Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-108/2025 03.04.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə, ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim : İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh özünə 6810 (altı min səkkiz yüz on) manat məbləğində borcun qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, aşağıda göstərilənlərə görə iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Həmin maddəyə əsasən iddia ərizəsində onun verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi sənədləri qeyd olunan normanın tələbləri daxilində tədqiq edərkən müəyyən olur ki, o, yuxarıda qeyd edilən prosessual normanın tələbinə əməl etməmiş, iddia ərizəsində öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını göstərməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sübutlarla birlikdə qarşı tərəfə göndərilərək, ona özünü müdafiəsinə hazırlaşmaq, həmçinin iddia tələbinə qarşı etiraz etmək imkanı yaradılır. Elə bu səbəbdən də prosessual sənəd kimi iddia ərizəsi özündə cavabdehə qarşı olan tələbin əsaslandırmasını və bunu təsdiq edəcək sübutların siyahısını özündə əks etdirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu isə ö deməkdir ki, məhkəmə özünün sübut kimi qəbul etdiyi sübutu qarşı tərəfə təqdim etmir. İddiaçının sübut kimi qeyd etdiyi və qəbul etdiyi sənədləri cavabdehə göndərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin mahiyyətindən belə məlum olur ki, iddiaçı iddia ərizəsində tələbinin əsası kimi qeyd etdiyi halların təsdiq edən sübutları həmin prosessual sənəddə qeyd etməli, iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməli, ərizəni icraatına qəbul edən məhkəmə bundan sonra məhz iddiaçının tələbində qeyd etdiyi yazılı sübutları qarşı tərəfə göndərərək, ona iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etmək hüququnu izah etməlidir (Mülki Prosessual Məcəlləsinin 149.2, 149.2.3, 150.1.5 və 154.1-ci maddələri). Həmçinin məhkəmə iddiaçıya izah edir ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı qarışdırılmamalıdır. Ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizəyə əlavə edilmiş bütün sənədlərin cəmini özündə ehtiva etdiyi halda, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı mülki icraatın həyata keçirilməsinin əsas prinsipi olan çəkişmə prinsipinin ilkin təzahürü və tələbidir. Eyni zamanda məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, MPM-in 89.1-ci maddəsinə əsasən yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Sözügedən hal nəzərə alınmaqla, iddiaçı tərəfindən sənədlərin əslinin və ya təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməli olduğu bildirilir. İddia ərizəsinə əlavə edilmiş sənədlər nəzərdən keçirilən zaman iddia ərizəsinə əlavə edilən sənədlərin (kredit müqaviləsi, xəzinə mədaxil orderi) əslləri və ya təsdiq olunmuş surəti deyil, kserosurətləri əlavə olunması müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirərkən müəyyən olunur ki, iddiaçı tərəfindən 6810 manat məbləğində pul ilə bağlı iddia irəli sürülərkən 88.10 (səksən səkkiz manat, on qəpik) manat dövlət rüsumu ödənilməli olduğu halda 30 (otuz) manat dövlət rüsumu ödənilmiş və nəticədə dövlət rüsumu kəsir ödənilmişdir. MPM-in: - 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.1 və 152.1.5-ci maddələrinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.2-ci maddəsinə əsasən İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. - 152.4-cü maddəsinə əsasən İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, İddiaçı tərəfindən 18 mart 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən 18 mart 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-108/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-108/2025
03.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver