Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-6/2021 03.03.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Şahbuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus iki illik bir baş erkək malın dəyəri olan 1200 (bir min iki yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstəribdir ki, xx xxxxx 2020-ci ildə iki illik, iki baş iribuynuzlu inəyi Şahbuz rayonu, Nursu kənd sakinləri pullu naxıra gedən X3 və Cavabdeh2 ilə razılaşıb bir başını 15 manatdan olmaqla, ikisini 30 manatdan razılaşaraq otarmaları üçün ləqəbi Vüqar olan, İbrahim adlı şəxsin naxırına otardıqları malın içinə qatdım və bildirdim ki, mənim hər iki malımın sol qulağında sırğa var, istəyirsənsə nömrələrini götür. O da mənə bildirdi ki, kitab Sənandadı axşam gəlib, mallarının rəngini və formasını yazacaq, “sırğanın nömrəsi lazım deyil” dedi. Həmin vaxtdan təqribən 20 gün keçəndən sonra Sənan mənə zəng edib bildirdi ki, dişi dana xəstələnib gəl apar. Mən Şahbuz rayonu üzrə baytar işləyən Tahir adlı şəxsi özümlə birlikdə götürüb getdim və Tahir danaya bir iynə vurdu. Həmin vaxt Sənana dedim gedək o biri erkək danaya da baxaq. Biz birlikdə gedib, danaya baxdıq. Dana sürüdə idi və sırqası da qulağında idi. Sonra isə mən malı öz maşınımla kəndə qaytardım. Sənan bildirdi ki, dananın qulağını kəsmişəm. Üç gün keçəndən sonra dana yaxşılaşdığı üçün dananı aparıb naxıra qatmaq istədim. Sənan mənə telefonla zəng edib bildirdi ki, dananı qat bizdən aşağıda olan Əhmədin naxırına, oradan mən ayıracam. Təqribən 15-20 gün sonra Sənan telefonda çəkilmiş bir video gətirib, arvadıma göstərib ki, bax gör bu mal sizindi. Arvadım bildirib ki, bu mal bizim deyil, bizim inək qara rəngdədi. Müəyyən müddət keçəndən sonra Sənan adlı naxırçı onların evinin yanından keçəndə mənə dedi ki, sürüdə bir baş iribuynuzlu mal ölüb, sahibinin kim olduğunu bilmirik. Həmin günün səhəri biz naxırda malımıza baxmağa getdik. Malın orada olmadığını görüb, naxırçılardan soruşanda bildirdilər ki, yəqin naxırdan kimsə malını ayıranda səhvən ayırıb aparıb. Mən bu günə kimi dəfələrlə naxırçılardan malımı tələb etsəm də hərdən bir yalan danışıb, mənim malımı vermirlər. Mən malımı Sənan və İbrahim adlı şəxslərə verdiyimə görə onlardan da tələb edirəm. Başqa şəxslərə versələr də, öldürsələr də, itirsələrdə mənim malımı Sənan ilə İbrahim verməlidir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddiasını müdafiə edərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahatında iddianın qəbul etmədiyini, iddiaçı Cavabdeh1 ona qarşı əmlak tələbinə dair iddiası barədə artıq məhkəmənin qərarının olduğunu, qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən digər Cavabdeh2 izahatında məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, hazırki mülki iş üzə icraata xitam verilməlidir. Belə ki, İddiaçı xx xxxx 2020-ci il tarixdə Şahbuz Rayon Məhkəməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ona məxsus iki illik bir baş erkək inəyin alınıb ona qaytarılması tələbi barədə iddiası olması müəyyən olunur İş materiallarında olan Şahbuz Rayon Məhkəməsinin 2(090)-105/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnamə ilə müəyyən olunur ki, İddiaçı xx xxxx 2020-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 iki illik bir baş erkək inəyin alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Şahbuz Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbi əsassız olduğundan təmin edilməmişdir. Şahbuz Rayon Məhkəməsinin 2(090)-105/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi xx xxxxxxxx 2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. İddiaçı xx xxxxxxxx 2020-ci ildə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus iki illik bir baş erkək malın dəyəri olan 1200 (bir min iki yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk tələbi iki illik bir baş erkək inəyin alınıb ona qaytarılması, hazırki tələbi isə iki illik bir baş erkək inəyin dəyəri olan 1200 (bir min iki yüz) manat pulun alınıb ona verilməsi tələbidir. Yəni hər iki tələbin predmeti iki illik bir baş erkək maldır və hər iki iş üzrə İddiaçı həmin tələblərin yönəldiyi şəxslər isə Cavabdeh1 və Cavabdeh2dur. Məhkəmə ilk olaraq qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.1.-ci maddəsinin tələbinə görə məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərməlidir. Qeyd edilən normanın tərəflər arasında olan mübahisəyə tətbiq edərək məhkəmə hesab edir ki, məhkəmə tərəfindən iddiaçının iki illik bir baş erkək inəyin ona verilməsi barədə iddia tələbi təmin ediləcəyi ehtimalında cavabdehlərdən tələb edilən iki illik bir baş erkək inəyin alınıb verilməsi ilə eyni zamanda cavabdehlərdən onun dəyərinin alınıb iddiaçıya verilməsi də həmin qətnamə ilə həll olunan məsələdir. Bu barədə eyni zamanda “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 04 saylı Qərarının 9.2-ci bəndində əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunması göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbinə dair Şahbuz Rayon Məhkəməsinin qətnaməsi olduğundan və həmin qətnamə qanuni qüvvəyə mindiyindən İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2.-ci maddəsinin tələbinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən xx xxxxxx 2020-ci il tarixdə TT**********40730 nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən xx xxxxxx 2020-ci il tarixdə TT**********40730 nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şahbuz Rayon Məhkəməsinə verilə bilər. Qərardad ondan şikayət vermə hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-6/2021
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-6/2021
03.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver