Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-284/2024 08.10.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanından istifadə hüququnun itirilmiş hesab ediləsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh oğludur. Cavabdeh 1977-ci il təvəllüdlü olmaqla mübahisəli ünvan 2 ünvanında doğulub və qeydiyyata düşüb. Lakin 2006-cı ildən həmin evdə yaşamır. Belə ki, 2006-cı ildən oğlunun evini ayırmışlar və öz şəxsi evində yaşayır. Cavabdehin hazırda mülkiyyətində iki şəxsi əmlakı vardır. Bundan əlavə rəsmi qeydiyyata alınmayan əmlakları da vardır. Buna baxmayaraq, cavabdeh iddiaçıya məxsus olan və illərdir yaşamadığı və ehtiyacı olmadığı ünvan 2 ünvanından qeydiyyatdan çıxmaq istəmir. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin o məhkəməyə ərizə göndərərək işə iştirkaı olmadan baxılmasına etiraz etmədiyini, iddia ərizəsi ilə razı olmadığını bildirmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, o, ərizəçinin qonşusudur. Cavabdeh iddiaçının oğludur. Cavabdeh 2006-cı ildən mənzildən köçüb getmişdir və hazırda harada yaşaması dəqiq məlum deyildir, mənzildə onun heç bir əşyası yoxdur. Cavabdeh onlarla əlaqə saxlamır, iddiaçıya məxsus mənzillə əlaqəsi yoxdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, ərizəçi onun qonşusudur. Cavabdeh 2006-cı ildən mənzildən çıxıb getmişdir və hazırda harada yaşaması dəqiq məlum deyildir. Məhkəmə, iddiaçı və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə 1905 nömrəli reyestr kitabının 175741 nömrəli vərəqində xx.xx.2013-cü il tarixində qeydiyyat aparılmışdır. Məhkəmə izahatlara, şahidlərin ifadələrinə və iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edir ki, Cavabdeh iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatdadır, faktiki olaraq orada yaşamır. O, mənzildə formal olaraq qeydiyyatda qaldığından, iddiaçı onun əvəzinə kommunal xidmətlərə görə xərc çəkir, eyni zamanda bu vəziyyət mülkiyyətçi kimi onun hüquqlarını məhdudlaşdırır. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, iddiaçının ailə üzvü olan Cavabdeh daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüququ qeydə alınmadığından və həmin mənzildə iddiaçı ilə birgə yaşamadığından, onun hüquqi vəziyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş qanuni şərtlərə uyğun deyildir. Ona görə də iddia tələbi ona münasibətdə əsaslı hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ -subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ, onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamasından asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi, mülkiyyətçi ilə birgə yaşamayan ailə üzvləri Mülki Məcəllənin 228.5-ci maddəsinin dairəsinə düşmür. Digər tərəfdən, həmin cavabdehin yaşamadığı halda, iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə də ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 (on) gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, ev 2, 58 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-284/2024
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-284/2024
08.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver