Məhkəmə qərarları › İş №2(094)-62/2023

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-62/2023

28.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-62/2023 28.02.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X7 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y yə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadəsində olan onun tərəfindən tikilmiş iki otaq və bir mətbəxə çəkdiyi 10000 manat pulun və ödənilmiş 120 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, oğlu Şamil Ağayev Cavabdeh Cinqiz qızı ilə 2010-cu ildə qeyri rəsmi olaraq nikaha daxil olub ailə qurmuşlar. Nikahlarını isə 10 yanvar 2012-cu il tarixdə qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Onların birgə nikahlarından iki uşaqları vardır. 2007-ci il tarixdə Pirallahı rayon Bələdiyyəsi tərəfindən ona yaşadığı evin həyatyana səhəsində 96 kv.m torpaq sahəsi ayrılmışdır. O da, 2007-ci ildə həmən torpaq sahəsində iki otaq və bir mətbəx tikməklə abadlıq işləri aparmışdır. Belə ki, tikdirdiyi iki otaq və bir mətbəx tam təmir olmaqla o, orada öz ailəsi ilə birlikdə yaşamışdır. 2007-ci ildə tikdirdiyi iki otaq və bir mətbəx tikinti materialları ilə birlikdə ona 10.000 manat pul xərcləmişdir. Cavabdeh oğlu ilə ailə qurduqdan sonra onun yaşadığı evə gəlin gəlmişdir. Ailədə münasibətləri pozulduğundan oğlu X3 ərizəsinə əsasən Xaçmaz Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən onların arasında olan nikahları ləğv edilmişdir. Bunadan sonra cavabdeh ona oğlu və həyat yoldaşına qarşı Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə yaşadığı ünvan 1-da yerləşən 2007-ci ildə inşa etdirdiyi özbaşına tikili olan ümumi sahəsi 60 kv.m 2 otaq 1 mətbəğdən ibarət evə köçürülməklə istifadə hüququnun tanınmasına dair iddia tələbi ilə müraciət etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddia tələbi əsassız olduduğundan rədd edilmişdir. Bundan sonra cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. 10 sentyabr 2019-cu il tarixdə cavabdeh özbaşına olaraq o, evdə olmadığı vaxt onun evinə gələrək yaşadığı torpaq sahəsində olan tikdirdiyi iki otaq və bir məğbəxdən ibarət özbaşına tikiliyə daxil olmuşdur. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun cavabdehə qarşı yaşayış sahəsində tikilidən çıxarılma tələbinə dair iddiası təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdehin apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsi ilə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsini dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bundan sonra kassasiya şikayəti əsasında Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsi ləğv edilmiş və onun iddia tələbi rədd edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və göstərdi ki, o, yalnız mübahisəli mənzilə yaşamaq hüququ əldə etmişdir. Həmin mənzildə uzun müddət komunal xidmətləri olmadan yaşamışdır. Buna səbəb isə iddiaçılar tərəfindən onun yaşadığı mənzilin komunal xidmətlərini kəsməsi olmuşdur. İddiaçı ona qarşı yaşayış sahəsində tikilidən çıxarılma tələbi ilə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Bundan sonra o, qətnamədən narazı olduğu üçün apellyasiya şikayəti versədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsi ilə şikayəti təmin edilməmişdir. Daha sonra kassasiya şikayəti vermiş və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsi ləğv edilmiş və iddiaçının iddiası rədd edilmişdir. Bundan sonra o, "xxxx" ASC və "xxxx" ASCyə müraciət edərək yaşadığı evə su və işıq çəkdirmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsasız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına aid hesab cədvəlinə əsasən, Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi S.Vurğun küçəsi döngə 5 ev 6 X1 mülkiyyətinə olan əmlak kimi qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş MKTD Pirallahı rayon MKTB 159 saylı MKİS-nin xx.xx.2023-cü il tarixli, 21 nömrəli arayışından göründüyü kimi, İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- 231/2018 saylı, 15 may 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər X5, X4 və X2 qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddiası əsassız olduğundan rədd olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9896/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-231/2018 saylı, 15 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- 432/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi S.Vurğun küçəsi döngə 5 6 saylı evin 6 saylı mənzilində yerləşən iki otaq bir mətbəxdən ibarət özbaşına tikilidən (evdən) çıxarılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4817/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6076/2021 nörməli iş üzrə qəbul edilmiş 02 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və Cavabdeh ünvan 1 ünvanında yerləşən 2 otaq, bir mətbəxdən ibarət özbaşına tiklidən çıxarılmasına dair İddiaçı iddiası rədd edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 279440 nömrəli protokoldan görünür ki, Cavabdeh adına abunə kodu açılmış və yaşadığı mənzilə sayğac quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli istehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün 22/249 nömrəli texniki şərtlərdən görünür ki, Cavabdeh yaşadığı Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi S.Vurğun küçəsi döngə 5 ev 6 ünvanına su xətti çəkilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Sadalanmış normaların tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən “Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir”. Həmin Məcəllənin 108.2.-ci maddəsində isə göstərilmişdir ki, “Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları və miqdarı qanuna müvafiq olaraq müəyyən edilir”. İş materiallarına əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, iddiaçı hazırki işin məhkəmədə baxılması üçün dövlət büdcəsinə 120 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, 120 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilsin. İddia rədd edildiyindən, 120 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar