Məhkəmə qərarları › İş №2(1-8)-1074/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1074/2026

15.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1074/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2nə, cavabdeh1, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyətinə və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiasına dair iş üzrə QƏRARİ Açar sözlər: (iş üzrə icraata xitam verilməsi, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2nə, cavabdeh1, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyətinə və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqavilələri üzrə öhdəliklərin tam şəkildə icra edilmiş hesab edilməsi, icra qeydinin ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)- ****/**** nömrəli iş üzrə ## #### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. cavabdeh2ndə təsdiq edilmiş ##.##.2022-ci il tarixli 3M970 reyestr saylı kredit müqaviləsinə əsasən, İddiaçı cavabdeh1 ##.##.2024-cü il tarixədək qaytarmaq şərti ilə faizsiz olaraq 45.000 manat borc almışdır.

2. cavabdeh2ndə təsdiq edilmiş ##.##.2022-ci il tarixli 3M1670 reyestr saylı kredit müqaviləsinə əsasən, İddiaçı cavabdeh1 ##.##.2024-cü il tarixədək qaytarmaq şərti ilə faizsiz olaraq 10.000 manat borc almışdır.

3. ##.##.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdeh1 İddiaçı müraciət edərək, aralarında bağlanmış ##.##.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 45.000 manat borcun qaytarılmasını xahiş etmiş, əks təqdirdə notariat orqanına icra qeydinin verilməsi üçün müraciət olunacağı barədə xəbərdar edilmişdir.

4. ##.##.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdeh1 İddiaçı müraciət edərək, aralarında bağlanmış ##.##.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 10.000 manat borcun qaytarılmasını xahiş etmiş, əks təqdirdə notariat orqanına icra qeydinin verilməsi üçün müraciət olunacağı barədə xəbərdar edilmişdir.

5. ##.##.2024-cü il tarixli 8I-18572 reyestr saylı icra qeydindən görünür ki, cavabdeh2 tərəfindən tələbkarın müraciətinə əsasən tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli 3M- 970 reyestr saylı kredit müqaviləsinə istinad olunmaqla İddiaçı 45.000 manat pul vəsaitinin cavabdeh1 xeyrinə tutulması barədə icra qeydi verilmişdir.

6. Bakı şəhəri Nizami rayon Icra şöbəsinin böyük icra məmuru Zaur Həmzəyevin ## ###### 2024-cü il tarixli qərarına əsasən, cavabdeh2 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli 8I-18572 reyestr saylı icra qeydi icraata qəbul edilmiş, icra sənədi üzrə icraata başlanılmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

7. Iddiaçı İddiaçı cavabdeh cavabdeh2nə qarşı (cavabdeh1 maraqlı şəxs qismində cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh2 tərəfindən aparılmış ##.##.2024-cü il tarixli 8I18572 reyestr saylı icra qeydinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Sonradan, iddiaçı İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh2ndə təsdiq edilmiş ##.##.2022-ci il tarixli və ##.##.2022-ci il tarixli kredit müqavilələri üzrə öhdəliklərin onun tərəfindən tam şəkildə icra edilmiş hesab olunması, cavabdeh2 tərəfindən aparılmış ##.##.2024-cü il tarixli 8I-18572 reyestr saylı icra qeydinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-2(006)- ****/**** nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia təmin edilməmişdir

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## #### 2026-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), V.Sadıqov, Rəşid Səmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-2(006)- ****/**** nömrəli qətnaməsi iddia tələbinin təmin edilməyən - icra qeydinin ləğv olunması hissəsində dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməsi qət edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## #### 2026-ci il tarixli qərardadı ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), V.Sadıqov, Rəşid Səmədov) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-2(006)- ****/**** nömrəli qətnaməsinin iddiaçı İddiaçı cavabdehlər cavabdeh2nə, cavabdeh1, “xxxx” MMC-yə, “xxxx” MMC-yə, “xxxx” MMC-yə, cavabdeh4 MMC-yə və “xxxx” MMCyə qarşı “kredit müqavilələri üzrə öhdəliklərin tam şəkildə icra edilmiş hesab edilməsi” hissəsində ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırda iddiaçı iddia tələbində qeyd etmişdir ki, cavabdeh2 tərəfindən aparılmış icra qeydində istinad edilən kredit müqaviləsinə əsasən borc aldığı məbləği cavabdehlərə görülən iş müqabilində qeyri-rəsmi aldığı əmək haqqından hissə-hissə çıxılmış, onun faktiki olaraq borcu qalmamışdır.

13. Birinci instansiya məhkəməsi iddia tələbinin-iddiaçının ##.##.2022-ci il tarixli və ##.##.2022-ci il tarixli kredit müqavilələri üzrə öhdəliklərin onun tərəfindən tam şəkildə icra edilmiş hesab olunması hissəsinə münasibətdə qeyd etmişdir ki, nə iddiaçının təqdim etdiyi sənədlər, nə tərəflər arasında olan yazışmalar və səsli mesajlardan təkzibedilməz, aşkar surətdə müəyyən etmək mümkün olmur ki, iddiaçının aldığı borc məbləği gördüyü iş həcminə görə ona ödənilməli puldan çıxılıb.

14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən nəticəsi ilə razılaşmamışdır.

15. Belə ki, iddia tələbinin qeyd edilən hissəsində iddiaçı iddianın əsasını kredit müqavilələri üzrə öhdəliyinin qalmamasına, kredit müqavilələri üzrə borc verən kredit müqavilələri üzrə borc alan kimi ondan 45.000 və 10.000 manatı tələb edə bilməməsinə istinad etmişdir.

16. Iş materiallarından və kollegiyanın iclasında müəyyən olundu ki, iddiaçı tərəfindən müəyyən məbləğdə ödənişlər həyata keçirilmiş və bu barədə kredit müqaviləsini təsdiq edən notariat orqanına müvafiq qaydada məlumat verməmişdir. Halbuki, o iddiasında icra qeydində istinad edilən kredit müqaviləsinə əsasən borc aldığı məbləği cavabdehlərə görülən iş müqabilində qeyri-rəsmi aldığı əmək haqqından hissə-hissə çıxılmasını göstərməklə faktiki olaraq borcu qalmamasına istinad etmişdir. Eləcə də notariat orqanından icra qeydi ilə bağlı əvvəlcədən aldığı bildirişə əhəmiyyət verməmiş, onu mübahisələndirməmişdir.

17. Göründüyü kimi iddiaçı hazırda icra qeydinin verilməsinə əsas olan borcla bağlı ödənişlərlə əlaqədar bu barədə ilk öncə icra məmuruna məlumat verməli, icra şöbəsi icra hərəkətləri zamanı həmin ödənişləri diqqətə almadığı halda onun hərəkətlərinin qanuniliyini mübahisələndirməlidir.

18. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının icra qeydinin ləğvi ilə yanaşı verdiyi “kredit müqavilələri üzrə öhdəliklərin tam şəkildə icra edilmiş hesab edilməsi” barədə tələbi məhkəmədə baxılmalı deyil və həmin hissədə icraata xitam verilməlidir.

19. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbinin “kredit müqavilələri üzrə öhdəliklərin tam şəkildə icra edilmiş hesab edilməsi” hissəsində məhkəmədə baxılmalı olmaması əsası ilə xitam vermək əvəzinə mahiyyəti üzrə qiymət vermişdir.

20. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, qətnamə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2nə, cavabdeh1, “xxxx” MMC-yə, “xxxx” MMC-yə, “xxxx” MMC-yə, cavabdeh4 MMC-yə və “xxxx” MMC-yə qarşı “kredit müqavilələri üzrə öhdəliklərin tam şəkildə icra edilmiş hesab edilməsi” hissəsində ləğv edilməklə həmin hissədə mülki işin icraatına xitam verilməlidir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının MPM-in 261.0.1, 384.0.5 və 387.2.8-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli, 2(103)- ****/**** saylı qərardadının ləğv edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı, “Icra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.1.-ci maddələrinə maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və II hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 4 1 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## ### 2025-ci il tarixli qərarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, kredit müqavilələri üzrə öhdəliklər qarşılıqlı əvəzləşdirmə yolu ilə icra edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliklərin qarşılıqlı əvəzləşdirmə yolu ilə xitamı hüquqi baxımdan tam qanuni icra formasıdır və ayrıca ödəniş sənədi ilə rəsmiləşdirilməsi zəruri şərt deyildir. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən icra qeydi yalnız mübahisəsiz borc üzrə aparıla bilər. Iş üzrə təqdim edilmiş sübutlar borcun məhz mübahisəli olduğunu açıq şəkildə göstərdiyi halda, notarius tərəfindən icra qeydinin aparılması qanunvericiliyin birbaşa tələbinə ziddir. Bu halda mübahisənin həlli yeganə olaraq məhkəmənin səlahiyyətinə aiddir. Məhkəmə isə əksinə, mübahisənin mövcudluğunu nəzərə almadan və mübahisəni mahiyyəti üzrə araşdırmadan iddianın bir hissəsi üzrə icraata xitam verməklə iddiaçının məhkəmə müdafiəsi hüququnu əsassız şəkildə məhdudlaşdırmışdır.

24. Məhkəmənin istinad etdiyi “bildiriş”inməqsədi və hüquqi statusu yalnız prosessual xəbərdarlıq mexanizmidir, borcun mübahisəsizliyini sübut etmir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsi və “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” AR NK-nın ## ######## 2000-ci il tarixli, *** №-li qərarı ilə müəyyən edir ki, icra qeydi yalnız borcun mübahisəsiz olduğunu təsdiq edən sənədlər əsasında aparılır.

25. Tələbkar icra qeydinin aparılması üçün notariata müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya bildiriş göndərməlidir (“borcun icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə”). Bu bildiriş yalnız prosessual xəbərdarlıq xarakteri daşıyır – borcun mövcudluğunu, ödənilmədiyini və ya mübahisəsiz olduğunu sübut etmir. Bildirişə cavab verilməməsi və ya etiraz edilməməsi avtomatik olaraq borcun mübahisəsizliyini yaratmır. Bu, yalnız tələbkarın prosessual öhdəliyinin yerinə yetirilməsini təsdiqləyir, lakin borcun mahiyyəti üzrə mübahisənin mövcudluğunu aradan qaldırmır. Borc mübahisəli qaldıqca (iddiaçının sübut etdiyi kimi – qarşılıqlı əvəzləşdirmə yolu ilə icra olunub), bildirişin göndərilməsi icra qeydinin qanuniliyini və borcun mübahisəsiz olduğunu təmin etmir. Apellyasiya məhkəməsinin iddiaçının “borcun ödənilmiş hesab edilməsi” tələbinə mahiyyəti üzrə baxmadan icraata xitam verməsi hüquqi müəyyənlik, vicdanlılıq və məhkəmə müdafiəsi prinsiplərinə ziddir. Iş üzrə təqdim edilmiş sübutlar borcun mübahisəli olduğunu açıq şəkildə göstərdiyi halda, məhkəmə yalnız prosessual bildirişə və icra məmuruna yönləndirməyə istinad edərək işin xitamını qərara almışdır ki, bu da Mülki-Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin düzgün tətbiq edilməməsi deməkdir və mübahisəli məsələlərin yalnız məhkəmə qaydasında həll edilə biləcəyi prinsipini pozur.

26. “Icra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmənin gəldiyi yanlış nəticə: “...Göründüyü kimi iddiaçı hazırda icra qeydinin verilməsinə əsas olan borcla bağlı ödənişlərlə əlaqədar bu barədə ilk öncə icra məmuruna məlumat verməli, icra şöbəsi icra hərəkətləri zamanı həmin ödənişləri diqqətə almadığı halda onun hərəkətlərinin qanuniliyini mübahisələndirməlidir...”

27. Apellyasiya məhkəməsinin iddiaçının əvvəlcə icra məmuruna müraciət etməli olduğu barədə mövqeyi tamamilə hüquqi əsassızdır və Azərbaycan Respublikasının “Icra haqqında” Qanununun 2.1-ci maddəsi ilə ziddiyyət təşkil edir. Borcun ödənilməsi və qarşılıqlı əvəzləşdirmə yolu ilə icrası kimi mübahisəli məsələlər yalnız məhkəmə qaydasında həll edilə bilər; məhkəmənin icra məmurunun səlahiyyətinə aid olmayan məsələni yönləndirməsi məhkəmə müdafiəsi və vicdanlılıq prinsiplərinin pozulmasına səbəb olur.

28. Məhkəmə qətnamədə yanlış və formal olaraq qeyd etmişdir ki, “... Göründüyü kimi iddiaçı hazırda icra qeydinin verilməsinə əsas olan borcla bağlı ödənişlərlə əlaqədar bu barədə ilk öncə icra məmuruna məlumat verməli, icra şöbəsi icra hərəkətləri zamanı həmin ödənişləri diqqətə almadığı halda onun hərəkətlərinin qanuniliyini mübahisələndirməlidir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının icra qeydinin ləğvi ilə yanaşı verdiyi “kredit müqavilələri üzrə öhdəliklərin tam şəkildə icra edilmiş hesab edilməsi” barədə tələbi məhkəmədə baxılmalı deyil və həmin hissədə icraata xitam verilməlidir..»

29. Hüquqi müəyyənlik prinsipi pozulur Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayətiüzrə ## ###### 2011-ci il tarixli Qərarı). Bu baxımdan “borcun ödənilmiş hesab edilməsi” tələbinə mahiyyəti üzrə qiymət vermədən mülki işin icraatına xitam verilməsi qanuni və əsaslı hesab oluna bilməz. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, bu və ya digər formada borcun əvəzləşdirilməsi, borcdan çıxılan məbləğlərlə bağlı mübahisə mövcuddursa, bu onu deməyə əsas verir ki, məsələ mütləq qaydada məhkəmə qaydasında həll olunmalıdır.

30. Iş materiallarından görünür ki, borc icra qeydi verilməzdən xeyli əvvəl ödənilmişdir Tələbkar bu faktı bilə-bilə icra qeydinin aparılması üçün notariusa müraciət etmişdir. Bu halda tələbkarın öz tələbini (borcun ödənildiyini bildiyi halda) icra qeydi istiqamətində yönəltməsi hüququn sui-istifadəsidir. Bu hal isə nəinki icraata xitam verilməsini, mübahisənin mütləq olaraq məhkəmə qaydasında mahiyyəti üzrə araşdırılmasını tələb edir, çünki borcun əvvəlcədən tam ödənilməsi faktı (əvəzləşdirmə) icra qeydinin verilməsi üçün əsas olan “mübahisəsiz borc” tələbini aradan qaldırır . Tələbkarın bu faktı bildiyi halda icra qeydi tələb etməsi, borclunun hüquqlarını kobud şəkildə pozan hərəkətdir və məhkəmə qaydasında mahiyyəti üzrə araşdırma tələb edir.

31. Apellyasiya məhkəməsinin iddiaçının “borcun ödənilmiş hesab edilməsi” tələbinə mahiyyəti üzrə baxmadan xitam verməsi Azərbaycan Respublikasının hüquq sistemində nəzərdə tutulmuş hüquqi müəyyənlik, vicdanlılıq və məhkəmə müdafiəsi hüququ prinsiplərini kobud şəkildə pozur. Apellyasiya instansiyası məhkəməsi qərarında iddiaçının borcun ödənilməsi və qarşılıqlı əvəzləşmənin baş verib-verməməsi barədə təqdim etdiyi sübutları heç bir formada nəzərə almamış, bunun əvəzinə icra məmuruna müraciət edilməsini tələb edərək işin xitamına qərar vermişdir. Bu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələblərinə uyğun olmayan və yanlış tətbiqdir, çünki maddə yalnız icraata yönəlmiş halları tənzimləyir və məhkəmə tərəfindən sübutların qiymətləndirilməsini əvəz edə bilməz

32. Borcun ödənilib-ödənilməməsi, əvəzləşdirmənin baş verib-verməməsi, tələb hüququnun mövcudluğu və həcmi kimi məsələlər icra məmuru tərəfindən deyil, yalnız məhkəmə tərəfindən araşdırıla bilər. Borcun ödənilib-ödənilməməsi, qarşılıqlı əvəzləşdirmənin baş verib-verməməsi və ümumiyyətlə tələb hüququnun mövcudluğu kimi məsələlər icra məmurunun səlahiyyət dairəsinə daxil deyil. Icra məmuru yalnız icra sənədinin formal icrasını təmin edən orqandır və maddi hüquqi mübahisələri həll etmək səlahiyyətinə malik deyildir. Konstitusiya Məhkəməsinin ## ### 2025-ci il tarixli Plenum qərarına əsasən, icra qeydinin verilməsinə əsas olan maddihüquqi tələb yalnız məhkəmə qaydasında mübahisələndirilə bilər; mübahisənin predmeti icra qeydi deyil, tələbdir və bu mübahisə mütləq qaydada məhkəmə qaydasında həll edilməlidir. Apellyasiya instansiyası məhkəməsi bu prosessual norma və qərarı nəzərə almamış, mübahisəli məsələnin icra məmuru tərəfindən həll edilə biləcəyini iddia edərək, iddiaçının məhkəmə müdafiəsi hüququnu əsassız şəkildə məhdudlaşdırmışdır. Nəticə olaraq, apellyasiya məhkəməsinin qərardadı bu prosedur pozuntusuna görə ləğv edilməlidir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin iddiaçının əvvəlcə icra məmuruna müraciət etməli olması barədə gəldiyi nəticə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ilə açıq ziddiyyət təşkil edir və hüquqi cəhətdən əsassızdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;

35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir;

36. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.8. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa;

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin

Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından və kollegiyanın iclasında müəyyən olundu ki, iddiaçı tərəfindən müəyyən məbləğdə ödənişlər həyata keçirilmiş və bu barədə kredit müqaviləsini təsdiq edən notariat orqanına müvafiq qaydada məlumat verməmişdir. Halbuki, o iddiasında icra qeydində istinad edilən kredit müqaviləsinə əsasən borc aldığı məbləği cavabdehlərə görülən iş müqabilində qeyri-rəsmi aldığı əmək haqqından hissəhissə çıxılmasını göstərməklə faktiki olaraq borcu qalmamasına istinad etmişdir. Eləcə də notariat orqanından icra qeydi ilə bağlı əvvəlcədən aldığı bildirişə əhəmiyyət verməmiş, onu mübahisələndirməmişdir. Göründüyü kimi iddiaçı hazırda icra qeydinin verilməsinə əsas olan borcla bağlı ödənişlərlə əlaqədar bu barədə ilk öncə icra məmuruna məlumat verməli, icra şöbəsi icra hərəkətləri zamanı həmin ödənişləri diqqətə almadığı halda onun hərəkətlərinin qanuniliyini mübahisələndirməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının icra qeydinin ləğvi ilə yanaşı verdiyi “kredit müqavilələri üzrə öhdəliklərin tam şəkildə icra edilmiş hesab edilməsi” barədə tələbi məhkəmədə baxılmalı deyil və həmin hissədə icraata xitam verilməlidir.

46. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin dəlillərində göstərilən hüquqi hallarla əlaqədar prosessual hüquq normalarının tələbinə uyğun hüquqi dəyərləndirmə aparmış və yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

48. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar