Məhkəmə qərarları › İş №2(1-8)-1080/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1080/2026

03.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1080/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə ümumi vəsait hesabına əldə olunmuş əşyalar, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Iddiaçı Cavabdeh qarşı “pul" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Iddiaçı ilə Cavabdeh keçmiş ər-arvad olub.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2022-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə Iddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, Iddiaçı iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, Əbdürrəhimbəy Haqverdiyev və X4 küçələrinin kəsişməsindəki 578-ci məhəllədə, X4 küçəsi, ** saylı ünvanda yerləşən binada 1-ci giriş, 8-ci mərtəbədə 4 otaqlı, 189.53 kv.metr sahəsi olan ** nömrəli mənzilin alınmasına sərf edilmiş 434024 manat puldan Cavabdeh tərəfindən ödənilmiş 80000 manat məbləğində pul vəsaitinin ½ hissəsi (40000 manat) və Bakı şəhəri, Hüseyn Cavid prospekti, X4 küçəsi ilə Əbdürrəhimbəy Haqverdiyev küçələrinin kəsişməsində yerləşən yaşayış binasındakı 58 və ** nömrəli qarajların alınmasına sərf edilmiş 47000 manat vəsaitin ½ hissəsi (23500 manat) üzərində iddiaçı Iddiaçı pay hüququ tanınmış, Iddiaçı iddiası qalan hissələrdə təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, Əbdürrəhimbəy Haqverdiyev və X4 küçələrinin kəsişməsindəki 578-ci məhəllədə, X4 küçəsi, ** saylı ünvanda yerləşən binada 1-ci giriş, 8-ci mərtəbədə 4 otaqlı, 189.53 kv.metr sahəsi olan ** nömrəli mənzilin alınmasına sərf edilmiş 333138 manat və mənzilin təmirinə sərf edilən 28000 manat, cəmi 361138 manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh alınaraq müstəqil tələb irəli sürən üçüncü şəxs X3 ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2023-cü il tarixli *(***)-****/**** nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2022-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilkin iddianın qismən təmin edilməsi hissəsində və 3-cü şəxsin iddiasının təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmışdır.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdeh “xxxx” MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçı Iddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı pay hüquqlarını təsdiq edən sənədlərin verilməsi tələbinə dair iddia tələbi təmin olunmamışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı Iddiaçı cavabdehlər Cavabdeh, X1, “xxxx” MTK-ya və X2 qarşı, mənzilin ilkin hüquqi qeydiyyatının, həmin qeydiyyat əsasında verilmiş çıxarışın ləğv olunması, mənzilin alğı-satqısına dair müqavilənin və avtomobil dayanacaqlarına dair hüquq və öhdəliklərin ötürülməsi barədə razılaşmaların etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı Iddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 63500 manat və 281 manat dövlət rüsumuna görə xərcin əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti ev 180, 180A, 180B mənzil 21 (Yeni qaydalarla ünvan 1) ünvanında yerləşən, sahəsi 176,5 kv.m. olan mənzil (daşınmaz əmlakın reyestr nömrəsi 011011007651-05301-093064) keçmiş həyat yoldaşı Cavabdeh adına Mənzil-Tikinti Kooperativindən ilkin sənədlərlə alınmışdır. Mənzilin birgə nikah dövründə alınması ilə bağlı mülki qaydada Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2022-ci il tarixli qətnaməsi ilə bəhs edilən mənzilə görə ödənilmiş məbləğdə Iddiaçı pay hüququ müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra, cavabdeh “xxxx” MTK-ya qarşı pay hüquqlarını təsdiq edən sənədlərin verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilmiş, həmin iddia ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012) ***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək bəhs edilən mənzilə dair Iddiaçı adına ilkin hüquqmüəyyənedici sənədlərin (Protokoldan çıxarış, Maliyyə Arayışı) verilməsi öhdəliyinin cavabdeh “xxxx” MTK-nın üzərinə vəzifə kimi qoyulması qət edilmişdir. Buna baxmayaraq, Cavabdeh ##.##.2024- cü il tarixdə mənzili öz adına tam payla ilkin hüquqi qeydiyyata aldıraraq çıxarış almış, ## ###### 2024-cü il tarixdə isə alğı-satqı yolu ilə özgəninkiləşdirmişdir. Abşeron Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsi *(***)- ****/**** nömrəli, ## #### 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının pay hüququ qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə mənzilin və qarajların alınmasına sərf edilmiş pula münasibətdə müəyyən edildiyindən, iddiaçının qeyd edilən mənzilə və qarajlara dair MTK-nın ümumi yığıncağının protokolundan çıxarışların və maliyyə arayışlarının verilməsini cavabdehdən tələb etməyə subyektiv hüququ yoxdur. Bu qətnamədən verilmiş kassasiya şikayətinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarla apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Eyni zamanda, Nizami Rayon Məhkəməsində cavabdehlər Cavabdeh, X2, X1, “xxxx” MTK-ya qarşı mənzilin ilkin hüquqi qeydiyyatının ləğv edilməsi, alğı-satqının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxılaraq e*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, “birgə nikah dövründə əldə edilmiş mənzilin alınmasına sərf edilmiş vəsaitin ½ hissəsi üzərində iddiaçı Iddiaçı pay hüququ tanındığından, həmçinin o, mənzil alınan zaman MTK-da mənzilin payçısı kimi qeydə alınmadığından iddia tələbi təmin edilə bilməz”. Belə olan halda, cavabdeh Cavabdeh birgə nikah dövrü əldə edilmiş daşınmaz əmlaklara sərf edilmiş məbləğlərin qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçıya tanınmış pay hüququna uyğun nisbətdə pulun tələb edilməsi məcburiyyətindədir.

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdeh Cavabdeh ümumilikdə 63500 manat və 281 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Iddiaçı xeyrinə ödənilməsi qət edilmişdir (hakim - R.Əhmədov).

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı Iddiaçı iddia tələbində istinad etdiyi halları, sübuta yetirildiyindən, habelə bu hallar qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsdiq edildiyindən iddia tələbi əsaslıdır və təmin edilməlidir.

11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 225-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli qərarına, Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 233cü maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ümumi əmlakın bölgüsünü tələb etməli olduğu halda həmin əmlak üzərində pay nisbətinin müəyyən edilməsi barədə iddia qaldırdığından bu iddia nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə iddia deyil, ümumi əmlakda payın müəyyən edilməsi haqqında təsbit iddiasıdır. Ümumi əmlakda olan pulun tələb edilməsi məhz ümumi əmlakın bölgüsünü ehtiva etdiyindən qanunvericilikdə nəzərdə tutulan xüsusi iddia müddətlərinə tabe olmalıdır. Ailə qanunvericiliyinə görə bu müddət 3 illik iddia müddəti ilə məhdudlaşdırıldığından iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Məhkəmə iclasında iddiaçı Iddiaçı və nümayəndəsi və vəkili Nümayəndə ayrıayrılıqda

14. apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ######## 2025 il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər – E.Kazımov (məruzəçi), N.Cəfərov və İ.Şirinov).

16. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində ümumi əmlakda olan pulun tələb edilməsi məhz ümumi əmlakın bölgüsünü ehtiva etdiyindən qanunvericilikdə nəzərdə tutulan xüsusi iddia müddətlərinə tabe olmasını göstərsə də, bu dəlillər əsassız hesab edilir. Çünki iddiaçı ümumi əmlakın bölünməsini deyil, artıq qanuni qüvvəyə minmiş qətnamə ilə üzərində 63500 manat hissədə pay tanınan (faktiki bölünən) bir məbləği tələb etdiyindən burada xüsusi iddia müddətinin keçməsindən söhbət gedə bilməz. Başqa sözlə, artıq qətnamə ilə üzərində mülkiyyət payı tanınan bəlli bir məbləğin hansısa formada bölünməli olması barədə dəlillər cavabdehin hüquqdan sui-istifadə edərək öhdəliyinin icrasından yayınmağa cəhd kimi qiymətləndirilir. Əks halda, cavabdeh paylı mülkiyyət rejiminə keçmiş sabit bir məbləğin daha hansı formada bölünməyə məruz qala biləcəyi barədə hansısa arqumentini də göstərməli idi, ancaq göstərməyib, demək ki, heç bir arqumenti olmadığı üçün göstərə bilməyib. Ona görə də, hazırkı işdə hansısa müddətin keçməsindən söhbət gedə bilməz.

17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 225-ci, Ailə Məcəlləsinin 31, 32, 34, 36, 37-ci maddələrinə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun № */**** saylı, ## #### 2024-cü il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3 88-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il qərarına istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (vəkil vəkil2 Mübariz oğlu) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qətnaməni subyektiv mülahizələri ilə əsaslandırmış, ziddiyyətli qənaətlərə gəlmişdir. Bir tərəfdən payın müəyyən edilməsini ümumi əmlak bölgüsü kimi qəbul etmiş, digər tərəfdən tələbin hüquqi əsasını əmlak bölgüsü təşkil etmədiyi qənaətinə gəlmişdir. Məhkəmə qətnaməsində tərəflərin hansı hüquqi münasibətdə olmaları bəlli deyil, həmin iş üzrə hansı qanunun tətbiq edildiyi göstərilmir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır.

20. Daha sonra qeyd olunmuşdur ki, hazırkı halda pul tələblərindən söhbət getdiyinə görə əsassız varlanma halı ilə bağlı normalara da diqqət yetirmək lazımdır. Əgər məhkəmə hesab etsə ki, iddia tələbinin hüquqi əsasını ər-arvadın ümumi bölgüsü deyil, əsassız varlanma ilə bağlı normalar təşkil edir onda həmin hal ilə bağlı da iddia müddətləri ötürülmüşdür.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

23. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

24. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

25. Maddə 31. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.

26. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

27. Maddə 32.2 və 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

28. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

29. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

30. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

31. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

32. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

33. Maddə 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər.

34. Maddə 37.1. və 37.2. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

35. Maddə 37.3 Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

36. Maddə 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.

37. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarındakı hüquqi mövqe: Əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il qərarında qeyd olunub ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

42. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

48. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

51. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsasən mülahizə xarakterli olmaqla, iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

52. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək həmin hallar üzrə düzgün hüquqi dəyərləndirmə aparmış, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticə mahiyyəti üzrə düzgün olmuşdur.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar