Məhkəmə qərarları › İş №2(090)-202/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-202/2023

29.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-202/2023 29.11.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak və yaxud onun dəyəri tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 3 (üç) baş inəyin, 3 (üç) baş dananın, 1 (bir) baş buzovun və yaxud onların ümumi dəyəri olan 7000 (yeddi min) manatın və ödənilmiş 90 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, 2022-ci ilin may ayında, həmin zaman o, ailəsi ilə Bakı şəhərində yaşayıbdır, o hərbiçi işləyibdir, "xxxx" ASC-dən 5000 manat kredit götürübdür, kredit götürməkdə məqsədi ailəsinin gələcəyi üçün maddi yatırım etmək olubdur, 50 manat bankda tutqu tutulub, ona qalan 4950 manatı isə bu məqsədlə istifadə etməyi düşünübdür, həmin ilin iyun ayı məzuniyyətə çıxıb, inək almaq məqsədilə məzuniyyətdə olduğu zaman Bakı şəhərindən ailəsi ilə qaynatası Cavabdeh yaşadığı kəndə gəlibdir, həmin puldan 3600 manatını inəkləri almağa sərf edibdir, iyun ayının 25-26-sı, Cavabdeh və yoldaşı Nümayəndə3 ilə Şahbuz rayonu, Yuxarı Qışlaq kəndinə gecə 9-10 radələrində mala baxmağa gediblər, Şahid1 malın qiymətini 1300 manat olaraq deyibdir, Cavabdeh malın qiymətini yendirib, 1200 manata Şahid1 alıbdır, malın qiymətində razılaşıblar, lakin gecə olduğu üçün malı apara bilməyiblər, onun pulu malı almaq üçün hazır olubdur, 1200 manatı Cavabdeh veribdir, o isə 900 manatı malı alan zaman vermələri üçün onlara veribdir, qalan 300 manatı isə özünün ehtiyacının olduğunu, Şahid1 borcu özünün qaytaracağını bildirərək ondan alıbdır, həmin malın pulunu o veribdir, Cavabdeh öz adına alırmış kimi Şahid1 ilə razılaşıblar, lakin səbəbini bilməyibdir, inəyi alarkən Şahid1 qardaşı Şahid4 da orada olubdur, ağsaqqal kimi onların alqı-satqısında iştirak edibdir, aldığı inəkləri balaları ilə birlikdə Şahid2 tövləsinə aparıblar, mallardan birinin balası tələf olub, o, malın tələf olmasını əvvəlki məhkəmə iclasında öyrənibdir, hansı malın balası olmasını bilmir. Sonda İddiaçı vəkilinin dediklərindən başqa heçnə deyə bilməyəcəyini bildirərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında sualları cavablandıran İddiaçı bildirdi ki, malların saxlanması üçün 1000 manat əlavə pul göndəribdir, Şahid2 tövləsindən istifadə etmək üçün aralarında pul verilməsi barədə razılaşma olmayıbdır, onun mallarını aldığı üçün tövlədən istifadə etməyə icazə veribdir, malların saxlanması üçün Cavabdeh ilə aralarında muzd ödənilməsi ilə bağlı heçnə olmayıbdır, malların saxlanmasını Cavabdeh qohumluq münasibətlərinə əsasən yerinə yetirib, Şahid2la biri 5 manatdan ot alınmasını danışıblar, təxminən 200-dən artıq ot presini ona veribdir, Cavabdeh inəkləri 8 ay saxlayıb, bir dəfə ona otun görməyəcəyini, ehtiyac olarsa öz otundan istifadə edəcəyini bildirib, o da istifadə etdiyi otun pulunu nə vaxtsa ödəyəcəyini deyibdir, mallardan birinin balası tələf olub, o, malın tələf olmasını əvvəlki məhkəmə iclasında öyrənibdir, hansı malın balası olmasını və nə səbəbdən öldüyünü bilmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 izahatında bildirdi ki, 2023-cü ilin mart ayında oğlu İddiaçı ailəsində və qaynatası Cavabdeh ilə aralarında münaqişə olubdur, oğlu İddiaçı məzuniyyətdə olduğu zaman uşağını görməyə gəlibdir, oğlu İddiaçı ilə həmin vaxt aralarında inciklik olubdur, oğlu ona zəng vurub, Şahbuz rayonu, Yuxarı Qışlaq kəndində Şahid4 mal aldığını deyibdir, Şahbuz rayonu, Yuxarı Qışlaq kəndinə gedib, Şahid4 ilə görüşüb, Şahid4 malın onun olmadığını, qardaşı Şahid1 olduğunu, malın qiymətini 1300 manata danışdıqlarını, Cavabdeh isə 100 manatını kəsdiyini, İddiaçı 900 manat gətirdiyini və malı onun aldığını, Vəlinin isə vasitəçilik etdiyini, 300 manatı da qaynatası ilə göndərəcəyini bildirdiyini deyibdir, malı aldığı günün sabahı mal qaçıb Elsevərin tövləsinə gedib, İddiaçı gedib qaçan malı qaynı ilə geri qaytarıb, oğlunun mal alanda heç adı çəkilməyib, lakin mal alanların hər ikisi malları İddiaçı aldığını ona bildiriblər. Sonda iddiaçının nümayəndəsi M.Hüseynov hər kəsin həmin malların kimin aldığını bildiyini, oğlunun hələ də həmin mallara görə kredit ödədiyini, mallların gələcəkdə birgə nikahda əldə olunmuş kimi qiymətləndirilməsini, həmin malın hədiyyə verilmədiyini bildirərək, məhkəmədən ədalətli qərar qəbul edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçnın vəkili Vəkil iddia tələbləri Cavabdeh 3 baş inəyin, 3 baş buzovun, bir baş buzovun və ya ümumi dəyəri 7000 manat pulun və ödənilmiş 90 manat dövlət rüsumunun alınıb verilməsi barədə qətnamə qəbul edilməli olduğunu, məhkəmənin gedişində də həqiqətən də 2 baş inək və onların balalarının qiyməti olan 2400 manatın iddiaçı tərəfindən verildiyinin məlum olduğunu, polis şöbəsindən daxil olmuş ərizələr elan olunduqda nümayəndə Sara Hüseyinlinin izahatında atası Cavabdeh tərəfindən 1 baş inəyin və 1 baş dananın onlara hədiyyə olunduğunu, bir baş malın isə tələf olduğunu qeyd etdiyini, ona görə də 3 baş inək və 3 baş balası olmaqla 6 baş mal və ölmüş dananın qiyməti olan 800 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh qismində izahat verən Cavabdeh izahatında bildirdi ki, İddiaçı qızının həyat yoldaşı olubdur, Bakı şəhərindən ailəsi ilə onların kəndinə gəliblər, o, Şahid1 mal satmağını ilk vaxtlar bilibdir, Şahbuz rayonu, Yuxarı Qışlaq kənd sakini Şahid1 kürəkəni Elşadın mallarına baxmağa gediblər, lakin o, Elşadın mallarını bəyənməyibdir, həmin vaxt Elşadın yoldaşı, Şahid1 qızı atasının da mal satdığını deyibdir, o, İddiaçı, yoldaşı Nümayəndə3 və oğlu Sunay Məmmədov oradan Şahid1 evinə gediblər, Şahid1 evdə olmayıbdır, o da Şahid1 qardaşı Şahid4 ilə danışıb mallara baxıblar, bir mal onun xoşuna gəlibdir, qiymətini soruşub 1300 manat deyibdir, o baha olduğunu, 1200 manata ala biləcəyini deyibdir, 1200 manata Şahid1la razılaşıblar, axşam Şahid1 zəng vurub, vaxtının olmadığını, sabah 900 manat göndərəcəyini, malı uşaqlara verməsini, qalan 300 manatı sonra verəcəyini deyibdir, sabahısı gün İddiaçı və yoldaşı Nümayəndə3 Şahbuz rayonu, Yuxarı Qışlaq kəndinə aparıb, danışdıqları kimi Şahid1 malı gətirib, 900 manatı veriblər və malı onlara veribdir, malı arxaca gətiriblər, mal bir necə dəfə Şahid1 tövləsinə qaçıb, geri gətiriblər, bir dəfəsində İddiaçı malı gətirib, Şahid1 sonradan ona zəng edib, şəhərdə ev tikdiyi üçün ehtiyacının olduğunu, 300 manatı verməyini istəyibdir, o da Şahbuz rayonu, Yuxarı Qışlaq kənd sakini Şahid5lə 300 manatı Şahid1 göndəribdir, digər iki baş mal və iki baş balanı isə hər inək və balası üçün 1200 manat olmaqla 2400 manata İddiaçı Şahid2 alıb, pulunu isə yoldaşı Nümayəndə3 ilə göndərib, onun tövləsində yer olmadığı üçün malları Şahid2 tövləsində saxlayıblar, saxladığı üçün isə aylıq 100 manat pul ödəyibdir, Şahid2 230-dan artıq ot presi olubdur, Şahid2 ona ot presi borcu olduğu üçün bir neçə ot presinin pulunu almayıbdır, 220 ot presinin pulunu biri 5 manatdan olmaqla alıbdır, iddiaçının göndərdiyi 1000 manat pul ilə 200 ot presi alıbdır, malların saxlanmaları üçün həmin ot presi görmədiyindən, özünün ot presindən də istifadə edibdir, mallara o baxıbdır, çoban haqqını o ödəyibdir, malların növbəsinə gedib və bütün xidmətlərini o yerinə yetiribdir, Şahid2 aldığı malın balası ölübdür, sonradan həmin malın bir balası da olubdur. Sonda Cavabdeh aldığı inək və balasını qızına hədiyyə vermədiyini, iki baş inək və balasını məhkəməyə həvalə etdiyini, ölən inəyin isə məsuliyyətini onun daşımadığını bidirərək, məhkəmədən iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında sualları cavablandıran Cavabdeh bildirdi ki, Şahid1 aldığı malı İddiaçı malları ilə birgə Şahid2 tövləsində saxlayıbdır, çünki tövlə böyük olduğu üçün orada 2 mal qala bilməzdi, oranı qızdırmaq olmazdı, Bakı şəhərində olanda iddiaçı maşın almaq istədiyini, yaxud mal alacağını deyibdir, malı satıb gələcəkdə ev ya da torpaq alacağını deyibdir, o da öz malını satıb onlara kömək edəcəyini deyibdir, malı almaqda məqsədi gələcəkdə qızı torpaq və ya ev almaq istəyəndə satıb pulunu onlara versin, malların saxlanması üçü heç bir haqq və ya muzd almayıbdır, qarşılığı olmadan malları saxlayıbdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndə2 izahatında bildirdi ki, onlar Bakı şəhərində kredit götürüblər, məqsədləri mal almaq olubdur, malı satıb özləri üçün ev ya da torpaq almaq üçün alıblar, iddiaçının kredit götürdüyü pulu o, görməyibdir, iyun ayının 19-u Bakı şəhərindən Naxçıvan MR gəliblər, iyun ayının 30-u anası, atası və Murad inəyi almağa gediblər, malı onun üçün almağa getməyiblər, malı öz istifadələri üçün alıblar, sonradan atası gələcəkdə ev ya da torpaq alarkən malı satıb onlara kömək edəcəyini deyibdir, malı Şahid2 tövləsində saxlayıblar, malın öldüyü zaman isə onlar arasında mübahisə olduğu üçün iddiaçıya xəbər verməyibdir. Sonda cavabdehin nümayəndəsi, eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndə2 atasının onlara bir inək və balasını hədiyyə vermədiyini, onlar torpaq alacaqları zaman kömək etmək istədiyini, onların ailəsinin isə dağıldığını, ona görə də 1 baş inək və balasının qarşı tərəfə verilməsini qəbul etmədiyni bildirərək, məhkəmədən 2 baş inəyin və 2 balasının isə birgə nikahda olduqları dövrdə əldə olnmuş əmlak kimi ədalətli bölünməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 izahatında bildir ki, Şahbuz rayonu, Yuxarı Qışlaq kənd sakini Şahid4 bir yanıbalalı mal alıblar, İddiaçı evdə tək qalıb hövsələdən çıxdığı üçün, onlar hara getsə o da onlarla birlikdə gedibdir, İddiaçı də həmin vaxt onun yanında olubdur, o, malı sağıb, südü yaxşı olubdur, mal bir neçə dəfə qaçıbdır, dalınca gedib gətiribdir, bir dəfə də malın arxasınca Murad gedibdir, Şahid2 alınan malların pulu olan 2400 manatı İddiaçı ilə o aparıb veriblər, həmin malları İddiaçı alıb və pulunu veribdir, Şahid1 alınan mallar onlara məxsusdur, həmin malın pulunu onlar veriblər. Sonda cavabdehin nümayəndəsi Nümayəndə3 bir baş inək və balasının qarşı tərəfə verilməsini qəbul etmədiyini, birgə nikah dövründə 2400 manata alınan mallar barədə isə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında sualları cavablandıran Nümayəndə3 bildirdi ki, malı öz istifadələri üçün alıblar, çünki evdə süd olmayıb, ehtiyacları olubdur, elə nəzərdə tutublar, onlar mal alacaqlarını bildirdi, İddiaçı də mal almaq istədiyini deyibdir, onlar aldıqları zaman malın südü az olubdur, ona görə sağılmayıbdır, lakin daha sonra sağıbdır, dəfələrlə İddiaçı istifədəsi üçün süd məhsulları göndəribdir. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilən Şahid2 izahatında təxminən 2 il bundan qabaq, yaz vaxtlarında, qardaşı xəstə olduğu üçün onun yanına getməsi üçün imkanı olmayıbdır, qonşusu Cavabdeh mal axtardığını eşidibdir, nə mal axtardığını soruşub, inəklərini satdığını deyibdir, onun da pula ehtiyacı olubdur, hər biri üçün 1200 manat olmaqla 2 yanı-balalı inək üçün 2400 manata razılaşıblar, daha sonra axşam vaxtı Nərgiz xanım ilə bir oğlan pulu gətiriblər, pulu alıb sayıb, yoldaşı evdə olmadığına görə malları sağan olmayıbdır, mallar çöldə olubdur, sonra malları çöldə tapşırdığı adama malları Vəliyə verməsini deyibdir, şiferində 220 ot presi olubdur, Cavabdeh otu da almaq istədiyini deyibdir, o Bakıdan qayıdan zaman Vəliyə pula ehtiyacının olduğunu deyib, o da birkartından 1000 manat pul çəkib ona veribdir, qış vaxtları Cavabdeh tövləni pul ödəyərək istifadə edə biləcəyini deyibdir, aylıq 100 manata tövlədən istifadə edə biləcəyini deyibdir, Cavabdeh 7-8 ay tövlədən istifadə üçün aylıq 100 manat olmaqla 700-800 manat ödəyibdir, ot presin biri 5 manatdan olmaqla Cavabdeh 200 ot presin pulunu ona verib, 20 ot presin pulu olan 100 manat borcu isə qalıb. Məhkəmədə sualları cavablandıran Şahid2 bildirdi ki, malları Cavabdeh özünə aldığını deyibdir, pulu ona verən zaman bir oğlan ilə Nərgiz xanım gəlibdirlər, yəqin ki həmin oğlan iddiaçı M.Hüseyli olubdur, alınan mallar 7-8 ay onun tövləsində qalıblar, onun tövləsində ondan alınan mallardan başqa bir mal da saxlayıblar, tövlədə 3 inək və 3 balası olubdur, ondan alınan inəyin birinin yanvar ayında balası olubdur, iddiaçının nümayəndəsi ilə mübahisə barəsində söhbətləri olmayıbdır, o satdığı zaman mallar sağılıblar, tövlə həyətinin digər tərəfində olduğundan, malları satdıqdan sonra Nərgiz xanımın tövlədə malları sağmasının şahidi olmayıbdır. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilən Şahid4 izahatında bildirdi ki, təxminən 1 il bundan qabaq yaz aylarında Şahbuz rayonu, Yuxarı Qışlaq kəndində həyətdə qardaşı Elsevərlə oturan zaman, qardaşının inəyini satmaq istədiyini Cavabdeh eşidib yoldaşı və Muradla onlara gəliblər, o Muradı tanımayıbdır, qardaşı oğlunun da adı Muraddır, o qardaşı oğlunu səsləyərkən Cavabdeh kürəkəni Murad cavab verib, o da iddiaçının adının Murad olduğunu bilibdir, sonra tövləyə gedib mala baxıblar, o malın qiymətini Cavabdeh 1300 manat deyibdir, qardaşı Elsevər sonradan Vəli ilə malın qiymətini 1200 manata razılaşdıqlarını ona deyibdir, malı həmin vaxt aparıblar, pulunu isə sonra veriblər, sabahısı gün inək qaçıb gəlibdir, qardaşı malı qabağına qatıb aparıb, kəndin aşağısında Murad ilə Vəlinin oğlu gəliblər, Elsevərə 900 manat pul göndəriblər, qalan 300 manatı da göndərəcəklərini bildiriblər, sonradan qalan 300 manatı onun kürəkəni Bəxtiyarla göndəribdir. Məhkəmə iclasında sualları cavablandıran Şahid4 bildirdi ki, Cavabdeh ilə malın qiyməti barədə danışanda Elsevər də onların yanlarında olubdur, ağsaqqal kimi o danışıbdır, malı almağa Vəli, yoldaşı, Murad və Vəlinin oğlu gəliblər, o, Cavabdeh tanıyır, M.Hüeynlini tanımır, başqa mal da olubdur, ona da baxıblar, onu bəyəniblər, lakin malın qarnı cırıq olduğuna görə onu almayıblar. Məhkəmə iclasında cavabdeh tərəfindən dəvət edilən şahid X2 izahatında bildirdi ki, 2022-ci ilin yaz aylarında, malların təzə çölə çıxan vaxtlarında, onlar iki yoldaş mallarla bağlı Şahbuz rayonu, Aşağı Qışlaq kəndində tədbir aparıblar, o, həmin zaman baytarhəkim işləyibdir, hərəsi bir məhəllədə mallara baxış keçiriblər, o, Cavabdeh yaşadığı məhəllədə olan zaman Cavabdeh onu şahid kimi ölən mala baxması üçün dəvət edibdir, ölən malın onun qohumunun malı olduğunu, axura düşüb öldüyünü deyibdir, ondan sonra sahə müvəkkili və icra nümayəndəsi də mala baxıblar, mal axura düşüb ölübdür, bir illik dana olubdur, arxası üstə axura düşüb, çıxa bilməyib çabalayaraq ölübdür, malın oradan çıxması üçün kömək lazım olduğundan, gecə vaxtı mal düşdüyündən köməksiz qalıb ölübdür. Məhkəmədə sualları cavablandıran Şahid3 bildirdi ki, Cavabdeh onu malın ölməsinin onun təqsirindən ölmədiyinə şahidlik etməsi üçün çağırıbdır, mal bağlı saxlanmalıdır, o orada olarkən ip boynunda olmayıbdır, mal bu il yazda hardasa may ayı ölübdur, malın ölməsi ilə bağlı heç bir rəsmi qeydiyyat aparmayıblar, malın sığortası olduqda sığorta ödənilir. Məhkəmə iclasında cavabdeh tərəfindən dəvət edilən Şahid5 izahatında bildrdi ki, o Şahbuz Rayon Elektrik Şəbəkəsində işləyir, Yuxarı Qışlaq kəndində yaşayır, işi ilə bağlı olaraq mütəmadi olaraq kənddən rayona gedib-gəlir, buna görə Şahid1 ona zəng edərək Cavabdeh ona bir əmanət verəcəyini, əmanəti ona aparmasını deyibdir, təxminən iki il bundan əvvəl Cavabdeh evinə gedib Cavabdeh 300 manat pulu ona veribdir, o da həmin pulu Şahid1 çatdırıbdır, pulun nə üçün verildiyini bilməyibdir. İş materiallarında olan Naxçıvan şəhər Nikah evi tərəfindən verilən AZ-İİ seriyalı, 156753 nömrəli nikah haqqında çıxarışdan görünür ki, İddiaçı ilə X6 arasında nikah 21 oktyabr 2019-cu il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 278 nömrə ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra qadına “Hüseynli” soyadı verilmişdir. İş materiallarında olan Culfa rayon Qeydiyyat şöbəsi tərəfindən verilən doğum haqqında çıxarışdan görünür ki, İddiaçı 09 sentyabr 1995-ci ildə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 18 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 201293 nömrəli doğum haqqında çıxarışdan görünür ki, X6 31 avqust 2000-ci ildə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 113 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə olunmuş 25 aprel 2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsindən aydın olur ki, iddiaçı "xxxx" ASC tərəfindən cavabdeh İddiaçı şəxsi istehlak məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 15 faiz hesablanması şərti ilə 5.000 (beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş ******* nömrəli kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlindən görünür ki, İddiaçı "xxxx" ASC-nə 27 ay ərzində 25 aprel 2022ci il tarixdən başlayaraq 28 iyul 2024-cü il tarixədək hər ay 173,33 (bir yüz yetmiş üç manat, otuz üç qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, İddiaçı kredit ödənişi üzrə "xxxx" ASC-nin hesabına ümumilikdə 2.903 manat pul köçürmüşdür. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçı cavabdeh Hüseynli X3 şəhəri, məhəllə 21/2, döngə 4 ev 6 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh Şahbuz rayonu, Aşağı Qışlaq kəndində qeydiyyatdadır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı əmlak və yaxud onun dəyəri tələbinə dair iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, İddiaçı Cavabdeh qarşı əmlak və yaxud onun dəyəri tələbinə dair iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş üzrə İddiaçı istər məhkəməyə ünvanladığı iddia ərizəsində, istərsə də məhkəmə iclası zamanı verdiyi izahatında Cavabdeh 3 (üç) baş inəyin, 3 (üç) baş dananın, 1 (bir) baş buzovun və yaxud onların ümumi dəyəri olan 7000 (yeddi min) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirərək izahatında ona qarşı verilmiş iddia tələbini qismən qəbul edərək iddiaçıya məxsus 2 (iki) baş inəyin, 2 (iki) baş dananın iddiaçı ilə qızı Nümayəndə2 ilə birgə nikah dövründə alındığını, həmin iribuynuzlu heyvanların 1 (bir) baş inəyin, 1 (bir) baş dananın qızı Nümayəndə2 məxsus olmasını, 1 (bir) baş inəyin və 1 (bir) baş dananın 1200 manata özünün aldığını, həmçinin iddia tələbində göstərilən 1 (bir) baş dana olan iribuynuzlu heyvanın öldüyünü və həmin buzovun tələf olunmasında onun heç bir təqsirinin olmadığını, ümumiyyətlə iddiaçı ilə onun arasında qeyd edilən malların saxlanması barədə heç bir razılaşmanın və 1 (bir) baş dananın ölməsində onun təqsirinin olmamasını bildirmişdir. Məhkəmə iddiaçının irəli sürdüyü və hazırda işin mübahisəli olan halları ilə bağlı qeyd edir ki, İddiaçı iddia tələbində 3 (üç) baş inəyin, 3 (üç) baş dananın onun vəsaiti hesabına alındığını və 1 (bir) baş dananın ölməsində cavabdehin təqsirli olduğunu göstərmiş, həmin malların onun tərəfindən alınmasını və bu halların təsdiqi ilə bağlı sübut kimi şahidləri, cavabdehin Şahbuz rayon polis şöbəsində verdiyi izahatını və “flaşkart”da olan onunla cavabdehin nümayəndəsi Nümayəndə3 və sabiq həyat yoldaşı, hazırki iş üzrə cavabdehin qızı-nümayəndəsi, eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndə2 “vatsap” yazışmalarını, foto və səs yazılarını göstərmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən təqdim edilən flaşkartda olan “vatsap” yazışmaları və səs yazılarına cavabdeh tərəf etiraz edərək həmin yazışmaların sübut kimi qəbul edilən hesab edilməməsini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. İddiaçı iddia edir ki, 3 (üç) baş inəyin, 3 (üç) baş dana olan heyvanlardan 1 (bir) baş yanı balalı inəyi qayınatası, iş üzrə Cavabdeh vasitəsi ilə Şahbuz rayonu, Yuxarı Qışlaq kənd sakini Şahid1 1200 manata razılaşaraq alıb və həmin malların pulunu Cavabdeh ödəyib, hazırda cavabdehdən 3 (üç) baş inəyin, 3 (üç) baş dananın, 1 (bir) baş buzovun və yaxud onların ümumi dəyəri olan 7000 (yeddi min) manatın qaytarılmasını istəyir. Lakin tərəflər arasında alqı-satqı olması barədə razılaşmanın olması barədə sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, alqısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri razılaşdırıldıqda müqavilə bağlanmış sayılır. İddiaçı iddia ərizəsində mübahisəli 1 (bir) baş yanı balalı inəyi Şahid1 onun aldığını iddia etsə də, onlar arasında alqı-satqı müqaviləsinin bağlanmasını iddiaçı sübut edə bilməmişdir. İddiaçı Şahbuz rayonu, Yuxarı Qışlaq kənd sakini Şahid1 1200 manata razılaşaraq almasını və Cavabdeh həmin malların dəyəri olan 1200 manat pul verdiyini göstərsə də, 1200 manat pulun Cavabdeh verməsinə də dair heç bir mötəbər sübut təqdim etməmişdir. İddiaçı həmin halın təsdiqi kimi cavabdehin nümayəndəsi Nümayəndə3 və sabiq arvadı Nümayəndə2 ilə “vatsap” danışıqlarını göstərsə də, İddiaçı tərəfindən sübut kimi təqdim edilən “flaşkart”da olan “vatsap” yazışmaların və səs yazısının tədqiqi zaman mübahisəli 1 (bir) baş yanı balalı inəyin Şahbuz rayonu, Yuxarı Qışlaq kənd sakini Şahid1 iddiaçının alması öz təsdiqini tapmamışdır. Həmin “vatsap” danışıqlarında mal-qaranın kimin alması, onların qiyməti, ödənişin kimin tərəfindən edilməsi, məbləği barədə qarşı tərəfə bildirilməmişdir. Cavabdeh isə həmin mübahisəli 1 (bir) baş yanı balalı inəyi onunla Şahid1 razılaşaraq aldğını göstərmişdir. Həmçinin məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən dəvət olunan Şahid4 izahatında təxminən 1 il bundan qabaq yaz aylarında Şahbuz rayonu, Yuxarı Qışlaq kəndində həyətdə qardaşı Elsevərlə oturan zaman, həmin vaxt qardaşının inəyini satmaq istədiyini Cavabdeh eşidib yoldaşı və Muradla onlara gəldiyini, o, iddiaçı Muradı tanımadığını, qardaşının oğlunun da adının Murad olduğundan, o qardaşı oğlunu səsləyərkən Vəlinin kürəkəni Muradın cavab verdiyini, həmin vaxt onun da adının Murad olduğunu öyrəndiyini, tövləyə gedib mala baxdıqlarını, o, malın qiymətini Cavabdeh 1300 manat dediyini, qardaşı Elsevər sonradan Vəli ilə malın qiymətini 1200 manata razılaşdıqlarını ona dediyini, malı həmin vaxt apardıqlarını, pulu isə sonra verildiyini, sabahısı gün inəyin qaçıb gəldiyini, qardaşı malı qabağına qatıb apardığını, kəndin aşağısında Muradla Vəlinin oğlunun gəldiyini, həmin vaxt Elsevərə 900 manat pul göndərildiyini, qalan 300 manatı da göndərəcəklərini deyildiyini, sonradan qalan 300 manatı onun kürəkəni Bəxtiyarla göndərildiyini bildirmişdir. Yuxarıda qeyd olunan şahid ifadəsini təhlil edildikdə dindirilən şahidin məhkəməyə verdiyi ifadəsində İddiaçı Şahbuz rayonu, Yuxarı Qışlaq kənd sakini Şahid1 1 (bir) baş yanı balalı inəyin alması öz təsdiqini tapmamışdır. Belə ki, İddiaçı iddia ərizəsində Şahbuz rayonu, Yuxarı Qışlaq kəndində yaşayan Şahid1 1200 manata bir baş yanı balalı inəyin aldığını və həmin halı Şahid4 təsdiq edəcəyini bildirsə də, İddiaçı Şahbuz rayonu, Yuxarı Qışlaq kənd sakini Şahid1 1 (bir) baş yanı balalı inəyin alması şahid ifadəsi ilə öz təsdiqini tapmamışdır. Şahid4 ifadəsində qardaşı Şahid1 məxsus bir inəyi Cavabdeh satılması barədə onunla Cavabdeh 1300 manata razılaşdığını, daha sonra qardaşı Şahid1 ilə Cavabdeh 1200 manata razılaşaraq qardaşının satdığını, həmin malın pulunu isə ilk olaraq 900 manat, daha sonra 300 manat göndərildiyini bildirmişdir. Digər tərəfdən istər İddiaçı, istər iddiaçının nümayəndəsi M.Hüseynov və iddiaçının vəkili Vəkil məhkəmə çıxışlarında mübahisəli 1 (bir) baş yanı balalı inəyin Cavabdeh tərəfindən qızına bağışlaması, yəni hədiyyə etməsi və həmin malların onlar arasında bərabər bölünməsini bildirmişdilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 577.2-ci maddəsinin tələbinə görə əgər alğı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyənləşdirməyə imkan vermirsə, müqavilə bağlanmış sayılmır. Həmin məcəllənin 601.1-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Beləliklə məhkəmə araşdırılması zamanı İddiaçı tərəfindən istinad edilən 3 (üç) baş inəyin və 3 (üç) baş dananın onun vəsaiti hesabına alınmasına dair halları sübuta yetirilə bilməmişdir. Bunun əksinə sübuta yetirilmişdir ki, 1 (bir) baş inək, 1 (baş) dana Cavabdeh tərəfindən alınmış, 2 (iki) baş inək, 2 (iki) baş dana İddiaçı ilə cavabdehin nümayəndəsi və müstəqil tələb irəli sürməyən Nümayəndə2 nikahda olduqları zaman, ər-arvadın birgə gəlirləri hesabına alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər; 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır); 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir; 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; 223.3-cü maddəsinə görə isə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır (payların bərabərliyi prezumpsiyası). Qeyd edilən maddi hüquq normasından və tədqiq edilən sübutlardan aydın olur ki, Nümayəndə2 və İddiaçı 21 oktyabr 2019-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar ki, həmin tarixdən də onlar arasında ər-arvad kimi hüquqi münasibətlər yaranmışdır. 28 iyun 2022-ci il tarixdə mübahisəli 2 (iki) baş inək və 2 (iki) baş dana alınmış, lakin tərəflərin 11 fevral 2023-cü il tarixdən ayrı yaşamaları və həmin tarixədək birgə təsərrüfatı idarə etdikləri müəyyən olunmuşdur. Əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Məhkəmə iddiaçı tərəfin 1 (bir) baş inəyin və 1 (bir) baş dananın Cavabdeh qızına bağışlaması, yəni hədiyyə etməsi və həmin malların onlar arasında bərabər bölünməsinə dair tələbləri ilə bağlı qeyd edir ki, Mülki Məcllənin 225.2-ci və Ailə Məcəlləsinin 34.1 maddəsinə əsasən nikah dövründə ər-arvadın hədiyyə şəklində, əvəzsiz olaraq əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır) və həmin əmlaklar ər-arvadın ümumi mülkiyyəti sayılmır və ər-arvad arasında bölünmür. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbində göstərilən 2 (iki) baş inək və 2 (iki) baş danadan ibarət iribuynuzlu heyvanlar birgə mülkiyyətdə olduğundan və mülkiyyətçilərin payları bərabər olduğundan həmin iribuynuzlu heyvanlara hər birinin payı 1/2 müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.1-ci maddəsinə əsasən, birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə araşdırması zamanı ümumi mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında payların müəyyən olunması barədə razılaşma olması müəyyən edilməmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur, iddia tələbində göstərilən 3 (üç) baş danadan 1 (bir) baş dana ölübdür, yəni mövcud deyildir. İddiaçı iddia ərizəsində yuxarıda qeyd edilən mal-qaralara baxdığına görə Cavabdeh zəhmət haqqı ödədiyini göstərmiş və həmin halın təsdiqi kimi Cavabdeh hesabına 1000 manat pulun köçürüldüyünü göstərmiş, məhkəmə araşdırılması zaman həmin bir baş dananı cavabdehdə olan zaman tələf olduğundan, cavabdehdən həmin dananın dəyəri olan 800 manat pulun alınaraq ona verilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə araşdırılması zamanı izahatında iddiaçıya məxsus 2 baş inəyin və 2 baş dana olan malların saxlanması üçün iddiaçıdan heç bir muzd almadığını, bu barədə onlar arasında heç bir danışğın olmadığını, iddiaçı ilə qohumluq münasibətlərində və həmin malların qızına da məxsus olduğu üçün həmin malların saxladığını, iddiaçının göndərdiyi 1000 manat pula 200 ot presi aldığını, hətta həmin malların saxlanılmalarına ondan da artıq pul xərclədiyini, hal-hazırda da həmin malları öz vəsaiti hesabına saxladığını bildirmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı ilə cavabdeh arasında qeyd edilən malların saxlanmaları üçün cavabdehin hər-hansısa muzd alması, həmin malların saxlanmaları barədə onlar arasında razılaşmanın olması öz təsdiqi tapmamışdır. Cavabdeh ilə İddiaçı arasında mübahisəli olan mallara baxılması ilə əlaqədar mülki hüquq münasibətləri yaranmamış, iddiaçı tərəfindən bir baş dananın məhz cavabdehin təqsiri üzündən ölməsi barədə iddiaçı tərəfdən hər-hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affırmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Nümayəndə3 şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Sonda məhkəmə hesab edir ki, İddiaçı 3 (üç) baş inəyin, 3 (üç) baş dananın, 1 (bir) baş buzovun və yaxud onların ümumi dəyəri olan 7000 (yeddi min) manat pulun Cavabdeh alınması barədə iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1 (bir) baş inək, 1 (bir) baş dana, olmadıqda isə onların dəyəri olan 1.200 (bir min iki yüz) manat alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən ödənilmiş 90 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 15,40 (on beş manat, qırx qəpik) manatı Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Аzərbaycan Respublikası Мülki-Prosessual Мəcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh 3 (üç) baş inəyin, 3 (üç) baş dananın, 1 (bir) baş buzovun və yaxud onların ümumi dəyəri olan 7000 (yeddi min) manatın və ödənilmiş 90 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 1 (bir) baş inək, 1 (bir) baş dana, olmadıqda isə onların dəyəri olan 1.200 (bir min iki yüz) manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 90 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 15,40 (on beş manat, qırx qəpik) manatı Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar