Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-226/2021 17.12.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ödəmələrin miqdarının dəyişdirilməsi” tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, istehsalat qəzası nəticəsində sağlamlığın pozulması ilə bağlı ona verilməli olan ödənclərin miqdarının 17 dekabr 2002-ci ildən bu günədək cavabdeh müəssisədə işçilərin minimum əməkhaqqının, eləcə də tarif (vəzifə) maaşlarının kütləvi artımlarının hər biri nəzərə alınmaqla hesablanıb ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, xx xxxxxxxx 1963-cü il tarixdə Culfa rayonunun Əbrəqunus kəndində doğulmuş, 2020-ci ilədək Əbrəqunus kəndində yaşamışdır. 1983-1996-cı illərdə "xxxx" ASC-də çilingər, təhlükəsizlik üzrə mühəndis vəzifəsində işləmişdir. 1988-ci ilin fevral ayında iş zamanı baş vermiş qəza nəticəsində gözündən xəsarət almışdır. 2002-ci ilədək "xxxx" ASC tərəfindən aldığı xəsarətlə bağlı ona hər hansı məbləğdə ödəniş edilməmişdir. Müraciəti əsasında Culfa Rayon Məhkəməsinin 17 dekabr 2002-ci il tarixli, 2-117/2002 nömrəli qətnaməsi ilə "xxxx" ASC-dən 5.778.860 manat birdəfəlik ödəncin, 35115 manat aylıq ödəncin alınıb ona verilməsi qət edilmişdir. Birdəfəlik ödənc və on ay üçün aylıq ödənc (35115x10=351150 manat) ona verilmiş, lakin qalan aylar və illər üçün aylıq ödəmələr bu günədək ödənilməmişdir. 2004-cü ildə maddi və mənəvi zərər tələbi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Culfa Rayon Məhkəməsinin 2-5/2004 nömrəli, 27 may 2004-cü il tarixli qətnaməsi ilə 8.820.700 manat maddi və mənəvi zərərin "xxxx" ASCdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilmişdir. 8.820.700 manat maddi və mənəvi zərər ona ödənilmişdir. İddiaçı izahatında onu da bildirmişdir ki, xəsarət aldığı 1988-ci ildən 1996-cı ilədək "xxxx" ASC-də işləmiş, aylıq əməkhaqqı və pensiya almışdır. "xxxx" ASC 1997-ci ildən tam fəaliyyətini dayandırmışdır. Lakin cəmiyyətin əmlakı olmuş, əmlak cavabdeh təşkilatın sahibi tərəfindən səhmdarların məlumatı olmadan satılmışdır. 23 ildir ki, aldığı xəsarətdən əziyyət çəkir. Culfa rayon Məhkəməsinin 17 dekabr 2002-ci il tarixli, 2-117/2002 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 35115 manat aylıq ödənc zamanında "xxxx" ASC-dən alınıb ona verilsəydi, həmin pul məbləğindən lazımi qaydada istifadə edərdi. Bu gün həmin məbləğin aylıq ehtiyacların qarşılanması üçün xərclənməsi mümkün deyil. 2002-ci ildən bu günədək 19 il vaxt keçmiş, əməkhaqları dəfələrlə kütləvi şəkildə artmışdır. Buna baxmayaraq istehsalat qəzası nəticəsində sağlamlığının pozulması səbəbindən ona verilməsi üçün Culfa rayon Məhkəməsinin 17 dekabr 2002-ci il tarixli, 2-117/2002 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 35115 manat aylıq ödənc, bu günki manat hesabı ilə 7.023 manat qalmaqda davam edir. Həmin pul məbləği belə aylıq olaraq ona ödənilmir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Belə olan halda hesab edir ki, istehsalat qəzası nəticəsində sağlamlığın pozulması ilə bağlı ona verilməli olan ödənclərin miqdarı 17 dekabr 2002-ci il tarixdən bu günədək cavabdeh müəssisədə işçilərin minimum əməkhaqları, eləcə də tarif (vəzifə) maaşlarının kütləvi artımları nəzərə alınmalı, aylıq ödəmənin miqdarı bu günə uyğun olaraq yenidən hesablanmalı və hər ay ona ödənilməlidir. Cavabdehin nümayəndəsi ona 100000 manat məbləğində pul və ya cəmiyyətin yerləşdiyi torpaq sahəsini verəcəyi halda iddiasından imtina edər. 17 dekabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş "xxxx" ASCnin direktoru X4 iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, dövlət mülkiyyəti olmuş 3 nömrəli üzüm emalı zavodu 2001-ci ildə özəlləşdirilmiş, "xxxx" ASC adı ilə 30 yanvar 2002-ci ildə dövlət qeydiyyatına alınmış, "xxxx" ASC-nin direktoru olmuşdur. "xxxx" ASC 2001-ci ildən 2011-ci ilədək sənəd üzərində fəaliyyət göstərmiş, istehsal, gəlir olmamış, 2011-ci ildə fəaliyyəti rəsmi qaydada dayandırılmışdır. "xxxx" ASC-nin hazırda əmlakı yoxdur, sadəcə cəmiyyətin əvvəllər yerləşdiyi torpaq sahəsi var. Ə.Əliyev izahatında onu da bildirmişdir ki, İddiaçı 1988-ci ildə iş qəzası nəticəsində xəsarət almış, Culfa Rayon Məhkəməsinin 17 dekabr 2002-ci il tarixli, 2-117/2002 nömrəli qətnaməsi ilə "xxxx" ASC-dən 5.778.860 manat birdəfəlik ödənc, 35115 manat aylıq ödəncin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Birdəfəlik ödənc olan 5.778.860 manat və 10 aylıq 35115 manat, cəmi 351.150 manatın iddiaçıya ödənilməsi üçün DSMF-nin Culfa rayon şöbəsindən "xxxx" ASC-nin hesabına pul köçürülmüş, həmin məbləğlər iddiaçıya verilmiş, qalıq aylıq ödəmələr cəmiyyət fəaliyyət göstərmədiyindən ödənilməmişdir. Culfa Rayon Məhkəməsinin 2-5/2004 nömrəli, 27 may 2004 nömrəli qətnaməsi ilə 8.820.700 manat maddi və mənəvi zərərin "xxxx" ASC-dən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilmişdir. 8.820.700 manat maddi və mənəvi zərər iddiaçıya ödənilmişdir. Culfa Rayon Məhkəməsinin 17 dekabr 2002-ci il tarixli, 2-117/2002 nömrəli qətnaməsi qismən icra edildiyindən, icra edilməyən hissədə icraya göndərilmiş, qətnamənin icra edilməsi mümükün deyil, ona görə ki, cəmiyyət 1997-ci ildən fəaliyyət göstərmir, istehsal, gəlir yoxdur. İddiaçıya 100000 manat məbləğində pul və ya cəmiyyətin əvvələr yerləşdiyi torpaq sahəsini verməsi mümkün deyil. Cəmiyyətin digər səhmdarları olduğundan, səhmdarlarının bir neçəsi öldüyündən, cəmiyyəti ləğv etrməsi belə mümkün olmur. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş- Culfa rayon Məhkəməsinin 17 dekabr 2002-ci il tarixli, 2-117/2002 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, "xxxx" ASC-dən 5.788.860 manat birdəfəlik ödənc, 35115 manat aylıq ödəncin alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Culfa rayon Təhsil şöbəsinin 375 nömrəli, 12 iyul 2012-ci il tarixli məktubunun surətindən müəyyən olunur ki, Culfa Rayon Məhkəməsinin 2-5/2004 nömrəli, 27 may 2004 nömrəli qətnaməsi tam icra olunmuşdur. DSMF-nin Culfa rayon şöbəsinin 06/232 nömrəli, 13 dekabr 2004-cü il tarixli məktubunun surətindən müəyyən olunur ki, 17 dekabr 2002-ci il tarixli, 2-117 nömrəli icra vərəqəsinə əsasən "xxxx" ASC-nin sabiq işçisi İddiaçı barəsində hesablanmış 5.788.860 manat birdəfəlik ödənc və 35115x10=351150 manat aylıq ödənc, cəmi 6.140.010 manat ödənc 30 noyabr 2004-cü il tarixli, 67 nömrəli ödəniş tapşırığı ilə zərərçəkmiş İddiaçı İbar oğluna zərərin ödənilməsi üçün "xxxx" ASC-nin ********** nömrəli hesabına ödənilmişdir. Culfa rayon Vergilər şöbəsindən verilmiş 26 noyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, "xxxx" ASC-nin hüquqi ünvanı Culfa rayonunun Əbrəqunus kəndidir. Culfa rayon Vergilər şöbəsindən verilmiş 06 dekabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, "xxxx" ASC 30 yanvar 2002-ci il tarixdə ilkin qeydiyyat olaraq Culfa rayon Vergilər şöbəsində qeydiyyatdan keçmiş, 60006946 saylı VÖEN alınmış, proqram təminatının yenilənməsi ilə əlaqədar olaraq vergi ödəyicilərinin təkrar qeydiyyatına zərurət yaranmış, "xxxx" ASC təkrar olaraq 07 yanvar 2005-ci il tarixdə Culfa rayon Vergilər şöbəsində qeydiyyatdan keçmiş, ********** saylı VÖEN alınmış, cəmiyyət 10 aprel 2011-ci il tarixdən fəaliyyətini dayandırmış və hazırda fəaliyyət göstərmir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində də hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "X.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında şərh etmişdir ki, “...məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir...”. İş üzrə toplanmış sübutları araşdırarkən məhkəmə müəyyən etmişdir ki, iddiaçının iddia tələbində qeyd edilənlərlə bağlı hüququnun pozulması təsdiqlənmir və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Beləliklə, iş üzrə toplanmış sübutları araşdırıb, onlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən tələbinin əsası olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 09 yanvar 2003-ü il tarixli, 3 nömrəli qərararına və Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə istinad etməklə istehsalat qəzası nəticəsində sağlamlığının pozulması ilə bağlı ona verilməli olan ödənclərin miqdarının 17 dekabr 2002-ci il tarixdən bu günədək cavabdeh müəssisədə işçilərin minimum əməkhaqqının, eləcə də tarif (vəzifə) maaşlarının kütləvi artımlarının hər biri nəzərə alınmaqla hesablanıb ona ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının, cavabdeh təşkilatın nümayəndəsinin izahatından müəyyən edilmişdir ki, "xxxx" ASC faktiki olaraq 1998-ci ildən, qanuni olaraq 2011-ci ildən fəaliyyət göstərmir. Cəmiyyətdə hazırda işçi, istehsal, cəmiyyətin gəlirləri yoxdur. Culfa rayon Məhkəməsinin 17 dekabr 2002-ci il tarixli, 2-117/2002 nömrəli qətnaməsi ilə müəyyən olunmuş 35115 manat aylıq ödənc isə iddiaçının və cavabdehin nümayəndəsinin bildirdiyinə görə İddiaçı ödənilmir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinin məzmunundan göründüyü kimi, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1123-cü maddəsinə əsasən əmək qabiliyyətini qismən itirmiş zərərçəkənin sağlamlığının pozulması ilə əlaqədar əmək qabiliyyəti sonralar zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən azaldıqda o, zərərin əvəzinin ödənilməsi vəzifəsinin həvalə olunduğu şəxsdən əvəz miqdarının müvafiq surətdə artırılmasını istənilən vaxt tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1123-cü maddəsinin məzmunundan belə müəyyən olunur ki, zərərin əvəzi təyin edildikdən sonra zərərçəkənin əmək qabiliyyətinin azalmasından və artmasından, zərər vurmuş şəxsin müəyyən əsaslar üzərindən əmlak vəziyyətinin pisləşməsindən asılı olaraq, zərərin əvəzinin miqdarının sonradan dəyişdirilməsi əsasları müəyyən edilmişdir. Belə ki, zərərçəkənin əmək qabiliyyəti zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən azalarsa, zərərçəkən zərərin əvəz miqdarının artırılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı isə vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən halların dəyişilməsi, yəni zərərçəkənin əmək qabiliyyətinin zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən azalması müəyyən edilməmiş, iddiaçı bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-ü il tarixli, 3 nömrəli qərararı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin” 3.5-ci bəndinə əsasən zərərə görə ödənilən aylıq ödəncin miqdarının təqsirkar müəssisədə işçilərin minimum əməkhaqqı və yaxud vəzifə maaşlarının kütləvi artımı zamanı qanunvericilklə müəyyən olunmuş qaydada təhlil edilməklə ödənilməli olsa da, cavabdehin qanunun inperativ normasını yerinə yetirməkdən boyun qaçırmasını, qanuna məhəl qoymamasını bildirmidir. Məhkəmə qeyd edir ki, müəssisənin fəaliyyətinin dayandırılması onun ləğv olunması demək deyil və yalnız müəssisə ləğv olunduğu təqdirdə baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənclər cəmiyyət tərəfindən ödənilməyə bilər. Müəssisənin uzun illər fəaliyyətinin dayandırılması baş vermiş istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçiyə verilən sosial ödənişi dayandıra və ya ödəməsini aradan qaldıra bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-ü il tarixli, 3 nömrəli qərararı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin 3.5-ci bəndində qeyd edilir ki, istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Göründüyü kimi, iddiaçıya istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödəncin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Lakin iddiaçı "xxxx" ASC-də 2002-ci ildən bu gündək işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı, həmin artımların hansı tarixdən olması ilə bağlı məhkəməyə sübut təqdim etməmiş, hətta iddiaçı və cavabdeh təşkilatın nümayəndəsi izahatına "xxxx" ASC-nin 1997-ci ildən tam fəaliyyətini dayandırdığını bildirmişlər. Təqdim edilmiş arayışdan isə müəyyən edilmişdir ki, cəmiyyət rəsmi olaraq 2011-ci ildən fəaliyyət göstərmir. Belə olan halda məhkəmə hesab edir ki, fəaliyyəti dayandırılmış cəmiyyətdən iddiaçıya ödənilməli olan, ödənilməyən aylıq ödəncin artırılması Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikası MPM-nin və Nazirlər kabinetinin qərarı ilə təsdiq edilmiş qaydaların tələblərinə uyğun deyil. Məhkəmə göstərilənləri, işin araşdırılmış hallarını nəzərə alıb, qanunvericiliyin müddəalarına əsaslanaraq qeyd edir ki, İddiaçı "xxxx" ASC-yə qarşı ödəmələrin miqdarının dəyişdirilməsi tələbi ilə iddia qaldırmaqda haqlı olmamışdır. Belə ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddiaçı Cavabdehnə qarşı “ödəmələrin miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə ondan apelyasiya şikayət verilmədiyi halda, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-226/2021
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-226/2021
17.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver