Məhkəmə qərarları › İş №2(090)-184/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-184/2023

25.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-184/2023 25.06.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu, İddiaçı “veteran vəsiqəsinin bərpası”na dair ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, müəyyən etdim : İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Şahbuz rayon Hərbi Komissarlığından ona qarşı qanuni olaraq veteran vəsiqəsinin bərpası üçün xüsusi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddiaçının veteran vəsiqəsinin bərpası üçün qanunvericilikdə başqa qayda nəzərdə tutulmuşdur. Veteranlar haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 3cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə 2 təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd olunan qərarda şəxsin döyüş əməliyyatlarında iştirak etməsinin hansı sənədlər əsasında təsdiq ediləcəyi göstərilmişdir. Buna görə də məhkəmə hesab edir ki, ərizəçinin döyüşlərdə iştirak etməsi faktı həmin sənədlər əsasında müəyyən edilməli olduğundan bu fakt məhkəmə qaydasında müəyyən edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Odur ki məhkəmə hesab edir ki, veteran vəsiqəsinin bərpası qanunvericilikdə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulduğundan iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli qərarında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və onun müvafiq şöbə və idarələri inzibati orqan kimi müəyyən edilmişdir. Ərizəçiyə izah olunmalıdır ki, müharibə veteranı statusunun bərpasından müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati icraat qaydasında müvafiq inzibati məhkəmədə iddia qaldırmaq hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153.2, 153.2.4, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi İddiaçı “veteran vəsiqəsinin bərpası” barədə ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Ərizənin qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar