Məhkəmə qərarları › İş №2(1-8)-123/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-123/2026

02.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-123/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı Iddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Cavabdeh MMC-nin “xxxx” X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Iddiaçının poçt vasitəsilə Avropa Insan Hüquqları Məhkəməsinə göndərdiyi şikayət məktubu ünvana çatmamışdır. Cavabdeh MMC iddiaçı tərəfindən daxil olan şikayət əsasında xidməti araşdırmaya başlamış və göndərişin harada itməsi ehtimalını yoxlamışdır. Bu barədə ##.##.2025-ci il tarixli, habelə ##.##.2025-ci il tarixli cavab məktublarında qeyd olunmuşdur ki, ##.##.2025-ci il tarixində iddiaçıdan qəbul edilmiş EE*********AZ nömrəli sürətli poçt göndərişi elə həmin gün müəssisənin çeşidləmə məntəqəsində emal edilərək təyinatı üzrə Fransaya yola salınmışdır, içərisində bu göndəriş olan poçt kisəsi ##.##.2025ci il tarixində Fransa poçtunda qeydiyyatdan keçmişdir. Lakin, Fransa Poçtundan (La Poste) alınmış məlumatda göndərişin itirildiyi bildirilmiş və göndəriciyə təzminat ödənilməsi xahiş olunmuşdur. Eyni zamanda iddaçıya qüvvədə olan qanunvericiliyə əsasən beynəlxalq poçt göndərişinin itirilməsinə görə iddiaçı tərəfindən ödənilən 82,11 manat poçt rüsumu geri qaytarılacağı və əlavə 30 SDR (təxminən 69,21 manat) məbləğində təzminat ödəniləcəyi qeyd edilmişdir. Bununla yanaşı, Cavabdeh MMC tərəfindən iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş qaydada maddi kompensasiya (82,11 manat göndərişin qiyməti və əlavə 30 SDR (təxminən 69,21 manat) məbləğində təzminat, ümumilikdə 152,29 manat) ödənilmiş, iddiaçı bu barədə məlumatlandırılmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı məhkəməyə müraciət edərək, EE*********AZ nömrəli beynəlxalq poçt göndərişinin məqsədli şəkildə qəsdən ünvana çatdırılmaması, göndərən ölkənin mübadilə məntəqəsində qanunsuz saxlanması nəticəsində ona dəymiş 393.45 manat maddi, 5.130 manat isə mənəvi zərər olmaqla, cəmi 5.523,45 manatın cavabdehdən tutularaq ona ödənilməsi və Avropa Insan Hüquqları Konvensiyasının 8 və 34-cü maddələrinin pozuntusunun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, özü hüquqşünasdır və ərizəçilərin şikayətlərini AIHM-ə göndərməklə və onları məhkəmədə təmsil etməklə məşğuldur. ##.##.2025-ci il tarixdə EE*********AZ nömrəli beynəlxalq EMS poçt göndərişi Strasburq şəhərinə göndərilmək üçün ünvan 1 ünvanında yerləşən “xxxx” RM tərəfindən qəbul edilmiş, 83.51 manat ödəniş edilmişdir. Göndəriş 3 ayrı şəxsin fərdi şikayətlərindən ibarət olmuşdur. Izləmə sisteminə əsasən göndəriş ##.##.2025-ci ildə Bakı mübadilə məntəqəsinə daxil olmuş və yola salınmış kimi göstərilsə də, sonradan sistemdə onun ölkə sərhədlərini tərk etməsinə dair heç bir məlumat əks olunmamışdır. Sonrakı tarixlərdə isə göndərişin yenidən Bakı:AZ9096 mübadilə məntəqəsində qeydiyyata alındığı görünür. ##.##.2025-ci ildə iddiaçı göndərişin taleyi ilə bağlı müraciət etmiş, həmin GÜN ona göndərişin itdiyi şifahi bildirilmişdir. ##.##.2025-ci il tarixli cavab məktubunda isə göndərişin guya ##.##.2025-ci ildə Fransa poçtunda qeydiyyatdan keçdiyi və sonradan itirildiyi göstərilmişdir. Lakin bununla bağlı konkret tarix, saat və sənədləşmə təqdim edilməmişdir. Cavab məktubuna əlavə edilən yazışmada itmə faktının ##.##.2025-ci ildə müəyyən edildiyi göstərilmişdir ki, bu da əvvəlki məlumatlarla ziddiyyət təşkil edir. Göndərişin hansı mərhələdə və hansı operator tərəfindən itirildiyi aydınlaşdırılmamışdır. Iddiaçının çoxsaylı yazılı sorğularına cavabdeh və onun filialı tərəfindən ya cavab verilməmiş, ya da qeyri-müəyyən və ziddiyyətli məlumatlar təqdim edilmişdir. Dövlət Gömrük Komitəsi isə göndərişin saxlanılması barədə VAIS sistemində məlumat olmadığını bildirmiş, lakin eyni zamanda onun mübadilə məntəqəsindən yola salındığını qeyd etmişdir. Sorğu edilən gömrük sənədləri təqdim olunmamışdır. Izləmə sistemində 11–## #### 2025-ci il tarixlərində əks olunan məlumatlara görə göndəriş ##.##.2025-ci il tarixdə Bakı: AZ9096 mübadilə məntəqəsinə daxil olmuş və orada qalmışdır. Belə ki, poçt göndərişi təsadüfi itirilmə nəticəsində deyil, cavabdeh tərəfindən məqsədli şəkildə təyinat ünvanına göndərilməmişdir. Göndərişin ünvana çatdırılmaması nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəymişdir. Ümumi maddi zərər 393.45 manat təşkil edir. Bu məbləğ: ilkin poçt haqqı, sorğular və pretenziyalar üçün poçt xərcləri, Ombudsmana müraciət xərci, şikayətlərin sürətli poçt xidməti vasitəsilə yenidən göndərilməsi xərclərindən ibarətdir. Məbləğlər müvafiq qəbzlərlə təsdiq edilir. Göndərişin təyinat yerinə çatdırılmaması iddiaçının peşə fəaliyyətinə və hüquqlarına mənfi təsir göstərmiş, uzun müddətli qeyri-müəyyənlik və narahatlıq yaratmışdır. Mənəvi zərər isə 5.130 manat məbləğində qiymətləndirilməlidir.

5. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

6. Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim: R.Qafarova).

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı, poçt göndərişinin çatmamasını Cavabdeh MMC-nin əməkdaşlarının qəsdən hərəkəti kimi qiymətləndirsə də bununla bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir.Belə ki, Cavabdeh MMC “xxxx” X1 tərəfindən Iddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, EE*********AZ nömrəli göndəriş barədə yazışma Azərbaycanın təyin olunmuş poçt operatoru olan Cavabdeh MMCnin əməkdaşı XASTANM ilə Fransanın təyin olunmuş poçt operatoru olan LA POSTE-nin əməkdaşı AKOYOSHIKAWA arasında aparılmışdır və AKOYOSHIKAWA son cavabında göndərişin LA POSTE tərəfindən itirildiyini bəyan etmişdir.

8. Iddiaçının sonradan göndərişi sürətli poçtla göndərməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı könüllü olaraq növbəti poçt göndərişlərinin DHL sürətli poçt xidməti vasitəsi ilə göndərmişdir, həmçinin informasiya sorğuları ilə də öz təşəbbüsü ilə müvafiq təşkilatlara müraciət etmişdir.

9. Iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə isə qeyd edilmişdir ki, iddiaçı cavabdehin hərəkətlərinin onun şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia bu hissədə də təmin edilməməlidir.

10. Məhkəmə mövqeyini Mülki Məcəllənin 21, 1096.1, 1097.1-ci, “Poçt haqqında” Qanunun 17.1.6, 17.4.3, 21.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

b) apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Iddiaçı apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyator şikayətini belə əsaslandırmışdır ki, “xxxx” RM-in HYPERLINK "https://azems.az/" \t "_new" https://azems.az/ portalındakı izləmə məlumatlarına əsasən, göndəriş ##.##.2025-ci ildə qəbul edilib və həmin gün Bakı mübadilə məntəqəsinə daxil olub; Azərbaycan Respublikasının sərhədlərini tərk etməsinə dair sistemdə heç bir qeyd yoxdur; 11–17 iyun və ##.##.2025-ci il tarixli sonrakı məlumatlar da göndərişin ölkə daxilində qaldığını göstərir. Hazırlıq iclası ərəfəsində portalda ##.##.2025-ci il saat 13:11-ə dair son statusun silinməsi də ayrıca təqdim edilmiş sübutlarla təsdiq olunur. Bu izləmə məlumatları cavabdehin göndərişin ##.##.2025-ci ildə Fransa Poçtunda qeydiyyatdan keçməsi və sonradan itirilməsi barədə 30 aprel və # ### 2025-ci il tarixli məktublarındakı mövqeyi ilə ziddiyyət təşkil edir. Cavabdeh göndərişin Fransada hansı tarixdə, hansı şəraitdə və hansı mərhələdə itirilməsinə dair konkret məlumat təqdim etməmiş, izləmə sistemindəki ziddiyyətlərə aydınlıq gətirməmişdir. Iddiaçı məsələni dəqiqləşdirmək məqsədilə La Posteyə sorğu göndərmiş, lakin cavab təqdim edilməmişdir. Həmçinin məhkəmədən bu istiqamətdə sübutun tələb edilməsi xahiş olunsa da, vəsatət təmin edilməmiş və qətnamədə buna münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsi qətnamədə yalnız cavabdehin təqdim etdiyi 30 aprel və # ### 2025-ci il tarixli məktublara və 152.29 manat təzminat təklifinə istinad etmiş, iddiaçının çoxsaylı yazılı və elektron sübutlarına qiymət verməmişdir. Qətnamədə iddiaçının təqdim etdiyi izləmə məlumatlarına, sübutların tələb edilməsi barədə vəsatətlərə, iddia tələbinin artırılmasına dair əlavəyə, maddi və mənəvi zərərin əsaslandırılmasına heç bir hüquqi qiymət verilməmişdir. Məhkəmə hansı səbəbdən cavabdehin ziddiyyətli məktublarını mötəbər sübut kimi qəbul etdiyi, iddiaçının təqdim etdiyi rəsmi izləmə məlumatlarını isə nəzərə almadığı barədə əsaslandırma göstərməmişdir. Beləliklə, qətnamə sübutların obyektiv, hərtərəfli və tam qiymətləndirilməsi prinsipinə uyğun olmamış, tərəflərin bərabərliyi pozulmaqla qəbul edilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: A.Isgəndərov - sədrlik edən və məruzəçi, A.Imanov və S.Səlimova).

14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

15. Iddiaçı (vəkil: vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh göndərişin Fransa ərazisində itirildiyini iddia etsə də, bu barədə yalnız daxili yazışma xarakterli sənəd təqdim etmiş, göndərişin ölkə ərazisini tərk etməsi, Fransa ərazisində qəbul olunması, konkret tarix və şəraitdə itirilməsi barədə mötəbər və obyektiv sübut təqdim etməmişdir. Izləmə sisteminin məlumatlarına əsasən göndəriş ##.##.2025-ci ildə Bakı mübadilə məntəqəsinə (AZ9096) daxil olmuş və Azərbaycan Respublikasının sərhədlərini tərk etməsinə dair sistemdə qeyd mövcud olmamışdır. Sonrakı tarixlərə dair sistem məlumatları da göndərişin ölkə daxilində qaldığını göstərmişdir. Bu sübutlar cavabdehin “Fransada itirilmə” versiyasını istisna edir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə Mülki Prosessual Məcəllənin 88, 217.1, 218.1-ci maddələrinə uyğun qiymət verməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz ünvanlamış, şikayətin əsassız olduğu üçün təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Etiraz belə əsaslandırılmışdır ki, X2 rəsmi “i-care” onlayn sistemi vasitəsilə aparılan yazışmalarda Fransanın poçt operatoru olan “La Poste” göndərişin məhz onlar tərəfindən itirildiyini bəyan etmişdir. Bu fakt iddiaçının göndərişin ölkə daxilində saxlanılması və ya qəsdən çatdırılmaması barədə bildirdiklərini təkzib edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı MPM-in 416.1-ci maddəsinin tələblərinə uyğun şəkildə bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, göndərişin Azərbaycan Respublikasının hüdudlarından çıxmaması barədə iddiaçının dedikləri deyil, göndərişin Fransanın poçt operatoru olan “La Poste” tərəfindən itirildiyi barədə cavabdehin bildirdikləri işdəki sübutlarla öz təsdiqini tapmışdır.

31. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.

32. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

34. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar