Məhkəmə qərarları › İş №2(090)-23/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-23/2023

15.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-23/2023 15.02.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 3.500 (üç min beş yüz) manat pulun və 55 (əlli beş) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin “28” dekabr 2022-ci il tarixdə keçirilən hazırlıq iclası zamanı İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim etmiş, ərizə məhkəmə iclasında müzakirə edilmiş, iddiaçının iddia tələbinin həcminin azaldılması barədə ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə uyğun olduğundan qəbul edilmiş, məhkəmənin 28 dekabr 2022-ci il tarixli, 2(090)-247/2022 nömrəli qərardadı ilə iddia tələbinin həcmi azaldılmış və mülki işə İddiaçı Cavabdeh qarşı “Cavabdeh 3.300 (üç min üç yüz) manat pulun alınıb ona verilməsi” tələbi çərçivəsində baxılması qərara alınmışdır. Məhkəmə baxışı iclasında iddiaçı qismində iddia ərizəsinə uyğun izahat verən İddiaçı izahatında cavabdeh X2 Babək rayonu, Şıxmahmud kənd sakini Əkbər adlı şəxsin idarə etdiyi “Qazel” markalı yük nəqliyyat vasitəsi ilə 2022-ci ilin may ayında yaşadığı Qahab kəndinə gələrək otarmaq məqsədi ilə iki yanı balalı və bir baş inəyi onun həyətindən “Qazel” markalı yük maşınına yığıb apardığını, Sənan ilk vaxtlar onun iribuynuzlu heyvanlarını dağda otaracağını və əvəzində ona bir baş qaramala on manatdan olmaqla beş baş qaramala görə ayda əlli manat pul verəcəyini razılaşdıqlarını, cavabdehin iribuynuzlu qaramalları onun tövləsindən çıxarıb apardıqdan iki ay sonra cavabdehə iribuynuzlu qaramalları 3500 manata satdığını dediyini, Sənanın isə ona “beş iribuynuzlu qaramala 3.300 manatdan razısansa sat, mən alım” dediyini, Sənanla 3.300 manat pul qarşılığında razılaşdıqlarını və 5 baş qaramalını ona satdığını, Cavabdeh isə əvəzində 3.300 manat pulu 30 oktyabr 2022-ci il tarixinədək ona verəcəyinə söz verdiyini və ona “2022-ci il oktyabr ayının sonu malları sahiblərinə verib pulları yığıb səndən aldığım 5 baş qaramalın pulu olan 3.300 manatı verəcəm” bildirdiyini, Cavabdeh həmin puldan bu günədək bir manat da olsun pul ödəmədiyini, dəfələrlə Cavabdeh borclu olduğu 3.500 (üç min beş yüz) manat pul borcunu geri qaytarmasını ondan tələb etsə də cavabdeh bu günədək borcunun ona qaytarılması ilə bağlı heç bir addım atmadığını və hərdən bir bəhanə ilə borcunu qaytarmaqdan yayındığını, artıq məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirdi. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, 2022-ci ilin may ayında Cavabdeh iki baş qaramal olan inəyi və onların balası olan iki baş buzov və iki baş dananı otarmaq üçün veribdir, bundan iki ay sonra, hardasa 2022-ci ilin iyul ayında Cavabdeh həmin qaramalları satdığını deyibdir, ilk olaraq o, Cavabdeh 3.500 manata satdığını, Cavabdeh ona almaq istədiyini, bir az bazarlıq etdikdən sonra Cavabdeh ilə həmin beş baş qaramalların qiymətini 3.300 manata, pulunu isə 30 oktyabr 2022-ci il tarixədək ödəyəcəyi şərti ilə razılaşıblar, lakin bu günədək Cavabdeh heç bir ödəniş etməyibdir, hal-hazırda cavabdehin 3.300 manat borcu vardır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində ifadə verən Şahid ifadəsində bildirdi ki, iddiaçı və cavabdeh ilə qohumçuluğu və ədavəti yoxdur. O özünə məxsus “Qazel” markalı avtomobili ilə mal-qaraların daşıması ilə məşğul olur, hardasa 2022-ci ilin may aylarında Cavabdeh ona Babək rayonu, Qahab kəndində qaramal olduğunu, həmin malları Şahbuz rayonuna aparmaq lazım olduğunu deyibdir, onlar razılaşıb Babək rayonu, Qahab kəndinə gediblər, kənddə o bilibdir ki, aparacağı mal-qaralar İddiaçıdur, hətta malları daşımağa görə 50 manat alırdısa İddiaçı o, 35 manat pul alıbdır, həmin gün onun maşınına İddiaçı həyətindən mal-qara yüklənib və o, Cavabdeh ilə birlikdə həmin mal-qaraları Şahbuz rayonuna otlaq yerinə aparıb orada mal-qaraları boşaldıb qayıdıbdır. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Nursu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 01 dekabr 2022-ci il tarixli, 6/43 nömrəli arayışdan görünür ki, Cavabdeh Şahbuz rayonu, Nursu kənd inzibati ərazi dairəsində pasport qeydiyyatında dayanır. İş materiallarında olan Babək rayon İcra Hakimiyyəti Qahab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 30 noyabr 2022-ci il tarixli, 962 nömrəli arayışdan görünür ki, İddiaçı Babək rayonu, Qahab kəndində qeydiyyatdadır və yaşayır. Məhkəmə iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi təmin olunmalıdır. Belə ki, iş İş materiallarında olan 01 ədəd “Flaşkart” məlumat daşıyıcısı olan telefon danışıq səs yazısından aydın olur ki, Cavabdeh İddiaçı onlar arasında razılaşmaya əsasən iddiaçıya məxsus beş baş qaramalları dəyərini 3.300 (üç min üç yüz) manata razılaşaraq nisyə almışdır. Məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh İddiaçı aldığı qaramallara görə əsas borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh öz öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir; 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz; 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur; 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir; 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə iddiaçının irəli sürdüyü tələb ilə bağlı qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında yuxarıda qeyd olunan razılaşma əsasında İddiaçı Cavabdeh nisyə satdığı qaramallara görə 3.300 (üç min üç yüz) manatın ödənilməmiş olduğunu qeyd etmiş və bu halların təsdiqi ilə bağlı sübut kimi Cavabdeh ilə onun arasında olan beş baş qaramalların satılması barədə səs yazısını göstərmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Bu səbəbdən məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş flaş kartda olan Cavabdeh ilə onun arasında olan beş baş qara-malın alqı-satqısına dair telefon danışıq səs yazısını sübut kimi qəbul edilən hesab edir. Yuxarıda qeyd olunan iddiaçı tərəfindən təqdim edilmiş flaş kartda olan məlumatlar və şahid ifadələri təhlil edildikdə dindirilən şahidin məhkəməyə verdiyi ifadəsində və flaş kartda olan səs yazısından beş baş qaramalın Cavabdeh İddiaçı həyətindən aparması və sonradan İddiaçı tərəfindən 3.300 manata razılaşaraq Cavabdeh satması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh 3.300 (üç min üç yüz) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrində 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu tutulur. Belə olan halda iddia tələbi 3.300 (üç min üç yüz) manat təşkil etdiyindən 30+(2.300*1%=23)=53 manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.03 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 3.300 (üç min üç yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 53 (əlli üç) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar