Məhkəmə qərarları › İş №2(094)-201/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-201/2025

22.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-201/2025 22.07.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X8 Sabir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Bakı şəhəri, ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, C.Cabbarlı küçəsi, döngə 1, ev 9, mənzil 6 onun xüsusi mülkiyyətidir. Bu barədə DƏDRX tərəfindən ona xx.xx.2004-cü il tarixli ÖM 204445 saylı çıxarış verilmişdir. Cavabdehlər Cavabdeh1 onun qızı, Cavabdeh2 isə nəvəsidir. Cavabdehlər mülkiyyətində olan mənzildə qeydiyyatda olsalar da artıq 9 ildir ki, həmin mənzildə yaşamırlar. Belə ki, qızı Cavabdeh1 ikinci dəfə ailə qurduqdan sonra oğlu Ayxanla birlikdə Türkiyə Respublikasına köçmüşlər və hazırki vaxta kimi orada yaşayırlar. Cavabdehlərin mənzildəki qeydiyyatları formal xarakter daşıyır. Onların mübahisəli mənzildə qeydiyyatda qalmaları onun şəxsi mülkiyyəti üzərində olan mülkiyyət, istifadə və sərəncam vermək hüquqlarını pozur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o, iddia tələbini müdafiə edir. Cavabdeh1 onun qızı, Cavabdeh2 isə nəvəsidir. Sözügedən mənzil 2004-cü ildən onun mülkiyyətindədir. Qızı və nəvəsi bir müddət onun evində yaşasalar da hazırda 10 ildən artıqdır ki, Türkiyyədə yaşayırlar. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər lazımı qaydada xəbərdar edillmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 bildirmişdir ki, 20 ildir ki, iddiaçı onun qonşusudur. Xatirə iddiaçının qızı, Ayxan isə nəvəsidir. Cavabdehlər əvvəllər iddiaçıya məxsus mənzildə yaşasalarda, hazırda onlar 17-18 ildir ki, orada yaşamırlar. Cavabdehlər Türkiyyədə yaşayırlar. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 bildirmişdir ki, o, 5-6 il iddiaçı ilə birgə işləmiş, 3 ildir ki, təqaüdə çıxmışdır. Xatirə iddiaçının qızı, Ayxan isə nəvəsidir. Cavabdehlər əvvəllər iddiaçıya məxsus mənzildə yaşasalarda, hazırda onlar 16-17 ildir ki, orada yaşamırlar. Cavabdehlər Türkiyyədə yaşayırlar. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2006-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər X4, X5, X6, Cavabdeh1, Cavabdeh2, X2r. İş materiallarında olan ÖM N-204445 Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsi, C.Cabbarlı küçəsi, döngə 1, ev 9, mənzil 6 ünvanı İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Məhkəmə araşdırması zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əvvəllər mübahisəli mənzildə yaşasalar da, hazırda uzun illərdi ki, mübahisəli mənzildə yaşamırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il və 29 mart 2016-cı il qərarlarına əsasən “istifadə hüququnun tələb olunması” və ya xitam verilərkən bu hüququn səbəb olduğu nəticələr nəzərə alınmalıdır. Əgər faktiki yaşama yoxdursa hər hansı bir istifadə hüququndan bəhs oluna bilməz. Konstitusiya Məhkəməsinin qeyd olunan bu qərarlarında Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, şəxsi servitut növündə məhdud əşya hüququ olduğu göstərilmişdir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Beləliklə, məhkəmə qeyd edir ki, yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əvvəllər İddiaçı məxsus Bakı şəhəri, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsi, C.Cabbarlı küçəsi, döngə 1, ev 9, 6 saylı mənzildə yaşasalar da, hazırda uzun illərdi ki, mübahisəli mənzildə yaşamırlar. Onlar Türkiyyə Respublikasına köçmüş və orada yaşayırlar. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən uzun illərdir ki, fasiləsiz olaraq istifadə etməməklə həmin hüququn əldə edilməsini zəruri edən əsasın (yaşayış sahəsinə ehtiyacın) olmasını göstərən hər hansı hərəkətinin olmaması, məhz onların həmin hüquqdan istifadə etməsini zəruri edən əsasın aradan qalxması kimi qəbul edilməli və iddia tələbi təmin edilməklə cavabdehlərin mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Pirallahı qəsəbəsi, C.Cabbarlı küçəsi, döngə 1, ev 9, 6 saylı mənzilə olan istifadə hüquqularına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar