Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-17/2021 18.01.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin sədri səlahiyyətlərini müvəqqəti icra edən Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi, maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon qeydiyyat şöbəsinin müdiri Əsədova Könül Hüsaməddin qızının iştirakı ilə, Ərizəçi vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə xx xxxxxx 2020-ci ildə ilə məhkəməyə müraciət edərək, Şahbuz rayon qeydiyyat şöbəsi tərəfindən onun barəmdə vətəndaşlıq vəziyyəti aktlarında aparılmış xx xxxx 1960-cı il tarixli, 17 nömrəli doğum haqqında qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi, həmçinin doğum tarixinin xx xxxx 1960-cı il olması müəyyən edilməklə, bu barədə doğum haqqında akt qeydiyyatında düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, xx xxxx 1960-cı ildə Şahbuz rayonu, Kənd Şahbuz kəndində doğulmuşam. Həmin tarixdə doğulmağım şəxsiyyət vəsiqəsi, nikahın bağlanması haqqında şəhadətnamədə, ümumi vətəndaşlıq pasportu ilə təsdiq olunur. Lakin şəxsiyyət vəsiqəsinin itməsi ilə bağlı yeni şəxsiyyət vəsiqəsinin alınması üçün Şahbuz rayon qeydiyyat şöbəsindən verilmiş çıxarışda, habelə Naxçıvan MR Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsinin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsi tərəfindən verilmiş arayışda doğum tarixim xx xxxx 1960-cı il kimi göstərilmişdir. Göstərilən səhvliyin aradan qaldırılması üçün Şahbuz rayon qeydiyyat şöbəsinə müraciət etdim, şöbədən isə mənə aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməli olduğum cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında xx xxxx 1960-cı il tarixdə Şahbuz rayonu, Çayşahbuz kəndində anadan olduğunu, qeydiyyat şöbəsinin səhvi nəticəsində doğum günün səhv yazıldığını, bütün sənədlərinin doğum tarixinin düzgün qeyd edildiyini, lakin doğum tarixinin doğum haqqında şəhadətnaməsində düzgün olmadığını, bunu özünün şəxsiyyət vəsiqəsi itdiyindən yenidən almaq üçün polis şöbəsinə müraciət etdiyində müəyyən etdiyini, belə ki, polis şöbəsi tərəfindən ondan doğum haqqında sənədin surətini istədiyini, doğum haqqında şəhadətnamənin əslini də itirdiyini, buna görə də akt qeydindən çıxarış almaq üçün Şahbuz Rayon Qeydiyyat Şöbəsinə müraciət etdiyini, bundan sonra doğum gününün səhv yazıldığını aşkar etdiyini, hmin orqana ərizə verdiyini, lakin qeydiyyat şöbəsi düzəliş etməkdən imtina etdiyini, buna görə də məhkəməyə müraciət etdiyini, ərizəsinin təmin edilərək doğum aktlarının qeydə alınması kitabında aktın düzgün olmamasının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon qeydiyyat şöbəsinin müdiri Əsədova Könül Hüsaməddin qızı izahatında Ərizəçi xx xxxxxxx 2020-ci il tarixdə Şahbuz rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək doğum haqqında şəhadətnaməsində doğum tarixinin düzgün yazılmadığından onun düzəldilməsini xahiş etdiyini, bu zaman doğum aktlarının qeydiyyatı kitabında Ərizəçi doğum tarixinin xx xxxx 1960-cı il olmasının müəyyən olunduğunu və bu səbəbdən də doğum haqqında akt qeydləri kitabında düzəliş etməkdən imtina edilərək, ona məhkəməyə müraciət etməsi izah etdiyini, qanunvericiliyə uyğun olaraq düzgün qərar qəbul olunarsa akt kitablarında düzəlişin olunacağını bildirdi. Məhkəmə ərizəçinin müraciətini mülki iş materialları və məhkəmə araşdırılmış edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək onun hüquqi həlli ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 37-ci, Ailə Məcəlləsinin 21-ci fəsli ilə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”la tənzim edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.7-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 339.1-ci və 339.2-ci maddələrinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon qeydiyyat şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 174 nömrəli məktubundan aydın olur ki, ərizəçi məhkəməyə müraciət etməmişdən öncə qeydiyyat orqanına müraciət etsə də, qeydiyyat orqan bundan imtina edərək, imtinanın əsası kimi ilkin qeydlərində düzəliş edilməsi üçün kifayət qədər əsas olmadığını qeyd etmişdi. Ərizəçi isə bundan sonra məhkəməyə müraciət edərək ərizəsində özünün barəsində qeydiyyat şöbəsində aparılmış qeydiyyatın, daha dəqiq ifadə etsək doğum günün düzgün olmamasını qeyd edir. Ərizəçi vətəndaşlıq vəziyyəti aktının düzgün olmamasını qeyd etdiyindən bununla bağlı sübut etmə yükü də onun üzərinə düşür. Çünki ümumi prinsip kimi qəbul edilir ki, aparılmış qeydiyyatın düzgünlüyü prezumsiyası mövcuddur. Hər hansı qeydiyyatın düzgün olmaması bildirən isə onun əksini sübuta yetirməlidir. Bundan əlavə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi xx xxxx 2019cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Ərizəçi isə öz müraciətinin əsaslı olmasının təsdiqi ilə bağlı məhkəməyə yazılı sübutlar təqdim etmişdi. Ərizəçinin təqdim etdiyi yazılı sübutları tədqiq edərək məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Şahbuz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 643354 nömrəli akt qeydindən çıxarışdan aydın olur ki, Ərizəçi Şahbuz rayonu, Kəndşahbuz kəndində anadan olub. Həmçinin həmin qeydindən çıxarışdan Ərizəçi xx xxxx 1960-cı ildə anadan olması, X4 ərizəçinin atası, X3 isə anası olması müəyyən edilir. Ərizəçi Şahbuz rayonu, Kəndşahbuz kəndində anadan olsa da, Şahbuz Rayon Mərkəzi X5 şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 266 nömrəli məktubda qeyd edilir ki, Ərizəçi doğumu haqqında sənədlər xəstəxanada saxlanılmır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsinin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 07 nömrəli arayışdan isə müəyyən edilir ki, ərizəçinin doğum tarixi kimi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında xx xxxx 1960-cı il qeyd edilib və akt qeydi elə həmin gün Şahbuz rayonu, Kəndşahbuz icra nümayəndəliyi tərəfindən 17 nömrə ilə qeydə alınıb. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan, Ərizəçi doğum tarixi kimi xx xxxx 1960-cı il, doğum yeri kimi isə Şahbuz rayonu, Çayşahuz kəndi qeyd edilməsi müəyyən olunur. Həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportunun təsdiq edilmiş surətindən də Ərizəçi xx xxxx 1960-cı ildə anadan olması müəyyən edilir. Bundan əlavə ərizəçinin məhkəməyə təqdim etdiyi Şahbuz rayon vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi tərəfindən verilmiş xx xxxxxx 1984-cü il tarixli, İİİ- JQ seriyalı, 399040 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X2 ilə Ərizəçi arasında xx xxxxxx 1984-cü ildə nikah bağlanması və ərizəçinin xx xxxx 1960-cı ildə anadan olması aydın olur. Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını, məhkəmədə tədqiq edilmiş sübutları qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizəçinin xahişi əsaslıdır. Məhkəmə ərizəçinin müraciətinin əsaslı sayması ilə bağlı qeyd edir ki, vətəndaşlıq vəziyyəti aktları vətəndaşın hüquqi statusunu xarakterizə edən, qanunla müəyyən edilmiş qaydada vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının vəzifəli şəxsləri tərəfindən tərtib edilən yazılı rəsmi sənəddir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Vətəndaşlıq vəziyyəti aktlarına isə həmin Məcəllənin 158.2-ci maddəsinin tələbinə görə isə doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi aid edilmişdi. Vətəndaşlıq vəziyyəti aktlarının qeydi orada göstərilən halları təsdiq edən rəsmi sübut olduğuna görə qeydə alınan hal və ya faktı tam, dəqiq və düzgün əks etdirməlidir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində ifadə olunan hüquqi fakt haqqında məlumatların düzgün olmaması və ya natamam olması isə vətəndaşın hüquq və mənafeyinə toxunur. İşin məhkəmə araşdırması zamanı isə müəyyən olunur ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsinin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 07 nömrəli arayışından görünür ki, Ərizəçi doğum günü ilə bunun qeydə alınması günü eynilik təşkil edir. İşin bu faktiki halına əsaslanmaqla məhkəmə hesab edir ki, şəxsin doğulduğu gün müvafiq qeydiyyatın aparılması üçün bununla bağlı təqdim edilməli sənədlərin hazırlanması, müvafiq hərəkətlərin edilməsi və doğum haqqında şəhadətnamənin hazırlanaraq verilməsi praktiki cəhətdən qeyri-mümkündür. Bu isə onu deməyə imkan verir ki, qeydiyyat orqanı Ərizəçi doğum günün səhvən ona doğum haqqında şəhadətnamənin verildiyi günlə eyni gün kimi qeyd etmişdi. Qeyd olunan hal işə əlavə olunmuş yazılı sübutlarla da öz təsdiqini tapmışdır. Ərizəçinin barəsində olan və məhkəməyə təqdim edilmiş hüquq müəyyənedici sənədlərdə onun doğum tarixi xx xxxx 1960-cı il kimi qeyd edilsə də, ona verilmiş doğum şəhadətnaməsində doğum tarixi səhvən xx xxxx 1960-cı il kimi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alınaraq məhkəmə belə nəticəyə gəlir ki, Şahbuz rayonu, Çayşahbuz kəndində doğulmuş Ərizəçi barəsində vətəndaşlıq vəziyyəti aktlarında aparılmış doğum haqqında qeydiyyatın düzgün olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin olunmalı; - Şahbuz rayonu, Çayşahbuz kəndində doğulmuş Ərizəçi barəsində Şahbuz rayonu, Kənd Şahbuz icra nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarında aparılmış xx xxxx 1960-cı il tarixli, 17 nömrəli doğum haqqında qeydiyyatın düzgün olmaması müəyyən edilməli; - Ərizəçi doğum tarixinin xx xxxx 1960-cı il olması müəyyən edilməklə, bu barədə doğum haqqında akt qeydiyyatında düzəliş edilməlidir. Məhkəmə yekunda iş üzrə maraqlı şəxs olan Şahbuz rayon qeydiyyat şöbəsinə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 341-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə təmin edilsin. Şahbuz rayonu, Çayşahbuz kəndində doğulmuş Ərizəçi barəsində Şahbuz rayonu, Kənd Şahbuz icra nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarında aparılmış xx xxxx 1960-cı il tarixli, 17 nömrəli doğum haqqında qeydiyyatın düzgün olmaması müəyyən edilsin. Ərizəçi doğum tarixinin xx xxxx 1960-cı il olması müəyyən edilməklə, bu barədə doğum haqqında akt qeydiyyatında düzəliş edilsin. Maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon qeydiyyat şöbəsinə izah edilsin ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(090)-17/2021
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-17/2021
18.01.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver