Məhkəmə qərarları › İş №2(090)-161/2020

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-161/2020

18.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-161/2020 18.11.2020 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakimi səlahiyyətlərini müvəqqəti icra edənƏliyev Zamiq Xudaverdi oğlu, İddiaçı Cavabdehnə qarşı torpağa, fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması və qarşıya çıxan maneənin aradan qaldırılması tələbi barədə iddia ərizəsini nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı xx xxxxxx 2020-ci ildə Cavabdehnə qarşı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək torpağa, fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması və qarşıya çıxan maneənin aradan qaldırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdi. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə iddiaçıya bildirir ki, məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. İddia tələbinin məzmunundan aydın olur ki, İddiaçı Şahbuz Rayon X2 xx xxxxxx 1997-ci il tarixli, 50 nömrəli qərarını mübahisələndirir. Belə ki, o, öz adının JN seriyalı, 045A nömrəli, 10500038 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yazılmadığını mübahisələndirir. Həmin sənəddən isə o da müəyyən edilir ki, Şahbuz rayonu, Aşağı Qışlaq kəndində yerləşən torpaq sahəsi Şahbuz Rayon X2 xx xxxxxx 1997-ci il tarixli, 50 nömrəli qərarı ilə X1 və digərlərinin mülkiyyətinə verilmişdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, həmin Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrin məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinin tələbinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsi ilə müəyyən edilir ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxslər üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Normadan göründüyü kimi inzibati akt aşağıdakı əsas əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olmalıdır. Şahbuz Rayon X2 xx xxxxxx 1997-ci il tarixli, 50 nömrəli qərarı inzibati aktdır və hazırki qərarı qəbul edərkən X2 ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələnin nizama salınmasına yönəlmiş ictimai idarəetmə ilə bağlı fəaliyyət göstərmişdi. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun xx xxxxx 2015-ci il tarixli, 04 nömrəli Qərarının 2-ci bəndində qeyd edilir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndində göstərilir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir; onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmçinin qeyd edilən Qərarın 5.1-ci bəndinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi,etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və sair ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqların həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktların ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 6.1-ci bəndinə görə, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən, nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyənin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizlikərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bundan əlavə Qərarın 16.3-cü bəndində göstərilir ki, ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, Mülki Prosessual Məcəllənin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda sadalanan xüsusatlar baxımından məhkəmə hesab edir ki, iddianın öz adının yazılmasının yayınmasını qeyd etməklə Şahbuz Rayon X2 xx xxxxxx 1997-ci il tarixli, 50 nömrəli qərarının mübahisələndirilməsi bağlı yaranmış mübahisə ümumi (publik) hüquq sahəsinə aid olduğu üçün həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinin məzmundan məlum olur ki, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qanunvericiliyin bu tələbini nəzərə alan məhkəmə bildirir ki, İddiaçı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.4-cü maddəsi ilə həmçinin müəyyən olunur ki, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Bundan əlavə məhkəmə iddiaçıya izah edir ki, həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul edilməkdən imtina edilərsə dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, İddiaçı tərəfindən "Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə xx xxxxxx 2020-ci il tarixli, 68288 nömrəli qəbzlə ödədiyi 10 (on) manat miqdarında dövlət rüsumu ona geri qayrarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3, 153.6, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdehnə qarşı torpağa, fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması və qarşıya çıxan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina olunsun və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsi verilərkən İddiaçı tərəfindən "Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə xx xxxxxx 2020-ci il tarixli, 68288 nömrəli qəbzlə ödədiyi 10 (on) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar