Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-237/2024 06.11.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə, vəkili X2, mütəxəssis X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, kanalizasiya xəttinin çıxarılması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, mülkiyyətində olan Culfa rayonunun Kırna kəndində yerləşən 0.4323 ha torpaq sahəsində Cavabdeh tərəfindən mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması, Cavabdeh tərəfindən qanunsuz olaraq hasarın üzərindən tikilmiş tikililərin öz hesabına sökülməsi və həyətyanı sahədən kanalizasiya xəttinin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdə **********15-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Culfa rayonunun Kırna kəndində 0.4323 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 108.97 kv.m, yaşayış sahəsi 41.47 kv.m, yardımçı sahəsi 67.5 kv.m olan 2 otaqdan ibarət olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsusdur. İşi ilə əlaqədar olaraq təqribən iki ilə yaxın Bakı şəhərində yaşamışdır. Kırna kəndində yaşamadığı vaxtlarda qonşusu Cavabdeh ona məxsus divarı sökmüş, 70 sm ona məxsus olan torpaq sahəsinə qanunsuz daxil olmuş və yeni ev tikmiş, ona məxsus evin arxa tərəfində olan pəncərəni xəbərsiz hörmüş, həmin yerdə manqal tikmiş, manqalın bacasını ona məxsus dam örtüyünə çıxarmışdır. Əlavə olaraq 6,4 m uzunluqda olan qarajın bir tərəfini ona məxsus divarın üstündə hörmüş, tir atmış, dam örtüyü vurmuş, dam örtüyündən axan suyu novdandan həyətinə axıtmışdır. Həmçinin qonşusu Cavabdeh kanalizasiya xəttini ona məxsus həyətdən keçirir. Ondan xəbərsiz, ona məxsus divar və həyətdəki yardımçı tikilini sökmüş, daşları özünə tikdiyi divarda istifadə etmişdir. Cavabdeh həmçinin həyətində inşa etdiyi tövlənin iki divarını ona məxsus divarın üstünə hörmüşdür. Bakıdan qayıtdıqdan sonra qeyd edilən hallarla rastlaşmış, qonşusu Xalidə ilə aralarında münaqişə yaranmışdır. 28 noyabr 2023-cü il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etmiş, müraciətinə baxılmış, 05 dekabr 2023-cü il tarixdə Xidmətin baş məsləhətçisinin, aparıcı məsləhətçisinin, xidmətin Culfa Rayon İdarəsinin aparıcı məsləhətçisinin, Kırna kənd İƏD üzrə nümayəndəsinin, Kırna bələdiyyəsinin sədrinin və Kırna kənd sakini Nümayəndə iştirakı ilə mübahisə yerində araşdırılmış, akt tərtib edilmişdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 06/M-299 nömrəli məktubunda qeyd olunmuşdur ki, Culfa rayon Notariat Ofisində 02 oktyabr 2023-cü il tarixdə qeydiyyata alınmış 2V-88 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmış 4323,0 kv.m və JN-220 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə Cavabdeh mülkiyyətinə verilmiş 2400,0 kv.m həyətyanı torpaq sahələrinin sərhəd döngə nöqtələri naturaya köçürülmüş, qonşu mülkiyyətçi tərəfindən onun torpaq sahəsinin zəbt olunması faktı aşkar edilməmiş, araşdırma zamanı qonşu torpaq sahəsi ilə onun mülkiyyətində olan torpaq sahəsinin arasındakı mövcud olan daş hasarın hündürlüyünün qonşu tərəfindən artırılaraq yardımçı binaların divarı kimi istifadə olunduğu müəyyən edilmişdir. Bildirir ki, Cavabdeh ona məxsus hasarın üzərində tikililər tikmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcələsinin 72-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. 05 sentyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı, iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Culfa rayonunun Kırna kəndində 0.4323 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 108.97 kv.m tikiliyə mülkiyyət hüququ 17 oktyabr 2023-cü il tarixdə qeydiyyata alınmışdır. X7 sağlığında qonşusu Cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsinin hasarına bitişik qaraj və tövlə inşa edilmiş, qarajın və tövlənin bir divarı ona məxsus olan hasar olmuş, hasarın üzərində əlavə tikinti işləri aparılmış, qarajın və tövlənin üzərinə atılmış tirlər hasarın üzərinə qoyulmuş və dam örtüyü vurulmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən inşa edilmiş qaraj və tövlə ona məxsus olan həyətyanı torpaq sahəsinin hasarında qanunla müəyyən edilmiş qaydada ara məsafəsini gözləməklə inşa edilməli idi. İddiaçı izahatında onu da bildirmişdir ki, qaraj və tövlə cavabdeh tərəfindən atasının sağlığında inşa edilmiş, bildiyinə görə qarajın və tövlənin inşa edilməsinə atası şifahi razılıq vermişdir. Həmçinin cavabdeh atasının sağlığında hazırda ona məxsus olan torpaq sahəsini əhatə edən hasarın bir hissəsini sökmüş, fərdi yaşayış sahəsi inşa etmiş və fərdi yaşayış evi üçün kanalizasiya xəttini ona məxsus olan torpaq sahəsində aparmışdır. Hesab edir ki, mülkiyyətində olan torpaq sahəsini əhatə edən hasarın üzərində cavabdeh tərəfindən aparılmış tikintilər sökülməli, fərdi yaşayış evinə aid olan kanalizasiya xətti ona məxsus olan torpaq sahəsindən çıxarılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, cavabdehin qardaşıdır. İddiaçının hazırda mülkiyyətində olan torpaq sahəsi əvvəllər atası Səbzalı Məmmədova məxsus olmuşdur. S.Məmmədovun sağlığında onun razılığı ilə mülkiyyətində olan torpaq sahəsini əhatə edən hasara bitişik qaraj və tövlə inşa edilmiş, qarajın və tövlənin bir divarını hasar əvəz etmiş, həmin hasarın üzərində əlavə tikinti işləri aparılmış, həmçinin iddiaçının atasının sağlığında onun razılığı ilə torpaq sahəsini əhatə edən divarın bir hissəsi sökülmüş, fərdi yaşayış evi inşa edilmişdir. Tərəflər arasında mübahisə yarandıqdan sonra hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsini əhatə edən hasar üzərində qaraj və tövlə inşa edilən zaman əlavə aparılmış tikinti işləri onun tərəfindən sökülmüşdür. Cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üçün çəkilmiş kanalizasiya xəttinin başqa istiqamətdə aparılması mümkün olmadığından, kanalizasiya xətti sökülə bilməz. Həmçinin kanalizasiya xətti fərdi yaşayış evinə bitişik, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sərhəd xəttində çəkilmişdir ki, kanalizasiya xətti fərdi yaşayış evinə bitişik çəkildiyindən xəttin çəkildiyi yerdə iddiaçı tərəfindən hər hansı bir işin görülməsi də mümkün deyil. Kanalizasiya xətti mövcud vəziyyətdə iddiaçı tərəfindən hər hansı bir işin görülməsinə mane olmur. Kanalizasiya xətti fərdi yaşayış evinə bitişik, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sərhəd xəttində çəkilməsi onun hüquqlarını pozmur. Məhkəmə iclasında iştirak etmiş cavabdehin vəkili X2 iddianı qəbul etməmiş, iddianın əsassız olduğunu bildirmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan- Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə dövlət Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Culfa rayonunun Kırna kəndində 0.4323 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 108.97 kv.m tikililərə İddiaçı mülkiyyət hüququ 17 oktyabr 2023-cü il tarixdə **********15-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. 02 oktyabr 2023-cü il tarixdə verilmiş vərəsəlik şəhadətnaməsindən müəyyən olunur ki, İddiaçı oluna şəhadətnamə verilən miras əmlak Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2009-cu il tarixdə X4 verilmiş **********15-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında 0.4323 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi,108.97 kv.m., yaşayış sahəsi 41.47 kv.m, yardımçı sahəsi 67.5 kv.m. olan 2 otaqlı fərdi yaşayış evi ilə birlikdə həyətyanı torpaq sahəsindən ibarətdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə dövlət Xidmətinin 20 dekabr 2023-cü il tarixli, 06/m-299 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 30 noyabr 2023-cü il tarixdə, 06/M-343 nömrəsi ilə xidmətə daxil olan 28 noyabr 2023-cü il tarixli müraciəti ilə əlaqədar 05 dekabr 2023-cü il tarixdə Xidmət Aparatının Torpaq məsələləri şöbəsinin, Xidmətin Culfa Rayon İdarəsinin mütəxəssislərinin, Culfa Rayon İcra Hakimiyyəti başçısının Kırna kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin, Kırna bələdiyyəsinin sədrinin, Rahib Məmmədovun və qonşu torpaq mülkiyyətçisinin nümayəndəsi Nümayəndə iştirakı ilə ərizədə qeyd edilmiş torpaq sahəsinin zəbt olunması məsələsi yerində araşdırılmış, Culfa Rayon Notariat Ofisində 02 oktyabr 2023-cü il tarixdə qeydiyyata alınmış 2V-88 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 4323,0 m2 və JN-220A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə Cavabdeh mülkiyyətinə verilmiş 2400,0 m2 həyətyanı torpaq sahələrinin sərhəd döngə nöqtələri naturaya köçürülmüş, qonşu mülkiyyətçi tərəfindən torpaq sahəsinin zəbt olunması faktı aşkar edilməmiş, araşdırma zamanı qonşu torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinin arasındakı mövcud olan daş hasarın hündürlüyünün qonşu tərəfindən artırılaraq yardımçı binaların divarı kimi istifadə olunduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, 09 oktyabr 2024-cü il tarixdə Culfa rayonunun Kırna kəndində yerləşən İddiaçı mülkiyyətində olan 284B və Cavabdeh mülkiyyətində olan 220A kadastr nömrəli həyətyanı torpaq sahələrinə naturada baxış keçirilmiş, baxış zamanı torpaq sahəsinə dair sənədlər araşdırılmış və elektron taxeometrlə müvafiq ölçü işləri aparılmış, araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh mülkiyyətində olan torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi qonşu ilə ortaq divarın üzərində inşa edilmiş, bəhs edilən kanalizasiya xətti qonşu ilə ortaq divarın üzərində inşa edilmiş fərdi yaşayış evindən 0.28 metr aralı olmaqla 14.32 metr uzunluğa malik hissədə İddiaçı mülkiyyətində olan torpaq sahəsindən keçir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin, vəkilinin izahatını dinləyib, həmçinin işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib onları əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.4- cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər; 169.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Məhkəmə iddiaçının mülkiyyətində olan torpaq sahəsini əhatə edən daş hasarın hündürlüyünün cavabdeh tərəfindən artırılan hissələrinin sökülməsi tələbi ilə bağlı belə nəticəyə gəlir ki, həmin hissədə iddia təmin edilməməlidir Belə ki, işin araşdırılan hallarından müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsini əhatə edən divar cavabdeh tərəfindən artırılmış, cavabdehin mülkiyyətində olan 220 A nömrəli torpaq sahəsində cavabdeh tərəfindən 6.4 metr uzunluğunda inşa edilmiş qarajın bir divarı və 3x4 m ölçüdə olan yardımçı tikilinin bir divarı yardımçı binaların divarı kimi istifadə olunmuşdur. 09 oktyabr 2024-cü il tarixdə Culfa rayonunun Kırna kəndində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət aparılmış, İddiaçı mülkiyyətində olan 284B və Cavabdeh mülkiyyətində olan 220A kadastr nömrəli həyətyanı torpaq sahələrinə naturada baxış keçirilmiş, baxış zamanı torpaq sahəsinə dair sənədlər araşdırılmış və elektron taxeometrlə müvafiq ölçü işləri aparılmış, müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində olan 220 A nömrəli torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş 6.4 metr uzunluğunda olan qarajın və 3x4 m ölçüdə olan yardımçı tikilinin cavabdeh tərəfindən artırılan hissələri cavabdehin nümayəndəsi tərəfindən sökülmüşdür. Belə olan halda məhkəmə belə hesab edir ki, tərəflər arasında həmin hissədə mübahisə aradan qalxmış, tələb həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçının mülkiyyətində olan torpaq sahəsindən keçən, cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinə aid olan 14.32 metr uzunluğunda kanalizasiya xəttinin çıxarılması tələbi ilə bağlı bildirir ki, həmin hissədə də iddia təmin edilməməlidir. Belə ki, İddiaçı mülkiyyətində olan 284B və Cavabdeh mülkiyyətində olan 220A kadastr nömrəli həyətyanı torpaq sahələrinə naturada baxış keçirilmiş, baxış zamanı torpaq sahəsinə dair sənədlər araşdırılmış və elektron taxeometrlə müvafiq ölçü işləri aparılmış, araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh mülkiyyətində olan torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi qonşu ilə ortaq divarın üzərində inşa edilmiş, bəhs edilən kanalizasiya xətti qonşu ilə ortaq divarın üzərində inşa edilmiş fərdi yaşayış evindən 0.28 metr aralı olmaqla 14.32 metr uzunluğa malik hissədə İddiaçı mülkiyyətində olan torpaq sahəsindən keçir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırır ki, İddiaçı mülkiyyətində olan 284B nömrəli torpaq sahəsindən, Cavabdeh mülkiyyətində olan 220A kadastr nömrəli həyətyanı torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə aid olan kanalizasiya xəttinin cavabdeh tərəfindən qonşu ilə ortaq divarın üzərində inşa edilmiş fərdi yaşayış evindən 0.28 metr aralı olmaqla 14.32 metr uzunluğa malik hissədə İddiaçı mülkiyyətində olan torpaq sahəsindən keçməsi İddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə maneçilik yaranmır, onun hüququnu əhəmiyyətli dərəcədə pozmur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı belə nəticəyə gəlir ki, iddia rədd edildiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, kanalizasiya xəttinin çıxarılması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-237/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-237/2024
06.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver