Məhkəmə qərarları › İş №2(089)-92/2020

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-92/2020

03.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-92/2020 03.07.2020 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, x2 iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Nümayəndə və mübahisə predmeti barədə cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs x5 iştirakı ilə, İddiaçı Culfa Rayon Dövlət Notariat Ofisinə qarşı ərizənin ləğvi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddaiçı İddiaçı iddia ərizə ilə Məhkəməyə müraciət etmiş, mərhum atası “x6 miras qalmış əmlakdan imtina etməsinə və gələcəkdə mirasın qəbulu üçün ötürülmüş müddətin bərpası ilə bağlı heç bir mülki iddia və tələbinin olmayacağına” dair Culfa Rayon Dövlət Notariat Ofisinə təqdim etdiyi 08 yanvar 2020-ci il tarixli ərizənin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, xx xxxx 1962-ci ildə Culfa rayonunun Milax kəndində doğulmuş, hazırda da Milax kəndində yaşayır. Atası x19 09 sentyabr 2007-ci il tarixdə Culfa rayonunun Milax kəndində ölmüşdür. 4 qardaş, 5 bacıdırlar. Atası x8 mülkiyyətində olan, Culfa rayon Milax kəndində yerləşən 0.3552 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3 otaq, 1 balkondan ibarət olan fərdi yaşayış evi (həmin ev hazırda qardaşları Səyyub və Elşən tərəfindən sökülmüşdür), Culfa Rayon Aqrar İslahat Komissiyasının 15 oktyabr 1997-ci il, 13 nömrəli qərarı ilə verilmiş (104 B və 104 C nömrəli torpaq sahələri) 0.14 ha torpaq sahəsi miras qalmışdır. Həmçinin atası H.Novruzovun mülkiyyətində olan təxminən 800 kv.m torpaq sahəsi 2016-cı ildə Milax kəndində aparılan yenidənqurma, abadlıq işləri ilə əlaqədar başqa ərazidə yerləşən 1300 kv.m torpaq sahəsi ilə əvəzləşdirilmiş, bu barədə Milax kənd bələdiyyəsi 28 mart 2016-cı il tarixdə 9 nömrəli qərar qəbul etmişdir. Atasının vəfatından sonra həmin torpaq sahələrindən istifadə etmiş, becərmiş, mirası faktiki olaraq qəbul etmişdir. Qardaşları və bacıları Milax kəndində yaşamırlar. Atasından miras qalmış torpaq sahələrindən özü istifadə etmişdir. 08 yanvar 2020-ci il tarixdən isə torpaq sahəsinin yarısından istifadə etmir. 2020-ci ilin yanvar ayının təxminən 5-də qardaşı Səyyubla atasından miras qalmış, üzərində yaşayış evi inşa edilmiş torpaq sahəsi və yaşayış evinin Səyyubun, Culfa rayon Milax kənd Bələdiyyəsinin 28 mart 2016-cı il tarixli qərarı ilə verilmiş 1300 kv.m torpaq sahəsinin onun mülkiyyətinə keçməsi barədə razılaşmışlar. 08 yanvar 2020-ci il tarixdə qardaşı Səyyub Novruzovla birlikdə Cavabdehnə gəlmiş, S.Əmirov orada olmamışdır. x4 Culfa rayon Milax kəndində yerləşən ata evinin və evin yerləşdiyi torpaq sahəsinin qardaşı Səyyubun xeyrinə imtina etməsini bildirmiş, ərizəni T.Məmmədova yazmış, ərizənin məzmunu ona oxunmamış, torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədə qeyd edilən torpaq sahəsindən imtina etdiyini bildirmişdir. Ərizə yazıldıqdan təxminən 4-5 saat sonra dövlət Notarusu S.x23 gəlmiş, ərizə ona oxunmamış, ərizənin mahiyyəti ona izah edilməmiş, sadəcə ərizəyə imza etmiş, Səbuhi Əmirov onun imzasını təsdiq etmiş, ona “hər şey əlindən çıxdı” demişdir. Miras əmlakdan ona çatan paydan imtina ərizəsini qardaşı Səyyubla razılaşdığı üçün yazmış, ərizə yazılandan sonra qardaşı Səyyub razılaşdıqları kimi hərəkət etməmiş, 1300 kv.m torpaq sahəsini ona verməyəcəyini bildirmişdir. İddiaçı həmçinin izahatında bildirmişdir ki, dövlət notariusu, qardaşı Səyyub tərəfindən ərizəyə imza etməsinə məcbur edilməmiş, özü könüllü imza etmişdir. S.Əmirov ərizəni onun yanında təsdiq etmiş, notariusa Culfa rayon Milax kəndində yerləşən, atası x8 mülkiyyətində olan 03552 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3 otaq, 1 balkondan ibarət olan fərdi yaşayış evindən qardaşı Səyyub Novruzovun xeyrinə imtina etdiyini bildirmiş, ümumi miras əmlakgan imtina etməmiş, mirasın açılmasından 12 il sonra miras paydan imtina etmişdir. Ərizə ona oxunmamış, eynəyi üzərində olmadığı üçün özü ərizəni oxuya bilməmiş, ərizədə nə yazıldığını bilməmişdir. İddia əsaslıdır, ərizənin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili Nümayəndə iddianı müdafiə etmiş, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 05 iyun 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdeh Culfa rayon Dövlət notariat ofisinin nümayəndəsi x21 iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, iddaçı İddiaçı 08 yanvar 2020-ci il tarixdə notariat ofisinə müraciət etmiş, atası x6 miras qalmış əmlakdan imtina barədə ərizə yazacağını bildirmişdir. Mütəxəssis tərəfindən elektron formada ərizə tərtib edilmiş, saat təxminən 15 radələrində İddiaçı onun qəbulunda olmuş, atasından miras qalmış əmlakdan ona çatan paydan imtina etməsi barədə ərizə yazıldığını bildirmişdir. Ərizəni İddiaçı oxumuş, mahiyyətini, nəticələrini ona izah etmiş, İddiaçı ərizəni imza etmiş, onun imzasını təsdiq etmişdir. Ərizə elektron sistemə işləndiyindən ərizəçinin şəxsən ərizə yazması mümkün deyil. S.Əmirov izahatında onu da bildirmişdir ki, mirasdan imtina barədə ərizədə İddiaçı iradəsi ifadə olunmuş. Mirsdan imtina barədə ərizə yazması, ərizəyə imtina edilməsi üçün İddiaçı məcbur edilməmişdir. İddiaçı ona miras paydan qardaşı Seyyubun xeyrinə imtina etdiyini, İddiaçı “hər şey əlindən çıxdı” deməmişdir. Bir neçə gün sonra İddiaçı Notariat ofisinə gəlmiş, ərizəsinin ləğv edilməsini xahiş etmiş, ona bunun mümkün olmamasını bildirmişdir. S.Əmirov həmçinin izahatında mərhum x8 digər vərəsələrinə vərəsəlik şəhadətnaməsinin verilmədiyini, iddianın əsasız olduğunu bildirmiş, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında iştirak etmiş şahid x9 izahatında bildirmişdir ki, 08 yanvar 2020-ci il tarixdə İddiaçı və qardaşı Səyyub Novruzov Cavabdehnə gəlmiş, mirasdan qardaşı S.Novruzovun xeyrinə imtina barədə ərizə yazmaq istədiyini bildirmişdir. İlk növbədə İddiaçı S.Əmirovun qəbulunda olmuş, notariusun göstərişi əsasında mirasdan imtina barədə ərizə yazmış, həmin ərizəni İddiaçı təqdim etmişdir. Saat təxminən 15 radələrində S.Əmirov İddiaçı qəbul etmiş, ərizənin məzmunu oxunmuş, mahiyyəti, nəticələri ona izah edilmişdur. Ərizə İddiaçı tərəfindən imzalanmış və təsdiq edilmişdir. İddiaçı ərizə yazması üçün kimsə təzyiq etməmiş, İddiaçı ona bu barədə nəsə deməmiş, ərizəni imza etməyə məcbur edilməmiş, özü ərizəni imzlamışdır. Şahid izahatında onu da bildirmişdir ki, vətəndaşa ərizə imzalananadək ərizənin mahiyyətinin, nəticələrinin izah edilməməsi mümkün deyil. Ərizədə “yazılanlarla razıyam”, “təsdiq edirəm”, “ərizəni oxudum” ifadələrinin yazılamasının hər hansı bir səbəbi yoxdur. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs x14 izahatında bildirmişdir ki, 09 oktyabr 1970ci ildə Culfa rayonunun Milax kəndində doğulmuş, 1992-ci ildən Naxçıvan şəhərində yaşayır. Atası x19 09 sentyabr 2007-ci il tarixdə Culfa rayonunun Milax kəndində ölmüşdür. Atası H.Novruzovun mülkiyyətində olan, Culfa rayon Milax kəndində yerləşən 0.3552 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3 otaq, 1 balkondan ibarət olan fərdi yaşayış evi, Culfa Rayon Aqrar İslahat Komissiyasının 15 oktyabr 1997-ci il, 13 nömrəli qərarı ilə verilmiş təxminən 0.14 ha torpaq sahəsi (104 B və 104 C nömrəli torpaq sahələri) miras qalmışdır. Mərhum atası H.Novruzovdan miras qalmış əmlakı İddiaçı idarə etmişdir. Atasının ölümündən sonra Milax kəndində yaşamamış, lakin hərdən valideynlərinin yaşadığı evə getmişdir. Qardaş, bacıların balacası olduğundan atasından qalmış əmlakın onun olmasını düşünmüşdür. Qardaşları, bacıları atasından qalmış miras əmlakdan onlara çatan paydan imtina etmişlər. İddiaçı imtina ərizəsi yazana qədər aralarında torpaq bölgüsü ilə bağlı razılaşma olmamış, İddiaçı miras əmlakdan ona çatan paydan imtina barədə ərizə yazmağa kimsə məcbur etməmiş, qardaşları, bacıları imtina ərizəsi yazan zaman miras əmlakı onun əldə edəcəyini bilmişlər, həmçinin notariusdan əldə etdiyi mirasdan imtina barədə ərizənin surətini qardaş və bacılarına göndərmiş, onlar əvvəlcədən bu barədə məlumatlı olmuşlar. İddiaçı imtina ərizəsini geri götürməyə, məhkəməyə müraciət etməyə arvadı məcbur etmişdir. İddiaçı imtina ərizəsi yazana qədər gələcəkdə ona torpaq sahəsi verməsini təklif etmiş, lakin imtina etmişdir. Buna baxmayaraq İddiaçı mirasdan imtina barədə ərizəni imzalamış, ərizə təsdiq edilmişdir. Hesab edir ki, iddia əsassızıdır, rədd edilməlidir. İş materiallarında olan- 163370 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxx 1962-ci il tarixdə doğulmuş, atası x19, anası x15r. 117372 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətndən görünür ki, x19 09 sentyabr 2007-ci tarixdə ölmüş, bu barədə ölüm akt qeydləri kitabında 01 noyabr 2007-ci il tarixdə 06 nömrə ilə qeyd edilmişdir. 12 nömrəli, 12 fevral 2020-ci il tarixli arayışdan görünür ki, x8 vərəsələri x10, x11, x17, İddiaçı, x12, x14, x13, x16 və x1r. JN-104B və 104C nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Culfa Rayon Aqrar İslahat Komissiyasının 15 oktyabr 1997ci il tarixli, 13 nömrəli qərarı ilə 0.12 ha və 0.02 ha həyətyanı torpaq sahələri x19 və x7 mülkiyyətinə verilmişdir. 0024628 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Culfa rayonunun Milax kəndində 0.3552 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 76.26 kv.m sahəsi olan fərdi yaşayış evi **********27-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 07 mart 2012-ci il tarixdə x8 adına qeydiyyata alınmışdır. 08 yanvar 2020-ci il tarixdə İddiaçı tərəfindən imza edilmiş, Culfa rayon Dövlət notariat ofisinin dövlət notariusu tərəfindən təsdiq edilmiş, 8İ-13 reyestr nömrəsi ilə qeydiyyata alınmış ərizədə qeyd edilmişdir ki, “Bildirirəm ki, mərhum atam x19 09.09.2007-ci il də vəfat edibdir. Onun ölümündən sonra miras qalmış vərəsəlik yolu ilə mənə çatan payı qəbul etməmişəm, etmək niyyətində deyiləm. Həmin miras əmlakdan vərəsəlik yolu ilə mənə çatan paydan imtina edirəm. Gələcəkdə mirasın qəbulu üçün ötürülmüş müddətin bərpası ilə bağlı heç bir mülki iddia və tələbim olmayacaq”. Məhkəmə iddiaçının, iddiaçının vəkilinin, cavabdehin nümayəndəsinin, cavabdeh tərəfindən müstəqil tələb irəli sürmyən üçüncü şəxsin, şahidin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, x19 09 sentyabr 2007-ci il tarixdə Culfa rayonunun Milax kəndində ölmüş, H.Novruzovdan Culfa rayon Milax kəndində yerləşən 0.3552 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3 otaq, 1 balkondan ibarət olan fərdi yaşayış evi, Culfa Rayon Aqrar İslahat Komissiyasının 15 oktyabr 1997-ci il, 13 nömrəli qərarı ilə verilmiş (104 B və 104 C nömrəli torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamələr) 0.14 ha torpaq sahələri miras qalmışdır. x8 vərəsələri x10, x11, x17, İddiaçı, x12, x13, x16 və x3 miras əmlakdan onlara çatan paydan imtina etmişlər. İddiaçı Culfa Rayon Dövlət Notariat ofisinə müraciət etmiş, 08 yanvar 2020-ci il tarixdə yazılmış, 8İ-13 reyestr nömrəsi ilə qeydiyyata alınmış ərizənin ləğv edilməsini xahiş etmiş, ərizənin ləğv edilməsindən imtina edilmişdir. İddiaçı ərizənin ləğv edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müaciət etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, atası x8 mülkiyyətində olan, Culfa rayon Milax kəndində yerləşən 0.3552 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3 otaq, 1 balkondan ibarət olan fərdi yaşayış evi, Culfa Rayon Aqrar İslahat Komissiyasının 15 oktyabr 1997-ci il, 13 nömrəli qərarı ilə verilmiş 0.14 torpaq sahəsi miras qalmışdır. Həmçinin atası H.Novruzovun mülkiyyətində olan təxminən 800 kv.m torpaq sahəsi 2016cı ildə Milax kəndində aparılan yenidənqurma, abadlıq işləri ilə əlaqədar başqa ərazidə yerləşən 1300 kv.k torpaq sahəsi ilə əvəzləşdirilmiş, bu barədə Milax kənd bələdiyyəsi 28 mart 2016-cı il tarixdə 9 nömrəli qərar qəbul edilmişdir. Atasının vəfatından sonra həmin torpaq sahələrindən istifdə etmiş, becərmiş, ərizəsində mirası qəbul etmədiyini qeyd etsədə mirası faktiki olaraq qəbul etmişdir. Qardaşları və bacıları Milax kəndində yaşamırlar. Atasından miras qalmış torpaq sahələrindən özü istifadə etmişdir. 08 yanvar 2020-ci il tarixdən isə torpaq sahəsinin yarısından istifadə etmir. 2020-ci ilin yanvar ayının təxminən 5-də qardaşı Səyyubla atasından miras qalmış, üzrərində yaşayış evi inşa edilmiş torpaq sahəsi və yaşayış evinin Səyyubun, Culfa rayon Milax kənd Bələdiyyəsinin 28 mart 2016-cı il tarixli qərarı ilə verilmiş 1300 kv.m torpaq sahəsinin onun mülkiyyətinə keçməsi barədə razılaşmışlar. 08 yanvar 2020-ci il tarixdə qardaşı Səyyub Novruzovla birlikdə Cavabdehnə gəlmiş, x4 Culfa rayon Milax kəndində yerləşən ata evinin və evin yerləşdiyi torpaq sahəsinin qardaşı Səyyubun xeyrinə imtina etməsini bildirmiş, ərizəni T.Məmmədova yazmış, ərizənin məzmunu ona oxunmamış, fərdi yaşayış evi inşa edilmiş torpaq sahəsindən və fərdi yaşayış evindən ona çatan paydan imtina etdiyini bildirmişdir. Ərizə yazıldıqdan təxminən 4-5 saat sonra Dövlət notarusu S.Əmirov Notariat ofisinə gəlmiş, ərizə ona oxunmamış, ərizənin mahiyyəti ona izah edilməmiş, sadəcə ərizəyə imza etmiş, Səbuhi Əmirov onun imzasını təsdiq etmiş, ona “hər şey əlindən çıxdı” demişdir. Miras əmlakdan ona çatan paydan imtina ərizəsini qardaşı Səyyubla razılaşdığı üçün yazmış, ərizə yazılandan sonra qardaşı Səyyub razılaşdıqları kimi hərəkət etməmiş, 1300 kv.m torpaq sahəsini ona verməyəcəyini bildirmişdir. İddiaçı 08 yanvar 2020-ci il tarixdə yazılmış, 8İ-13 reyestr nömrəsi ilə qeydiyyata alınmış ərizənin ləğv edilməsi səbəbini onunla əsaslandırmışdır ki, ərizəni özü yazmamışdır, ərizədə yazılanlar onun iradəsini ifadə etmir, ərizədə qeyd edilənlər ona oxunmamış, mirasdan imtinanın nəticələri ona izah edilməmiş, qardaşı Səyyub Növruzovla miras payından imtina etməsi üçün aralarında razılaşma olmuş, miras payından imtina etdikdən sonra qardaşı aralarında olan razılaşmanı pozmuşdur. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Bu hüququn məzmunu mümkün olan iki alternativ imkandan birini seçməkdən ibarətdir.-mirası qəbul etmək imkanından, mirasdan imtina etmək imkanından. Mirasdan imtina xüsusi olaraq vərəsəlik hüququnun xitam olması məqsədilə həyata keçirilən aktdır. Buna görə də həmin akt mülkihüquqi əqddir. Bu əqd yalnız bir tərəfin- mirasdan imtina edən vərəsənin iradəsini ifadə edir. Hüquqi nəticənin yaranması-vərəsəlik hüququna xitam verilməsi üçün təkcə, ancaq həmin vərəsənin öz iradəsini bildirməsi kifayətdir. Hər hansı şəxsin cavab, qarşılıqlı iradə ifadəsi tələb olunmur. Buna görə də mirasdan imtina birtərəfli əqddir. Mirasdan imtina eyni miras üzrə vərəsəliyə çağrılan digər vərəsələrin razılığını da tələb etmir. O, həmin vərəslərin iradə ifadəsindən asılı deyil. Mirasdan imtina aktı vərəsənin miras əmlakı qəbul etməmək niyyətini ifadə edir. Bir sözlə mirasdan imtina dedikdə, birtərəfli elə mülki-hüquqi əqd başa düşülür ki, bunun nəticəsində müəyyən mirası qəbul etməyə çağrılmış vərəsənin həmin miras üzrə vərəsəlik hüququ həmişəlik olaraq xitam edilir. Məhkəmə araşdırması zamanı vərəsə İddiaçı mirasdan imtina etdiyi müəyyən olunmuşdur. Onun ərizədə yazılanların onun iradəsini ifadə etmədiyini bildirməsi, ərizədə yazılanların ona oxunmamasını bildirməsi əhəmiyyətsizdir. Ona görə ki, İddiaçı izahatında ərizəyə imza etdiyini bildirmişdir. Belə olan halda o, ərizədə yazılaları oxumalı, ərizədə onun iradəsi ifadə edilmədiyi halda imzalamamalı idi. Onun mirasdan imtina ərizəsini imzalamağa kiminsə məcbur etməsi də öz təsdiqini tapmır, iddiaçı da ifadəsində buna məcbur edilmədiyini bildirmişdir. Həmçinin iddiaçı, iddiaçının vəkili izahatlarında iddiaçının ərizədə nə yazıldığını bilmədiyini bildirsələr də, iddia ərizəsinin xahiş edirəm hissəsində iddiaçının Cavabdehnə təqdim etdiyi 08.01.2020-ci il tarixli ərizənin ləğv edilməsi xahiş edirlmişdir. Bu da iddiaçı yazılı formada ərizəsini notariat ofisinə təqdim etməsə də, ərizədə yazılanların, mirasdan imtinanın nəticələrinin ona əvvəlcədən məlum olması qənaətinə gəlməyə əsas verir. O, ki, qaldı iddiaçının mirasın açılamsından 12 il sonra imtinasına, məhkəmə belə hesab edir ki, mübahisə predmeti mirasın qəbulunun müəyyən edilməsi, miras əmlakın vərəsələr arasında bölünməsi olmadığından, gələcəkdə həmin ərizənin hər hansı bir hüquqi nəticə doğurub-doğurmayacağı mübahisə edilmədiyindən ərizə ləğv edilə bilməz. Ərizə yazılmış, tərəflərin izahatlarında bildirdiyi ki, ərizədə iddiaçının iradəsi ifadə edildiyindən, iddiaçının mirası qəbul etməkdən imtina barədə ərizəsini geri götürə bilməz və həmin ərizənin ləğv edilməsi üçün də hər hansı bir əsas yoxdur. Azərbaycan Respublikası MM-in 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Həmçinin məhkəmə araşdırması zamanı iddiaçının izahatından o da müəyyən edilmişdir ki, iddiaçı mirasdan şərtlə imtina etmişdir, bu da digər sübutlarla öz təsdiqini tapmamışdır. Yəni Culfa rayon Milax kəndində yerləşən 0.3552 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3 otaq, 1 balkondan ibarət olan fərdi yaşayış evindən iddiaçı ona görə imtina etmişdir ki, Milax kənd bələdiyyəsinin 28 mart 2016-cı il tarixli, 9 nömrəli qərar ilə H.Növruzovun adına verilmiş 1300 kv.m torpaq sahəsi gələcəkdə qardaşı Səyyub Novruzov tərəfində ona verilsin. Qanunvericilk isə, mirasdan şərtlə, qismən imtinanı qəbul etmir. Yəni mirasdan imtina dönməz xarakterə malikdir. Bu isə o deməkdir ki, vərəsə mirasdan qəti və həmişəlik imtina edir. Əgər vərəsə artıq mirasdan imtina etmişsə, onu qəbul etmək olmaz. Həmçinin mirasdan imtina bölünməz xarakterə malikdir. Bölünməzlik onu ifadə edir ki, vərəsə mirasdan tam imtina etməlidir, mirasdan qismən imtinaya yol verilmir. Belə ki, Azərbaycan Respublikası MM-in 1257-ci mddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı mərhum x6 miras qalmış, vərəsəlik yolu ilə ona çatan payı qəbul etməməsi, qəbul etmək niyyətində olmaması, miras əmlakdan ona çatan paydan imtina etməsi, gələcəkdə mirasın qəbulu üçün ötürülmüş müddətin bərpası ilə bağlı mülki iddia və tələbinin olmayacağı barədə 08 yanvar 2020-ci il tarixli ərizəsinin ləğv olunması barədə iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi halda qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar