Məhkəmə qərarları › İş №2(1-8)-1209/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1209/2026

23.06.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1209/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ilkin iddia üzrə iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı, Qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 İddiaçı, cavabdeh2 və cavabdeh3 qarşı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: ümumi mülkiyyətdə olan payın ayrılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisə ümumi mülkiyyətdə olan payların naturada ayrılması ilə bağlıdır.

2. Işə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1.13 ha torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) hər birinə ¼ hissə pay olmaqla İddiaçı, cavabdeh1, cavabdeh2, cavabdeh3, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə tam payla sonuncuya məxsusdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı məhkəməyə müraciət edərək, mübahisəli torpaq sahəsindən ona düşən 1/4 hissənin naturada ayrılaraq mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. O, tələbini belə əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi aralarında dörd bərabər hissəyə bölünmüş və çəpərlənərək biri-birindən ayrılmışdır. Lakin cavabdeh1 həmin bölgünü qəbul etmədiyindən torpaq sahələri ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması mümkün olmamışdır. Bu səbəbdən, hazırkı iddianı qaldırmışdır.

5. cavabdeh1 da məhkəməyə müraciət edərək, mübahisəli torpaq sahəsindən ona düşən 1/4 hissənin naturada ayrılaraq (torpaq sahəsinə giriş-çıxış yolu nəzərə alınmaqla) şəxsi mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. cavabdeh1 göstərmişdir ki, mübahisəli torpaq sahəsi aralarında 4 bərabər hissəyə bölünmüş və çəpərlənərək biri-birindən ayrılmışdır. Ona düşən hissənin yolu müəyyən edilmədiyi üçün həmin bölgü üzrə sahələrin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı mümkün olmamışdır. Ona görə də, hazırkı iddianı qaldırmışdır.

7. Cavabdehlər cavabdeh2 və cavabdeh3 izahatlarında bildirmişlər ki, mübahisəli torpaq sahəsi öz aralarında dörd bərabər hissəyə bölünmüş və ərazilər çəpərlənərək biri birindən ayrılmışdır. Ona görə də, hər birinə düşən ¼ hissənin çəpərlənmiş ərazilər daxilində naturada ayrılıb verilməsinə etiraz etmirlər.

8. Iş üzrə verilmiş mütəxəssis və ekspert rəylərində qeyd olunmuşdur ki, mübahisəli torpaq sahəsinin paylara uyğun dörd hissəyə (tikintilər nəzərə alınmadan) naturada bölünərək ayrılması mümkündür.

9. Qəbələ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi ilə hər iki iddia təmin olunmuşdur (hakim:Ü.Qənbərov). 10.Məhkəmə Mülki Məcəllənin 220.2, 220.3-cü maddələrinə, o cümlədən iş üzrə verilmiş mütəxəssis və ekspert rəylərinə istinad edərək hər iki iddianən təmin olunmalı olduğu qənaətinə gəlmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. cavabdeh1 apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, onun iddiasının təmin edilməsi – naturada ayrılmış torpaq sahəsinə giriş-çıxışın müəyyən edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

12. Şikayətin dəlilləri belə olmuşdur: 1) məhkəmə qətnamədə qarşılıqlı iddianı təmin etdiyini göstərsə də, qarşılıqlı iddiadakı torpaq sahəsinə giriş-çıxışın təmin edilməsi məsələsinə münasibət bildirməmişdir 2) naturada bölgünün mümkünlüyü barədə nəticəyə ekspert rəyinə əsaslanaraq gələn məhkəmə nəzərə almamışdır ki, cavabdeh1 ayrılan hissənin giriş-çıxışı yoxdur 3) Məhkəmə hər bir paya müstəqil giriş-çıxışın təmin olunubolunmadığını müəyyən etmək üçün əlavə ekspertiza təyin etməmişdir 4) məhkəmə mövqeyini əsaslandırmamışdır.

13. Apellyasiya icraatı zamanı verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, mübahisəli torpaq sahəsinin 1/4 nisbətdə paylara uyğun, tikintilər nəzərə alınmadan naturada ayrılması mümkündür.

14. Birinci instansiya məhkəməsində alınmış mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planlarında yol sahəsi kimi göstərilmiş ərazi ilə, apellyasiya icraatı zamanı alınmış mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planlarında yol sahəsi kimi göstərilmiş ərazi arasında uyğunsuzluq olduğundan hər iki mütəxəssis rəyini tərtib etmiş X1 məhkəmə kollegiyasının iclasında dindirilmişdir. O, bildirmişdir ki, son mütəxəssis rəyi verilməmişdən Qəbələ rayonunun Bum bələdiyyəsi ilə dəqiqləşdirmə aparıldıqda tərəflərin paylı mülkiyyətlərində olan torpaq sahəsinin üst hissəsindəki yola bitişik ərazinin bələdiyyəyə aid torpaq sahəsi olması müəyyən edilmiş və tərəflərə ayrılacaq torpaq sahəsinə gediş-gəlişin təmin edilməsi üçün bələdiyyə torpağından yol sahəsinin ayrılmasına etiraz edilməmişdir. Beləliklə sonuncu mütəxəssis rəyi əvvəlki rəyi təkzib etməmiş, əvvəldən də tərəflərin paylı mülkiyyətlərində olan torpaq sahələrinin üst hissəsindəki torpaq sahəsindən istifadə edilməklə, ayrılacaq torpaq sahəsinə gediş-gəlişin təmin edilməsi mümkün olmuşdur. Hazırda naturada ayrılaraq cavabdehə verilməsi təklif olunan torpaq sahəsinə nəzərdə tutulmuş yol yerinin ölçüləri yolun ən dar hissəsində 4 metr, ən enli hissəsində isə 6,5 metr təşkil edir.

15. Apellyasiya icraatı zamanı verilmiş ekspert rəyində qeyd olunmuşdur ki, mübahisəli torpaq sahəsinin ümumi istifadədə olan yola çıxışı təmin edilməklə 4 bərabər hissəyə naturada ayrılması Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və * saylı cədvəllərin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyil.

16. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: E.Mehdiyev – məruzəçi, T.Musayev, E.Isayev).

17. Məhkəmə kollegiyası şikayətin ilk dəlilinə münasibətdə bildirmişdir ki, mütəxəssis rəylərinə əlavə edilmiş yerquruluşu planlarında cavabdeh1 ayrılması təklif edilən torpaq sahəsinə yol nəzərdə tutulduğundan, onun qarşılıqlı iddia tələbinin təmin edilməmiş hissəsi mövcud deyildir.

18. Məhkəmə kollegiyasının mövqeyinə görə, rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Bununla belə, məhkəmə kollegiyası sonuncu ekspert rəyinə tənqidi yanaşaraq onu mötəbər sübut kimi qəbul etməmişdir.

19. Kollegiya əlavə etmişdir ki, birinci instansiya məhkəməsində alınmış mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planlarında yol sahəsi kimi göstərilmiş ərazi ilə, apellyasiya icraatı zamanı alınmış mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planlarında yol sahəsi kimi göstərilmiş ərazi arasında uyğunsuzluq olmadığı, hər iki rəyi vermiş mütəxəssis tərəfindən aydınlıq gətirildikdən sonra məlum edilmişdir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin naturada bölünmüş payların hansı meyarlar əsasında hansı şəxslərə aid edilməsinin əsaslandırılmamasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, iş materiallarından, qarşılıqlı iddia ərizəsində müəyyən edildiyi kimi cavabdeh 1,13 hektar torpaq sahəsindən ona ayrılacaq hissənin hansı ərazidə yerləşməsindən məlumatlı olmuş, həmin məsələni deyil, yalnız ona ayrılacaq hissəyə yol yeri ilə bağlı məsələni mübahisələndirmişdir. Hansı ki, apellyasiya şikayətinin yekunundakı tələbi də ona ayrılan torpaq sahəsinin hansı hissədə yerləşməsi ilə bağlı deyil, yola çıxış imkanının təmin edilməsindən ibarət olmuşdur.

21. Məhkəmə kollegiyası mövqeyini aşağı məhkəmə ilə eyni hüquq normalarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (vəkil: Vəkil) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Şikayətin dəlilləri apellyasiya şikayətininkilərlə eynilik təşkil edir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 213.1. Iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

26. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

27. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

28. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

29. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

30. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Baxılan işdə mübahisənin obyekti olan daşınmaz əşyanın dörd mülkiyyətçidən ikisi öz paylarının naturada ayrılmasını istəyir.

40. Bu hüquq münasibətini tənzimləyən Mülki Məcəllənin 220-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Belə olan halda iddiaçıların paylarına uyğun naturada ayrılmanın mümkün olubolmaması

41. ekspertizanın rəyi əsasında müəyyən edilməlidir.

42. Birinci instansiya məhkəməsindəki icraatda alınmış mütəxəssis və ekspert rəylərində müvafiq bölgünün mümkün olduğu qeyd edilmiş və iddialar təmin olunmuşdur. cavabdeh1 apellyasiya şikayəti verərək bildirmişdir ki, ona ayrılan torpaq sahəsinə girişçıxış təmin edilməmişdir. Yəni məhkəmə nəzərə almamışdır ki, ona ayrılan hissənin girişçıxışı yoxdur.

43. Bu xüsusat apellyasiya icraatında aydınlaşdırılarkən ifadəsi alınmış mütəxəssis X1 bildirmişdir ki, mütəxəssis rəyi verilməmişdən Qəbələ rayonunun Bum bələdiyyəsi ilə dəqiqləşdirmə aparıldıqda tərəflərin paylı mülkiyyətlərində olan torpaq sahəsinin üst hissəsindəki yola bitişik ərazinin bələdiyyəyə aid torpaq sahəsi olması müəyyən edilmiş və tərəflərə ayrılacaq torpaq sahəsinə gediş-gəlişin təmin edilməsi üçün bələdiyyə torpağından yol sahəsinin ayrılmasına etiraz edilməmişdir.

44. Bununla yanaşı, apellyasiya baxışında verilmiş ekspert rəyində qeyd olunmuşdur ki, mübahisəli torpaq sahəsinin ümumi istifadədə olan yola çıxışı təmin edilməklə 4 bərabər hissəyə naturada ayrılması Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və * saylı cədvəllərin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyil.

45. Göründüyü kimi, birinci instansiya məhkəməsindəki icraatda alınmış rəylərin mötəbərliyinin mütəxəssis Arif Rəsulovun izahatından sonra yenidən qiymətləndirilməli olmasına, habelə apellyasiya baxışında alınmış ekspert rəyində mübahisəli torpaq sahəsinin ümumi istifadədə olan yola çıxışı təmin edilməklə 4 bərabər hissəyə naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığının aydın və qəti şəkildə göstərilməsinə baxmayaraq yuxarı məhkəmə qətnaməni dəyişdirmədən qüvvədə saxlamışdır.

46. Bu hal məhkəmə qətnaməsinin qanuni və əsaslı olmadığına, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 34-35).

47. Ona görə də, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

48. Kollegiya onu da qeyd edir ki, hər iki iddiaçının adından kassasiya məhkəməsinə teleqram və yazılı müraciət ünvanlanaraq tərəflər arasında məhkəmədən kənar razılıq əldə edildiyi bildirilmiş, bununla əlaqədar iddia ərizələrinin geri qaytarılmaqla işin Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması xahiş edilmişdir.

49. MPM-in 418-ci maddəsində kassasiya məhkəməsinin həmin Məcəllənin 259.0.11ci maddəsinə müvafiq olaraq iddianı baxılmamış saxlamaq səlahiyyəti nəzərdə tutulmadığından həmin vəsatətlər təmin edilmir. Iddiadan imtina barədə ərizələr isə məhkəməyə təqdim olunmamışdır.

50. Odur ki, yeni apellyasiya baxışında ilk növbədə tərəflər arasında mübahisənin qalıbqalmadığı aydınlaşdırılmalı, əgər qalmamışsa, onların qanunla nəzərdə tutulmuş qaydada edəcəkləri müraciətlər əsasında müvafiq prosessual qərardad qəbul edilməklə işə baxılması tamamlanmalı, ixtilaf davam etdiyi təqdirdə isə işə yuxarıda qeyd olunan maddi və prosessual hüquq normaları əsasında mahiyyəti üzrə baxılmaqla mübahisənin həllinə dair əsaslandırılmış qətnamə qəbul edilməlidir.

51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar