Məhkəmə qərarları › İş №2(094)-227/2024

Pirallahı Rayon Məhkəməsi Qərardad — İş №2(094)-227/2024

31.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(094)-227/2024 31.05.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi X1 – İddiaçı “inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı qismində cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Qüvvədə olan mülki-prosessual qanunvericilikdə isə məhkəməyə müraciətin müxtəlif prosessual formalarını (iddia ərizəsi, ərizə, vəsatət, apellyasiya şikayəti və s.) nəzərdə tutulur. İddia icraatı qaydasında məhkəməyə müraciətin prosessual forması kimi isə iddia ərizəsi ilə müraciət göstərilmişdir. Qanunvericiliyin təhlilindən aydın olur ki, tərəflər (iddiaçı və cavabdeh) iddia icraatında (MPM-nin 12-23-cü fəsilləri) mövcuddurlar. Mövcud ərizədən görünür ki, ərizəçinin qeyd edilən ərizəsi iddia icraatı qaydasında baxılmalı olan tələb deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət icraatı qaydasında baxılmalı olan tələbdir. Belə ki, ərizənin də məzmunundan aşkar surətdə görünür ki, ərizəçi iddia icraatı qaydasında ərizə ilə müraciət etmiş, özünü iddiaçı olaraq göstərmiş olsa da, hər hansı iddia irəli sürməmiş, məhkəmə tərəfindən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Halbuki, iddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arsındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Qeyd edilən Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə hesab edir ki, “inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi” barədə ərizəyə iddia icraatı qaydasında baxılmamalıdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə “iddia icraatı qaydasında” məhkəmə qaydasında baxılmalı olmadığından, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Ərizəçiyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət qaydasında iddia tələbi məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı “inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi” tələbinə dair ərizəsi yolverilməzliyə görə qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar