Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-14/2024 02.04.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Əliyev Kamil Mübariz oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçının Cavabdeh qarşı paylı mülkiyyətin bölünməsi tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında Şahbuz rayonu, Kükü kəndində yerləşən 0.1693 ha torpaq sahəsi və üzərində yerləşən 127.5 kv.m fərdi yaşayış evinin, o cümlədən də 0.012 ha torpaq sahəsinin naturada bölünməsi, bu mümkün olmadıqda isə 85.000 (səksən beş min) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, bu da mümkün olmadıqda tərəflərin birgə nikahından əldə edilmiş əmlakın açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin 4/5 hissəsinin İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, atası X3 ailə başçısı olmaqla anası X6 və üç nəfər bacı-qardaşa İddiaçı, Cavabdeh və X1 Şahbuz rayonu, Kükü kəndində torpaq islahatı aparılan vaxt Aqrar İslahat Komissiyasının qərarı ilə birgə mülkiyyət olaraq həyətyanı torpaq sahələri verilmişdir. Onlar həmin torpaq sahələrini və üzərində inşa olunmuş evi Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində qeydiyyatdan keçirib çıxarışlar alaraq, paylarını Naxçıvan MR Şahbuz Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(090)- 159/2023 nömrəli qətnaməsi ilə müəyyən etdirərək 26 oktyabr 2023-cü il tarixdə, Şahbuz rayonu, Kükü kəndində yerləşən 0.1693 ha torpaq sahəsi və üzərində yerləşən 127.5 kv.metr fərdi yaşayış evinə ********** nömrəli qeydiyyat və **********90-10301 reyestr nömrəli o cümlədən də 0.012 ha digər torpaq sahəsini 26 oktyabr 2023-cü il tarixdə ********** nömrəli qeydiyyat və **********60 reyestr nömrələrlə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində qeydiyyatdan keçirib çıxarışlar alıbdır. Həmin çıxarışlar verilməmişdən öncə atası Məhəmməd, anası Səmayə və bacısı Gülnarə öz paylarını notarial qaydada ona bağışladıqları üçün hər iki çıxarışda 4/5 hissə onun, 1/5 hissə isə qardaşı Cavabdeh Məhəmməd oğlunun adına verilmişdir və o payının naturada ayrılmasını istəyir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə İddiaçı qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən təmsil edilmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında iddia ərizəsində işin halları barədə məlumat verildiyini, İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan Şahbuz rayonu, Kükü kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin naturada bölgüsünün paylara münasib olaraq mümkün olmadığını, cavabdeh Vüqar Babyevin iddiaçının tələb etdiyi kompensasiyanın isə ödəməkdən imtina etdiyini, bu səbəbdən də əmlakların hərraca çıxarılaraq satılması və satışdan əldə olunmuş pul vəsaitinin tərəflərin paylarına mütənasib olaraq bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh izahatında bildirdi ki, Şahbuz rayonu, Kükü kəndində yerləşən 0.1693 ha torpaq sahəsi və üzərində yerləşən 127.5 kv.m fərdi yaşayış evi, həmçinin 0.012 ha torpaq sahəsi onun və qardaşı İddiaçı paylı mülkiyyətindədir, həmin torpaq sahələrinin və yaşayış evinin naturada bölgüsü mümkün olmayıbdır, qardaşı İddiaçı tələb etdiyi kompensasiyanı isə onun ödəmək imkanı yoxdur, göstərilənləri nəzərə alaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şahbuz rayonu, Kükü kəndində yerləşən ümumi sahəsi 127.25 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.1693 ha olan torpaq sahəsinin daşınmaz əmlakın **********90-10301 nömrəli reyestrində xüsusi mülkiyyət hüququ ilə 1/5 hissədə Cavabdeh və 4/5 hissədə isə İddiaçı mülkiyyətlərinə verilməsi, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 20/5 nömrəli reyestr kitabının 835 nömrəli vərəqində qeydiyyata alınması aydın olur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şahbuz rayonu, Kükü kəndində yerləşən ümumi sahəsi 0.012 ha olan torpaq sahəsinin daşınmaz əmlakın **********60 nömrəli reyestrində xüsusi mülkiyyət hüququ ilə 1/5 hissədə Cavabdeh və 4/5 hissədə isə İddiaçı mülkiyyətlərinə verilməsi, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 20/8 nömrəli reyestr kitabının 1491 nömrəli vərəqində qeydiyyata alınması aydın olur. İş materiallarında olan Şahbuz Rayon İcra Hakimiyyəti Kükü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 29 mart 2023-cü il tarixli, 4-110 nömrəli arayışdan məlum olur ki, X2 məxsus olan Şahbuz rayonu, Kükü kəndində yerləşən fərdi yaşayış evində həyat yoldaşı X7, oğlu İddiaçı, oğlu Cavabdeh, gəlini X4, nəvəsi X9 və nəvəsi X8 qeydiyyatda dayanırlar. İş materiallarında olan Şahbuz Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(090)-159/2023 nömrəli qətnaməsi ilə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 20/8 nömrəli reyestr kitabının 1491 nömrəli vərəqində qeydiyyata alınmış Şahbuz rayonu, Kükü kəndində yerləşən 0.012 ha torpaq sahəsinə, eyni zamanda Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 20/5 nömrəli reyestr kitabının 835 nömrəli vərəqində qeydiyyata alınmış Şahbuz rayonu, Kükü kəndində yerləşən 0.1693 ha torpaq sahəsi və üzərində yerləşən 127.5 kv.m fərdi yaşayış evinə X5, X7 və Cavabdeh hər birinin payının 1/5 müəyyən olunması qət edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli, 59 inventar nömrəli daşınmaz əmlakın texniki pasportundan görünür ki, Şahbuz rayonu, Kükü kəndində yerləşən fərdi yaşayış evi **********90-10301 reyestr nömrəsi ilə 1/5 hissədə Cavabdeh və 4/5 hissədə isə İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Şahbuz rayonu, Kükü kəndində yerləşən ümumi sahəsi 127.25 kv.m olan fərdi yaşayış evinin xx.xx.2024-cü il tarixinə olan bazar dəyəri 30.700 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Şahbuz rayonu, Kükü kəndində yerləşən 0.012 ha olan torpaq sahəsinin xx.xx.2024-cü il tarixinə olan bazar dəyəri 800 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyаsının 125-ci mаddəsinin Vİİ bəndinə əsаsən, məhkəmə icrааtı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquq və azadlıqları haqqında Avropa Konvensiyası”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 215.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər; 223.4-cü maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. ”İnsan hüquq və azadlıqları haqqında Avropa Konvensiyası”-nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə görə, Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli Qərarında göstərmişdir ki, Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 4 aprel 2014-cü il tarixli qərarına əsasən nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olubolmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Məhkəmə araşdırılması zamanı tərəflərin paylı mülkiyyətlərində olan Şahbuz rayonu, Kükü kəndində yerləşən 0.1693 ha torpaq sahəsi və üzərində yerləşən 127.5 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə 4/5 hissədə İddiaçı, 1/5 hissədə isə Cavabdeh mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 20/5 nömrəli reyestr kitabının 835 nömrəli vərəqində qeydiyyata alınması (reyestr nömrəsi: **********90-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023), həmçinin Şahbuz rayonu, Kükü kəndində yerləşən 0.012 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə 4/5 hissədə İddiaçı, 1/5 hissədə isə Cavabdeh mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 20/8 nömrəli reyestr kitabının 1491 nömrəli vərəqində qeydiyyata alınması (reyestr nömrəsi: **********60, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023), mübahisəli torpaq sahələri və yaşayış evinin naturada bölünməsinin mümkün olmadığı və tərəflər arasında paylı mülkiyyətin bölünməsi barədə razılıq əldə edilməməsi müəyyən olunur. Belə ki, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 22 yanvar 2024-cü il tarixli, 33 nömrəli rəyinə əsasən, Şahbuz rayonu, Kükü kəndində yerləşən və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin **********90-10301 reyestr nömrəli çıxarışı ilə 0.1693 ha torpaq sahəsi və üzərində yerləşən 127.5 kv.m fərdi yaşayış evin mülkiyyətçiləri olan İddiaçı 4/5 hissədə və Cavabdeh 1/5 hissədə təcrid olunmuş qaydada naturada ayrılaraq verilməsinin (bölünməsi), İnşaat Norma və Qaydaları 22.08.01.89-un, 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik vəsaitdə (Məmmədov M.N. “Məhkəmə tikinti-texniki ekspertizasının həlli metodları” Bakı-2008) bəndlərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı, həmçinin Şahbuz rayonu, Kükü kəndində yerləşən və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin **********60 reyestr nömrəli çıxarışı ilə 0.012 ha torpaq sahəsinin mülkiyyətçiləri olan İddiaçı 4/5 hissədə və Cavabdeh 1/5 hissədə təcrid olunmuş qaydada naturada ayrılaraq verilməsinin (bölünməsi) mümkün olmadığı müəyyən edilir. Cavabdeh kompensasiya vermək imkanının olmadığını və verə bilməyəcəyini bildirmişdir. Naxçıvan MR-in Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 29 fevral 2024-cü il tarixli, 08 nömrəli daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair rəyinə əsasən, İddiaçı və Cavabdeh paylı mülkiyyətlərində olan Şahbuz rayonu, Kükü kəndində yerləşən 0.1694 ha torpaq sahəsi və üzərində yerləşən 1 otaqlı, ümumi sahəsi 127.25 kv.m, yaşayış (əsas) sahəsi 32.62 kv.m, köməkçi sahəsi 94.63 kv.m olan fərdi yaşayış evinin 27 fevral 2023-cü il tarixə bazar dəyəri 30.700 (otuz min yeddi yüz) manat, həmçinin Şahbuz rayonu, Kükü kəndində yerləşən 0.012 ha torpaq sahəsinin 27 fevral 2023-cü il tarixə bazar dəyəri 800 (səkkiz yüz) manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı və Cavabdeh paylı mülkiyyətlərində olan Şahbuz rayonu, Kükü kəndində yerləşən 0.1694 ha torpaq sahəsi və üzərində yerləşən 1 otaqlı, ümumi sahəsi 127.25 kv.m, yaşayış (əsas) sahəsi 32.62 kv.m, köməkçi sahəsi 94.63 kv.m olan fərdi yaşayış evi açıq hərracdan satılmalı və satış pulu tərəflər arasında paylarına mütənasib surətdə bölüşdürülməli, torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 30.700 (otuz min yeddi yüz) manat, həmçinin İddiaçı və Cavabdeh paylı mülkiyyətlərində olan Şahbuz rayonu, Kükü kəndində yerləşən 0.012 ha torpaq sahəsinin ilkin satış qiyməti 800 (səkkiz yüz) manat müəyyən edilməli, iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Аzərbaycan Respublikası Мülki-Prosessual Мəcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şahbuz rayonu, Kükü kəndində yerləşən 0.1694 ha torpaq sahəsi və üzərində yerləşən 1 otaqlı, ümumi sahəsi 127.25 kv.m, yaşayış (əsas) sahəsi 32.62 kv.m, köməkçi sahəsi 94.63 kv.m olan fərdi yaşayış evi açıq hərracdan satılsın və satış pulu İddiaçı və Cavabdeh arasında paylarına mütənasib, yəni 4/5 hissəsi İddiaçı və 1/5 hissəsi isə Cavabdeh verilsin. Şahbuz rayonu, Kükü kəndində yerləşən 0.1694 ha torpaq sahəsi və üzərində yerləşən 1 otaqlı, ümumi sahəsi 127.25 kv.m, yaşayış (əsas) sahəsi 32.62 kv.m, köməkçi sahəsi 94.63 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 30.700 (otuz min yeddi yüz) manat müəyyən edilsin. Şahbuz rayonu, Kükü kəndində yerləşən 0.012 ha torpaq sahəsi açıq hərracdan satılsın və satış pulu İddiaçı və Cavabdeh arasında paylarına mütənasib, yəni 4/5 hissəsi İddiaçı və 1/5 hissəsi isə Cavabdeh verilsin. Şahbuz rayonu, Kükü kəndində yerləşən 0.012 ha torpaq sahəsinin ilkin satış qiyməti 800 (səkkiz yüz) manat müəyyən edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-14/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-14/2024
02.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver