Məhkəmə qərarları › İş №2(090)-15/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-15/2025

14.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-15/2025 14.01.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 2350 (iki min üç yüz əlli) manat borcu və iş üzrə ödəmiş olduğu 43.50 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, Şahbuz rayonu, Gömür kənd sakini Cavabdeh ilə 16 sentyabr 2021-ci il tarixdə mal-heyvan alış verişi etmişik bu səbəbdən 12050 manat məbləğində mənə borclu qalmışdır bu borcu hissə-hissə (nağd və əvəzinə heyvan verməklə) ödəməklə azaltmış və sonuncu dəfə 18 avqust 2022-ci ildə ödəniş etməklə 2350 (iki min üç yüz əlli) manat məbləğində borcu saxlamışdır. Cavabdeh 2350 (iki min üç yüz əlli) manat borcu mənə qaytarmır, söz verməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçır. Əlimdə kifayət qədər sübut var ki o mənə borcludur və ödəmir. Hesab edirəm ki, artıq mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia, tələbim tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbim təmin edilməlidir. İddiaçı məhkəmə hazırlıq iclasında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı pul tələbi ilə bağlı müraciət etdiyini, iddia tələbinin həcmini 2350 manat göstərsə də iddia tələbinə 1600 manat həcmində baxılmasını xahiş etmişdir. Məhkəmə 26 dekabr 2024-cü il tarixli, 2(090)-259/2024 nömrəli qərardad ilə İddiaçı iddia tələbinin azaldılmasına dair ərizəsini nəzərdən keçirərək mülki iş üzrə iddia tələbinin azaldılması və mülki işə İddiaçı Cavabdeh 2350 (iki min üç yüz əlli) manat borcu və iş üzrə ödənilmiş olan 43.50 manat dövlət rüsumunun alınıb İddiaçı qaytarılması barədə tələbinə İddiaçı Cavabdeh qarşı 1600 (bir min altı yüz) manat borcun qaytarılması tələbi həcmində baxılmasını qərara almışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında Cavabdeh ilə mal alqı-satqısı etdiklərini, həmin alqı-satqıdan cavabdehin 12050 manat ona borcu yarandığını, cavabdehin borcdan 2050 manat ilkin ödəniş etdiyini, daha sonra qalan 10000 manat borcu qaldığını, Cavabdeh özünün və dayısının zamin durması ilə bankdan 7000 manat kredit götürdüyünü, kreditin 2981 manatı əvvəlki kredit borcuna silindiyini, qalan 4000 manatın 400 manatını özünə götürdüyünü, 3600 manatı isə ona verdiyini, sonra 500 manat və 500 manat olmaqla 2 dəfəyə ona 1000 manat pul göndərdiyini, həmin vaxt 5400 manat borcu qaldığını, Cavabdeh ona “pulum yoxdur, əvəzinə mal verim” dediyini, iki yanı balalı inək verdiyini, həmin malları özünün 3000 manat olaraq qiymətləndirdiyini, cavabdehin isə 3000 manatın az olduğunu, bütün borcunun silinməsini bildirdiyini, daha sonra Polis şöbəsində bazar qiymətinə uyğun olaraq 3800 manata razılaşdıqlarını, həmin zaman orada Cavabdeh, özünün, Zahir və Şəhriyar adlı polis əməkdaşlarının olduğunu, həmin malları 3050 manata satdığını, Cavabdeh ona 1600 manat borcu qaldığını, Cavabdeh Türkiyə Respublikasında işlədiyini, dəfələrlə müraciət etsə də, borcunu qaytarmadığını bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan və sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq baxmışdır. İş materiallarına əlavə edilmiş razılaşma tərəfləri, İddiaçı tərəfindən qeydə alınmış razılaşmaya əsasən xx.xx.2021-ci il tarixdə 3 ədəd yanı balalı inək biri 1350 manat olmaqla, 3-ü üçün 4050 manat, 4 ədəd balasız inək biri 1200 manat olmaqla, 4-ü üçün 4800 manat, 1 ədəd 3 illik buğa 1400 manat, 1 ədəd 2 illik kələ 800 manat, 2 baş erkək dana biri 500 manatdan, 2-i üçün 1000 manat, verilən heyvan sayı 7 baş inək, 2 baş kələ, 5 baş buzov (4 ədəd erkək 1 ədəd dişi) olmaqla, cəmi 14 baş heyvanın Cavabdeh satılması və dəyərlərinin ümumilikdə 12050 manat olması barədə razılaşmışlar. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işdə olan Cavabdeh imzası ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, onun, İddiaçı 14 baş iribuynuzlu mal qaraya görə ümumilikdə 12050 manat nisyə satılması barədə razılaşmışlar və həmin hal işin mübahisəsiz halıdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş whatsapp tətbiqi vasitəsilə olan yazışmaların surətindən müəyyən olunur ki, cavabdeh tərəfindən sözügedən heyvanların alınması və özü tərəfindən satılması qeyd edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə iddiaçının irəli sürdüyü tələb ilə bağlı qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında yuxarıda qeyd olunan razılaşma əsasında İddiaçı Cavabdeh ona 1600 (bir min altı yüz) manat borcunun olduğunu qeyd etmiş və bu halların təsdiqi ilə bağlı sübut kimi Cavabdeh öz imzası ilə təsdiq etdiyi ərizəsini göstərmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Bu səbəbdən məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş ərizəni sübut kimi qəbul edilən hesab edir. Cavabdeh öz öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, Cavabdeh 1600 (bir min altı yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 43,50 (qırx üç manat, əlli qəpik) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 29.61 (iyirmi doqquz manat, altmış bir qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1600 (bir min altı yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh tərəfindən ödənilmiş 43,50 (qırx üç manat, əlli qəpik) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 29.61 (iyirmi doqquz manat, altmış bir qəpik) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: D.Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar