Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-43/2024 30.01.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, 6 saylı evin 42 saylı mənzilindən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 onun mülkiyyətindədir. Həmin mənzil Dövlət reyestrində adına qeydiyyata alınaraq seriya MA ******* №-li Çıxarış verilmişdir. Həmin mənzildə o, uşaqları ilə birlikdə yaşayır. Lakın həmin mənzildə keçmiş həyat yoldaşı Cavabdeh da qeydiyyatdadır. Cavabdeh faktiki olaraq həmin mənzildən 2012-ci ilin sentyabr ayından istifadə etmir, yəni 10 ildən artıqdır ki, orada yaşamır. Bu fakt MKİS tərəfindən verildiyi arayışla təsdiqlənir. Cavabdeh ilə aralarında olan nikah xx.xx.2013-cü il tarixdə pozulub. Hazırda Cavabdeh Təttər rayonunda qalır, yenidən ailə qurub və faktiki orada öz ailəsi ilə yaşayır. Ona məxsus mənzildə yaşamamasına baxmayaraq, pasport qeydiyyatında qalıb. Bu səbəbdən o, cavabdehin də əvəzinə kommunal xərcləri ödəməli olmuşdur. Hazırda cavabdehə məxsus əmlak həmin mənzildə yoxdur. Cavabdehin mənzildə olan qeydiyyatı formal xarakter daşıyır. Faktiki Cavabdeh könüllü evdən çıxıb getdiyinə və 10 ildən artıq mülkiyyətçi olduğu mənzildən istifadə etmədiyinə görə hesab edir ki, cavabdeh həmin mənzildə istifadə hüququnu itirmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və etirazını onunla əsaslandırdı ki, 10 ildən artıqdır ki, mübahisəli evdən çıxıb gedib, ikinci dəfə ailə qurub və hal-hazırda Bərdədə yaşayır. İddiaçı və uşaqları onunla bir dəfə də olsun maraqlanmayıb. Evdən qeydiyyatdan çıxmaq istəmir, çünki ora onların atasınındır. Atası evi iddiaçının adına keçirib. Rusiyada qardaşı var, birdən qardaşı çıxıb gəlsə harada yaşayacaq?! Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 159 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iş üzrə Cavabdeh 1988-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah xx.xx.2013-cü il tarixdə ləğv edilmişdir. İşdə olan Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 159 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında 2012-ci ilin sentyabr ayından yaşamır. İşin araşdırılmış hallarından görünür ki, iş üzrə Cavabdeh 1988-ci ildən ünvan 1-də pasport qeydiyyatına alınmaqla yaşamağa başlamış və 2012-ci il tarixdə həmin evi tərk etmiş və həmin tarixdən evdən istifadə etmir. Ev tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, Cavabdeh mübahisəli mənzildən istifadə hüquqları yaranmışdır. Ona görə ki, sonuncunun hazırda sözügedən mənzilin mülkiyyətçisinin ailə üzvü olmuşdur. Məhkəmə qeyd edir ki, mülki iş üzrə tərəflər arasındakı mübahisəli hüquq münasibətləri yaranan vaxtı nəzərə alınmalı və həmin zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60, 87-ci maddələrinin müddəalarına uyğun olaraq qiymət verməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Məhkəmə cavabdehin mübahisəli mənzildə yaşamaması səbəblərini araşdıraraq hesab edir ki, cavabdehin uzun müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə ki, iş üzrə müəyyən edilmiş hallarından görünür ki, cavabdeh mübahisəli evi 2012-ci ildə tərk etmiş və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli evlə əlaqəsini kəsmişdir. Odur ki, cavabdehin uzun müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də cavabdehin mübahisəli mənzildən istifadə hüquqları itirilməlidir (xitam verilməlidir). Qeyd edilməlidir ki, əgər faktiki yaşama yoxdursa hər hansı bir istifadə hüququndan bəhs oluna bilməz. Həmin mənzildə yaşamaq üçün əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən əvvəllər istifadə etmək hüququ olan şəxsin həmin hüququnun qalması hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, yaşayış sahəsinə ehtiyac aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh mübahisə predmetinə daxil olan evi tərk etməklə uzun müddətdir ki həmin evdə yaşamır və həmin evdən istifadə etmir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli evdə uzun müddət yaşamaması və həmin evdən istifadə etməməsi halları, yalnız onun başqa yaşayış sahəsinə köçməklə həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxması ilə izah oluna bilər. Odur ki, iddia təmin edilərək, cavabdehin mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçıya məxsus ünvan 1-dən istifadə hüququnun itirililmiş hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı məxsus ünvan 1-dən istifadə hüququ itirililmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-43/2024
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-43/2024
30.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver