 avqust 2021-ci il tarixdə qeydiyyat şöbəsinə getməməsinin səbəbi isə istəyinə nail olması, iddiaçının maddi vəsaiti hesabına mülkiyyət əldə etməsi, yəni varlanması olmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı iddiaçının təklifi ilə dindirilmiş şahidlərin ifadələrindən də aydın olmuşdur ki, həqiqətən də iddiaçı mülkiyyətində olan bir otaqlı mənzili 55500 manata satmış, pul məbləğini notariusun depozitinə qoymuş, 25 iyun 2021ci il tarixdə depozitdən götürmüş və 29 iyun 2021-ci il tarixdə hazırda cavabdehin mülkiyyətində olan mənzili almışdır ki, həmin mənzilin alınmasına 66400 manat iddiaçı tərəfindən xərclənmişdir. Məhkəmə cavabdehin təklifi əsasında dindirilmiş Şahid5 ifadəsini sübut kimi qəbul etmir. Belə ki, cavabdeh izahatında qardaşının maddi imkanın yaxşı olduğunu, mülkiyyətində mənzilinin, nəqliyyat vasitələrinin, obyektlərin olmasını bildirmiş, şahid isə ifadəsində Bakı şəhərində yaşadığını, yaşamağa mənzilinin olmadığını, Tayota pirus markalı avtomobilinin olduğunu, başqasına məxsus çay evini işlətdiyini, mülkiyyətçi ilə aralarında müqavilə olmadığını bildirmişdir. Şahid həmçinin bildirmişdir ki, bacısı Səriyyə evin alınmasından iki gün əvvəl ona Nizami ilə ev almaq istədiklərini, 60000 manat pulun çatmadığını, ona borc olaraq 60000 manat pul verməsini xahiş etmiş, cavabdehin əvvəlcə borcu özünün qaytaracağını, sonra Nizaminin nəyinisə satıb qaytaracağını demişdir. Cavabdeh isə izahatında iddiaçının gah Bakı şəhərinə gəlməmişdən iki gün əvvəl, gah da 29 iyun 2021-ci il tarixdə bir otaqlı evini satmadığını dediyini bildirmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, əgər evin alınması üçün lazım olan pul məbləğinin olmadığını cavabdeh əvvəlcədən bilmişdirsə, hansı məqsəd üçün Culfa şəhərindən Bakı şəhərinə gəlməsi məlum deyil. Cavabdeh həmçinin izahatında qardaşı ilə 60000 manat borc barədə 29 iyun 2021-ci il tarixdə danışdığını bildirmişdir. Cavabdehin və qardaşının bir-birinə zidd olan izahatları da belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh qardaşından 60000 manat borc pul almamışdır. Həmçinin bunu təsdiq edəcək mötəbər sübut cavabdeh tətəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə də bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Cavabdehin qardaşı Şahid5 mülkiyyətində nəqliyyat vasitələrinin olması barədə məhkəməyə təqdim etdiyi etibarnamələrlə bağlı məhkəmə bildirir ki, etibarnamə şəxsin mülkiyyətində hər hansı bir əmlakın olmasını təsdiq edən sənəd deyil. 19 aprel 2020-ci il tarxdə verilmiş etibarnamədə etibar edən Şahid5 nəqliyyat vasitəsindən istifadə etmək hüququ, 21 oktyabr 2021-ci il tarixdə verilmiş etibarnamədə etibar edən Şahid5 nəqliyyat vasitəsindən istifadə etmək hüququ, 16 noyabr 2021-ci il tarixli etibarnamədə etibar edən Şahid5 nəqliyyat vasitəsindən istifadə etmək hüququ, 23 sentyabr 2022-ci il tarixli etibarnamədə etibar edən Şahid5 nəqliyyat vasitəsindən istifadə etmək hüququ, 04 fevral 2023-cü il tarixli etibarnamədə isə etibar edən Şahid5 onun adından torpaq sahəsini sənədləşdirmək, özəlləşdirmək, tikinti işləri aparmaq, tikinti ilə birlikdə torpağı özəlləşdirmək..., satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq, ipotekanı qəbul etmək və digər hüquqları həyata keçirməyi etibar etmişdir. Təqdim edilmiş etibarnamələrin verilmə tarixlərinə diqqət etdikdə isə müəyyən olunur ki, etibarnamələrin əksəriyyəti 2021-ci ilin iyul ayından sonra verilmişdir. Məhkəmə sonda belə nəticəyə gəlir ki, cavabdeh Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki 14 saylı evin 9 saylı mənzilin əldə edilməsinə nail olduqdan sonar iddiaçı ilə ailə qurmaq fikrindən daşınsa da, iddiaçının həmin mənzilə qeydiyyata düşməsinə razılıq verməsi, iddiaçıya məxsus əşyaların qeyd olunan mənzilə gətirilməsinə etiraz etməməsi öz münasibətlərində ciddi olduğunu, həmin mənzildə həqiqətən də iddiaçı ilə birlikdə yaşamaq istədiyini sübuta yetirməyə çalışmışdır. Lakin öz istəyinə nail olduqdan sonra ailə qurmaqdan imtina etmişdir. Məhkəmə tərəflərin verdiyi izahatları, şahidlərin ifadələrini, digər sübutları və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən evin alqı-satqısı zamanı 66400 manat pul xərclənməsi öz təsdiqini tapır. Göründüyü kimi, Cavabdeh İddiaçı pul vəsaitindən heç bir hüquqi əsas olmadan yararlanaraq əsassız varlanmış və öz adına əmlak əldə etmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddianı 66400 manat pulun Cavabdeh alınaraq iddiaçıya verilməsi hissəsində əsaslı hesab edir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilən maddi hüquq normaları baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əssassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iddiaçının cavabdehin kredit borcu üzrə 22 iyul 2021-ci il tarixdə ödədiyi 292 manat pul tələbi ilə bağlı belə nəticəyə gəlir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 22 iyul 2021-ci il tarixli, #836 nömrəli qəbzdən müəyyən olunur ki, Cavabdeh adından kreditlərin ödənişi növü üzrə 225 manat ödəniş edilmiş, cavabdeh isə izahatında onun adına olan kredit müqaviləsi üzrə 292 manat deyil, 225 manat aylıq kredit borcunun 22 iyul 2021-ci il tarixdə İddiaçı tərəfindən ödənildiyini etiraf etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsində cavabdehin mülkiyyətində olan mənzilin alınması üçün mənzilin mülkiyyətçisinə ödədiyi 500 manat behin cavabdehdən alınması tələbi ilə bağlı bildirir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı izahatında bildirmişdir ki, 500 manat beh, 66400 manat pula daxildir. İddia ərizəsində 500 manat behin cavabdehdən alınması ilə bağlı tələb səhvən qeyd edilmişdir. Məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 291 manat dövlət rüsumunun 288.85 manat hissəsi Cavabdeh alınıb İddiaçı verilsin, 2.15 manat hissəsi iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ünvan 7 ünvanında yerləşən 9 saylı mənzilin alınmasına İddiaçı tərəfindən xərclənmiş 66400 manat, Cavabdeh adına olan kredit müqaviləsi üzrə İddiaçı tərəfindən ödənilmiş 225 manat, ümumilikdə 66625 (altmış altı min altı yüz iyirmi beş) manat alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfində ödənilmiş 291 manat dövlət rüsumunun 288.85 manat hissəsi Cavabdeh alınıb İddiaçı verilsin, 2.15 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar