Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-324/2024 08.10.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Mən hakim Məmmədov Mehrab Fərmayıl oğlu İddiaçı cavabdeh Culfa Rayon Mərkəzi Xəstəxanasına qarşı “dəymiş ziyanın və xərcin alınması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçı cavabdeh Culfa Rayon Mərkəzi Xəstəxanasına qarşı “dəymiş ziyanın və xərcin alınması” tələbi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 və 150-ci maddələrinin tələblərinə riayət edilməklə verilmədiyindən onun məhkəmə icraatı mümkün deyil. Belə ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış və iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və bütün yazılı sübutların cavabdehə təqdim edilməsi üçün surəti əlavə edilməmiş, iddia ərizəsinə sənədlərin əsli və ya təsdiq edilmiş surəti deyil, surəti əlavə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-nin- 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsi dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 74-cü maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Göstərilənlərə əsasən belə nəticəyə gəlirəm ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından və iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və bütün yazılı sübutların cavabdehə təqdim edilməsi üçün surəti əlavə edilmədiyindən, iddia ərizəsinə sənədlərin əsli və ya təsdiq edilmiş surəti deyil, surəti əlavə edildiyindən iddia ərizəsinin icraata götürülməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir, geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdeh Culfa Rayon Mərkəzi Xəstəxanasına qarşı “dəymiş ziyanın və xərcin alınması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-324/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-324/2024
08.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver