Məhkəmə qərarları › İş №2(089)-33/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-33/2025

22.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-33/2025 22.01.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı nümayəndəsi, vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkməyə müraciət etmiş, Cavabdeh 7375 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 96 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, iş yoldaşı, Cavabdeh zaminlik müqaviləsi əsasında "xxxx" ASC-dən kredit müqaviləsi əsasında istelak krediti götürməyə kömək etmişdir. Cavabdeh bir neçə ay kredit üzrə öhdəliyi icra etsə də, daha sonra borclu tərəfindən ödənilməyən borclar zamin olaraq onun əmək haqqına yönəlmişdir. Nəticədə o, 15 avqust 2019-cu il tarixli İK 508/13 saylı kredit müqaviləsi üzrə 6226.62 manat əsas borc, 1118.58 manat faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumunu, ümumilikdə 7375.20 manat ödəməklə həmin borcu tamamilə bağlamış, bununla bağlı 20 may 2024-cü il tarixli icraata xitam verilməsi barədə qərarla Culfa Rayon Məhkəməsinin 2(089)-51/2021-10 nömrəli 12 mart 2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. X1 onun borcunu ödəmək üçün Qaraxanbəyli kəndində yerləşən torpaq sahəsini satmışdır. Nəticədə o, ziyana uğramış, istifadə etmədiyi pulun müqabilində borc ödəməli olmuşdur. Cavabdehlə razılaşmaq üçün dəfələrlə əlaqə yaratmasına baxmayaraq o, borcunu ödəməkdən yayınmışdır. Bu səbəbdən mübahisənin yeganə həllini məhkəməyə müraciət etməkdə görmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iddiaçının nümayəndəsi, vəkili iştirak etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi, vəkili Vəkil iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, iddiaçı və cavabdeh eyni hərbi hissədə qulluq etmiş, iş yoldaşı olmuşlar. Cavabdeh "xxxx" ASC-dən kredit götürmüş, iddiaçı həmin kredit müqaviləsi üzrə zamin olmuşdur. Cavabdeh kredit borcunu ödəməkdən yayınmış, İddiaçı kredit borcunu tam şəkildə ödəmiş, borcu bağlamışdır. Nəticədə o, maddi ziyana uğramışdır. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 15 avqust 2019-cu il tarixli, İK 1508/13 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC və Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, Cavabdeh illik 17% dərəcəsi ilə 36 ay müddətinə 7000 manat məbləğində istehlak krediti verilmişdir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən Bank Borcalana şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə 7000 manat məbləğində illik 17% dərəcəsi ilə istehlak kreditinin verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmçinin kredit müqaviləsinin 1.2-ci maddəsinə əsasən öhdəliyin icrası təminatı Zamin, Borcalan və Bank arasında bağlanan Zaminlik müqaviləsi olmuşdur. 15 avqust 2019-cu il tarixli, ZM1508/13 saylı zaminlik müqaviləsinin 1-ci maddəsinə əsasən, Zamin 15 avqust 2019-cu il tarixli, İK 1508/13 nömrəli kredit müqaviləsi üzrə Borcalanın Bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin Banka tam ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci maddəsinə əsasən Zamin, Borcalanın Bank qarşısında 15 avqust 2019-cu il tarixli, İK 1508/13 nömrəli kredit müqaviləsinin yerinə yetirilməsinə, kredit və ona hesablanmış faizlərin və cərimələrin ödənilməsinə, Borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklərin icrası üzrə borcların tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən digər zərərin ödənilməsi də daxil olmaqla, Borcalanla birlikdə eyni həcmdə məsuliyyət daşıyır. Culfa Rayon Məhkəməsinin 2(089)-51/2021 nömrəli, 12 mart 2021-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, "xxxx" ASC-nin cavabdehlər İddiaçı və Cavabdeh qarşı borcun qaytarılması tələbi təmin edilmiş, cəmi 7375.20 manat məbləğində pulun cavabdehlərdən alınıb "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 20 may 2024-cü il tarixli icraata xitam verilməsi barədə qərarından görünür ki, Culfa Rayon Məhkəməsinin 2(089)-51/2021-010 nömrəli, 12 mart 2021-ci il tarixli icra sənədi üzrə icraata icra sənədində qeyd olunan tələb borclu İddiaçı tərəfindən tam şəkildə təmin olunduğundan xitam verilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ki, "xxxx" ASC və Cavabdeh arasında 15 avqust 2019-cu il tarixli, İK 1508/13 saylı kredit müqaviləsi bağlanmış, Cavabdeh illik 17% dərəcəsi ilə 36 ay müddətinə 7000 manat məbləğində istehlak krediti verilmişdir. İddiaçı və "xxxx" ASC arasında bağlanmış 15 avqust 2019-cu il tarixli, ZM1508/13 saylı zaminlik müqaviləsinə əsasən zamin, borc alanın 15 avqust 2019cu il tarixli, İK 1508/13 saylı kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla birlikdə məsuliyyəti öz üzərinə götürmüşdür. Culfa Rayon Məhkəməsinin 2(089)-51/2021 nömrəli, 12 mart 2021-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin cavabdehlər İddiaçı və Cavabdeh qarşı borcun qaytarılması tələbi təmin edilmiş, cəmi 7375.20 manat məbləğində pulun cavabdehlərdən alınıb "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 20 may 2024-cü il tarixli qərarı ilə, Culfa Rayon Məhkəməsinin 2(089)-51/2021-010 nömrəli, 12 mart 2021-ci il tarixli icra sənədi üzrə icraata icra sənədində qeyd olunan tələb borclu İddiaçı tərəfindən tam şəkildə təmin olunduğundan xitam verilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən İddiaçı tələbinin sübuta yetdiyi müəyyən olunur. Qeyd etmək lazımdır ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 20 may 2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından borcun məhz İddiaçı tərəfindən tam şəkildə ödənildiyi sübuta yetir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər yekun məhkəmə qərarının çıxarılması üçün kifayətdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş maddi hüquq normaları baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 7375 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş 96 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 7375 manat pul və ödənilmiş 96 manat dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar