Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-174/2024 15.10.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.080 (bir min səksən) manat borcun və dövlət rüsumu olaraq ödədiyim 30,8 (otuz manat, səksən qəpik) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində iddia ərizəsinə uyğun izahat verən İddiaçı izahatında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 fəaliyyət göstərdiyi “dörd yol” adlanan ticarət mərkəzində onun mağazasına gəldiklərini, 1300 manat dəyərində paltaryuyan maşın, növbəti gün isə Cavabdeh2 gələrək 400 manat dəyərində soyuducu aldıqlarını, həmin borcdan 620 manat ödənildiyini, daha sonra isə ödəniş edilmədiyini, hal-hazırda 1080 manat borclarının qaldığını, aralarında bu barədə razılaşma olduğunu, 130 manat aylıq ödəniş üçün razılaşdıqlarını, Cavabdeh1 alqı satqı edilən zaman ödəyəcəyi barədə öhdəlik götürdüyünü, qalan 1080 manatı ödəmək üçün sonradan Cavabdeh2 öhdəlik götürdüyünü, cavabdehlərin hər ikisinin borclu olduğunu, cavabdehlərə güzəşt etdiyini, lakin ödəniş edilmədiyini, hətta paltaryuyan maşının quraşdırılması üçün öz cibindən 20 manat xərc çəkdiyini bildirərək, məhkəmədən iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Külüs inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 02 avqust 2023-cü il tarixli, 197 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Cavabdeh1 tərəfindən yazılmış etiraf ərizəsinə əsasən X1 sakini 4 yol ticarət mərkəzi mağaza 7 Mübarizdən 1300 manatlıq paltaryuyan götürdüyü, 200 manat ilkin ödəniş etdiyi, pulu 130 manat olmaqla qurtaracağını bildirərək, öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh2 tərəfindən yazılmış etiraf ərizəsinə əsasən 4 yol ticarət mərkəzi mağaza no 17 İddiaçı 2022-ci ilin dekabr ayının 30-da 1300 manat dəyərində paltaryuyan və 400 Azn dəyərində soyuducu götürdüklərini, o vaxtdan indiyədək 620 Azn ödədiklərini, qalıq 1080 Azn borclarının qaldığını, qalan ayları 130 Azn olaraq ödəyib bitirəcəklərini bildirərək, öz imzası ilə təsdiq etmişdir. Ərizələrin məzmunundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı paltaryuyan və soyuducuya görə ümumilikdə qalıq olaraq 1080 manat borclarının olduğunu öz imzaları ilə təsdiq edir və həmin pulu aylıq olaraq 130 manat məbləğində olmaqla ödənilməsi barədə İddiaçı qarşısında öhdəlik götürübdürlər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Məhkəmə ilk olaraq iddiaçının irəli sürdüyü və hazırda işin mübahisəli olan halları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı olan borcunu qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdehlər öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdirlər. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə iddiaçının irəli sürdüyü tələb ilə bağlı qeyd edir ki, iddiaçı ilə cavabdehlər arasında yuxarıda qeyd olunan razılaşma əsasında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona 1080 (bir min səksən) manat borclarının olduğunu qeyd etmiş və bu halların təsdiqi ilə bağlı sübut kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz imzaları ilə təsdiq etdiyi ərizəsini göstərmişdir. Həmçinin Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək ərizəsində göstərmişdir ki, dörtyol ticarək mərkəzində mağazada işləyən Mübariz adlı adamdan 1700 manat dəyərində 1 (bir) ədəd soyuducu, 1 9bir) ədəd paltaryuyan maşın götürdüyünü, haliyədə həmin məbləğin 620 manatını ödədiyini, özünün birinci qrup əlil olduğunu, pulu ödəməyə imkanının olmadığını, dərmanlarının pulunu ancaq çatdıra bildirdiyini, oktyabr ayının 10-dan başlayaraq hər ay 40 manat ödəmək imkanının olduğunu, onun maddi vəziyyətini nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.Bu səbəbdən məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş ərizəni sübut kimi qəbul edilən hesab edir. Yuxarıda qeyd olunan iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş ərizə ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı 1080 (bir min səksən) manat borclarının olması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1080 (bir min səksən) manat məbləğində pul müştərək qaydada alınaraq iş üzrə İddiaçı verilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən 30.80 manat miqdarında məhkəmə xərci müştərək qaydada cavabdehlərdən alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.03 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1080 (bir min səksən) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30.80 (otuz manat, səksən qəpik) manat məhkəmə xərcləri alınaraq İddiaçı verilsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-174/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-174/2024
15.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver