Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1335/2026 04.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə # ###### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. İddiaçı tərəfindən Bakı şəhər Icra Hakimiyyəti MKTD-nin Sanitariya və Texniki Təmizlik Idarəsinin kassasına ayrı-ayrı tarixlərdə müxtəlif məbləğlərdə vəsait qoyulmuşdur.
2. İddiaçı ##.##.2014-cü il tarixdə Bakı şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik Idarəsinin rəisi vəzifəsinə təyin edilmiş və ##.##.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir.
3. Bakı şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya-Təmizlik və Kommunal Xidmətlər Idarəsinin Saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması barədə aktlarına əsasən, 2006-2015-ci illər ərzində 1287, 2011 və 2016-cı illərdə 216, 2017-ci ildə 313, 2018-2019-cu illər ərzində isə 158 sayda iş məhv edilmək üçün ayrılmışdır. Idarənin 2008-2014-cü illər ərzində yaranan Sabunçu rayonu Mühafizə Idarəsi, Dövlət Sosial Müdafiə Fondu, Həmkarlar Ittifaqı, əmək haqqı, vergilər, “xxxx” MMC üzrə olmaqla, ümumilikdə 3324048,59 manat borcu vardır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, rəsmi mədaxil qəbzləri ilə ödədiyi 554000 manat pul vəsaitinin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1993-cü ildən gənc mütəxəssis kimi Binəqədi rayon MKTB-dən başlayaraq, müəyyən dövlət işlərində rəhbər vəzifələrdə çalışmış, 2012-ci ildə “xxxx” MMC-də müavin, 2013-cü ildən Bakı Şəhər Icra Hakimiyyəti MKTD-nin X5 və Kommunal Xidmətlər Idarəsinə rəis müavini, 2014-cü ildən isə rəisi təyin edilmişdir. Həmin ərəfədə Bakı şəhərində “1-ci Avropa Oyunları”na hazırlıq tədbirləri getmiş, rəis təyin edildiyi X5 və Kommunal Xidmətlər Idarəsinin hazırlıq işlərində xüsusi əhəmiyyəti olmuşdur. Rəhbərliyin tapşırıq və göstərişinə uyğun olaraq, idarənin təsərrüfatında olan maşın mexanizmlərindəki və inzibati binasındakı çatışmazlıqları tam aradan qaldırmışdır. Rəhbərlik səviyyəsində ona bildirilmişdi ki, Avropa Oyunlarından sonra işlədiyi təsərrüfata böyük məbləğdə vəsait köçürüləcək və xərclənmiş pullar ona qaytarılacaqdır. O da təsərrüfatın daimi işini yüksək səviyyədə təşkil etmək üçün dost-tanışlarından 554000 manat vəsaiti idarəyə kassa-mədaxil qəbzi ilə təhvil vermişdir. 2015-ci ilin iyun-iyul aylarında oyunlar başa çatmış, pullarının 2016-cı ildə qaytarılması vəd edilmişdir. Lakin 2016-cı ilin fevral ayında o, gözlənilmədən işdən çıxarılmışdır. Bundan sonra borc sahiblərinin təzyiqləri nəticəsində çıxılmaz vəziyyətdə qalmış, barəsində cinayət işi açılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilmişdir. O, bütün əmlaklarını satıb yüksək faizləri və borcları qaytardıqdan sonra Ali Məhkəmənin ##.##.2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəza 5 ilə endirilmişdir. Yaxın dostunun dəstəyi ilə “zərəçəkmiş” şəxsin ziyanını 3-cü dəfə ödədikdən sonra Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə cəzanın çəkilməmiş hisssəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. O, cavabdeh Bakı Şəhər Icra Hakimiyyəti MKTD-yə müraciət edərək, pul vəsaitini qaytarmağı xahiş etmiş, cavabdeh isə ərizənin digər cavabdeh MKTD-nin Sanitariya və Texniki Təmizlik Idarəsinə yönləndirilməsi barədə bildiriş göndərmişdir. Cavabdeh Bakı Şəhər Icra Hakimiyyəti MKTD-nin Sanitariya və Texniki Təmizlik Idarəsi tərəfindən məktubla cavab olaraq bildirilmişdir ki, idarənin maliyyə sənədlərində işlədiyi dövr ərzində şəxsi vəsaitinin idarənin hesabına mədaxil edilməsi barədə qəbzlər aşkar edilməmişdir.
6. Cavabdeh cavabdeh1 nümayəndəsi iddiaya etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, kassa mədaxil qəbzlərinin hamısı idarənin rəhbəri olaraq iddiaçının özü və həmin vaxt baş mühasib işləmiş X1 tərəfindən imzalanmışdır. Məhkəmənin iclasında iddiaçı pul vəsaitlərini idarənin bank hesabına bilavasitə mədaxil etmədiyini bildirmişdir. O, idarənin rəhbəri kimi səlahiyyətlərindən istifadə edərək işlədiyi dövrdə ayrı-ayrı tarixlər göstərilməklə kassa mədaxil qəbzləri tərtib edərək özü və tabeçiliyində fəaliyyət göstərən baş mühasib ilə birlikdə imzalayaraq sənədləri idarənin möhürü ilə təsdiq etmişdir. Bu kassa mədaxil qəbzləri idarənin mühasibatlığında mövcud deyildir. Eyni zamanda məhkəmənin sorğusuna əsasən Bakı şəhər Lokal Gəlirlər Baş Idarəsi tərəfindən ##.##.2025-ci il tarixdə məktub və qoşma sənədlər təqdim edilmişdir. Qeyd olunan sənədlərdə Idarənin bank hesabına pul vəsaitinin daxil olmasını təsdiq edən heç bir sübut mövcud deyildir.
7. Bundan başqa, cavadeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, istinad olunan hərəkət müəssisə üçün öhdəlik yaratmışdırsa, onda iddiaçı 2016-cı ildən sonra keçən 3 il müddətində, yəni 2019-cu ilə qədər hazırkı iddia tələbi ilə tərəfə və məhkəməyə müraciət etməli olduğu halda, bu hərəkət edilməmişdir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdirdi ki, o, cavabdeh2 2014-2016-cı illər ərzində baş mühasib vəzifəsində işləmiş, həmin dövrlərdən etibarən iddiaçını tanımışdır. Pulları iddiaçı gətirmiş, kassaya vermiş və o, mədaxil orderlərinə imza etmişdir. Onun iddiaçı ilə heç bir marağı mövcud olmamış, departament iddiaçıya pulları qaytaracağını vəd etmişdir.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia tələbi rədd edilmişdir.
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhərində “İ Avropa Oyunları” keçirilməsi münasibəti ilə çalışdığı cavabdeh1 rekonstruktiv tədbirlərin görülməsi, maşınların istismara yararlı vəziyyətə gətirilməsi, infrastrukturun təkmilləşdirilməsi və s. istiqamətində addımlar atmasını idarə rəhbərliyinin göstərişi ilə əsaslandırmışdır. Həm iddiaçının izahatlarında, həm də şahid qismində dindirilmiş X1 ifadəsində işlərin görülməsinin vəzifəcə yuxarı şəxslərin tapşırığı ilə baş tutması xüsusatı yer alsa da, lakin rəhbərlik tərəfindən bu barədə təlimatın verilməsi və çəkiləcək xərclərin sonradan iddiaçıya qaytarılması vədini təsdiq edən heç bir rəsmi akt iş materiallarında mövcud deyildir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən müvafiq ödənişlərin edilməsinin göstəricisi kimi kassa mədaxil orderinin qəbzləri məhkəməyə təqdim edilsə belə, həmin sənədlər işin diqqətəlayiq halları nəzərə alınmaqla, qeyri-mötəbər səciyyə daşımaqdadır. Belə ki, ödənişlər həyata keçirilən müddətdə iddiaçı Sanitariya və Texniki Təmizlik Idarəsinin rəisi vəzifəsində işləmiş və səlahiyyətləri imkan verdiyi halda birbaşa pul vəsaitlərini idarənin bank hesabına köçürməmiş, əvəzində kassa mədaxil orderi qəbzləri vasitəsi ilə əməliyyatları icra etmiş görüntüsü yaratmışdır. Halbuki, heç mədaxil qəbzləri əsasında ödənişlərin həyata keçirilməsi barədə qeydlər nə idarənin mühasibat uçotunda yer almamış, nə də bu cür vəsait daxil olmaları əməliyyat sistemində əksini tapmamışdır. Iddiaçı səlahiyyətlərindən suiistifadə edərək, ayrı-ayrı tarixlər göstərilməklə kassa mədaxil qəbzlərini tərtib etmiş, özü və tabeçiliyində fəaliyyət göstərən baş mühasib ilə birlikdə sənədləri imzalayaraq idarənin möhürü ilə təsdiqləmişdir.
12. Məhkəmə həmçinin, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən təqdim edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı, Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə təlimatı, Səyyar vergi yoxlaması aktını, habelə cavabdeh cavabdeh1 nümayəndəsi tərəfindən iş materiallarına əlavə edilmiş Mənfəət vergisi bəyannaməsi və ona əlavələri, Sanitariya və Texniki Təmizlik Idarəsinin ##.##.2015-ci il tarixədək kreditor borcu haqqında məlumatı nəzərdən keçirərək, bir daha iddiaçının idarənin hesabına pul vəsaiti köçürüməsi və idarənin iddiaçıya borcu olmasını halının özünü doğrultmadığı qənaətinə gəlmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 135.1, 157.2, 385.1, 386.1, 425.1 və 442-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə maddi hüquq normalarını sıralamışdır. Lakin işin halları ilə bu normaları əlaqələndirməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2019-cu il tarixli Qərarına görə “proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir.” Məhkəmə ondan özündə olmayan, cavabdeh idarələrdə saxlanmalı olan sənədləri təqdim etməməklə, tələbin sübut edilməməsi qənaətinə gəlmişdir. Iddia tələbinin sübutu üçün ən mötəbər sübut hesab edilən kassa-mədaxil orderinin əsilləri və bundan əlavə yanakı sübutlar tərəfindən təqdim edilsə də məhkəmə haqlı tələbini təmin etməmişdir. Cavabdeh tərəfindən hüquqları açıq şəkildə pozulmuşdur və onun pozulmuş hüquqları məhkəmə qaydasında aradan qaldırılmalı və ödədiyi pullar özünə qaytarılmalıdır. Lakin birinci instansiya məhkəməsi işdə olan sübutlara, şahid ifadəsinə düzgün qiymət verməmiş, nəticə etibarı ilə səhv qətnamə çıxarmışdır. Belə ki, iddia ərizəsində tələb edilən pul vəsaitlərinin Idarənin xəzinəsinə mədaxil edilməsinə dair kassa-mədaxil qəbzlərinin əsilləri onun tərəfindən məhkəməyə təqdim edilsə də, məhkəmə bu sübutu yetərli hesab etməmiş və bunun səbəbini qətnamədə ehtimallarla əsaslandımağa çalışmışdır. O, iddiaçı olaraq, idarəyə rəsmi ödədiyi pulların təsdiqi üçün ilkin və mötəbər sübut kimi, məhz kassa-mədaxil orderlərini məhkəməyə təqdim etmişdir. Onun təqdim etdiyi sübutun əsasında dayanan pul vəsaitlərinin ödənilməsi, cavabdeh tərəfindən sözlə inkar edilsə də və idarədə kassa-mədaxil orderlərinin kötüyünün guya saxlanılması bildirilsə də faktın mövcudluğunu özlüyündə aradan qaldırmır. O, iddiaçı olaraq, iddia tələbini şahid ifadəsi, kassa-mədaxil orderləri, şəxsi əmlaklarını ABB Bankın Nərimanov filialında girov qoymaqla idarə üçün bankdan yüz min manatdan artıq kredit götürməyi ilə, Avropa Oyunları ərəfəsində iddia ərizəsində göstərdiyi xüsusatların real olması ilə sübut edir. Cavabdeh tərəf isə iddia tələbinə etiraz etsə də, etirazın əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bundan başqa cavabdeh idarənin rəhbəri Rafail Mehrəliyevin məhkəmədə şahid kimi ifadə verməsi barədə qərar qəbul edilsə də, məhkəməyə gəlməkdən yayınmış, məhkəməyə gəlməmiş və iddia tələbi üzrə hər hansı yazılı, yaxud şifahi münasibət bildirməmişdir. Məhkəmə isə şahidin dindirilməsi barədə vəsatəti təmin etsə də, dindirilməsi üçün hər hansı bir tədbir görməmiş, onlayn dindirməni də təmin etməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun, Azərbaycan Respublikası NK-nin *** saylı, ##.##.2025-ci il tarixli Qərarının, “Dövlət arxiv fonduna aid sənədlərin müvəqqəti saxlanması və arxivə verilməsi” Qaydalarının tələblərinə cavabdeh idarələr tərəfindən əməl edilməməsinə qiymət verməmişdir. Göstərilən normaların tələblərinə görə arxivə verilməli mühasibat sənədləri arxivə təhvil verilərkən, “arxiv siyahısı” tərtib edilməli və iki nüsxədə tərtib edilən təhvil-təslim aktı ilə təhvil verilməlidir. Həmin siyahı Idarənin rəhbəri tərəfindən təsdiq edilməlidir. Həmin aktda arxivə təhvil verilməli mühasibat sənədlərinin adı və əhatə etdiyi illər göstərilməlidir. Iş materiallarında olan cavabdeh Bakı Şəhər Icra Hakimiyyəti MKTD-nin Sanitariya və Texniki Təmizlik Idarəsi tərəfindən ona verilmiş ##.##.2025-ci il tarixli, 352-13-21/2- R-**-*/**** saylı cavab məktubunda göstərilmişdir ki, “Idarənin maliyyə sənədlərində işlədiyi dövr ərzində şəxsi vəsaitinin Idarənin hesabına mədaxil edilməsi barədə guya qəbzlər aşkar edilməmişdir. Həmçinin göstərilmişdir ki, Idarə dövlət büdcəsi tərəfindən maliyyələşdirilən dövlət müəssisəsidir.” Cavab məktubundan belə məlum olur ki, işlədiyi dövr ərzində maliyyə sənədləri idarədə saxlanılır, lakin həmin sənədlərin arasında onun məhkəməyə təqdim etdiyi qəbzlərin kötüyü aşkar edilməmişdir. Həmçinin cavab məktubunda göstərilən Idarənin büdcə təşkilatı olması və yalnız büdcədən maliyyələşməsi məhkəməyə təqdim etdiyi Idarənin ABB bankdan onun əmlakının ipoteka qoyulması ilə kredit götürməsi faktı ilə“ idarə yalnız dövlət büdcəsindən maliyyələşir” fikrini təkzib edilir. Məhkəmə iddia tələbini tam olaraq əhatə edən qəbzlərin həqiqiliyini inkar etməsə də, (çünki, təqdim etdiyi kassa-mədaxil qəbzlərinin həqiqiliyinin yoxlanmasına dair ekspertiza təyin edilməsi haqqında nə cavabdeh vəsatət verməmiş, nə də məhkəmə öz təşəbbüsü ilə müvafiq ekspertiza təyin etməmişdir) qətnamədə ehtimallara əsaslanmışdır. Çünki qeyd etdiyi kimi idarənin rəhbərinin şahid kimi dindirilməsi barədə məhkəmə qərar qəbul etsə də, şahidi (idarənin rəhbərini) dindirə bilmədiyi halda, məhkəmə idarənin rəhbəri tərəfindən qətnamədə qeyd edilən göstərişlərin verilməməsi qənaətinə gəlmişdir. Əslində idarənin rəhbərinin məhz məhkəməyə ifadə vermək üşün gəlməkdən yayınmasına görə ondan soruşulmalı hallar iddiaçının xeyrinə həll edilməli idi, çünki kassa-mədaxil qəbzlərinin həqiqiliyi, pulun köçürülməsi, işlərin görülməsi heç bir sübutla inkar edilmir. Aşağıda göstərilən prosessual normalara məhkəmə əməl etməmiş, nəticədə düzgün olmayan qətnamə çıxarmışdır. Məhkəmənin gəldiyi bu əsassız nəticə ilə bağlı bildirir ki, “Nağdsız hesablaşmalar haqqında“ Azərbaycan Respublikası Qanunu ##.##.2016-cı il tarixdə qəbul edilmişdir. Ona görə də ərizədə göstərilən pul vəsaitinin nağd qaydada ödənilməsi qanuni hesab edilməlidir. Həmçinin bilavasitə banka, yaxud idarənin xəzinədarlığına vəsaitin ödənilnməsi vəzifə deyil, hüquq olmuşdur ki, o da seçim edərək (həmin vəsaitin idarənin məqsədləri üçün xərclənməsini təmin etmək məqsədilə) bilavasitə xəzinədarlığa ödəniş etmişdir. Bu əməliyyatlar 2016-cı ilin dekabr ayına kimi qanunazidd hesab edilmirdi və bu xüsusatı məhkəmə nəzərə almalı və onun ziyanına şərh etməməli idi. Işdə hər hansı bir dəlil olmadığı halda məhkəmə onun ödənişlə bağlı hərəkətlərini şübhə altına almış və məhkəmə ehtimallar əsasında iş üzrə əsassız nəticəyə gəlmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli # ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər – Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Fuad Abdıyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflərin izahatları, yazılı sübutlar, mühasibat uçotu sənədləri, habelə mübahisəli dövrə aid vergi hesabatları və digər sənədləri tədqiq edilmişdir.
18. Belə ki, iddiaçı mübahisəli dövrdə cavabdeh təşkilatda rəhbər vəzifədə çalışmış, təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinə və kassa əməliyyatlarına nəzarəti həyata keçirmişdir. Tərəfindən təqdim edilmiş daxili mühasibat sənədləri - kassa mədaxil qəbzləri şahid qismində dindirilmiş şəxs tərəfindən tərtib edilmişdir. Lakin həmin sənədlərlə yanaşı qeyd olunan məbləğdə pul vəsaitinin faktiki hərəkətini təsdiq edə biləcək digər mühasibat sənədləri (uçot kitabları, balans göstəriciləri, mühasibat registrləri) məhkəməyə təqdim edilməmiş, həmin sənədlərdə qeydlərin aparılmasına iddiaçı istinad etməmiş, əməliyyatların bank hesabından kənar qaydada həyata keçirildiyini təsdiq etmişdir.
19. Məhkəmə qeyd etmişdir ki, təqdim olunmuş qəbzlər iddiaçının cavabdeh təşkilata rəhbərlik etdiyi və onun maliyyə fəaliyyətinə nəzarət etdiyi dövrdə tərtib edildiyindən, həmin sənədlər pul vəsaitinin verilməsini təsdiq edən etibarlı və mötəbər sübut kimi qəbul edilə bilməz. Həmin dövr üzrə vergi bəyannamələri və vergi uçotu sənədləri ilə pul vəsaitinin kassaya faktiki daxil olduğu və cavabdeh qurumun hər hansı fiziki və ya hüquqi şəxs qarşısında bu məbləğdə borc öhdəliyinin yarandığı müəyyən edilməmişdir.
20. Həmçinin, iddiaçının istinad etdiyi “xxxx” ASC ilə Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Bakı şəhər Sanitariya və Texniki Təmizlik Idarəsi arasında bağlanmış ##.##.2015-ci il tarixli **-*** saylı kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının təminatı kimi ipoteka qoyan İddiaçı ona məxsus Bakı şəhəri Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində istifadədə oan 0,0354 ha torpaq sahəsində yerləşən **b nömrəli binanın zirzəmisində 35,2 kv metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi məhəllə 5057-68 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin, X2 ona məxsus Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M.Şahbazov küçəsi, 1-ci döngə, ev 3 ünvavnında yerləşən fərdi yaşayış evini ipoteka ilə Bankın xeyrinə yüklü etmələrinə dair eyni tarixli ipoteka müqavilələri iş üzrə sübuta yetirilməli olan halların təsdiqi kimi qəbul edilə bilməz. Həmin kredit müqaviləsi üzrə öhdəliklər borc alan-cavabdeh tərəfindən öz vəsaiti hesabına icra edilmiş, ipoteka predmetinə yönəlmə zərurəti yaranmamışdır. Bu sənədlər iddiaçı tərəfindən cavabdehə borc qismində pul vəsaiti verilməsini təsdiq etməmişdir.
21. Məhkəmə xüsusilə qeyd etmişdir ki, Bakı şəhər Sanitariya və Texniki Təmizlik Idarəsi cavabdeh2 strukturuna daxil olmaqla müstəqil təsərrüfat subyekti deyildir və Bakı şəhər Icra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir. Belə qurumun maliyyə fəaliyyəti yuxarı struktur orqan tərəfindən müəyyən edilmiş mühasibat və maliyyə qaydalarına uyğun həyata keçirilməli, üçüncü şəxslərdən, o cümlədən vəzifəli şəxslərdən borc vəsaitinin cəlb edilməsi yalnız səlahiyyətli orqanın qərarı və müvafiq qaydada rəsmiləşdirilmiş maliyyə sənədləri əsasında mümkündür. Iddiaçının cavabdeh təşkilata borc verməsinə dair səlahiyyətli orqanın qərarı və ya bu əməliyyatın, yəni pul vəsaitinin kənar mənbələrdən cəlb edilməsinin yolverilən olduğunu təsdiq edən hər hansı hüquqi əsas və ya sübut məhkəməyə təqdim olunmamışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
22. Qətnamədən iddiaçı (vəkil vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsioni xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 390.1. fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
27. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
28. Maddə 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiya).
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
34. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
43. Iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
44. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə # ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.