Məhkəmə qərarları › İş №2(090)-168/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-168/2023

16.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-168/2023 16.08.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5.735 (beş min yeddi yüz otuz beş) manat və iş üzrə ödədiyi 77,35 (yetmiş yeddi manat, otuz beş qəpik) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı izahatında bildirdi ki, Cavabdeh 2017-ci ildən 2021-ci ilədək xidmət etdiyi dövrdə tanıyıb, 2021-ci ilin aprel ayında Rəmzi ona təcili pula ehtiyacı olduğunu bildirib, o da "xxxx"-ASC-dən 12.000 (on iki min) manat, 3 illik, 27 %-lə kredit götürüb, həmin pulun 3.500 (üç min beş yüz) manatını Cavabdeh borc veribdir, həmin puldan Cavabdeh 600 manat qaytarıb, qalan borcunu isə qaytarmayıbdır, sonra cavabdeh ordudan təxris olunması üçün intihara cəhd edibdir, buna görə barəsində Naxçıvan MR Hərbi Prokurorluğunda araşdırma aparılıb, onu işdən çıxarıblar, həmin araşdırma zananı cavabdehin ona borcu olmasıda cavabdehin özü bildiribdir, həmin vaxt o, Cavabdeh şikayət etməyibdir, cavabdehin atası borcunun hər ay 100 manat qaytaracağını desə də Cavabdeh borcunu qaytarmayıbdır, cavabdeh artıq son səkkiz aydır telefon zənglərinə belə cavab verməyibdir. Cavabdeh ona olan borcunu Naxçıvan MR Hərbi Prokurorluğunda öz ərizə və izahatında da etiraf edibdir, lakin bu günə kimi ona olan borcunu qaytarmayıbdır, sonda İddiaçı göstərilənlərə nəzərə alaraq məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında sualları cavablandıran İddiaçı bildirdi ki, Cavabdeh ilk dəfə 200 manat sonra isə ev əşyalarını sataraq 400 manat pul ona ödəyibdir, cavabdeh cəmi 600 manat pul qaytarıbdır bundan başqa cavabdeh tərəfindən ödəniş edilməyibdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında təmsil etdiyi İddiaçı işin mahiyyəti ilə bağlı öz ifadəsində ətraflı məlumat verdiyini məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin teleqram ilə məhkəməyə müraciət edərək maddi imkanın olmadığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsinin xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmənin ünvanına 10 iyul 2023-cü il tarixdə daxil olmuş teleqramında İddiaçı sonradan ev əşyalarını sataraq ödədiyi 400 manat pulun sənədlərdə qeyd etmədiyini bildirdiyini, 2021-ci ildə xidmətdən uzaqlaşdırıldıqdan sonra valideynlərinin razılığı ilə Türkiyəyə gedərək işləyib İddiaçı olan borcunu ödəmək istədiyini İddiaçı bildirdiyini , ona “narahat olma get Bakıya qardaşımla danışmışam yer göstərəcək obyekt açıb birlikdə işlədərik, onun banka olan borcunu bağladıqdan sonra şərik olarıq” dediyini və “sən get mən də xidmət vaxtım tamam olduqdan sonra gələcəm” dediyini, biletini alıb Bakıya getdiyini, obyekt götürdüyünü, qardaşının danışdığını, qazanc olmadığını bildirdiyini, obyekti verən şəxslə aralarında problem yaşandığını, hətta ona xəsarət belə yetirildiyini, qardaşı fevral ayı onu, ailəsi iki körpə uşağı ilə birlikdə ona kirayəyə verdiyi evdən çıxardığını, hal-hazırda qaynatası ilə qaldığını, işsiz olduğunu, ədalətli qərar verilməsini xahiş etdiyini, ona yaranan bu qədər problemdən sonra bu vəziyyətin alındığını, ödəniş edə bilmədiyini göstərmişdir. İş materiallarında olan Cavabdeh Naxçıvan MR Hərbi Prokurorluğuna verdiyi xx.xx.2021-ci il tarixli izahatdan və eyni zamanda Cavabdeh tərəfindən yazılmış və şəxsən öz imzası ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizənin məzmunundan görünür ki, o, 2021-ci ilin iyun ayında xidmət yoldaşı gizir İddiaçı öz adına "xxxx" ASC-dən 3.500 manat götürüb ona verməsini xahiş etmiş, İddiaçı "xxxx" ASC-dən 12.000 manat pul götürüb 3.500 manatını ona vermiş, o, iddiaçıya buna görə 3 ay müddətində 200 manat pul ödəmiş, pulun qalan hissəsini İddiaçı ayda 100 manat ödəməklə borcunu qaytarmaq barədə onunla razılığa gələrək ərizənin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, GTKR3734819A134 nömrəli kredit müqaviləsinə əlavə hesab edilən ödəniş qrafikindən görünür ki, İddiaçı "xxxx" ASC-dən 35 ay müddətinə, illik 27% olmaq şərtilə 12.000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Şahbuzkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 13 aprel 2023-cü il tarixli, 78 nömrəli arayışdan görünür ki, Cavabdeh Şahbuz rayonu Şahbuzkənd kəndində pasport qeydiyyatında dayanır. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh imzası ilə təsdiq edilmiş xx.xx.2021ci il taixli ərizə ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı 3.500 (üç min beş yüz) manat məbləğində borc pul almışdır. İddiaçı Naxçıvan MR Hərbi Prokurorluğuna 26.09.201-ci il tarixdə verdiyi yazılı izahatı ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı borclu olduğu 3.500 manat borcunun olması işin mübahisəsiz halıdır. İddiaçı tərəfidən irəli sürülən tələblərlə bağlı işin mübahisəli halın olması cavabdehin iddiaçıya 5735 manat borcunun olması və cavabdeh tərəfindən hazırda bu borcun ödənilməmiş olmasıdır. Bu tələblərin mübahisəli olmasına səbəb isə cavabdehin iddiaçıya 400 manat ödəməsini qeyd etməsidir. Məhkəmə ilk olaraq iddiaçının irəli sürdüyü və hazırda işin mübahisəli olan halları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1.-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə iddiaçının irəli sürdüyü və hazırda işin mübahisəli olan halları ilə bağlı qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında yuxarıda qeyd olunan razılaşma əsasında Cavabdeh İddiaçı borc verdiyi 3500 manatın 600 manat cavabdeh tərəfindən ödəniş etdikdən sonra 2900 manat borcun və ona hesablanmış 2835 faiz borcu olmaqla, ümumilikdə 5735 manat pulun ödənilməmiş olduğunu qeyd etmiş və bu halların təsdiqi ilə bağlı sübut kimi Cavabdeh imzası ilə təsdiq etdiyi ərizəsini göstərmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Cavabdeh İddiaçı borclu olduğu puldan 400 manat pulun qaytardığını bildirsə də cavabdeh tərəfindən 400 manat pulun qaytarılması barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh iddiaçı A.Zeylanovdan aldığı 2.900 manat əsas borc və ona hesablanmış 2.835 manat faiz borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh öz öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 741-ci əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh 5.735 (beş min yeddi yüz otuz beş) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 77,35 (yetmiş yeddi manat, otuz beş qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, İddiaçı tərəfindən ödənilmiş 77,35 (yetmiş yeddi manat, otuz beş qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.03 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5.735 (beş min yeddi yüz otuz beş) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh tərəfindən ödənilmiş 77,35 (yetmiş yeddi manat, otuz beş qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar