Məhkəmə qərarları › İş №2(090)-100/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-100/2025

08.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-100/2025 08.08.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 830 manat məbləğində pulun, faizi ilə birlikdə 64 manat məbləğində cərimə cəzasının (cəmi birlikdə 894 manat məbləğində pulun) və iş üzrə ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, “mən 1988-ci il tarixdəndir ki, Naxçıvan MR Şahbuz rayonunda yaşayıram və orada yaşamağa başladığım bir gündən maldarlıqla məşğul oluram. Mən hər gün tezdən 3 baş iribuynuzlu malımı Naxçıvan MR, Şahbuz rayonunda yerləşən "Çayaparan massivi" adlanan yerdə zəncir vasitəsilə hörükləyərək gedib digər işlərimlə məşğul olurdum. Axşam isə 3 baş iribuynuzlu malımı hörükdən açaraq tövləyə gətirirdim. Mən yenə də 07 oktyabr 2024-cü il tarixdə 3 baş iribuynuzlu malımı Naxçıvan MR, Şahbuz rayonunda yerləşən "Çayaparan massivi" adlanan yerdə zəncir vasitəsilə hörükləyərək gedib digər işlərimlə məşğul olmağa başladım. Lakin həyat yoldaşım axşam 3 baş iribuynuzlu malımı açmağa gedəndə onlardan sadəcə 1 başının hörükdə olduğunu görmüşdü. Cavabdeh isə həyat yoldaşıma bildirib ki, "Bura mənə məxsusdur, Nurəliyə de ki, bicdə mal-qarasını bura hörükləməsin”. Qeyd etmək istəyirəm ki, ilk olaraq həmin yer Cavabdeh deyil, bələdiyyəyə məxsusdur. İkinci olaraq isə Cavabdeh mənə bu barədə hər hansı xəbərdarlıq etməmiş, 2 baş iribuynuzlu malımı nə mənim, nə də həyat yoldaşımın icazəsi və xəbəri olmadan özbaşına hörükdən açaraq başsız buraxmışdır. Həmin 2 baş iribuynuzlu mal isə qəza nəticəsində Naxçıvan MR Şahbuz rayonu, Qızıl Qışlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X11 məxsus VAZ 21102 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Nəticədə isə həm mənim 1 baş iribuynuzlu malım xəsarət alaraq 1 gözü çıxmış və 1 ayağı zədələnmiş, həm də X6 avtomobilinə ziyan dəymişdir. Bu səbəblə də yol polisi tərəfindən mənə 40 manat məbləğində cərimə cəzası tətbiq olnumuşdur. Mənim isə həmin cərimədən xəbərim olmadığından ödəməmişəm və buna görə də faizlə birlikdə 64 manat otmuşdur. X16 isə 18 dekabr 2024-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan MR Şahbuz rayon Məhkəməsinə müraciət edərək mənə qarşı "Pul tələbi” nə dair iddia qaldırmışdır. Naxçıvan MR Şahbuz rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(090)-37/2025 nömrəli qətnaməsi ilə 830 manat məbləğində pulun və 24 manat məbləğində dövlət rüsumunun məndən alınaraq X11 ödənilməsi qət edilmişdir. Lakin qeyd etmək istəyirəm ki. bütün bunlara səbəb Cavabdeh özbaşınalığı olmuşdur. Əgər Cavabdeh bələdiyyə torpağının guya ona məxsus olması iddiasıyla nə mənim, nə də həyat yoldaşımın icazəsi və xəbəri olmadan 2 baş iribuynuzlu malımı özbaşına açıb onları başsız buraxmasaydı indi nə mənim 1 baş iribuynuzlu malım xəsarət almış olacaqdı, nə də ki X6 avtomobilinə ziyan dəyəcəkdi. Mən Cavabdeh özbaşınalığı ucbatından X11 854 manat məbləğində pul ödəməliyəm və mənim elə bir imkanım yoxdur. Mənim özümün də pula cox ehtiyacı var. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Hesab edirəm ki, mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbim tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbim təmin edilməlidir”. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehin hadisədən sonra 200 manat pul verməyi təklif etdiyini, sonra isə pul verməkdən boyun qaçırdığı üçün aralarında razılıq baş tutmadığını, cavabdehlə aralarında razılığa gəlmələrinin mümkün olmadığını, malların özünün olsa da, maşını vurmalarına səbəb Cavabdeh malları açması olduğunu, malları açdıqdan sonra onlara məlumat vermədiyini, yoldaşına sadəcə “malları bağlamayın” dediyini, açması ilə bağlı isə heçnə demədiyini, cavabdehin onun mallarını açmamalı olduğunu, malların ikisini də açdığını, birini isə açmadığını, malları axtarmağa çıxdığını, yolun kənarında sayrışan işıqları yanan polis maşınını gördüyünü, onu ora çağırdıqlarını, gəldikdə malın qaz turbasına bağlı olduğunu gördüyünü, polis əməkdaşının ona malın maşını vurduğunu dediyini, malın da gözünün zədələndiyini, sonra gözünün tutulduğunu, Cavabdeh malları açmasa idi maşına ziyan vurulmayacağını, iddia ərizəsində işin halları barədə göstərildiyini, onun mallarının Hacıyev Söhrabın avtomobilinə zərər vurduğunu, malların isə Cavabdeh tərəfindən açıldığını, Şahbuz rayonu sakinlərinə pay torpaq sahəsi verilmədiyini, Cavabdeh adına otlaq torpaq sahəsi olmadığını, özünün həyətyanı torpaq sahəsi olduğunu və torpağını sənədləşdirdiyini, Cavabdeh torpaq sahəsinin istifadəsində olması ilə bağlı sənəd təqdim etmədiyini, cavabdehin torpaq sahəsini qeyri-qanuni istifadə etdiyini, Cavabdeh malı açdığını və açması ilə bağlı ona heçnə demədiyini, malları açdığını desəydi, malları axtarıb tapacağını və hadisə baş verməyəcəyini, Cavabdeh polis şöbəsində verdiyi izahatında onun yoldaşına heçnə demədiyini bildirdiyini, malların yaxın bağlandığını, yoldaşının malların ikisinin olmadığını gördüyünü, digər bir malı isə açıb evə gətirdiyini, İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı 30 iyul 2025-ci il tarixli izahatı oxuyaraq Cavabdeh qarşı pul tələbinə Şahbuz Rayon Məhkəməsində 2(090)-100/2025 saylı iş üzrə sizin icraatda baxıldığı və növbəti məhkəmə baxışı iclası 06 avqust 2025-ci il tarixə saat 11:00-a təyin olunduğu, ədalət mühakiməsinə işin bütün hallarının tam və dəqiq şəkildə aydın olması üçün məhkəmə tərəfindən anoloji məqsədlə müvafiq qurumlara ünvanlanmış sorğuların cavab məktublarında qeyd olunmuş faktları da bir növü təsdiq edən izahatını yüksək diqqətə çatdırdığını, belə ki, iddia ərizəsində də qeyd etdiyi iş üzrə Cavabdeh onun sahibliyində olan inəklərin Şahbuz rayon ərazisindəki “Çayaparan massivi” adlanan ərazidə bağlı şəkildə otladıqları halda onları açıb qovması, nəticədə ürkmüş malların yola çıxması və onlardan birinin X7 mülkiyyətində olan avtomobilə zərər vurması faktının məhz Cavabdeh Şahbuz RPŞ-də şəxsən verdiyi izahatı ilə sübuta yetirildiyini, yəni baş vermiş zərərin məhz cavabdehin qərəzli hərəkəti nəticəsində baş verdiyinin işin mübahisəsiz halı olduğunu bildirməklə sözügedən şəxsin həmin hərəkəti etməsi üçün heç bir hüquqi əsası olmadığını, yəni cavabdehin "mərhum dayım Oqtay İsmayılova 200 manat pul verib o torpağı almışam, istifədə edirəm” ifadəsinin müvafiq sənədlərlə təkzib edildiyini vurğulamaq istədiyini, qeyd etdiyi bu fakt iş materiallarında olan məhkəmənin sorğularına xx.xx.2025-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ və xx.xx.2025-ci il tarixdə isə Şahbuz rayon Külüs Bələdiyyəsi tərəfindən verilmiş cavablarla tam təsdiqini tapdığını, əlavə olaraq cavabdehin təqsiri üzündən özünə maddi zərər vurulması (ki yuxarıda qeyd etdiyim inəyin maşına zərər vurması məsələsinə görə S.Hacıyevə dəymiş zərəri ödəməyini özündə ehtiva edən qətnamə qanuni qüvvəyə minmişdir) faktı sübuta yetirildiyi halda iddianın təmin edilməməsinin hüquqlarının pozulmasına gətirib çıxaracağını məlum editdiyini, məhkəmənin ədalətli qərar qəbul edəcəyinə dair inamını ifadə etdiyini, qeyd etdiyi və işin materiallarında mövcud olan izahat və cavab məktublarının mübahisədə həlledici rola malik olduğunu, cavabdehin məsuliyyətdən boyun qaçırmaq üçün mallarını bağladığı ərazinin özünə məxsus olduğunu deməklə ədalət mühakiməsini aldatdığını, cavabdehin iddianı etiraf etməməsinə baxmayaraq tərəfindən iddia edilmiş bütün faktları sübuta yetirildiyini nəzərə alaraq izahatının nəzərə alınmasının və yekunda iddianın təmin edilməsini xahiş etdiyini bildirdiyini, əvvəlki məhkəmə iclasından sonra həyəti suvarmaq üçün nasosla su vurub qayıtıdığını, sonra nasosa baxmaq üçün yenidən getdikdə nasosu yerləşdirdiyi su göləyinin dağıdıldığını gördüyünü, Cavabdeh nasosun xarab olması üçün göləyi dağıtdığını, cavabdehin bilərək belə etdiyini, 11 oktyabr 2024-cü il tarixdə, axşam saat altıya işləmiş yoldaşının malları açmaq üçün getdiyini, malların birinin orada olduğunu, digər ikisinin isə orada olduğunu, saat yeddiyə qalmış özünün malları axtarmaq üçün getdiyini, Cavabdeh malları açdığını, sonra apararaq bağlı yerdə saxladığını, qaranlıq düşdüyü zaman malları axtarmağa çıxdığını, malların qaz idarəsi tərəfdən səslərinin gəldiyini, oraya getdikdə polisin malları qaz borusuna bağladığını gördüyünü, mallardan birini yoldaşının açıb gətirdiyini, digər ikisinin isə açılaraq ötürüldüyünü, inəklərin “Çayaparan massivi” ərazisində açıldığını, yoldaşının Niyaməddindən mallar barədə soruşmadığını, cavabdehin onun yoldaşına malları onun yerinə bağlamamsını bildirdiyini, əvvəllər Cavabdeh malları açıb ötürmədiyini, malların ikisinin də balaları olduğunu, əvvəl bu barədə mübahisələri olmadığını, əvvəllər də mallarını həmin yerə bağladığını, lakin Cavabdeh bu barədə ona heçnə demədiyini, otlaq sahəsinin otunun biçilib götürüldüyünü, malları isə torpaq sahəsinin kənarına bağladığını, Cavabdeh oradan istifadə etdiyini bilmədiyini, bilsə idi malları oraya bağlamayacağını, 2024-cü ildə bir dəfə malları bağladığını, həmin zaman da Cavabdeh malları açıb ötürdüyünü, 2023-cü ildə Səxavət adlı şəxsin ona torpaq sahəsinə mallarını bağlaması üçün icazə verdiyini, torpaq şöbəsinin nümayəndəsinin torpaq sahəsinə baxış keçirdiyini, həmin sahənin İsmayılov Oktayın mülkiyyətində olmadığını, Səxavət ona icazə verərkən onun torpaq sahəsi olmadığını bildiyini, lakin Səxavətin torpaq sahəsindən istifadə etdiyini, oranı biçdiyini bildirərək onun malları bağlamasına razı olduğunu, Səxavət deyən zamana qədər ora malları bağlamadığını, Cavabdeh ona mal bağlamamasını demədiyini, cavabdehin qərəzli olaraq bu vəziyyəti yaratdığını, mallar açılmasaydı maşına ziyan vurulmayacağını, mallarını Cəbrayıl adlı şəxsin torpaq sahəsinə bağladığını, malları özünün yox yoldaşının bağladığını, yoldaşı ilə birlikdə yaşadıqlarını, malları açmamışdan qabaq Cavabdeh malları açması barədə ona demədiyini, yoldaşına da bu barədə demədiyini, Cavabdeh malları apararaq tövləyə bağldadığını, axşam vaxtı isə malları açaraq ötürdüyünü, yoldaşının torpaq sahələrini bilmədiyini, buna görə Cavabdeh yerinə bağladığını, arxın içinə malları bağladığını, Cavabdeh mallara görə ona ziyan vurulması barədə ona heç nə demədiyini, iddiasının təmin edilməsini xahiş etdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında torpaq sahəsini 200 manat pul verərək alıb istifadə etdiyini, əvvəllər də dayısı X4 istifadə etdiyini, torpaq sahəsini istifadə etməyi ilə bağlı yazılı sübutunun olmadığını, özünün aldığı yerə İddiaçı mallarını bağladığını, özünün də malları açdığını, İddiaçı malları özünün yerinə bağlamasaydı, onun da açmayacağını, malları açdığına görə iddiaçıya ziyan dəydiyini, malları açdıqdan sonra iddiaçının yoldaşına malları açdığını dediyini, torpaq sahəsindən otlaq kimi istifadə etdiyini, illik 50 pres ot biçdiyini, sonra isə inəkləri oraya bağladığını, bubun üçün dayısına pul ödədiyini, tarixi dəqiq xatırlamadığını, hadisənin 2024-cü ildə baş verdiyini, iddiaçının Çayaparan massivi ərazisində onun istifadə etdiyi yerdə otlaq sahəsində mallarını bağladığını, malları açdığını və çayın digər tərəfində olan boş yerə ötürdüyünü, həmin yerin üst tərəfində evlər olduğunu, aşağı tərəfinin isə çöllük olduğunu, iddiaçının yoldaşının da orada olduğunu və heyvanları otardığını, ona “inəklərinizi açdım ötürdüm, mallarını mənim yerimə bağlamayın, axırıncı dəfə olsun” dediyini, yanında Mənsum adlı şəxsin olduğunu, orada başqa adamların da dağda heyvan otardığını, iddiaçının yoldaşının heçnə demədiyini, orada qalan bir malın zincirini açdığını və onu apardığını, ona digər malların çayın digər tərəfində olduğunu bildirdiyini, həmin zaman açdığı malların da çayın digər tərəfində olduğunu, inəkləri saat beşin yarısı açdığını, həmin zaman iddiaçının yoldaşının malları aparmağa gəldiyini, iddiaçının özünün də çayın digər tərəfində heyvanları otardığını, orada başqa şəxslərin də olduğunu, iddiaçının özünün malların arxasına düşdüyünü, malların da maşına dəydiyini, iddiaçının ziddiyyətli izahatlar verdiyini, əvvəllər istifadə etdiyi otlaq yeri ilə bağlı mal bağlamamasını iddiaçıya və yoldaşına dediyini, lakin malları açıb ötürmədiyini, iki ildir ki, 2023 və 2024 cü illərdə həmin otlaq sahəsini istifadə etdiyini, dəfələrlə iddiaçıya və yoldaşına malları bağlamamasını dediyini, otlaq sahəsinin vəfat edən dayısı Oktayın olduğunu, onun isə yeri dayısının oğlu İsmayılov Sərxandan istifadə üçün aldığını, ədalətli qərar qəbul olunmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında tərəflərin hər ikisi ilə qohum olduğunu, cavabdehin bacısının oğlu olduğunu, iddiaçı ilə kürvə olduqlarını, 2024cü ilin payız ayları axşam saat altıya işləmiş vaxtlarında olduğunu, mal otardığını, Cavabdeh onun qardaşının yerini aldığını, orada malların Niyaməddinin yerinə bağlandığını, Cavabdeh gələrək malların mıxlarını açdığını, orada üç mal olduğunu, hər üç malı açdığını, aralarında təxminən 200 metr məsafə olduğunu, hadisəni tam gördüyünü, mallaı açaraq ötürdüyünü, həmin zaman orada heç kim olmadığını, İddiaçı həmin zaman orada olmadığını, ondan malların harada olması barədə heç kimin soruşmadığını, qaranlıq düşdükdən sonra mallardan birinin oradan keçərək İddiaçı evinə tərəf getdiyini, digər iki malın isə gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 izahatında tərəflərin hər ikisi ilə qonşu olduğunu, 2024-cü ilin sentyarb-oktyabr ayları, axşam vaxtları saat altıya işləmiş olduğunu, “Çayaparan massivi” ərazisində mal otardığını, həmin zaman İddiaçı yoldaşının Cavabdeh yerinə malları bağladığını, üç inək bağladığını, Cavabdeh isə gələrək malları açdığını və yerindən çıxardığını, malları çaydan aşağı ötürdüyünü, həmin zaman yanında Cavabdeh dayısı Davidin olduğunu, ondan malların harada olması barədə heç kimin soruşmadığını, İddiaçı hamıya ziyan verdiyini bildirmişdir. İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı “24” iyun 2025-ci il tarixli vəsatətdə göstərmişdir ki, məlumunuz üzrə 2(090)-37/2025 nömrəli mülki işə Naxçıvan MR Ali Məhkəməsində baxılmış və iş üzrə xx.xx.2025-ci il tarixli Qətnamə qəbul edilərək apellyasiya şikayətim təmin edilməmişdir. Hazırkı iş üzrə Cavabdeh qarşı pul tələbi həcmində baxıldığını və cavabdehin ucbatından maddi zərər etdiyimi, lakin Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarında hazırkı mübahisəyə də təsir edəcək bir sıra yanaşmaların mövcud olduğunu nəzərə alaraq iş üzrə bütün halların aydınlaşdırılması baxımından vəsatətimin təmin edilməsinin əhəmiyyətliliyini nəzərinizə çatdırıram. Belə ki; Naxçıvan MR Ali Məhkəməsində işə baxıldığı zaman tələbim əsasında işə cəlb olunmuş Cavabdeh tərəfindən inəyimi açıb buraxdığı “Çay aparan massivi” ərazisinin onun mərhum dayısı X8 məxsus olması bildirildiyindən Kollegiya “Cavabdeh dayısına məxsus ərazidən inəkləri buraxmağa haqlıdır” yanaşmasını düzgün hesab etsə də, proses yekunlaşdıqdan sonra aidiyyəti üzrə qurumlara, habelə cavabdehin mərhum dayısı ilə qohumluğu olan şəxslərə bu barədə sual ünvanladığım zaman həmin sahənin bələdiyyəyə məxsus olması faktı aşkarlanmış, lakin Əmlak Məsələləri Dövlət Xidmətinə bu barədə yazılı məlumat verilməsi üçün müraciət etdiyim zaman yalnız məhkəmə sorğusu əsasında cavab verilməsinin mümkün olduğu cavabı verilmişdir. Hazırkı iş üzrə cavabdehin təqsirinin sübuta yetirilməsi və iddiamın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edən və əldə edilməsi səlahiyyətim xaricində olan “Çay aparan massivi” ərazisinin torpağın hansı kateqoriyasına aid olması (bələdiyyə, dövlət, xüsusi) məlumatının öyrənilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müvafiq sorğu göndərilməsi barədə qərar qəbul etməyinizi sizdən xahiş edirəm. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ Şahbuz Rayon Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda bildirilmişdir ki, sizin xx.xx.2025-ci il tarixli, 2(090)-100/2025 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, məktubda qeyd edilən əraziyə tərəfimizdən yerində baxış keçirildi. Araşdırma zamanı məlum oldu ki, mübahisələndirilən ərazi "Naxçıvançay"ın sol sahilində, "Çayaparan" adlanan massivdə yerləşir və Şahbuzkənd inzibati ərazi dairəsinin sərhədləri daxilindədir. Torpaq sahəsi Külüs bələdiyyəsinin (əvvəlki Şahbuzkənd bələdiyyəsi) mülkiyyətinə aiddir. Həmin torpaq sahəsinin məktubda adları qeyd edilən vətəndaşların: X13, X9, və X2 istifadəsində və ya mülkiyyətində olması barədə şöbəmizdə heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi Şahbuz Rayon Polis Şöbəsinə iddiaçı tərəfindən verilmiş izahatda xx.xx.2024-cü il tarixdə özünə məxsus 2 baş iri buynuzlu malları ona məxsus olan yerin və qonşu yerə Cavabdeh yeri olduğunu bilmədən ora yaxın bağladığını, Niyaməddinin gəlib malları orada görüb ona xəbər vermədən saat 7ə işləmiş açıb aparıb qapalı saxladığını, yoldaşının gedib malları gətirəndə 2 başın olmadığını gördüyünü, Niyaməddinin orada olduğunu görüb malları görməmisən deyə soruşduğunu, Niyaməddinin isə mən açıb ötürmüşəm dediyini, yoldaşının hara ötürmüsən deyə soruşduğunu, Niyaməddinin isə bilmirəm dediyini, yoldaşının gəlib malları onun açıb ötürdüyünü dediyini, özünün fanarı götürüb malları axtarmağa getdiyini, həyətlərə baxabaxa gəlib məhkəmənin yanına çatanda iki mühafizəçinin oturduğunu görüb onlardan soruşduğunu, onların görmədiklərini dediklərini, sonrasında aşağıdan mal səsinin gəldiyini, ora gedəndə öz malları olduğunu gördüyünü, polis əməkdaşı Anarın malın onun olduğunu soruşduğunu, özünün malı olduğunu dediyini, polisin isə malın maşına dəydiyini dediyini, maşının sahibinin kim olduğunu demədiyini, özünün malı götürüb getdiyini, səhərisi günü zərər çəkən sürücü ilə görüşdüyünü, onun malların şahmat məktəbinin yanında çıxıb ürkək vəziyyətdə üstən aşağı qaçdıqlarını dediyini, malları axtardığını, tapılacağını düşündüyü üçün polisə məlumat vermədiyini, malların boynunda zincir olduğunu, sabahkı gün Şahbuz rayon polis şöbəsinə gələrək maşına dəyən zərərə baxdığını, başqasının otlaq sahəsinə ziyan yetiribsə, bunu özünün ödəməli olduğunu, malları bağladığı yerdən açdığına görə maşına dəymiş ziyanı Niyaməddin adlı şəxsin qarşılamalı olduğunu, Niyaməddinlə maşına dəymiş ziyanın yarı-yarıya ödənilməsi barədə razılaşmağa çalışdığını, Niyaməddinin ona pulunun olmadığını bildirdiyini, özünün isə ona borc pul götürdüyünü, ona düşən pulu da özünün verə biləcəyini, Niyaməddinin ona pulu hissə-hissə ödüyə biləcəyini bildirdiyini, Niyaməddinin isə apar pulun hamısını ver, mən də otlaq sahəsinə dəyən ziyanı səndən tələb etmiyəcəm dediyini bildirmiş, izahatının düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi Şahbuz Rayon Polis Şöbəsinə Cavabdeh verdiyi izahatında 07 oktyabr 2024-cü il tarixdə 17:30 radələrində Şahbuz şəhəri ərazisində yerləşən “çay aparan masifi” adlanan yerdə iri buynuzlu özünə məxsus olan malı gətirmək üçün əraziyə getdikdə Şahbuz şəhər sakini Nurəliyə məxsus malın bir baş özünə məxsus olan malın yanında gördüyünü, özünün də yerində olanı açıb buraxdığını, malların onun otlaq sahəsinə bağlanılması ilə bağlı polisə məlumat vermədiyini, heyvanları sahibsiz buraxmağın məsuliyyətə səbəb olacağını bilmədiyini, Nurəlinin həyat yoldaşının özlərinə onlara məxsus olan otlaq sahəsində sağında qalan malları gətirdikdə özünün yolda qabaqlaşaraq mallarının ikisinin getdiyini bildirdiyini, 10 oktyabr 2024-cü ildə Şahbuz Rayon Polis şöbəsində açıb buraxdığı sahibsiz qalan iribuynuzlu malların Şahbuz şəhərində Hacıyev Söhrab adlı şəxsin nəqliyyat vasitəsinə maddi zərər vurduğunu bildiyini bildirmiş, izahatının düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Külüs Bələdiyyəsinin 23 iyul 2025-ci il tarixli, 10 nömrəli sorğuya cavab məktubuna əsasən Şahbuz Rayonu Külüs bələdiyyəsinin mülkiyyətində olan "Çayaparan massivi" adlanan ərazidəki torpaq sahəsini adları qeyd olunan (X13, X3 və X9) şəxlərlə Külüs bələdiyyəsi arasında heç bir icarə və ya alqı-satqı müqaviləsi bağlanılmadığı, həmin şəxslərə icarəyə və mülkiyyətə torpaq sahəsi verilmədiyi, həmin ərazini yuxarıda adları çəkilən şəxslərin qeyri-qanuni istifadə etdiklərininin bildirildiyi müəyyən olunur. İş materiallarına əlavə edilmiş İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı 30 iyul 2025-ci il tarixli izahatında Cavabdeh qarşı pul tələbinə Şahbuz Rayon Məhkəməsində 2(090)-100/2025 saylı iş üzrə sizin icraatda baxıldığı və növbəti məhkəmə baxışı iclası 06 avqust 2025-ci il tarixə saat 11:00-a təyin olunduğu, ədalət mühakiməsinə işin bütün hallarının tam və dəqiq şəkildə aydın olması üçün məhkəmə tərəfindən anoloji məqsədlə müvafiq qurumlara ünvanlanmış sorğuların cavab məktublarında qeyd olunmuş faktları da bir növü təsdiq edən izahatını yüksək diqqətə çatdırdığını, belə ki, iddia ərizəsində də qeyd etdiyi iş üzrə Cavabdeh onun sahibliyində olan inəklərin Şahbuz rayon ərazisindəki “Çayaparan massivi” adlanan ərazidə bağlı şəkildə otladıqları halda onları açıb qovması, nəticədə ürkmüş malların yola çıxması və onlardan birinin X7 mülkiyyətində olan avtomobilə zərər vurması faktının məhz Cavabdeh Şahbuz RPŞ-də şəxsən verdiyi izahatı ilə sübuta yetirildiyini, yəni baş vermiş zərərin məhz cavabdehin qərəzli hərəkəti nəticəsində baş verdiyinin işin mübahisəsiz halı olduğunu bildirməklə sözügedən şəxsin həmin hərəkəti etməsi üçün heç bir hüquqi əsası olmadığını, yəni cavabdehin "mərhum dayım Oqtay İsmayılova 200 manat pul verib o torpağı almışam, istifədə edirəm” ifadəsinin müvafiq sənədlərlə təkzib edildiyini vurğulamaq istədiyini, qeyd etdiyi bu fakt iş materiallarında olan məhkəmənin sorğularına xx.xx.2025-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ və xx.xx.2025-ci il tarixdə isə Şahbuız rayon Külüs Bələdiyyəsi tərəfindən verilmiş cavablarla tam təsdiqini tapdığını, əlavə olaraq cavabdehin təqsiri üzündən özünə maddi zərər vurulması (ki yuxarıda qeyd etdiyim inəyin maşına zərər vurması məsələsinə görə S.Hacıyevə dəymiş zərəri ödəməyini özündə ehtiva edən qətnamə qanuni qüvvəyə minmişdir) faktı sübuta yetirildiyi halda iddianın təmin edilməməsinin hüquqlarının pozulmasına gətirib çıxaracağını məlum editdiyini, məhkəmənin ədalətli qərar qəbul edəcəyinə dair inamını ifadə etdiyini, qeyd etdiyi və işin materiallarında mövcud olan izahat və cavab məktublarının mübahisədə həlledici rola malik olduğunu, cavabdehin məsuliyyətdən boyun qaçırmaq üçün mallarını bağladığı ərazinin özünə məxsus olduğunu deməklə ədalət mühakiməsini aldatdığını, cavabdehin iddianı etiraf etməməsinə baxmayaraq tərəfindən iddia edilmiş bütün faktları sübuta yetirildiyini nəzərə alaraq izahatının nəzərə alınmasının və yekunda iddianın təmin edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim edilmiş sübutları əlaqəli şəkildə tədqiq edib, onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia aşağıdakılara görə təmin edilə bilməz rədd edilməlidir. Belə ki, iddiaçı N.Ağayev istər iddia ərizəsində, istərsə də izahatında cavabdehin Cavabdeh onun iribuynuzlu malqarasını açıb sonra apararaq bağlı yerdə saxladığını, yoldaşına malları açması barədə heç nə demədiyini, yalnız cavabdehin onun yoldaşına malları onun yerinə bağlamamsını bildirdiyini, Cavabdeh malları apararaq tövləyə bağldadığını, axşam vaxtı isə malları açaraq ötürdüyünü, bu nəticəsində onun mallarının Söhrab hacıyevin avtomobilinə ziyan vurduqlarını, onun təqsirinin olmadığını, onun mallarının bağlandığı otlaq sahəsinin cavabdehin istifadəsində qeyri-qanuni olduğunu bildirsə də, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçının iribuynuzlu malqarası cavabdehin faktiki istifadəsində olan torpaq sahəsində otladığında Cavabdeh həmin iki baş mal-qaranı açmış və iddiaçının arvadına həmin malların onun istifadəsində olan torpaq sahəsinə bağlamamasını və malları açıb ötürdüyünü bildirmişdir. Həmin hal şahid X12 izahatı ilə öz təsdiqini tapmışdır, belə ki ki, şahid D.İsmayılov Cavabdeh onun qardaşının (Oktayın) yerini aldığını, iddiaçı N.Ağayevin mallarının Niyaməddinin yerinə bağlandığını bildirmişdir. Məhkəmə şahid İ.İsmayılovun ifadəsini sübut kimi qəbul edilən hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Mülki Məcəllənin (bundan sonra – “MM”) 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. MM-in 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, Mülki Məcəllənin 157.8-ci maddəsinin mətnindən göründüyü kimi, bu normanın tətbiq edilməsi üçün şəxsin əmlaka bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş əsaslarla sahiblik etməsi, 158.4-cü maddəsinin mətninə görə isə mülkiyyətçi olmayan şəxsin müdafiə olunması üçün onun əmlak hüquqlarının olması tələb olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004cü il 28 sentyabr tarixli, X14rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar). MM-in 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Göründüyü kimi qanunverici heyvan sahibinin başqalarına vurduğu zərərin əvəzini ödməyə borclu olduğunu və heyvanın nəzarət altında olmasının, itməsinin və ya qaçmasının əhəmiyyətsiz olmasını təsbit etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə isə iddiaçı N.Ağayevin iribuynuzlu malqarasının cavabdehin faktiki istifadəsində olan torpaq sahəsində otlaması zamanı cavabdehin həmin malları açıb buraxması və iddiaçının yoldaşına onun otlaq sahəsinə buraxmaması barədə iradı haqlı olmuşdur. Həmçinin Cavabdeh malları ona məxsus olan sahədən açıb buraxmaqla tam haqlı olması Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(108)- 77/2025 nömrəli qətnaməsində də öz əksini tapmışdır. Belə ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçı Şahbuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(090)-37/2025 nömrəli qətnaməsinə istinad etmişdir. Sözügedən qətnamə üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasında baxılarkən iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh işə cəlb edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(108)- 77/2025 nömrəli qətnaməsində MM-in 1110-cu maddəsi ilə bağlı qeyd edilmişdir ki, “Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur”, mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının iribuynuzlu mallarını bağladığı otlaq yeri Cavabdeh tərəfindən şifahi razılığa əsasən hər il 200 manat məbləğində pulu dayısı oğluna ödəməklə icarəyə götürülmüşdür. Cavabdeh tərəfindən dəfələrlə, hətta bir dəfə Mənsum adlı şəxsin vasitəsilə, iddiaçı mallarını həmin yerə bağlamaması deyilsə də, iddiaçı buna əməl etməmişdir. Cavabdeh malları ona məxsus olan sahədən açıb buraxmaqla tam haqlı olmuşdur, malların onun tərəfindən qəsdən açılıb buraxılmasından söhbət gedə bilməz. Belə olan halda iddiaçının maddənin davamı olaraq qeyd etdiyi “Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir” müddəası heç bir əhəmiyyət kəsb etmir. Həmçinin sözügedən qətnamədə göstərilmişdir ki, iribuynuzlu mal-qaranın iddiaçıya məxsus olması, iddiaçının həmin iribuynuzlu malların bağladığı otlaq yerinin Cavabdeh tərəfindən şifahi razılığa əsasən hər il 200 manat məbləğində pulu dayısı oğluna ödəməklə icarəyə götürülməsi, həmin otlaq yerinin Cavabdeh qanuni istifadəsində olması, belə olan halda Cavabdeh iddiaçının mallarını açıb buraxılmasında haqlı olması işin mübahisəsiz hallarıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8–ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə mənsubdur. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edilmədiyindən iddia qaldırılan zaman ödənilən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə məhkəmə yekunda hesab edir ki, İddiaçı Cavabdeh 830 manat məbləğində pulun, faizi ilə birlikdə 64 manat məbləğində cərimə cəzasının (cəmi birlikdə 894 manat məbləğində pulun) və iş üzrə ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməməli, iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 217.3-cü mаddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.03. və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası rədd edilsin. İddia qaldırılan zaman ödənilən dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar