Məhkəmə qərarları › İş №2(090)-37/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-37/2024

07.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-37/2024 07.03.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 09 oktyabr 2020-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsi üzrə ödədiyi 1.536,76 (bir min beş yüz otuz altı manat, yetmiş altı qəpik) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 09 oktyabr 2020-ci il tarixində cavabdeh (borclu) Cavabdeh Sumxal oğlu və "xxxx" Açıq Səhmdar Cəmiyyəti (kreditor) arasında 10011358 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh (borclu) Cavabdeh 36 (otuz altı) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 5.000 (beş min) manat məbləğində kredit verilmişdir. Bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə onunla "xxxx" Açıq Səhmdar cəmiyyəti arasında 09 oktyabr 2020-ci il tarixli, ZM1001358/20618 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh ilk vaxtlar kredit üzrə aylıq ödənişlərini vaxtı-vaxtında ödəsə də, sonralar ödənişlərini ödəməyi dayandırmışdır. Bundan sonra bank cavabdehin öhdəliyinin yerinə yetirilməsini cavabdehdən və ondan tələb etməyə başlayıbdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti 3.843,45 manat əsas, 434,02 manat faiz borcu olmaqla, cəmi 4.277,47 manat kredit borcun, həmçinin 62.77 manat dövlət rüsumunun tutulması tələbi ilə onu və Cavabdeh məhkəməyə veribdir. Şahbuz Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, e-2(090)-91/2023 nömrəli qətnaməsi ilə ondan və Cavabdeh müştərək qaydada 09 oktyabr 2020-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsindən yaranmış 3.843,45 manat məbləğində əsas borc, 434,02 manat məbləğində faiz borcu, cəmi 4.277,47 manat borc, həmçinin 62,77 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 4.774,26 manat məbləğində pulun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilibdir. Şahbuz Rayon Məhkəməsinin qətnaməsi icraya yönəldildikdən sonra məcbur qalıb borclu banka olan borcun birgə borclu kimi ona düşən hissəsi olan 1.536,76 manat pulu ödəniş edərək krediti tam bağlayıbdır. Ödədiyi 1.536,76 manat pulu və cavabdehə kredit borcunu ödəmək üçün verdiyi 300 manat borc pulu cavabdehdən dəfələrlə istəsə də o, hər dəfəsində bir bəhanə gətirərək ona olan borcunu ödəmir. O, hesab edir ki pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan reqres qaydasında geri qaytarılmalı olan pul tələbi təmin edilməli, tələb edilən 1.536,76 (bir min beş yüz otuz altı manat, yetmiş altı qəpik) manat borc məbləğinin cavabdehdən alınmaqla ona verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında Cavabdeh 2020-ci ildə Naxçıvanbank ASC-dən 5000 manat məbləğində kredit götürdüyünü, həmin krediti götürərkən hər ikisinin ortaq tanıdığı olan X2 ondan Cavabdeh zamin durmasını istədiyini, Cavabdeh kredit götürərək pulları özü üçün xərclədiyini, həmin kredit pulundan 300 manatın Cavid Əliyevə verdiyini, C.Əliyev isə ondan borc alaraq Cavabdeh ona verdiyi borcu ödədiyini, Cavabdeh əsas borclu olaraq kredit müqaviləsinin şərtlərinə əməl etmədiyini, bu səbəbdən də Şahbuz Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, e-2(090)-91/2023 nömrəli qətnaməsi ilə zamin kimi borcun qalan hissəsini, yəni 1536,76 manatını ödədiyini, həmin məbləğin aylıq olaraq onun əmək haqqı kartından tutulduğuna görə maddi olaraq sıxıntılar çəkdiyini, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh qismində izahat verən Cavabdeh izahatında İntizamı tanıdığını, İntizamın ona zamin durmasını istəmədiyini, bankdan krediti öz istifadəsi üçün götürmədiyini, bankdan kredit götürdüyü pulu Babək rayon, Cəhri kənd sakini X4 verdiyini, Cavidin ondan aldğı kredit pulunu ödəcəyinə dair vəd verdiyini, lakin həmin pulu ona ödəmədiyini, hal-hazırda işsiz olduğunu, məşğulluq idarəsində qeydiyyata düşmədiyini, iddiaçının tələb etdiyi pulun hissə-hissə ödəyə biləcəyini məhkəmədən göstərilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 14 avqust 2023-cü il tarixli, 5308 nömrəli, 11 sentyabr 2023-cü il tarixli, 5742 nömrəli, 12 oktyabr 2023-cü il tarixli, 6429 nömrəli, 14 noyabr 2023-cü il tarixli, 6927 nömrəli və 12 dekabr 2023-cü il tarixli, 7557 nömrəli ödəniş tapşırıqlarına əsasən müvafiq olaraq 305,13 (üç yüz beş manat, on üç qəpik) manat, 436,97 (dörd yüz otuz altı manat, doxsan yeddi qəpik) manat, 191,48 (bir yüz doxsan bir manat, qırx səkkiz qəpik) manat, 305,13 (üç yüz beş manat, on üç qəpik) manat və 298,05 (iki yüz doxsan səkkiz manat, sıfır beş qəpik) manat olmaqla, ümumilikdə 1.536,76 (bir min beş yüz otuz altı manat, yetmiş altı qəpik) manat məbləğində pul vəsaitinin məhkəmə qətnaməsinə əsasən İddiaçı əməkhaqqısından tutularaq benefisiar (alan) bank Naxçıvanbank ASC-nin (müxbir hesab № AZ18NABZ********************) və alan müştəri Cavabdeh (hesab № AZ35NAXB**********7144000) hesabına köçürülməsi müəyyən olunur. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumata əsasən Cavabdeh Şahbuz rayonu, Aşağı Qışlaq kəndində qeydiyyatdadır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Şahbuz Rayon Məhkəməsinin 10 aprel 2023cü il tarixli, e-2(090)-91/2023 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 09 oktyabr 2020-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsi üzrə 3.843,45 (üç min səkkiz yüz qırx üç manat, qırx beş qəpik) manat əsas və 434,02 (dörd yüz otuz dörd manat, sıfır iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4.277,47 (dörd min iki yüz yetmiş yeddi manat, qırx yeddi qəpik) manat məbləğində kredit borcunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 62,77 (altmış iki manat, yetmiş yeddi qəpik) manat miqdarında dövlət rüsumunun cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının cavabdehə qarşı reqres qaydada tələb hüququ yaranır. İddiaçının təqdim etdiyi ödəniş tapşırıqlarından müəyyən olunur ki, o, ümumilikdə 1.536,76 (bir min beş yüz otuz altı manat, yetmiş altı qəpik) manat məbləğində pul vəsaitini məhkəmə qətnaməsinə əsasən Naxçıvanbank ASC-nin hesabına köçürmüşdür. Məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmiş, lakin cavabdeh öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh öz öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh 1.536,76 (bir min beş yüz otuz altı manat, yetmiş altı qəpik) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı İntizam Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxs olduğundan və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə məhkəmədə verilən iddialar üzrə müharibə veteranları dövlət rüsumu ödəməkdən azad edildiyindən hazırki iş üzrə ödənilməli olan 35,3 (otuz beş manat, otuz qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 119.2.-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.03 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1.536,76 (bir min beş yüz otuz altı manat, yetmiş altı qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh 35,3 (otuz beş manat, otuz qəpik) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar