Məhkəmə qərarları › İş №2(090)-88/2022

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-88/2022

09.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-88/2022 09.06.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı “20” aprel 2022-ci il tarixdə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 950 (doqquz yüz əlli) manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı izahatında evlərindəki bənövşəyi rəngli divan-kreslo dəstini (1 ədəd divan və 2 ədəd kreslo) satmaq üçün təxminən 2019-cu ilin sentyabr ayının ortalarında sosial şəbəkədə (instaqramın elanlar səhifəsində) elan verdiyini, təxminən bir həftə sonra əvvəllər tanımadığı İlham adlı şəxsin onunla “Whatsapp”la əlaqə saxlayaraq həmin divankreslo dəstinə baxmağı və almaq istədiyini bildirdiyini, İlhamla 2019-cu ilin oktyabr ayının 2-də görüşdüyünü və cavabdehin divan-kreslo dəstini bəyəndiyini, həmin vaxt onun Cavabdeh olduğunu öyrəndiyini, divan-kreslo dəstini 1.300 (bir min üç yüz) manata alacaqları barədə ilkin olaraq şifahi razılaşdıqlarını, lakin cavabdehin həmin vaxt, yəni 2019-cu ilin oktyabr ayının 2-də apararkən nağd pul ödəmədiyini, buna görə də AZE 15387889 nömrəli şəxsiyyət vəsiqəsinin surəti olan A4 vərəqində ona 1300 (bir min üç yüz) manat pul borcunun olduğunu və 2019-cu ilin oktyabr-noyabr-dekabr aylarında hissə-hissə tamamilə ödəyəcəyinə dair öz xətti ilə öhdəlik yazıdğını, lakin götürdüyü öhdəlik müddəti tamamilə bitəndən sonra ona olan borcundan heç bir ödəniş etmədiyini, ona dəfələrlə xəbərdarlıq etdiyini, lakin heç bir nəticəsinin olmadığını, məcbur qalıb əvvəlcə polisə müraciət etdiyini, polis əməkdaşlarının şifahi xəbərdarlığı ilə 2020-ci ilin əvvəllərində borcundan 200 manatını ödədiyini, lakin yenə də borcunu gecikdirməyə başladığını, cavabdehdən çətinliklə də olsa 2020-ci ilin ortalarında 150 manat pulu aldığını, cavabdehin halhazırda pulun qalan 950 (doqquz yüz əlli) manatını müxtəlif bəhanələrlə yubatdığını və vermədiyini, İlhama pulun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edildiyini, İlhamdan öhdəliyinin icrasını və borclu olduğu pulun qaytarılmasını tələb etdiyini, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edildiyini, Cavabdeh ona olan borcuna dair yazılı formada öhdəlik götürdüyünü və iradə ifadəsini nümayiş etdirdiyini, bu iradə ifadəsi nəticəsində onun üçün müəyyən vəzifələr yarandığını, lakin cavabdehin bu vəzifələrinin icrasından boyun qaçırdığını, Cavabdeh ona 1.300 (bir min üç yüz) manat dəyərində olan borcunu ödəyəcəyinə dair yazılı formada öhdəlik götürdüyünü, aralarında ikitərəfli borc müqaviləsinin yazılı formada bağlanmadığını, lakin cavabdehin ondan birtərəfli qaydada borc pul aldığını bildirdi. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, Cavabdeh divan-kreslo dəstinə görə cəmi 1.300 manat borcu olubdur, həmin borcdan Cavabdeh ilkin ödəniş 200 manat və 150 manat pul ödəyibdir, hal-hazırda cavabdehin 950 manat borcu qalıbdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 02 oktyabr 2019-cu il tarixli Cavabdeh tərəfindən yazılmış ərizənin məzmunundan görünür ki, o, İddiaçı 1.300 manat məbləğində borc pul almış və həmin pulu oktyabr, noyabr və dekabr aylarında hissə-hissə qaytaracağına dair öhdəlik götürmüşdür. İş materiallarında olan Şahbuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 14 aprel 2022-ci il tarixli, 3/284 nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında pasport qeydiyyatında dayanır. İş materiallarında olan Naxçıvan şəhər İcra Hakimiyyəti 6 saylı mənzilistismar idarəsi tərəfindən verilən 23 iyul 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Naxçıvan şəhəri, ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh imzası ilə təsdiq edilmiş 02.10.2019-cu il tarixli ərizə ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı 1.300 manat məbləğində borc pul aldığını göstərmişdir. İddiaçının izahatı ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı borclu olduğu 1.300 manat borcundan 350 manat ödəməsi və həmin ödənişdən sonra Cavabdeh İddiaçı 950 manat borcunun olması işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh İddiaçı aldığı əşyalara görə əsas borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh öz öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir; 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz; 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur; 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir; 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə iddiaçının irəli sürdüyü tələb ilə bağlı qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında yuxarıda qeyd olunan razılaşma əsasında İddiaçı Cavabdeh nisyə satdığı mallara görə 950 (doqquz yüz əlli) manatın ödənilməmiş olduğunu qeyd etmiş və bu halların təsdiqi ilə bağlı sübut kimi Cavabdeh verdiyi ərizəni göstərmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh 950 (doqquz yüz əlli) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.03 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 950 (doqquz yüz əlli) manat və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 980 (doqquz yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar