Məhkəmə qərarları › İş №2(094)-28/2024

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-28/2024

20.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-28/2024 20.02.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X16 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun qardaşının həyat yoldaşı olub. Cavabdeh onun qardaşı X9 ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. xx.xx.2012-ci il tarixdə onların Süreyya adlı qızı olmuşdur. Lakin sonradan münasibətləri korlanmış və onlar ayrılmışlar. Cavabdeh yaşadığı ünvan 1 ünvanda yerləşən mənzili tərk etmişdir. Cavabdeh məhkəməyə müraciət edərək uşağı üçün aliment tələb etmişdir və Pirallahı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli əmri ilə qardaşından aliment tutulması əmr edilmişdir. Həmin məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. xx.xx.2023-cü il tarixdə qardaşı X9 ölmüşdür. Hazırda həmin mənzildə o öz ailəsi ilə birlikdə yaşayır. Artıq on ildir ki, cavabdeh qeydiyyatda olduğu mənzildən istifadə etmir, əşyaları həmin mənzildə yoxdur. Lakin bu günə kimi pasport qeydiyyatında qalıb. Bununla da onların hüquqları pozulur. Odur ki, Cavabdeh azyaşlı uşağı xx.xx.2012-ci il təvəllüdlü X8 ilə birlikdə ünvan 1 ünvanda istifadə hüququnun itirilməsinin müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir . Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi və etirazını onunla əsaslandırdı ki, iddiaçının qardaşı ilə evli olub. 2014-cü ildə boşanıblar. 10 ildir həmin mənzildə yaşamır. Qeydiyyatdan çıxmaq istəmir. Qeydiyyatsız adamı heç kim işə götürmür. Keçmiş əri alkoqol alüdəçisi olduğu üçün onunla yaşamaq mümkün deyildi. İndi isə iddiaçı və ailəsi onun mənzildə yaşamağına imkan vermirlər. Yoldaşı ölüb, övladının bütün yükü onun üzərindədir, işləyib uşağına baxır. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2006-cı il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçının xüsusi mülkiyyətindədir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh, İddiaçı, həmçinin xx.xx.2012-ci il təvəllüdlü X8 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İşdə surəti olan ünvan 25-ci il tarixli orderindən görünür ki, X1 və onunla birlikdə yaşayan 4 nəfərin ünvan 1 yaşayış sahəsini almaq hüququ vardır. Köçən şəxslər X6, X9, X5, X3, İddiaçıdur. İşdə olan Pirallahı Rayon Məhkəməsinin 2(094)-132/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X7 ilə X9 arasında xx.xx.2011-ci il tarixdə bsğlsnmış və Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1051 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2012-ci il təvəllüdlü X4 anası X2 yanında qalması qət edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İşdə olan Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı ünvan 25-ci il tarixli orderinə əsasən ünvan 1 ünvanına köçürülmüş və orada yaşamaq hüququ əldə etmişdir. Lakin ev iddiaçının xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmamışdır. Cavabdeh iddiaçının qardaşı ilə ailə qurduğu 2011-ci ildə həmin ünvana köçmüşdür. İddiaçı hazırda həmin ünvanda yaşayır. Cavabdeh isə iddiaçının qardaşı ilə nikahlarına xitam verildiyi 2014-cü ildən həmin ünvanı tərk etmişdir və orada yaşamır. Hazırda iddiaçı cavabdehin ona məxsus evdən istifadə hüququna xitam verilməsini xahiş edir. Cavabdeh isə qeydiyyata düşməyə başqa yeri olmadığını, həmçinin həmin evdə yaşamaq niyyətində olduğunu bildirərək iddianı qəbul etmir. İşin faktiki hallarından göründüyü kimi ünvan 25-ci il tarixli orderi ilə İddiaçı ünvan 1 üzərində mülkiyyət hüququ müəyyən edilmişdir. Lakin iddiaçının həmin ev üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Bununla belə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hesab olunur. Bu isə o deməkdir ki, iddiaçı müvafiq order əsasında həmin ev üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq hüququna, beləliklə, həmin ev üzərində mülkiyyət hüququ əldə etmək üçün “qanuni gözlənti”yə malikdir. Nəzərə alınmalıdır ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. (Avropa İnsan Hüquqları Məhkəməsi, Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il) Belə olan halda məhkəmə hesab edir ki, ev üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaması iddiaçını hazırkı iddianı qaldırmağa subyektiv hüquqdan məhrum etmir. Subyektiv hüquqla bağlı məsələni həll etdikdən sonra məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, cavabdeh 2011-ci il tarixdə iddiaçının qardaşı ilə ailə qurduqdan sonra mübahisəli evdə yaşamağa başlamışlar. Hal-hazırda cavabdehlə iddiaçının qardaşının arasında nikah münasibətlərinə xitam verilmiş, cavabdeh 2014-cü ildən həmin mənzildə yaşamamaqla, başqa ünvanda yaşamaqdadır. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). İşin mübahisəsiz hallarından da görünür ki, mübahisəli evlə bağlı tərəflər arasında münasibətlər 2009-cu ilin oktyabr ayından sonrakı dövrü əhatə etdiyindən tərəflər arasında yaranmış münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu kontekstdə məhkəmə iddia tələbinin dəlillərini yoxlayaraq, hesab edir ki, iddiaçının dəlilləri əsaslıdır. Belə ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Qeyd olunan qərarında Konstitusiya Məhkəməsi göstərilən normanı aşağıdakı kimi təfsir etmişdir: “Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtinin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür”. Qeyd olunduğu kimi, Cavabdeh ilə mübahisəsi gedən mənzilin sahibi İddiaçı qardaşı arasında olan nikah münasibətlərinə xitam verilmiş, cavabdehin iddiaçı ilə arasında olan ailə münasibətlərinə xitam verilmişdir. Mənzilin sahibi olan iddiaçı ilə cavabdeh arasında, sonuncunun mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığı üçün bu, keçmiş ailə üzvü olan cavabdehin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır; eyni zamanda, cavabdeh maddi vəziyyəti və ya diqqətə layiq olan digər hallarla əlaqədar özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması barədə heç bir sübut təqdim etmədiyindən, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiqi, yəni onun istifadə hüququnun müəyyən müddətə saxlanılması da istisna olunur. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər; hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən isə həmin Məcəllənin 30.1-ci maddəsi, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqelər əsas götürülməlidir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzilindən istifadə hüququ yaranmış olsa da, həmin mənzilin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra bu hüquq saxlanılmamışdır. Bu səbəblə də iddia tələbi təmin edilməlidir. Məhkəmə, cavabdehin azyaşlı uşağı xx.xx.2012-ci il təvəllüdlü X8 ilə birlikdə istifadə hüququna xitam verilməsi tələbinə münasibətdə bildirir ki, Mülki Məcəllənin 27.1ci maddəsinə, həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Hazırkı iş üzrə də uşağın ev barəsində istifadə hüququ valideynlərinin istifadə hüquqlarından əmələ gələn hüquq olduğundan və anası olan cavabdehin istifadə hüquqlarına xitam verildiyindən onun da həmin evdə istifadə hüququnun saxlanılması üçün qanuni əsaslar qalmamışdır. Məhkəmə ümumilikdə göstərilən halları nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh azyaşlı uşağı xx.xx.2012-ci il təvəllüdlü X8 ilə birlikdə ünvan 1 ünvanından istifadə hüququna xitam verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar