Məhkəmə qərarları › İş №2(094)-130/2024

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-130/2024

24.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-130/2024 24.09.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X9 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölgüsü” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, ev 19, 6 saylı mənzilin ümumi sahəsini, yardımçı sahəni, yaşayış sahəsini, mətbəxi, sənəd üzrə torpaq sahəsini və bütün bunların hamısını nəzərə alıb, ona düşən ¼ hissə payının naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, anası X2 adına olan mülkə xx.xx.2009-cu ildə vərəsəlik hüququ əldə edib. Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, ev 19, 6 saylı mənzilə xx.xx.2009-cu ildə Cavabdeh ailəsi ilə birlikdə köçdü. Fikrətə müraciət edərək bildirmişdir ki, onlar birlikdə bu mülkdən istifadə etmək hüququna malikdirlər. Fikrət isə ona aqressiv cavab vermişdir. 15 il ərzində daima münaqişələri olmuş, Cavabdeh bildirəndə ki, evi satıb və ya kirayə verib məbləği yarı bölsünlər, o razı olmamış, dəfələrləbu ünvana gəldikdə onu evə buraxmamışlar. Hazırda paylı mülkiyyətindən istifadə edə bilmir, bu səbəbdən payının naturada ayrılmasını istəyir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, ev 19, 6 saylı mənzilə dair payın naturada bölgüsü qeyri-mümkündür, təqdim edilmiş ekspert rəyindən də görünür ki, həmin mənzilinin naturada bölgüsü mümkün sayılmır. Eyni zamanda iddiaçının həmin evdə yaşamasına etiraz etmir. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, ev 19, 6 saylı mənzilə dair İddiaçı 1/4 hissə payı xx.xx.2010-cu ildə qeydiyyata alınmışdır. Eyni zamanda həmin mənzilə X5 ¼ hissə, X4 ¼ hissə, Cavabdeh ¼ hissə payı müəyyən edilmişdir. İş materiallarından görünür ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3055 saylı ekspert rəyi ilə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, ev 19, 6 saylı mənzilin faktiki vəziyyətini, sənəd üzrə və faktiki istifadə arasında uyğunsuzluqlar olduğunu, bölgü aparılacağı təqdirdə bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxışların açılmasının mümkünsüzlüyünü, həmçinin 1/4 hissəyə düşən sahənin 5.435 kv.m olduğunu (yaşayış otaqlarının sahəsi 8.0m²-dan az olmamalıdır) nəzərə alaraq mübahisə predmeti olan mənzilin naturada paylar üzrə 4 hissəyə bölünməsinin və həmin mənzildən iddiaçının payına düşən 1/4 hissənin naturada ayrılmasının İnşaat Norma və Qaydalarının 1.1., 2.2., 2.4., bəndlərinin vǝ Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Rəyə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3055 saylı məktubdan görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə, ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, ev 19, 6 saylı mənzilə dair İddiaçı 1/4 hissə, X5 ¼ hissə, X4 ¼ hissə, Cavabdeh ¼ hissə paya məxsus olmaqla, həmin mənzil paylı mülkiyyətdədir, mənzilin naturada ayrılması barədə tərəflər arasında mübahisə mövcuddur, payın ayrılması üsulu və şərtləri haqqında məhkəmədən kənar qaydada tərəflər arasında razılıq əldə edilməmişdir, həmin mənzilin paylara uyğun olaraq naturada ayrılması mümkün deyil. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat tərəflərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməli, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, ev 19, 6 saylı mənzilə dair 1/4 hissədə onun payının naturada ayrılması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəainə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, ev 19, 6 saylı mənzilə dair ¼ hissədə payının naturada ayrılması barədə iddia tələbi rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50,0 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə (elektron qaydada) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar