Məhkəmə qərarları › İş №2(089)-200/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-200/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-200/2021 07.12.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin izibati binasinda açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə 5000 manat məbləğində sığorta ödənişinin və 30.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə iddiasını onunla əsaslandırmışdır ki, 26.02.2015-ci il tarixində Cavabdeh idarə etdiyi “Mercedes Benz” C200” markalı, 90CA843 dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə X7 vəfat etmişdir. PAT********** nömrəli sığorta müqaviləsinin 024703 nömrəli sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ölümə görə 5000 manat sığorta ödənişi həyata keçirilmişdir. “İcbari Sığorta Haqqında” Azərbaycan Respublikası qanunun 14-cü maddəsinə əsasən ölümə görə sığorta ödənişi sığorta məbləğinin 100 faizini təşkil edir. Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-754/2015 nömrəli, 7 iyul 2015-ci il tarixli hökmündən də məlum olduğu kimi Cavabdeh qeyd olunan avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 936.2, 1108-ci maddələri ilə əsaslandırmışdır. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilmədiklərini bildirmiş, mülki işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilmiş, Cavabdeh 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən məhkəmə iclasında iştirak etməsi mümkün olmamış, məhkəməyə göndərdiyi ərizəsində Azərbaycan Respublikası CM-nin 263.1.3-cü maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum edildiyini, 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyini, məhkəmə bildirişini aldığını bildirmiş, cəzasının müddəti başa çatanadək işin dayandırılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı ilə mülki işə baxılmasını mümkün hesab edir, cavabdehin ərizəsində qeyd etdikləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası MPM-nin 01 oktyabr 2021-ci il tarixədək qüvvədə olmuş 172-ci maddəsində qeyd edilir ki, ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 3 aydan gec olmayan müddətdə işə baxılmalı və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi 17 sentyabr 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, iş 2 ay 20 gün məhkəmənin icraatında olmuşdur. Həmçinin mülki iş üzrə icraatın dayandırılması üçün Azərbaycan Respublikası MPM-nin 254 və 255-ci maddələrində göstərilmiş hər hansı bir hal mövcud olmamışdır. İş materiallarında olan AB 099700 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh “B” dərəcəsi üzrə nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. Həmin sürücülük vəsiqəsi 01 noyabr 2018-ci il tarixədək etibarlıdır. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi tərəfindən verilmiş AC № 355017 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz” C200” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsindən verilmiş 21 yanvar 2015-ci il tarixli, AC355017 nömrəli etibarnamə barədə məlumatlardan müəyyən olunur ki, X1 mülkiyyətində olan 90CA843 dövlət nömrə nişanlı, Mercedes Benz C200 minik markalı nəqliyyat vasitəsinin idarə edilməsi üçün Cavabdehn etibarnamə verilmiş, etibarnamə 21 yanvar 2015-ci il tarixdən 21 yanvar 2017-ci il tarixədək qüvvədə olmuşdur. 17 dekabr 2014-cü il tarixli, PAT********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatlardan müəyyən olunur ki, 90CA843 dövlət nömrə nişanlı, Mercedes Benz C200 minik markalı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış, müqavilənin qüvvəyə minməsi tarixli 18 dekabr 2014-cü il, müqavilənin xitam tarixi 17 dekabr 2015-ci il olmuşdur. Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 22 nömrəli, 26 fevral 2015-ci il tarixli ekspert rəyinin surətindən müəyyən olunur ki, 1992-ci ildə doğulmuş mərhum X4 ölümünə səbəb İ boyun fəqərəsinin cisminin sınması nəticəsində uzunsov beyinə qansızma olmuş, ölüm meyitin müayinəsindən 1-2 saat əvvəl baş vermişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-754/2015 nömrəli, 07 iyul 2015-ci il tarixli hökmünün surətindən aydın olur ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş, 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzanın çəkilməsi 6 may 2015-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 22.08.2020-ci il tarixli 17/610284 nömrəli məktubundan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü məhkum Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Böyük-Şor qəsəbəsi ərazisində yerləşən 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. 024703 saylı sığorta aktından görünür ki, Cavabdeh 26.02.2015-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “Mercedes Benz” C200” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə X7 vəfat etmişdir. Dəymiş ziyanın məbləği 5000 manat təşkil etmişdir. 14.02.2016-cı il tarixli 7E-2973 nömrəli etibarnamənin surətindən görünür ki, X9 İddiaçı Sığorta Şirkəti ASC-dən 5000 manat pulu almağı X6 etibar etmişdir. 782 nömrəli ödəniş tapşırığının təsdiq olunmuş surətindən görünür ki, 5000 manat məbləğində sığorta ödənişi X5 hesabına köçürülmüşdür. Məhkəmə təqdim olunmuş sübutları araşdırıb, sübutları hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan hüquq normaları ilə əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İcbari sığorta haqqında Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 52.1-ci maddəsinə görə avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 53.1-ci maddəsinə görə mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. İcbari sığorta haqqında Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə şəxsin ölümü sağlamlığa dəyən zərər hesab edilir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin 100 faizini təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin- 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi (həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir) nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə uyğun olaraq faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci və 25.1.2-ci maddələrinə görə bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırarsa, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində həmin şəxsə qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə görə, Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Cavabdeh sığorta hadisəsinin baş verməsində təqsirli olması Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-754/2015 nömrəli, 07 iyul 2015-ci il tarixli hökmü ilə tam sübuta yetmişdir. Məhkəmə hesab edir ki, zərərçəkənə maddi ziyan cavabdeh tərəfindən vurulmuşdur. Zərərçəkənə dəymiş maddi ziyan sığorta müqaviləsinə əsasən iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı cavabdehin zərərçəkmişə vurduğu maddi ziyanı ödədiyinə görə, iddiaçının ödədiyi 5000 manat məbləğində pul reqres qaydasında cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumunun tələbi ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən, 30.40 manat məbləğdə pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişi məbləği olan 5000 (beş min) manat, 30.40 manat ödənilmiş dövlət rüsumu, cəmi 5030.40 (beş min otuz manat, qırx qəpik) manat tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar