Məhkəmə qərarları › İş №2(1-8)-1157/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1157/2026

11.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1157/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ailə münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. Cavabdeh və Iddiaçı ## #### 2023-cü il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından ## ### 2024-cü il təvəllüdlü X1 adlı övladları doğulmuşdur.

2. Abşeron Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuş, birgə nikahdan doğulmuş X1 anası Iddiaçı yanında saxlanılmışdır.

3. Iddiaçı ilə 050-***-**-** mobil nömrəli abonentin “Whatsapp” proqramı vasitəsi ilə danışıqlarına əsasən Iddiaçı Cavabdeh adı ilə müraciət etdiyi həmin şəxsdən onun yanına qayıtmasını xahiş etmiş, həmin şəxs gəlməyə çalışdığını, lakin o gücə sahib olmadığını, özündən asılı olmayan səbəblərə görə gələ bilmədiyini və s. qeyd etmiş, Iddiaçı həkimə 1.550 manat ödəməli olduğunu, 1.000 manat pul tapıb ödədiyini qeyd etmişdir.

4. “xxxx” PHŞ tərəfindən verilmiş ## #### 2025-ci il tarixli ekspert rəyi ilə qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, Cavabdeh ekspertizaya təqdim olunmuş X1 bioloji atası olması təsdiq olunmuşdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.000 manat maddi və 50.000 manat mənəvi zərərin tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan nikah münasibətləri ## #### 2023-cü ildə rəsmiləşdirilmişdir. Bu nikahdan ## ### 2024-cü ildə X1 anadan olmuşdur. Tərəflər arasında bağlanmış nikah Abşeron Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahdan ## ### 2024-cü ildə doğulmuş X1 iddiaçının yanında saxlanılmışdır. Cavabdeh ilə ilk aylar nikah münasibətləri normal olmuşdur. Cavabdehin anasının 2023-cü ilin sentyabr ayından ailə münasibətlərinə müdaxilə etməsi nəticəsində, cavabdeh iddiaçını hamilə vəziyyətində tək qoyaraq Qax şəhərində yerləşən valideynlərinə məxsus evə köçmüşdür. O, faktiki ünvanda kirayəşin qismində tək yaşayır və hamilə olduğuna görə heç yerdə işə qəbul edilməmiş, habelə heç yerdən maddi dəstək almamışdır. Bu maddi sıxıntılar içində dəfələrlə cavabdehə kömək üçün zəng etmiş və mesajlar göndərmiş, lakin bunun heç bir nəticəsi olmamışdır. O, hər dəfə müxtəlif bəhanələrlə maddi dəstəkdən yayınmış, hətta onu əsassız günahlarla suçlamış və böhtanlar deməkdən çəkinməmişdir. Hətta cavabdeh birgə nikahdan doğulmuş ## ### 2024-cü il təvəllüdlü X1 ilə bağlı atalığın müəyyən edilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Məlum mülki iş üzrə keçirilmiş ## #### 2025-ci il tarixli ekspert rəyi ilə X1 bioloji atasının cavabdehin olması faktı təsdiqlənmişdir. Bütün bu sarsıntılar həm onun, həm də hamilə olduğu uşağın sağlamlığına təsirsiz ötüşməmişdir. Belə ki, “xxxx” QSC-də ## ###### 2024-cü il tarixdə növbəti həkim-ginekoloq müayinəsində olarkən, ona “16 həftəlik hamiləlik, erkən düşük təhlükəsi” diaqnozu qoyulmuş və həmin gün “uşaqlıq boynunda tikiş” proseduru icra edilmişdir. Bu faktlar “xxxx” QSC-nin təqdim etdiyi ## ###### 2024-cü il tarixli arayışla təsdiqlənir. Bundan əlavə, birgə nikahdan X1 ## ### 2024-cü il tarixdə anadan olandan sonra, sağlamlıq durumunun kritik olmasını nəzərə alaraq, mütəmadi həkim nəzarətində olmuş, müxtəlif peyvəndlər və müxtəlif təyinatlı müayinələr aparılmış, habelə müalicələr edilmişdir. X2 təqdim etdiyi yeni doğulmuşlarda “Topuq qanı” analizi barədə arayışı və müayinələrlə bağlı edilmiş ödəniş qəbzləri bu faktları təsdiq edir. Onun və birgə nikahdan doğulmuş övladının müayinə və müalicəsi ilə bağlı maddi vəsaitlər sərf edilmişdir: faktiki yaşadıqları mənzilə görə hər ay 420 manat kirayə haqqı və həmin mənzillə bağlı bütün kommunal xərcləri nəzərə alaraq orta hesabla hər ay 600 manat; uşağın tibbi müayinədən keçirilməsi və doğuşu ilə və hüquqi yardımla bağlı xərclər. Nəticədə o, mənəvi sarsıntılar, habelə iztirablar keçirmiş, bu isə həm onun, həm də hamilə olduğu uşağın sağlamlığının pozulmasına səbəb olmuşdur. Məhz bu səbəbdən hamiləlik dövründə dəfələrlə müayinələrə məruz qalmış, sağlamlığının bərpa olunması üçün müxtəlif dərman preparatları qəbul etmiş və bununla bağlı ona çoxlu sayda inyeksiyalar edilmişdir. Bütün bu sarsıntı və iztirablara baxmayaraq, cavabdeh onu xəyanətdə suçlayaraq, birgə nikahdan doğulmuş ## ### 2024cü il təvəllüdlü X1 ilə bağlı atalığın müəyyən edilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdehin bu müddət ərzindəki təqsirli və hüquqazidd əməlləri nəticəsində ona birbaşa vurduğu ziyan və zərəri təsdiq edən sübutların bir qismi qorunmuş və o, həmin sübutları hazırkı iddia ərizəsinə əlavə etmişdir. Yuxarıda qeyd edilmiş faktları və sübutları nəzərə alaraq hesab etmişdir ki, cavabdeh ümumilikdə ona 10.000 manat məbləğində maddi zərər vurmuşdur. Bundan əlavə, cavabdehin hüquqazidd əməlləri nəticəsində o və hamilə olduğu uşağı mənəvi sarsıntı, habelə iztirablar keçirmiş, hal-hazırda da bu sarsıntı və iztirablar davam edir, bununla bağlı sağlamlığına xeyli zərər vurulmuşdur. Cavabdeh ona bu mülki hüquq pozuntusuna görə 50.000 manat mənəvi zərər vurmuşdur. Sözü gedən əməlin nəticələrini, həm özünün, həm də azyaşlı uşağın pozulmuş hüquqlarının və sağlamlığının bərpa edilməsi üçün xərc çəkmiş, vaxt sərf etmiş, halbuki həmin müddət ərzində səmərəli işlə məşğul olub müvafiq gəlir əldə edə bilərdi.

7. Cavabdehin nümayəndəsi, vəkil nümayəndə1 iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçı hər zaman Bakıda yaşamış və ata evi Bakı şəhərindədir. Tərəflər cəmi iki ay bir yerdə yaşamış, daha sonra münasibətləri alınmadığına görə ayrılmışlar. 9 ayın sonunda iddiaçının normal səviyyədə uşağı dünyaya gəlib. Demək olar bütün hamilə qadınlarda hamiləliyi dövründə bir sıra problemlər yaranır. Bundan əlavə, dövlət xəstəxanalarına xəstə müraciət etdiyi zaman qeydiyyata alır, həkim təyin olunur və hamiləlik dövrü həkim tərəfindən izlənilir. Bunlar hamısı dövlətin vəsaiti hesabına başa gəlir. Boşanan bir çox qadın sarsıntı keçirə bilər. Ortada mənəvi sarsıntı və iztirablar yoxdur. Iddiaçı qeyd etmişdir ki, 600 manata kirayədə qalıb. Ola bilər. Lakin, ər borclu deyildir ki, qadının yaşadığı evin kirayəsini ödəsin, kommunal borclarını versin. Iddiaçının hansı gəlirinin əldən çıxması məlum deyil. Iddiaçının hamiləlik dövründə keçirdiyi uşağın düşmə təhlükəsi hamıda ola bilər. Iddiaçı hamiləliyi dövründə dövlət xəstəxanasına müraciət edə bilərdi. Hazırda dövlət xəstəxanalarında olan avadanlıq özəl tibb müəssisələrində yoxdur. Onun özəl tibb müəssisəsinə müraciət etməsi tamamilə öz şəxsi işidir. Iş materiallarına əlavə edilmiş tərəflər arasındakı yazışmalardan görünür ki, cavabdeh konkret olaraq iddiaçının yanına gələcəyini demir. Cavabdehin hazırda iddiaçı qarşısında bir öhdəliyi var. O da aliment öhdəliyidir ki, hər ay vaxtlı-vaxtında ödəyir. Iddiaçı anası evində də qala bilərdi, daha bahalı evdə qala bilərdi. Bu iddiaçının öz problemidir. Yəni onların arasında hər hansı bir rəsmi razılaşma olmamışdır ki, iddiaçı çıxdıqdan sonra onun kirayə pulunu ödəyəcək və yaxud qanunda belə bir öhdəlik yoxdur ki, iddiaçının kirayə pullarını həyat yoldaşı ödəməlidir. Mənəvi ziyandan söhbət belə gedə bilməz. Onda belə çıxır ki, hər bir boşanan tərəf bir-birinə qarşı maddi və mənəvi ziyan tələbi ilə bağlı iddia qaldırsınlar. Iddiaçının mənəvi iztirab keçirməsini sübut edən hər hansı bir əsas da yoxdur.

8. Qax Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim M.Zeynalov) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsinin iddia tələbinin 10.000 manat maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, sübutetmə yükü üzərinə düşən iddiaçı uşağın doğulması ilə bağlı müayinə və müalicə barədə tibbi sənədlər və müalicə üçün çəkilmiş xərclərlə bağlı sübutlar təqdim etsə də, ona cavabdehin təqsiri ucbatından maddi ziyan dəyməsini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, işin məhkəmə tərəfindən araşdırılan halları ilə sübuta yetirilməmişdir. Cavabdehin iddiaçıdan ayrılması, doğumun həyata keçirilməsi, bununla bağlı müayinə, müalicə xərclərinin çəkməsi, kirayədə qalması cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurması anlamına gəlmir.

10. Məhkəmə tələbin 50.000 manat mənəvi ziyan və mənəvi ziyana dair hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tələbin həmin hissəsi ilə bağlı iddia ərizəsində cavabdehin hüquqazidd əməlləri nəticəsində onun və hamilə olduğu uşağının mənəvi sarsıntı, habelə iztirablar keçirməsi, hazırda da bu sarsıntı və iztirablarının davam etməsi ilə bağlı gətirdiyi dəlillər heç bir sübuta söykənmir və əsassızdır. Iddiaçı gətirdiyi dəlillərlə bağlı məhkəməyə əsaslı və mötəbər sübutlar təqdim edə bilməmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, cavabdehin hansı qanunsuz hərəkətləri nəticəsində iddiaçı hansı xəstəlikdən əziyyət çəkdiyi, mənəvi zərərin əsas elementləri olan mənəvi sarsıntı çəkməsi və fiziki iztirablara məruz qalması barədə əsəb, stress keçirməsi və məhz bu xəstəlik növünün cavabdehin hərəkətləri nəticəsində əmələ gəlməsi, həmin hərəkətlərin nəticəsində nə qədər ona maddi ziyan dəyməsi barədə iddiaçı tərəfindən heç bir sübut növü məhkəməyə təqdim edilməmiş, həmin sübutlar iş materiallarında öz əksini tapmamışdır. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbinin həmin hissəsi əsassızdır.

12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 26, 60-cı, Mülki Məcəllənin 21, 1097, 1115-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Iddiaçı Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim E.Isayevin sədrliyi və məruzəsi ilə, hakimlər E.Mehdiyev və T.Musayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

15. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, hazırkı iddianın predmeti olan mübahisə üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür. Iddiaçı ona cavabdehin təqsiri ucbatından maddi ziyan dəyməsi barədə məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim etməmiş, eyni zamanda da işin məhkəmə tərəfindən araşdırılan halları ilə sübuta yetirilməmişdir. Cavabdehin iddiaçıdan ayrılması, doğumun həyata keçirilməsi, bununla bağlı müayinə, müalicə xərclərinin çəkməsi, kirayədə qalması cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurması anlamına gəlmir.

16. Tələbin 50.000 manat mənəvi ziyana dair hissəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tələbin həmin hissəsi ilə bağlı iddia ərizəsində cavabdehin hüquqazidd əməlləri nəticəsində onun və hamilə olduğu uşağının mənəvi sarsıntı, habelə iztirablar keçirməsi, hazırda da bu sarsıntı və iztirablarının davam etməsi ilə bağlı gətirdiyi dəlillər heç bir sübuta söykənmir və əsassızdır. Iddiaçı gətirdiyi dəlillərlə bağlı məhkəməyə əsaslı və mötəbər sübutlar təqdim edə bilməmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 26, 60-cı, Mülki Məcəlləsinin 21.1, 21.2, 1097.1, 1115-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 76.1, 76.2, 76.3, 77.1, 80, 81, 88, 106.1, 217.1, 217.3, 217.4, 218.1, 372.1, 372.6, 372.7, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

18. Iddiaçı Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı, Mülki Məcəlləsinin 21.1, 21.2, 1097.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 88, 217, 218.1, 385-ci maddələrinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2002-ci il tarixli və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli Qərarlarının tələbləri pozulmuşdur.

20. Belə ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi ziyan arasında səbəbli əlaqənin olması, habelə cavabdehin təqsirinin müəyyən edilməsi üçün iddiaçı barəsində məhkəmə-psixoloji ekspertizasının keçirilməsinə dair ## ###### 2026-cı il tarixli vəsatəti təmin etməmişdir. Iddiaçı məhkəməyə Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi ziyan, xəstəlikdən əziyyət çəkməsi və s. faktlar barədə çoxsaylı sübutlar təqdim etmiş, məhkəmə kollegiyası həmin sübutları qəbul etdiyi qətnamədə sadalamış, lakin bu faktları sübut kimi qiymətləndirməmiş və bunun səbəblərini qəbul etdiyi qətnamədə göstərməmişdir. Əslində isə, iddiaçının məhkəməyə təqdim etdiyi sübutlar çəkilmiş xərclərin məhz cavabdehin təqsiri ucbatından baş verməsini təsdiq edir. Yəni, iddiaçı cavabdehlə nikaha daxil olmasaydı, təbii ki, məlum maddi və mənəvi ziyan da olmayacaqdı. Məhkəmə kollegiyası iddiaçının təqdim etdiyi sübutların güclü və aydın olmaması, habelə məlum faktları birmənalı təsdiq etməməsinin əsaslarını qəbul etdiyi qətnamədə göstərməmişdir. Iddiaçı cavabdehlə ailə həyatı qurmuş, ailə səadətinin sevincini yaşamaq əvəzinə, nikaha daxil olandan iki ay sonra cavabdehin anası onların ailə münasibətlərinə müdaxilə etmiş, nəticədə cavabdeh onu iki aylıq hamilə vəziyyətində tək qoyaraq Qax şəhərinə valideynlərinə məxsus evə köçmüşdür. Iddiaçı hamilə olduğuna görə heç yerdə işə qəbul edilməmiş, heç yerdən maddi dəstək almamışdır. O, maddi və mənəvi sıxıntılar içində dəfələrlə Cavabdeh kömək üçün zəng etmiş, mesajlar göndərmiş, lakin bu cəhdlər heç bir nəticə verməmişdir. Bu mülki işin materiallarına əlavə edilmiş “Whatsapp” messenger proqramı vasitəsi ilə aparılmış danışıqlarından edilmiş çıxarışlardan belə qənaətə gəlmək olur ki, guya cavabdeh iddiaçını aldatmır və geri dönməyə çalışır, lakin hadisələrin sonrakı inkişaf dinamikası cavabdehin iddiaçını aldatdığını təsdiq edir. Bu azmış kimi, cavabdeh daha sonra iddiaçını xəyanətdə suçlamış və hamilə vaxtı uşaqla bağlı atalıq testinin keçirilməsini ondan tələb etmişdir.

21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

22. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Kassasiya baxışının hədləri:

23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarına riayət olunmasının tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

27. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın mənəvi ziyan hissəsində nəticəyə gəlinərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

29. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, iddianın maddi ziyan hissəsi üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

30. Mülki qanunvericiliyə görə ziyan tələbinin təmin olunması üçün cavabdehin təqsirli hərəkət və ya hərəkətsizlikləri ilə baş verən nəticə arasında səbəbli əlaqənin olması müəyyən olunmalıdır.

31. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2021-ci il tarixli qərarı).

32. Hazırkı işdə iddiaçının hamiləliyi və uşağının doğulması, uşağın müalicəsi, kirayə haqqı ödənilməsi səbəblərinə görə müəyyən ödənişlər etməsi müəyyən olunsa da, bunların cavabdehin hər hansı hüquqa zidd əməli ilə səbəbli əlaqədə olması halı işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən müəyyən olunmamışdır.

33. Izah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

34. Mənəvi ziyan tələbi üzrə isə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

35. Belə ki, iddiaçı bu tələbini cavabdehin iddiaçının hamilə olduğu zaman onu tərk edərək tək qoyması, ona maddi və mənəvi dəstək olmaması, əsassız olaraq ona böhtanlar deməsi, birgə nikahdan doğulmuş uşağın atalığını mübahisələndirməsi ilə bağlı məhkəməyə müraciət etməsi ilə əsaslandırmışdır.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ## ###### 2025-ci il tarixli Qərarında məhkəmələrə izah olunmuşdur ki: 3.1.2. Ailə münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarına nikaha daxil olmaq hüququ, boşanmaq hüququ, ailə üzvlərindən qarşılıqlı yardım və hörmət gözləmək hüququ, ər-arvadın özünə soyad seçmək hüququ, ər-arvadın hüquq bərabərliyi, valideynlərin uşaqların tərbiyəsində, təhsilində iştirak etmək, onlarla ünsiyyət hüququ, uşaqların ad, ata adı və soyad daşımaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq, təhsil almaq, onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunmaqdan, istismar və zərərli təsirlərdən, cinsi istismardan, cinsi və məişət zorakılığından müdafiə olunmaq və sair hüquqlar aiddir. Aliment və əlavə xərclər almaq hüququ özü-özlüyündə əmlak hüquqları olsa da, bu hüquqların pozulması şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə də nəticələnə bilər. 3.1.6. Təməl şəxsiyyət hüquqları ilə yanaşı, ər-arvadın ailə münasibətlərindən doğan hüquq bərabərliyi, ailə daxilində qarşılıqlı yardım və hörmət gözləmək hüququ, sərbəst surətdə soyad, məşğuliyyət, sənət seçmək və s. kimi şəxsiyyət hüquqları da vardır. 3.1.7. Bu hüquqların pozulması hərəkət və hərəkətsizlikdə ifadə oluna bilər. Məsələn, məişət zorakılığına məruz qoyma, psixi və fiziki şiddət, habelə təzyiq altında saxlama, ərin (arvadın) xəstəliyi, cərrahi əməliyyatı, müalicəsi ilə, arvadın hamiləliyi ilə maraqlanmamaqla onu köməksiz vəziyyətdə qoyma, ailə sirrini və ya ərin (arvadın) şəxsi sirrini yayma, şərəf və ləyaqətini alçaltma, hörmətsiz davranış sərgiləmə (iqtisadi, fiziki, sosial, emosional cəhətdən bəyənilmədiyini mütəmadi və ya kobud formada özünə və ya kənar şəxslərə bildirmə), yaşadığı evdən qovma və ailə qanunvericiliyinə zidd digər davranışlar. 3.1.8. Atalığa dair mübahisənin açılması zamanı nəzərə alınmalıdır ki, atalığı mübahisələndirən şəxsin öz övladı kimi qəbul etdiyi, qayğı göstərdiyi, böyüməsində, təhsilində və tərbiyəsində iştirak etdiyi uşağın bioloji atası olmaması faktının müəyyən edilməsi, həmin şəxsin valideynlik hüquqlarını pozmaqla yanaşı, işin hallarından asılı olaraq şərəf və ləyaqətinin alçaldılmasına da səbəb ola bilər. Bununla yanaşı, qeyd edilməlidir ki, atalığa dair mübahisə açmaq hüququndan sui-istifadə, bu tələbin qərəzli olaraq qaldırılması, habelə vicdansızcasına açıq-aşkar əsassız iddianın verilməsi işin hallarından asılı olaraq arvadın şərəf və ləyaqətinin alçaldılmasına, habelə digər şəxsiyyət hüquqlarının pozulmasına səbəb ola bilər.

37. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mənəvi ziyanla bağlı tələbinin də sübut olunmamasını göstərsə də, iş materiallarından müəyyən olunur ki, iddiaçı cavabdehlə ailə münasibətlərinin bərpası, uşağın anadan olması ilə bağlı “WhatsApp” sosial şəbəkəsi üzərində yazışmalarını təqdim etmişdir.

38. Həmçinin, iş materiallarında olan Səhiyyə Nazirliyinin “xxxx” X4 ## #### 2025-ci il tarixli rəyindən müəyyən olunur ki, Cavabdeh Iddiaçı qarşı iddia ilə məhkəməyə müraciət edərək, ## #### 2024-cü il tarixdə doğulmuş X1 atasının Cavabdeh olması barədə doğum haqqında şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmin iş üzrə məhkəmə-tibbi (genetik) ekspertizası təyin edilmiş və ekspert rəyi ilə Cavabdeh ekspertizaya təqdim olunmuş X1 adlı uşağın bioloji atası olması təsdiq olunmuşdur.

39. Lakin, apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi qeyd olunan sübutları Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda göstərilən Qərarında irəli sürülən hüquqi mövqeyə uyğun araşdırmamış, cavabdehin iddiaçıya münasibətdə davranışının sonuncunun şəxsiyyət hüquqlarına müdaxilə təşkil edib-etməməsi, ona mənəvi zərərin vurulmasına səbəb olub-olmaması istiqamətində qiymətləndirmə aparmamışdır.

40. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ####### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin yuxarıda qeyd olunan qaydada əsaslandırılmış qətnaməsi Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.1, 14.2, 218.1, 372.2, 392.1.5-ci maddələrinin tələblərinə uyğun olmamışdır.

42. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

43. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani Ispaniyaya qarşı” iş üzrə ## ###### 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

44. Işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

45. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

46. Işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4, 372.2-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi qismən, yəni mənəvi ziyanın tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar