Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-25/2025 21.01.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı miras əmlakdan imtinaya dair əqdin etibarsız sayılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras əmlakdan imtinaya dair imzaladığı əqdin etibarsızlığına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun anasıdır. X5 oğlu xx.xx.2023-cü ildə vəfat etdikdən sonra anası ondan qalan və Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evini özəlləşdirmək məqsədilə 5 saylı “ ASAN xidmət” mərkəzinin notariat ofisində ona atasının ölümündən sonra miras qalmış əmlakdan imtinaya dair ərizə yazdırmış və ona bildirmişdir ki, rəsmiləşdirdiyi ev o öləndən sonra ona qalacaqdır. O, həmin evi satmış, Binə qəsəbəsində yeni ev almış və onu övladlıqdan çıxarmaqla hədələdi ki, “sənin yeni aldığım evdə heç bir payın yoxdur”. O, bundan sonra bilmişdir ki, notariat kontorunda birtərəfli qaydada verdiyi əqdi aldatma nəticəsində bağlanmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, əslində cavabdeh onun bibisidir. Bibisinin uşağı olmadığına görə onu övladlığa götürmüşdür. Cavabdehin başqa övladı yoxdur. Atası rəhmətə getdikdən sonra ondan Maştağa qəsəbəsində ev qalmışdır. Ev mübahisəli olmuşdur, o, həmin evi sənədləşdirmiş və satmışdır. Daha sonra onlar Binə qəsəbəsində ev almışlar. Cavabdeh ona bildirmişdir ki, o, mirasdan imtina etsin ki, ev onun adına sənədləşdirilsin. Belə ki, onsuzda ondan sonra varis odur. O, cavabdehə inanmışdır. Əvvəllər cavabdeh onunla birlikdə yaşasa da daha sonra digər bibisinin sözünü dinləyərək ondan ayrılmış və çıxıb getmişdir. Cavabdeh ona bildirmişdir ki, onu varis olaraq tanımır. Məhkəmə iclasında verilən suala cavab olaraq iddiaçı bildirmişdir ki, o, təziq altında olmadan, könüllü olaraq notariusa getmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 09 dekabr 2024-cü il tarixdə Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq göstərmişdir ki, Maşdağa qəsəbəsində yerləşən sözügedən fərdi yaşayış evi onunla mərhum həyat yoldaşı birgə nikahı dövründə alınmışdır. Həyat yoldaşı xx.xx.2023cü ildə vəfat etdikdən sonra İddiaçı ona düşən mirasdan 20 avqust 2023-cü il tarixdə notarial qaydada imtina etmişdir. Həmin evin özəlləşdirilməsi ilə bağlı iddia ərizəsində olan məlumat da doğru deyildir. Çünki o ev bələdiyyə torpağında aidiyyatı razılıq sənədi olmadan inşa edilmişdir. İddia ərizəsində əqdin etibarsız hesab edilməsi xahiş edilir. Lakin, qeyd edilən fərdi yaşayış evi ilə bağlı onunla iddiaçı arasında hər hansı əqd mövcud olmamışdır. İddiaçı mirasdan imtina edilməsi barədə notarial qaydada ərizə vermiş və həmin ərizədə mirasdan imtinanın nəticələrinin ərizəçinin nəzərinə çatdırılması qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib məcmu halda qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı ərizə təqdim edərək xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum X2nun ölümündən sonra miras qalmış əmlakdan imtina etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhdətnamənin surətindən görünür ki, X4 xx.xx.1986-cı il tarixdə doğulmuşdur. X2, anası Cavabdehdır. Məhkəmə müəyyən etdi ki, İddiaçı Cavabdeh qızıdır. İddiaçının X2 xx.xx.2023-cü ildə vəfat etdikdən sonra İddiaçı öz iradəsi ilə notarial qaydada ərizə verərək atasından qalmış mirasdan imtina etmişdir. Məhkəmə iddiaya münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Müəyyən edilmişdir ki, iddiaçı miras əmlakdan imtina edərkən onun iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, ərizənin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Göründüyü kimi, iddia əsassızdır. Bundan başqa, iddiaçı əqdin etibarsız hesab edilməsini tələb edir ki, həmin tələbin təmin edilməsi özü-özlüyündə mümkün deyil. Çünki, ərizə əqd deyil, əqdlərin etibarsızlığı ilə bağlı hüquq məsələləri tənzimləyən maddi hüquq normalarının bu tələbə tətbiq edilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. - 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. - 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. - 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. - 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Şərh olunan hüquq normalarının məzmunundan göründüyü kimi mirası qəbul etməkdən imtina etdiyi barədə ərizənin geri götürülməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı miras əmlakdan imtinaya dair əqdin etibarsız sayılması barədə iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı miras əmlakdan imtinaya dair əqdin etibarsız sayılması barədə iddiası rədd edisin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-25/2025
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-25/2025
21.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver