Məhkəmə qərarları › İş №2(090)-161/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-161/2025

21.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-161/2025 21.06.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu, iddiaçı X1 Nazirliyinin “X2, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə, ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim : İddiaçı X1 Nazirliyinin “X2, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 214,50 (iki yüz on dörd manat, 50 qəpik) manat vəsaitin alınaraq X1 Nazirliyinin “X2, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin "xxxx" ASC-nin Naxçıvan filialına olan hesabına ödənilməsi və eyni zamanda dövlət rüsumu üçün ödənilən 30 (otuz) manat vəsaitin cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 24.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Həmin maddəyə əsasən iddia ərizəsində onun verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İddiaçı təşkilatın məhkəməyə təqdim etdiyi sənədləri qeyd olunan normanın tələbləri daxilində tədqiq edərkən müəyyən olur ki, o, yuxarıda qeyd edilən prosessual normanın tələbinə əməl etməmiş, iddia ərizəsində öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını göstərməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sübutlarla birlikdə qarşı tərəfə göndərilərək, ona özünü müdafiəsinə hazırlaşmaq, həmçinin iddia tələbinə qarşı etiraz etmək imkanı yaradılır. Elə bu səbəbdən də prosessual sənəd kimi iddia ərizəsi özündə cavabdehə qarşı olan tələbin əsaslandırmasını və bunu təsdiq edəcək sübutların siyahısını özündə əks etdirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu isə ö deməkdir ki, məhkəmə özünün sübut kimi qəbul etdiyi sübutu qarşı tərəfə təqdim etmir. İddiaçının sübut kimi qeyd etdiyi və qəbul etdiyi sənədləri cavabdehə göndərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin mahiyyətindən belə məlum olur ki, iddiaçı iddia ərizəsində tələbinin əsası kimi qeyd etdiyi halların təsdiq edən sübutları həmin prosessual sənəddə qeyd etməli, iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməli, ərizəni icraatına qəbul edən məhkəmə bundan sonra məhz iddiaçının tələbində qeyd etdiyi yazılı sübutları qarşı tərəfə göndərərək, ona iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etmək hüququnu izah etməlidir (Mülki Prosessual Məcəlləsinin 149.2, 149.2.3, 150.1.5 və 154.1-ci maddələri). Həmçinin məhkəmə iddiaçıya izah edir ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı qarışdırılmamalıdır. Ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizəyə əlavə edilmiş bütün sənədlərin cəmini özündə ehtiva etdiyi halda, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı mülki icraatın həyata keçirilməsinin əsas prinsipi olan çəkişmə prinsipinin ilkin təzahürü və tələbidir. Eyni zamanda məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, MPM-in 89.1-ci maddəsinə əsasən yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Sözügedən hal nəzərə alınmaqla, iddiaçı tərəfindən sənədlərin əslinin və ya təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməli olduğu bildirilir. İddia ərizəsinə əlavə edilmiş sənədlər nəzərdən keçirilən zaman iddia ərizəsinə əlavə edilən sənədlərin əslləri və ya təsdiq olunmuş surəti deyil, kserosurətləri əlavə olunması müəyyən edilir. Həmçinin MPM-in 108.1 və 108.1.1-ci maddələrinə görə mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. X1 Nazirliyinin “X2, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir. Belə ki, iddiaçı təşkilat tərəfindən ödəniş barədə qəbzin kserosurətini iddia ərizəsinə əlavə etsədə “Elektron Məhkəmə İnformasiya Sistemində” olan məhkəməyə ödənilmiş dövlət rüsumunun yoxlanılması bölməsində olan məlumat ilə ödənişin tapılmaması müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 152.1 və 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; - 152.1 və 152.1.5-ci maddələrinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.2-ci maddəsinə əsasən İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. - 152.4-cü maddəsinə əsasən İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalanmışdır. Belə ki, X1 Nazirliyinin “X2, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin baxılması ilə əlaqədar ərizəsi X3 tərəfindən imzalansa da ərizəyə nümayəndənin iddia ərizəsini imzalamaq səlahiyyətini təsdiq edən etibarnamə və hüquqi şəxsin işçisi olmasını təsdiq edən sənədlər əlavə olunmamışdır. MPM-in: 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 69.3. Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 73.4. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X1 Nazirliyinin “X2, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə iddiaçı təşkilatın diqqətinə çatdırır ki, MPM-in 152.4cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı X1 Nazirliyinin “X2, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Hakim: Daşqın Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar