Məhkəmə qərarları › İş №2(1-8)-1065/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1065/2026

10.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1065/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə; evdən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçılar iddiaçı2 və iddiaçı1 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Xəzər rayon Icra Hakimiyyəti, Abşeron Rayon Icra Hakimiyyəti və Binə Bələdiyyəsi olmaqla) cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı “evə köçürülmə və evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 qızının kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Iddiaçı iddiaçı1 digər iddiaçı iddiaçı2 qızıdır. iddiaçı1 cavabdeh cavabdeh3 ilə 2006- 2021-ci illərdə nikahda olmuşdur. Cavabdeh cavabdeh1 cavabdeh3 anasıdır. 2.

3. Həmçinin Abşeron rayonu Hövsan südçülük sovxozunun eyni tarixli, eyni saylı əmrindən digər bir çıxarışa əsasən cavabdeh1 ev tikmək üçün 0,03 ha torpaq sahəsi ayrılmışdır.

4. Işin mübahisəsiz halıdır ki, qeyd edilən torpaq sahəsində qeydiyyatsız fərdi yaşayış evi inşa edilmişdir.

5. Cavabdeh cavabdeh2 həmin fərdi yaşayış evinin cavabdehlər tərəfindən 22.000 manata ona satıldığını bildirmişdir.

6. Işin mübahisəli halı sözügedən torpaq sahəsinin 1998-cı ildə kimə ayrılması və üzərindəki fərdi yaşayış evinin kimin vəsaiti hesabına inşa edilməsi olmuşdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçılar cavabdehlərə qarşı iddia qaldıraraq və daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onların Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri və cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

8. Iddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 1999-cu il tarixdə Abşeron rayonu Südçülük sovxozu üzrə ## ###### 1998-ci il tarixli ** saylı əmrdən çıxarışa əsasən torpaq sahəsi ona ayrılmışdır. Hazırda həmin torpaq sahəsi onun sahiblik və istifadəsindədir. Həmin torpaq sahəsində o, fərdi yaşayış evi tikmişdir. Qızı iddiaçı1 cavabdeh3 ilə 2006-cı il tarixində nikaha daxil olduqdan sonra yaşamağa yerləri olmadığı üçün əri və uşaqları ilə birgə bir müddət həmin evdə yaşamışlar. 2021-ci il tarixdə qızı cavabdeh3 ilə rəsmi qaydada nikahları pozulmuşdur. Bundan sonra isə onu, qızını və uşaqlarını ona məxsus evdən qovmuş, özü isə həmin evi zəbt etmişdir. Sonradan o, evinə baxmağa gələrkən evdə ona və qızına məxsus ev əşyalarının mənimsənildiyini, onların bir hissəsinin talan edildiyini, digər hissəsinin oğurlandığını, evinin bərbad vəziyyətə salındığını aşkar etmişdir. Daha sonra isə ona məxsus fərdi yaşayış evini digər şəxsə qanunsuz yollarla satdığını aşkar etmişdir. Belə ki, evinə getdiyində evdə başqa şəxslərin yaşadığını görmüşdür. Hətta heç bir hüququ olmadan həyətyanı sahəsini bölərək başqa şəxslərə satdığı ona məlum olmuşdur. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə edilir. Südçülük sovxozunda yerləşən 0,03 ha torpaq sahəsi fərdi yaşayış evinə görə kommunal xərcləri o ödəmişdir. Göründüyü kimi, onun və qızının ailə üzvləri qeyd olunan fərdi yaşayış evində yaşamışlar və yaşadıqları yerdən məhrum edilmişlər.

9. Cavabdeh cavabdeh3 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsi və evlər onun anasına məxsusdur. Torpaq sahəsi anası tərəfindən 1998-ci ildə alınmışdır. Sonradan o, anası ilə orada iki ev tikmiş, evin birini də hal-hazırda cavabdeh2 satmışlar. Evin tikilməsinə o, da kömək etmişdir. 2007-ci ildə ailə qurmuş, bir müddət Keşlə qəsəbəsində kirayədə yaşamış və sonradan bir neçə il yoldaşı ilə birlikdə həmin evdə yaşamışlar. Həmin torpağa dair vergi ödəyirlər. Iddiaçı ona ayrılmış torpaq sahəsini təxminən 9 il bundan əvvəl qonşuluqda yaşayan şəxsə satmış və həmin şəxs hal-hazırda orada yaşayır. Atası 1996-cı ildə vəfat etmiş, həmin vaxtı Neftçala rayonunda yaşamışlar. Atası vəfat etdikdən sonra rayonda olan torpaq sahəsini sataraq Bakı şəhərində iş üzrə mübahisə predmeti olan torpağı almışlar.

10. Məhkəmə iclasında iştirak etmiş cavabdeh cavabdeh1 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, mübahisəli evlərin torpaq sahələrini təxminən uzun müddət bundan əvvəl oğlu Mahirin nikahından əvvəl almışdır. Həmin vaxtı torpaq sahələri ucuz olmuş, təxminən 600-700 manat xərci çıxmışdır. Sonra həmin torpaq sahəsində iki ev tikmiş, evin birini də hal-hazırda cavabdeh2 satmışlar. Həmin torpaq sahəsini o, öz pulu ilə almış, orada evləri oğlunun və onun vəsaiti hesabına tikmişlər. Ilk olaraq kiçik olan, bir otaqlı ev tikdirmişlər. Həmin vaxtı Mahir subay olmuşdur. Həmin evdə qızı və iki oğlu qalmışlar. Ev tikildikdən sonra kommunal xidmətlərlə bağlı müqavilələr onun adına bağlanmışdır.

11. Əvvəlki məhkəmə iclasında cavabdeh cavabdeh2 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, mübahisəli evi o, Mahir və Cəmilə xanımdan 22000 manata almış, həmin evdə təmir işləri aparmışdır. Evi alan zaman Cəmilə xanımın kommunal xidmətlərlə bağlı borcu olmuşdur. O, “ASAN xidmət” vasitəsilə həmin evin peyk vasitəsilə çəkilişini aparmış və ünvanı dəqiqləşdirildikdən sonra o, qaz, işıq sayğacını öz adına keçirmişdir.

12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli *-**-**/*-**/**** saylı rəyinə əsasən, texniki baxış zamanı məlum olmuşdur ki, arxiv sənədlərinə əsasən torpaq sahəsi 2500.0 kv.m-dir. Sahənin qeydiyyata alındığından əvvəl 149.0 kv.m hissəsi, qeydiyyatdan keçmiş 2351.0 kv.m torpaq sahəsinin planölçüsünə əsasən isə sonradan (cavabdehlər tərəfindən) 188.09 kv.m hissəsi qonşu sahə tərəfindən hasarlanaraq istifadə edilir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə keçmiş Hövsan Tərəvəzçilik-Südçülük sovxozunda Azərbaycan Respublikası Prezidentinin ## #### 2008-ci il tarixli **** saylı müvafiq sərəncamı əsasında Bakı Şəhər Icra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Təqdim edilmiş cizgidə heç bir istinad, istinad məsafəsi qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün deyildir. Sahənin qeydiyyatı və hər hansı üst-üstə düşmə halı ilə bağlı məlumat aşkar edilməmişdir. Göstərilən torpaq sahəsi iki hissəyə bölünmüş və bölünən hissədə yaşayış evi (yeni) inşa edilmişdir. Ərazidə iddiaçının evi mövcuddur. Lakin, evlərdə başqa şəxslər yaşadığından evlərə və əraziyə daxil olmaq mümkün olmamışdır.

13. Məhkəmə tərəfindən iş üzrə mübahisə predmetinə daxil olan əmlaklara yerində baxış keçirilmiş və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən fərdi yaşayış evlərinin torpaq sahəsi təxminən 3 sotdan ibarət olması, evlərin həyətyanı sahələri daş hasarla bölünməsi, torpaq sahəsinin yuxarı hissəsində yerləşən evin təmirli olması, iki yataq otağından, bir zal, bir mətbəxdən ibarət olması və hal-hazırda cavabdeh cavabdeh3 istifadəsində olması, torpaq sahəsinin aşağı hissəsində yerləşən evin, orta təmirli olması, iki yataq otağından, bir kiçik zal, bir kiçik mətbəxdən ibarət olması və hal-hazırda cavabdehlər cavabdeh3 və cavabdeh1 istifadəsində olması müəyyən olunmuşdur.

14. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-2(003) **/**** saylı qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia tələbi təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik deyillər. Iddiaçılar iddiaçı2 ayrılmış torpaq sahəsinin cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 tərəfindən zəbt olunduğunu bildirərək iddia qaldırmışdır. Lakin, məhkəmə araşdırması zamanı həm ekspert rəyi ilə, həm də sübutları tədqiq etməklə iddiaçının torpaq sahəsinin cavabdehə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmədiyi və ümumiyyətlə mübahisəli torpaq sahəsinin və üzərində inşa edilmiş yaşayış sahələrinin mülkiyyət və sair hüquq əsasında kiməsə məxsus olması müəyyən edilməmişdir.

16. Məhkəmə iclasında, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli *-**-**/*-**/**** saylı ekspert rəyi iş üzrə digər sübutlarla yanaşı qiymətləndirilərək hesab edilmişdir ki, cavabdehlərin torpaq sahəsindən və üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmaları, iddiaçıların həmin fərdi yaşayış evinə köçürülməsi məsələsi məhz ekspert rəyi və mütəxəssis rəyi əsasında müəyyən edilməlidir. Bu səbəbdən həmin ekspert rəyi əsas götürülməli və cavabdehlərin faktiki istifadələrində olan torpaq sahəsi ilə iddiaçıya ayrılmış torpaq sahəsinin üst-üstə düşməsi müəyyən edilmədiyindən və iddiaçılar tərəfindən bu hal sübut edilə bilmədiyindən iddia ərizəsi təmin edilməməlidir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.2, 48.4, 49.1, 49.2, 50.1, 55, 65-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1, 170.2, 180, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" ** saylı, ## ###### 2003-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1-76.2-ci, 77.1, 202.1, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Iddiaçı iddiaçı2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş materiallarında iddiaçı2 torpaq sahəsi ayrılması barədə sənədin əsli olduğu və həmin sənədin arxivdən çıxarışı təqdim edildiyi halda torpağın digər cavabdehlər- cavabdeh1 aid olmasını təsdiq edən sənədin əsli və ya arxivdən çıxarış mövcud deyil və torpağın cavabdeh2 aid olması barədə, ümumiyyətlə, sənəd mövcud deyil. Məhkəmə isə bu hallara hüquqi qiymət verməyib. Həmçinin ##.##.1998ci il tarixli əmrdən çıxarışdan görünür ki, torpaq sahəsi iddiaçı2 mənzil sahəsinə olan ehtiyacı üçün verilmişdir. Eyni zamanda iddiaçı2 ayrılmış torpaq sahəsinin xəritədən cizgisi və ölçü plansxemi məhkəməyə və ekspertizaya təqdim edilmişdir. Lakin ekspertin cavabdehlər tərəfindən torpaq sahəsinə girişinə icazə verilmədiyi üçün natamam rəy vermişdir. Halbuki, məhkəmə iş üzrə əhəmiyyətə malik ekspert rəyinin alınması üçün qanunla ona verilmiş səlahiyyətdən istifadə edib ekspertin torpaq sahəsinə girişini təmin edə bilərdi. Məhkəmə öz qərarını əsaslandırarkən ##.##.2008-ci il tarixli qərarını əsas göstərmişdir. Halbuki, məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməyib. Iddiaçıların və cavabdehlərin mübahisəli torpaq sahəsində nə zamandan yaşamasını, orada yaşadıqlarını təsdiq edən digər sübutlara hüquqi qiymət verməyib.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli mülki iş üzrə ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Elşən Kazımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddianın qismən təmin edilərək, iddiaçı iddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi, cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymət verməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində də yanlışlığa yol vermişdir.

22. Kollegiya qeyd etmişdir ki, ilk növbədə işə tətbiq olunmalı mülki hüquq normasının müəyyənləşdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Belə ki, hər iki tərəf mübahisəli sahəyə olan hüquqlarının ##.##.1998-ci il tarixli əmrə söykəndiyini bildirmiş və hazırki məhkəmə mübahisəsinin predmetini də iddiaçının həmin əmrə əsasən torpaq sahəsinə köçürülmə hüququnun mövcud olub-olmaması təşkil etmişdir. Ona görə də qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırki iddia üzrə mübahisəyə köhnə Torpaq Məcəlləsinin (##.##.1992-ci ildən ##.##.2001-ci il tarixədək qüvvədə olan) müddəaları tətbiq edilməlidir və birinci instansiya məhkəməsi bu halları nəzərə almamışdır.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, həm iddiaçı, həm də cavabdehə ##.##.1998-ci il tarixli, ** saylı əmrlə konkret olaraq hansı idarə tərəfindən torpaq ayrılması müəyyən olunmasa da, Binə Bələdiyyəsinin reyestrində sırf həmin əmrlə sözügedən torpağa görə məhz iddiaçı vergi ödəyicisi kimi qeydə alınmış, cavabdehə isə Binə qəsəbəsi Hövsan südçülük sovxozu ərazisində bu və ya digər bir əmrlə hər hansı torpaq sahəsinin ayrılması barədə məlumat aşkar edilməmişdir. ##.##.2001-ci il tarixədək qüvvədə olmuş Torpaq Məcəlləsinin 41-ci maddəsinə əsasən xüsusi mülkiyyətinə, sahibliyinə, daimi və müvəqqəti istifadəsinə torpaq sahələri verilmiş vətəndaşlardan, kolxozlardan, sovxozlardan, kəndli (fermer) təsərrüfatlarından, dövlət, kooperativ, ictimai müəssisələrdən, idarələrdən, təşkilatlardan, digər dövlətlərin hüquqi şəxslərinin iştirak etdiyi birgə müəssisələrdən beynəlxalq birliklərdən və təşkilatlardan, xarici hüquqi və fiziki şəxslərdən torpaq vergisi tutulur. Qeyd edilən maddənin də tələblərindən göründüyü kimi torpaq vergisi tutulan şəxslərin dairəsi dəqiq müəyyən edilmiş və bunun üçün vətəndaşın xüsusi mülkiyyətinə, sahibliyinə, yaxud daimi və müvəqqəti istifadəsinə torpaq sahələri verilmiş olmalıdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı mübahisəli torpaq sahəsi üçün vergi ödəyicisi kimi qeydə alınarkən buna hüququnun çatıb-çatmaması artıq yoxlanmışdır.

24. Həmçinin Azərbaycan Respublikasının Milli Arxiv Idarəsinin Abşeron rayon dövlət arxivi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli məktubdan görünür ki, müraciətin icrası ilə əlaqədar Abşeron rayon dövlət arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon Hövsan südçülük sovxozu üzrə verilmiş ##.##.1998-ci il tarixli ** saylı əmrində iddiaçı2 adına olan arxiv arayışı təqdim edilmiş, lakin cavabdeh1 adı sözügedən əmrdə aşkar edilməmişdir. Bundan əlavə iş materiallarında olan Xəzər Rayon Icra Hakimiyyəti başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli məktubdan görünür ki, mübahisəli torpaq sahəsinə baxış keçirilmiş və torpaq sahəsinin 300 m2 olması məlum olmuşdur. Sözügedən torpaq sahəsinin və orada inşa edilmiş fərdi yaşayış evinin iddiaçı2 aid olub-olmamasını müəyyənləşdirmək məqsədilə qonşuluqda yaşayan sakinlərlə əlaqə saxlanılmış, həmin torpaq sahəsinin və oradakı fərdi yaşayış evinin iddiaçı2 məxsus olduğunu bildirmişlər. O cümlədən iş materiallarından da görünür ki, həmin qonşulardan bəziləri sözügedən ifadələrini notarial qaydada da ərizə formasında təqdim etmişlər.

25. O cümlədən iş materiallarından görünür ki, mübahisəli torpaq sahəsində inşa edilən fərdi yaşayış evi ilə bağlı bütün kommunal xidmətlər üzrə müqavilələr iddiaçı ilə bağlanmış, hələ 2012-ci ildə “xxxx“ ASC ilə iddiaçı arasında kommunal xidmətin təchizatı ilə bağlı müəyyən yazışmalar aparılmışdır.

26. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli *-**-**/*-**/**** saylı rəyinin natamam olması səbəbindən apelyasiya baxışı zamanı yenidən ekspertiza təyin olunmuş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** saylı rəydə göstərilmişdir ki, Abşeron rayon Hövsan südçülük sovxozu üzrə verilmiş ##.##.1998-ci il tarixli ** saylı əmri ilə iddiaçı2 ayrılmış 0,03 ha torpaq sahəsi Abşeron rayon Hövsan südçülük sovxozunun ərazisinə aiddir və koordinatlar təqdim edilmişdir. Abşeron rayon Hövsan südçülük sovxozu üzrə verilmiş ##.##.1998-ci il tarixli ** saylı əmri ilə iddiaçı2 ayrılmış 0,03 ha torpaq sahəsi tərtib edilmiş sxemə əsasən cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 istifadələrində olan torpaq sahəsi ilə üst-üstə düşür.

27. Kollegiya qeyd etmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi uzun müddət, yəni cavabdehlər tərəfindən məhrumetmə baş tutmadan əvvəl iddiaçının istifadəsində olmuş və bunun əsasında müəyyən köklərə malik olan əmr çıxış etmiş, cavabdehlərin hazırda məskunlaşdığı torpaq sahəsi də məhz iddiaçıya ayrılmış torpaqla üst-üstə düşmüşdür. Cavabdehlər öz mülahizələrində cavabdeh1 ayrılmış torpaq sahəsində sonradan 2 ev tikildiyini və onlardan birinin cavabdeh2 satıldığını, sonuncu isə orada yenidənqurma işləri apardığını bildirmişdir. Lakin iş materiallarında olan “xxxx” MMC tərəfindən verilən ##.##.2024-cü il tarixli mütəxəssis rəyi və ona əlavə edilmiş “torpaq sahəsinin yerləşmə cizgiləri”ndən görünür ki, naturada təqdim olunmuş torpaq sahəsi Abşeron rayon Hövsan südçülük sovxozunun Bakıya qaytarılmış ərazisində yerləşir, sahəsi 0,03 ha-dır. Dövlət mülkiyyəti olmaqla yaşayış məntəqələrinin torpaqlarına aiddir. Həmin sovxozun ##.##.1998-ci il tarixli, ** saylı əmr ilə iddiaçı2 ayrılmış torpaq sahəsinə dair tərtib olunmuş sxemdə göstərilən sahəyə uyğundur. Sözügedən torpaq sahəsində 2011-ci ildə fərdi yaşayış evinin inşasına başlanmış və 2013-cü ildə tikinti işləri başa çatmışdır. Ortofoto görüntülərində 2014-cü ildə isə həmin torpaq sahəsində digər fərdi evin tikildiyi müşahidə olunur. Göründüyü kimi cavabdeh cavabdeh1 hər iki evin onun tərəfindən inşa olunduğunu bildirsə də, mübahisəli ev iddiaçı2 ayrılmış torpaq sahəsinə dair tərtib olunmuş sxemlə üst-üstə düşməklə onun inşası vaxtı artıq ev üzrə kommunal xidmətlər iddiaçının adına qeydə alınmış və evin faktiki sahibi kimi yazışmalar da onunla aparılmışdır. Bundan əlavə işin apelyasiya baxışı zamanı eyni tarixli, eyni saylı və iddiaçı2 adına ayrılmış torpaq sahəsinin ölçüsünün 0.06 ha göstərildiyi digər bir əmrdən çıxarış da aşkar olunmuş və cavabdeh cavabdeh1 həmin çıxarışa istinad edərək iddiaçıya və özünə ayrılmış torpaqların fərqli sahələrə aid olduğunu bildirmişdir. Göstərilən mövqeyə münasibətdə kollegiya qeyd edir ki, hər nə qədər belə bir sənəd təqdim olunsa da, hər bir halda cavabdehə torpağın ayrılması barədə əmrin kökündə hər hansı digər əsasların olduğu müəyyən edilməmiş, iddiaçının isə hazırda mübahisəli evin təkindəki torpaq sahəsinə dair hüquqlarını təsdiq edən dəlillər mövcud olmuş, o cümlədən yuxarıda qeyd edilən ekspert və mütəxəssis rəylərinə əsasən cavabdehlərin hazırda məskunlaşdıqları evin plan-sxemə əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları daxilində olması öz təsdiqini tapmışdır. Buna görə də cavabdehin mülahizələrinin hər hansı əsası müəyyən edilməmişdir. Beləliklə, qeyd edilən sübutların tədqiqi onu deməyə əsas verir ki, mübahisəli torpaq sahəsində inşa edilmiş və iddiaçının istifadəsində olmuş fərdi yaşayış evinin cavabdehlər tərəfindən zəbt edilməsinin hər hansı qanuni əsası mövcud olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi iddiaçı iddiaçı2 münasibətdə əsaslı olduğundan təmin edilməlidir. Digər iddiaçıya münasibətdə isə kollegiya qeyd edir ki, iddianın hər iki iddiaçıya münasibətdə rədd edilməsi barədə qətnamə iddiaçı iddiaçı1 tərəfindən mübahisələndirilmədiyindən, o cümlədən hazırda iddianın iddiaçı2 münasibətdə təmin olunması və onun evə köçürülməsi, digər şəxslərin isə evdən çıxarılması özündə sonuncunun ailə üzvlərini və ya istədiyi şəxsi ora köçürmək imkanını ehtiva etdiyindən, iddianın iddiaçı1 münasibətdə baxılması məqsədəmüvafiq hesab edilmir.

28. Məhkəmə öz mövqeyini Azərbaycan Rеspublikası Kоnstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.8-ci maddələrinə, ##.##.1992-ci ildən ##.##.2001-ci il tarixədək qüvvədə olan keçmiş Torpaq Məcəlləsinin 23, 24, 26, 29, 41, 57, 72, 74-cü maddələrinə, Azərbaycan Respublikasının qüvvədə olan Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh cavabdeh1 qızı kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi və iddiaçı iddiaçı2 iddiasının təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayətində ‘‘Torpaq Islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək Qanuna zidd olmayan hissədə tətbiq edilir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən hallar iş materialları və mövcud sübutlarla tam təsdiq olunur. Iddiaçı tərəfin təqdim etdiyi etiraz isə işin faktiki hallarını təhrif etməklə məhkəmədə yanlış hüquqi qənaət formalaşdırmağa yönəlmişdir. Etirazın əsassız olması və mülahizələrə əsaslanması aşağıda qeyd olunan xüsusatlarla tam təsdiq olunur: 1. Torpaq sahəsinin ayrılması ilə bağlı sübutların ziddiyyətli və natamam qiymətləndirilməsi: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası ##.##.1998-ci il tarixli ** saylı əmrə əsaslanaraq iddiaçı iddiaçı2 torpaq sahəsi ayrılması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyasının istinad etmiş olduğu sənəd Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2024- cü il tarixli məktub olmuşdur. Lakin, nəzərə alınmamışdır ki, verilən həmin arxiv arayışında iddiaçı2 0.12 ha torpaq sahəsinin ayrılması göstərilmişdir. Halbuki, iş materiallarında həmin əmrdən təqdim olunmuş çıxarışlar arasında açıq ziddiyyət mövcuddur. Belə ki, iş materiallarına əlavə olunmuş eyni təşkilat tərəfindən, eyni saylı və eyni tarixli, yəni Abşeron rayon Hövsan Südçülük sovxozu üzrə ##.##.1998-ci il tarixli 28 №~li Əmrlə eyni şəxsə, yəni iddiaçı iddiaçı2 verilmiş çıxarışlarda 0,03 ha (i.v.64), 0,06 ha (i.v.40) və 0,12 ha (i.v.35; 39) torpaq sahələrinin ayrılması göstərilmişdir. Həmin ziddiyyətin araşdırılması məqsədilə Abşeron Rayon Dövlət Arxivinin ##.##.1998-ci il tarixli ** №-li əmrlə torpaq sahəsi almış şəxslərin ümumi siyahısının verilməsi barədə kassator tərəfindən sorğu məktubu göndərilmişdir. Abşeron Rayon Dövlət Arxivindən daxil olmuş ##.##.2025-ci il tarixli *-**-*RA/*-****/** saylı cavab məktubunda sənədlərin mühafizə edildiyi, ona görə də adlı siyahıların təqdim edilməsinin mümkün olmaması göstərilmişdir. Təkrar olaraq Abşeron RIH-nin ##.##.1998-ci il tarixli ** №-li məktubu və Islahat komissiyasının ##.##.1997-ci il tarixli ** №-li protokoluna əsasən iddiaçı2 0,03 ha, 0.06 ha torpaq sahəsi ayrılıb-ayrılmaması barədə kassator tərəfindən sorğu məktubu göndərilmişdir. Abşeron Rayon Dövlət Arxivindən daxil olmuş ##.##.2025- ci il tarixli 3-48-1RA/2-1357/25 say məktubda arxiv əsaslarında iddiaçı iddiaçı2 adına 0,03 ha, 0.06 ha torpaq sahəsi ayrılması barədə arxiv arayışında mövcud olmaması göstərilmişdir. Arxiv arayışında ona 0.12 ha torpaq sahəsinin ayrılmasına dair qeyd olduğu göstərilmişdir. Göründüyü kimi, mübahisə predmeti konkret olaraq 0,03 ha torpaq sahəsi ilə bağlı olmuşdur. Lakin, məhkəmə kollegiyası iddiaçının tələb etdiyi torpaq sahəsinin konkret ölçüsünü və yerləşdiyi ərazini müəyyən etmədən və eyni təşkilat tərəfindən təsdiq edilmiş eyni saylı, eyni tarixli əmrlə eyni bir şəxsə 0,03 ha, 0,06 ha və 0,12 ha torpaq sahəsinin ayrılmasının həqiqətə uyğun olmamasına əhəmiyyət verməmiş, həmin möhürlərin saxtalığının yoxlanılmasını təmin etməmiş, ziddiyyətləri aradan qaldırmamışdır. Yalnız qətnamənin təsviri hissəsində iddiaçı2 0.03 ha torpaq sahəsinin ayrılması barədə əmrdən çıxarışın olması ötəri şəkildə qeyd edilsə də lakin həmin çıxarışın arxivdə mövcud olub-olmamasına ümumiyyətlə toxunulmamış, yalnız Abşeron rayon X1 üzrə verilmiş ##.##.1998-ci il tarixli ** saylı əmrində iddiaçı2 adına olan arxiv arayışının mövcud olmasını qeyd etməklə kifayətlənmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" ** saylı, ## ###### 2003-cü il tarixli qərarına əsasən “Torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, müvafiq olaraq buna müdafiə tədbirləri seçilməlidir. Işlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Kommunal xidmətlərə dair sübutların iş üzrə əhəmiyyətinə düzgün hüquqi qiymət verilməməsi: Məhkəmə kollegiyası iddiaçının kommunal xidmətlərlə bağlı sənədlərinə istinad etmişdir. Lakin iş materiallarından görünür ki, “xxxx” ASC-nin ##.##.2012-ci il tarixli məktubu iddiaçının Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evi ilə bağlıdır və mübahisəli torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Belə ki, iddiaçı2 ##.##.2024-cü il tarixdə məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 2012-ci ildə o, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən mübahisəli torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinə işıq, qaz çəkdirmişdir (i.v.56). Həmçinin, iddiaçı2 fərdi yaşayış evinin elektrik təchizatı haqqında etmiş olduğu müraciətinə əsasən “xxxx” ASC-nin ##.##.2012-ci il tarixli TSH-**/**** saylı məktubundan görünür ki, iddiaçı2nm müraciəti Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən hər hansı bir fərdi evə deyil, Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evinin elektrik təchizatı ilə bağlı olmuşdur (i.v.151). Eyni zamanda, iş materiallarında mövcud olan rəsmi sənədlərlə müəyyən edilir ki, mübahisəli ünvanda elektrik sayğacları cavabdeh1 və cavabdeh2 adma quraşdırılmışdır. Bu fakt iddiaçının mübahisəli torpaq sahəsi üzərində faktiki istifadəsinin və mülkiyyət əlaqəsinin olmadığını təsdiq edir. Bundan başqa, mülki iş materiallarına əlavə olunmuş Xəzər RET və Satışı Idarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli **-a/*** saylı məktubdan görünür ki, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində cavabdeh1 adına “xxxx” ASC-də ##.##.2023-cü il tarixdə ******** nömrəli M2199985 dövlət möhürlü elektrik sayğacı quraşdırılmış və ##.##.2023-cü il tarixində isə *************** saylı abunə kodu açılmışdır (i.v.32). Xəzər RET və Satışı Idarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli **-a/*** saylı məktubdan isə görünür ki, həmin həyətdə yerləşən fərdi yaşayış evində cavabdeh2 adına “xxxx” ASC-də ##.##.2023-cü il tarixdə ******** nömrəli M2162406 dövlət möhürlü elektrik sayğacı quraşdırılmış və ##.##.2023-cü il tarixində isə *************** saylı abunə kodu açılmışdır (i.v.31). Həmin sayğaclar evin bir hissəsinin cavabdeh2 satılmasından sonra yenilənmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” ******* №-li protokoldan görünür ki, iddiaçı2 adına ******** №-li, dövlət möhürü ****** №-li sayğac quraşdırılmışdır. Məhkəmə kollegiyası müxtəlif şəxslərin adma bir neçə dövlət möhürlü sayğacın, fərqli abonent kodları, müxtəlif “mənzil nömrələri”, fərqli qoşulma tarixlərinin mövcud olmasını nəzərə almamışdır. Həm də məhkəmə bir evə bir neçə müstəqil elektrik abonent xəttinin açılmasının, əgər yeni abonent əvvəlki xətt ayrılmadan açılıbsa bunun hər hansı əsasla həyata keçirilməsinin yoxlanılmasını təmin etməmişdir. Yerli icra nümayəndəliyinin məktubu və şahid ifadələrinin qeyri-müəyyən və etibarsız olması: Məhkəmə kollegiyasının sübut kimi istinad etdiyi digər hallardan biri Xəzər RIH Başçısının Binə Qəsəbə IƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2023- cü il tarixli məktub və qonşular tərəfindən təqdim edilmiş ərizələr olmuşdur. Lakin IƏD üzrə nümayəndəlik tərəfindən konkret olaraq hansı ünvana, cavabdeh1 yaşadığı ünvana, yaxud da iddiaçı2nm yaşadığı ünvana baxış keçirilməsinin müəyyən edilməsi məhkəmə kollegiyası tərəfindən təmin edilməmişdir. Ola bilsin ki, həmin iki qonşu, yəni Quliyev Ixtiyar və Hacıbutayev Ramik hansısa ünvanda iddiaçı2 ilə qonşuluqda yaşamış olsunlar. Lakin bu onların cavabdeh1 yaşadığı ünvanda yaşaması anlamına gəlməsi üçün əsas hesab edilə bilməz. Çünki, istər nümayəndəlik tərəfindən, istərsə də məhkəmə kollegiyası tərəfindən həmin şəxslərin özlərinin harada, o cümlədən, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunun konkret olaraq hansı ərazisində, hansı massivində yaşamaları müəyyən edilməmiş, ərizə yazan şəxslərin həmin ərazi ilə faktiki bağlılığı dəqiqləşdirilməmişdir. Digər tərəfdən, hazırda iş materiallarına əlavə edilmiş cavabdeh cavabdeh1 çoxsaylı qonşuları tərəfindən yazılmış izahatları və tərtib olunmuş aktlar əksini sübut edir. Həmin sübutlara əsasən mübahisəli 0,03 ha torpaq sahəsinin cavabdeh1 tərəfindən əldə edildiyi, torpaq sahəsində aparılmış tikinti işləri onun və ailə üzvlərinin vəsaiti və şəxsi iştirakı ilə inşa edildiyi, iddiaçı iddiaçı2 həmin torpaq sahəsi və tikililərlə heç bir hüquqi və faktiki əlaqəsinin olmaması müəyyən edilir. Bundan başqa, “ASAN” xidmətə təqdim edilmək üçün Bakı şəhər Xəzər RIH Başçısının Binə Qəsəbə IƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 23.12,2022-ci il tarixli **** saylı arayışdan görünür ki, cavabdeh1 həqiqətən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Sovxoz Südçülük sahəsində qeydiyyatsız yaşayır. Eyni zamanda həmin nümayəndəlik tərəfindən cavabdeh1 adına ayrılmış torpaq sahəsinin xəritədən cizgisi və ölçü plan sxemi verilmişdir. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, Abşeron Rayon Dövlət Arxivində aşkar edilmiş Abşeron rayon Hövsan südçülük sovxozunun ** saylı ##.##.1998-ci il tarixli əmrdən çıxarışa əsasən iddiaçı iddiaçı2 fərdi ev tikmək üçün ayrılmış torpaq sahəsi Abşeron rayonu Hövsan südçülük sovxozunun ərazisinə aid edilsə də, həmin torpaq sahəsi Binə qəsəbəsi hüdudlarında deyil, Buzovna qəsəbəsi hüdudlarında yerləşməklə cavabdeh1 ayrılmış 0.03 ha torpaq sahəsinə heç bir aidiyyəti olmamışdır.

31. Kassasiya şikayətində MPM-nin 14.2, 77.1, 88, 372.1, 372.2, 417.1.5-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, məhkəmə kollegiyası tərəfindən bu müddəaların tələbləri pozulmamış olsa idi, qanuni əsaslarla cavabdeh-kassatora ayrılmış torpaq sahəsində öz şəxsi vəsaiti hesabına inşa etdirdiyi və uzun müddət özünün və ailə üzvlərinin istifadəsində və faktiki mülkiyyətində olan evi barədə iddiaçının tələbi təmin edilməməli idi. Apellyasiya instansiyası məhkəməsi mülki iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılmasını təmin etməmişdir, iddiaçının tələbini əsaslandırdığı dəlillərin qanunvericiliyin tələblərinə uyğun olmasını yoxlamamışdır, obyektiv həqiqəti özündə əks etdirməyən iddiaçının dəlillərinə istinad etməklə iş üzrə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası işə iddiaçının mövqeyi baxımından baxmaqla beş-on dəqiqəyə-çəkişmə prinsipini pozaraq və mümkünlük iclasını məhkəmə baxışına çevirməklə, iddiaçı tərəfindən təqdim edilmiş müxtəlif arayışlara istinad etməklə işə tez-tələsik nəticə vermişdir. Halbuki, həmin arayışların heç biri iddianın təmin edilməsi üçün əsaslı sayıla bilməz. Mülki iş materiallarından görünür ki, iddiaçı qeyd edilən tələblə ##.##.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin məhkəməyə müraciət edənə qədər müəyyən müddət ərzində müvafiq sənədləri toplamaqla məşğul olmuşdur. Belə olduğu təqdirdə onun apellyasiya instansiyası məhkəməsinə təqdim etmiş olduğu sənədləri birinci instansiya məhkəməsində təqdim etməsi üçün kifayət qədər vaxtı olduğu halda təqdim etməmiş, apellyasiya instansiyası məhkəməsi isə bunu nəzərə almamışdır. Lakin, məhkəmə kollegiyasının istinad etmiş olduğu və iddiaçının xeyrinə sübut kimi qəbul etdiyi sənədlər iddiaçı və onun vəkili və nümayəndəsi tərəfindən apellyasiya instansiyası məhkəməsində təqdim edilmiş sənədlər olmuşdur. Bu isə MPM-nin 372.2-ci maddəsinin tələblərinə ziddir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Rеspublikası Kоnstitusiyası.

33. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

34. Maddə 29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə. 152.1. Mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

36. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

37. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

##.##.1992-ci ildən ##.##.2001-ci il tarixədək qüvvədə olmuş Torpaq Məcəlləsi

38. Maddə 13. Kolxozların, sovxozların....torpaqları onların kollektivlərinin ümumi yığıncağının müvafiq rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən təsdiq edilən qərarı üzrə bu kollektivin üzvlərinin kollektiv birgə və ya kollektiv paylı mülkiyyətinə verilə bilər.

39. Maddə 23. Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu torpağayırma qaydasında həyata keçirilir.

40. Maddə 29. Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir.

41. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən həmin hissədə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.

47. Apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə müvafiq qiymətləndirilməklə Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin iddiaçı iddiaçı2 qanuni əsaslarla istifadəsində olduğu, üzərindəki fərdi yaşayış evinin iddiaçı tərəfindən inşa edildiyi, cavabdehlərin hazırda qeyd edilən əmlaka sahibliyinin qanunsuz olduğu müəyyən edildiyindən iddiaçı2 iddia tələbləri təmin edilmişdir.

48. Kassasiya şikayətində qeyd edilmiş dəlillərə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir. Kollegiya apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq təkrar edilməsini zəruri hesab etmir.

49. Kollegiya apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutların qəbul edilməsinin prosessual pozuntu olduğuna dair şikayətin dəlili ilə bağlı qeyd edir ki, MPM-nin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Işdən görünür ki, iddiaçının torpaq sahəsi üzərində hüquqları ilə bağlı birinci instansiyası məhkəməsinə təqdim etdiyi sübutlar məhkəmə tərəfindən mötəbər hesab edilmədiyindən iddiaçının vəkili artıq təqdim etdiyi sübutların mötəbərliyini sübut etmək üçün yeni sübutlar toplamışdır. Belə olan halda həmin sübutların apellyasiya mərhələsində qəbul edilməsi üçün MPM-nin 372.2-ci maddəsində nəzərdə tutulmuş qanuni əsasın mövcud olduğu müəyyən olunur.

50. Kassasiya şikayətinin sübutlara və işin faktiki hallarına düzgün qiymət verilməməsi barədə dəlilləri isə kassasiya baxışının predmeti olmadığından həmin dəlillər üzrə araşdırma aparılmır.

51. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməklə qəbul edilmiş, qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

52. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

53. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2025-ci il tarixli 2(103)- ***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar