Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-90/2024 29.03.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X7 qarşı mənəvi zərər tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 30000 manat mənəvi zərərin və ödənilmiş 180 manat məbləğində dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, oğlu X8 Cavabdeh ilə ailə qurmuşlar. Birgə nikahlarından iki qız uşaqları olmuşdur. Oğlu və cavabdeh mehriban yaşamışlar, ailədə hər hansı bir problemləri olmamışdır. Lakin sonradan ailədaxili problemlər yaranmağa başlamış, lakin valideynlər olaraq oğlunun ailəsi ilə münasibətinin yaxşı olmasına çalışmışlar. Əlavə olaraq bildirir ki, uzun illərdir ki, Culfa şəhərində yaşayır. Əvvəllər arvadı İmminisə ilə münasibətləri yaxşı olmamış, arvadı Bakı şəhərində oğlu ilə birlikdə yaşamışdır. Lakin hərdən Bakı şəhərinə getmiş, oğlu, nəvələri ilə görüşmüş, bir neçə gün Bakı şəhərində qalmış və Culfa şəhərinə qayıtmışdır. Nəvələri üçün darıxdığından və yeni il ərəfəsi olduğundan 24 dekabr 2022-ci il tarixdə Bakı şəhərinə getmişdir. Məqsədi 15-20 gün Bakı şəhərində ailəsinin, oğlunun yanında qalmaq və qayıtmaq olmuşdur. Bakı şəhərinə getmiş, oğlunun, arvadının, gəlininin və nəvələrinin yaşadığı evə yerləşmişdir. Evdə olduğu qısa müddətdə gəlini Cavabdeh reaksiyasından oğlu və nəvələrinin yaşadığı evə müvəqqəti də olsa gəlibgetməsini istəmədiyini hiss etmişdir. Düşünmüşdür ki, 15-20 gün deyil, daha qısa müddətdə Culfa şəhərinə qayıtsın. Həmçinin oğlunun ailəsi ilə aralarında narahatçılıq yaranmasını istəməmişdir. Onu da qeyd edir ki, həmin müddətdə arvadı X4 ilə münasibətləri yaxşı olmadığından bir-biri ilə danışmamışlar. 24 dekabr 2024-cü il tarixdə axşam vaxtı mətbəxə keçmiş, gəlini Humaya arvadı İmminisə ilə küsülü olduğunu demiş, ona yemək verməsini xahiş etmiş, Humay ona yemək vermişdir. Həmin gün Humayın qardaşı da qonaq gəlmiş, onunla çay süfrəsində bir az söhbət etdikdən sonra Humayın qardaşı getmişdir. Lakin evdə olan vəziyyətdən hiss etmişdir ki, hamı ona qarşı soyuq münasibət göstərir. Sonradan arvadı İmminisə ona mətbəxdə ət doğrayan zaman gəlini Humayın ona yaxınlaşdığını, guya onun Humaya əxlaqsız təkliflər etdiyini, “gəl dizimin üstündə otur, səni öpüm” dediyini, Humayın bu təklifdən narahat olduğunu dediyini bildirmişdir. 25 dekabr 2022-ci il tarixdə qızı ona zəng etmiş, ağlayaraq ona çantanı, öz əşyalarını götür bizə gəl demiş, eşitmə qabiliyyəti zəif olduğundan onu başa düşməmiş, evdə olması həyat yoldaşını və keçmiş gəlinini narahat etdiyini düşünmüşdür. Bu səbəbdən də əşyalarını götürmüş, Culfa şəhərinə qayıtmışdır. xx.xx.2022-ci il tarixində Culfa şəhərində olan zaman qızı Turanə ona zəng vurmuş, Humayın qohumları arasında guya Humaya əxlaqsız təkliflər etməsi barədə xəbər yaydığını bildirmişdir. Bu sözləri eşidəndə sanki dünya başıma fırlanmış, halı pisləşmişdir. Təsəvvür edə bilmir ki, onun qohumları arasında gözdən, nüfuzdan salmaq üçün belə ağılasığmaz böhtan atıla bilər. İddiaçı izahatında onu da bildirmişdir ki, cavabdeh ona atdığı bu böhtanla kifayətlənməmiş və bütün dediklərini qohum əqraba arasında yaymışdır. Cavabdehin onun barəsində dedikləri baldızına, qardaşlarına və digər qohumlarına, sonda isə oğlu Turxana çatdırılmışdır. Bu söhbətdən xəbər tutan oğlu Turxan arvadı İmminisə ilə birlikdə Culfa şəhərinə gəlmiş və onunla danışmış, bəlli olmuşdur ki, cavabdehin ona atdığı böhtanın heç bir əsası yoxdur, Turxanla münasibətləri yaxşı olmadığından ondan bu üsulla qisas almaq istəmişdir. Hətta oğlu Turxan anası İmminisəni, cavabdehin atası Məcidi, cavabdehin qardaşı Elpuru, cavabdehin özünü evə dəvət etmiş, onlara Humayın böhtan atdığını, Humayın hərəkətlərini araşdırmağı onlara demiş, cavabdehin atası susmuş və sadəcə “biz qızımızın araxasındayıq" demiş, qızı Humayı ümumiyyətlə sorğu sual etməmişdir. Həmçinin Humay da ona atdığı böhtanla bağlı susmuş və Turxanın ona verdiyi sualı cavabsız qoymuşdur. Həmçinin qardaşları Elşən və Cavanşir, cavabdehin atası Məcid, cavabdehin qardaşları Seymur və Elnur da oğlu və cavabdehin yaşadığı evə gəlmiş, cavabdehin onun barəsində dediklərini araşdırmış, qeyd edilənlərin böhtan olduğuna şahid olmuş, heç bir şey demədən getmişlər. Bir müddət sonra oğlunun və cavabdehin yaşadığı evdən cavabdeh özünə məxsus olan əşyaları qardaşları ilə birlikdə hissə-hissə götürüb aparmışlar. İddiaçı izahatında onu da qeyd etmişdir ki, cavabdehin hərəkətləri onda mənfi psixoloji reaksiyaya səbəb olmuş, dərman qəbul edir. Hər dəfə deyilənləri xatırlayanda utanır. Cavabdeh dedikləri ilə onun şərəfini, ləyaqətini alçaltmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirka etmiş iddiaçının nümayəndəsi X4 iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, iddiaçı əri, cavabdeh isə keçmiş gəlinidir. İddiaçı ilə hadisəyə qədər, son beş ildə münasibətləri yaxşı olmamış, özü Bakı şəhərində oğlu və gəlini ilə, iddiaçı isə Culfa şəhərində yaşamışdır. İddiaçı 24 dekabr 2022-ci il tarixdə Bakı şəhərinə gəlmiş, nahar yeməyini yemiş və yatmışdır. Həmin vaxt özü ət almaq üçün mağazaya getmiş, cavabdeh isə uşağına dərslərini oxumaqda kömək etmişdir. Mağazadan qayıtmış, mətbəxdə ət doğramağa başlamış, cavabdeh həmin vaxt telefonda kiminləsə danışmışdır. Cavabdeh telefonla danışdıqdan sonra onun yanına gəlmiş, ona “məni ata ilə evdə tək qoyma, mənə gəl dizimin üstündə otur, səni öpüm, mənə yeməyi hər vaxt özün ver” demiş, cavabdehin dediklərindən narahat olmuşdur. Cavabdehdən bu barədə kiməsə deyibdeməməsini soruşmuş, cavabdeh onun bacısı Səbinyə dediyini bildirmişdir. Bacısı Səbinə ona zəng etmiş, cavabdehin dediklərini ona bildirmiş, cavabdehə “bu söhbəti bağla, ərinə də heç nə demə” demişdir. Axşam saatlarında Qurbanı yuxudan qaldırmış, Qurban yemək yemiş, yenidən yatmışdır. 25 dekabr 2022-ci il tarixdə saat 11 radələrində özü Banka, cavabdeh isə uşağı götürmək üçün məktəbə getmiş, onlar gedən zaman Qurban yuxudan ayılmış, ona “veşimi hazırla, qızım gilə gedəcəyəm” demiş, Qurbana biz qayıdaq, yemək ye, get demiş, lakin Qurban ağır eşitdiyindən nə dediyini başa düşməmiş, Culfa şəhərinə qayıtmışdır. 27 dekabr 2022-ci ildə qızı Turanə atasına zəng etmiş, olanları ona demişdir. Qurban cavabdehə dəfələrlə zəng etmiş, lakin o, cavab verməmişdir. Cavabdehin Qurbanın barəsində dediklərini hərkəs bilir. Oğlu Turxanın olanlar barədə məlumatı olduqdan sonra araşdırma aparmış, məlum olmuşdur ki, cavabdehin dedikləri yalandır. Oğlu Turxan hətta cavabdehin atası və qardaşı ilə görüşmüş, cavabdehin atası ilə bağlı dediklərini onlara bildirmiş, Turxanın dediklərini qəbul etməmişlər. Hazırda oğlu Turxan və cavabdeh ayrı yaşayırlar. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh X7 məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, etiraz ərizəsi ilə məhkəmə müraciət etmiş, Bakı şəhərində yaşadığını, himayəsində azyaşlı uşağının olmasını, məhkəmə iclasında iştirakının mümkün olmamasını bildirmiş, işə onun iştirakı olmadan baxılmasını, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X13 etiraz ərizəsində onu bildirmişdir ki, iddiaçı əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ona hər hansı bir zərərin dəyməsini sübut edə bilmir. Məhkəmə iclasında iddiaçının təklifi ilə şahid qismində izahat vermiş X6 izahatında bildirmişdir ki, Bakı şəhərində yaşayır. İddiaçı bacısının əridir. Tarixinin dəqiq xatırlamır, 2022-ci ilin dekabr ayının sonunda işdə olduğu müddətdə Cavabdeh ona zəng etmiş, söz demək istədiyini bildirmişdir. İş vaxtı telefonla danışa bilmədiyindən Cavabdeh işdən sonra ona zəng edəcəyini demişdir. İş vaxtından sonra Cavabdeh zəng etmiş, nə sözü olmasını soruşmuş, Cavabdeh qayınatası İddiaçı ona “dizimin üstündə otur, bu qəşəng paltardır, həmişə belə geyin” dediyini bildirmişdir. Cavabdeh həmçinin ona demişdir ki, “onsuz da dediklərimə inanmayacaqsınız”. Cavabdeh “sənə inanmıram, allahın bilsin, canın bilsin” demişdir. Cavabdeh qayınanasının harada olmasını soruşmuş, mağazaya getməsini demişdir. Məhkəmə iclasında iddiaçının təklifi ilə şahid qismində izahat vermiş X1 izahatında bildirmişdir ki, Bakı şəhərində yaşayır. İddiaçı qardaşıdır. Tarixini dəqiq xatırlamır, 2022-ci ilin dekabr ayının sonunda, axşan saat təxminən 20:30 radələrində qardaşı Elşən ona zəng etmiş, “bizə gəl, bir məsələ var, onu həll edək” demiş, qardaşının yaşdığı evə getmiş, cavabdehin atasının və qardaşının da orada olduğunu görmüşdür. Cavabdeh atası İddiaçı onun qızına “gəl dizimin üstündə otur” dediyini bildirmişdir. Cavabdeh ilə deyilənlərlə bağlı söhbət etmiş, lakin o, deyilənləri inkar etmişdir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində də hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Hazırkı iş üzrə iddiaçı iddia tələbində istinad etdiyi halların əsası olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "X.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında şərh etmişdir ki, “...məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir...”. İş üzrə toplanmış sübutları araşdırarkən məhkəmə müəyyən etmişdir ki, iddiaçının iddia tələbində qeyd edilənlərlə bağlı hüququnun pozulması təsdiqlənmir və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi şahidlərin izahatlarını, iddiaçının nümayəndəsinin izahatını iş üzrə mötəbər sübut kimi qəbul etmir. Belə ki, iddiaçının nümayəndəsi onun arvadı, şahidlər isə baldızı və qardaşıdır. Məhkəmə onu da nəzərə alır ki, iddiaçının izahatında bildirdiyi kimi, əgər cavabdehin fikri əri Turxanla münasibətləri yaxşı olmadığından ondan bu üsulla qisas almaq olmuşdursa, bir qadının, iki uşağın anasının qisas alması üçün bu üsulu seçməsi heçdə ağlabatan deyil. Beləliklə, iş üzrə toplanmış sübutları araşdırıb, onlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iddiaçı iddia ərizəsində, izahatında bildirmişdir ki, Cavabdeh onun barəsində “gəl dizimin üstündə otur, səni öpüm” fikrini arvadına, baldızına deməsi, bu söhbətin qohumlarının arasında yayılması onun şərəfini, ləyaqətini alçaltmışdır. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə uyğun olaraq, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Məhkəmə İddiaçı mənəvi zərər tələbi ilə bağlı nəticəyə gələrkən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 nömrəli Qərarında qeyd edilənləri də nəzərə almışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə göstərilənləri, işin araşdırılmış hallarını nəzərə alıb, qanunvericiliyin müddəalarına əsaslanaraq qeyd edir ki, İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbi ilə iddia qaldırmaqda haqlı olmamışdır. Belə ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərərin vurulduğunu bildirsə də, bunu sübuta yetirə bilməmişdir. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Məcəllənin 1097.1-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, iddia rədd edildiyindən ödənilmiş 180 manat məbləğində dövlət rüsümu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddiaçı X7 qarşı mənəvi zərər tələbinə dair iddiası rədd edilsin İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-90/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-90/2024
29.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver