Məhkəmə qərarları › İş №2(1-8)-1349/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1349/2026

23.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1349/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: pul tələbi, əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. “xxxx” Açıq Səhmdar Cəmiyyəti və İddiaçı arasında bağlanmış # #### 2024-cü il tarixli, BPM************ nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya illik 24.9 faiz dərəcəsi ilə 59 ay müddətinə 14.400 manat məbləğində istehlak krediti verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlindən görünür ki, tərəflər kreditin hər ay 425,45 manat ödənilməsi barədə razılığa gəlmişlər.

2. Ödəniş qəzblərindən görünür ki, ## ##### 2025-ci il tarixli, *-********* nömrəli qəbzlə 92 manat, # ######## 2024-cü il tarixli, *********** nömrəli qəbzlə 2.400 manat, 0# ######## 2024-cü il tarixli qəbzlə 400 manat, 0# ######## 2024-cü il tarixli *-******** nömrəli qəbzlə 200 manat, # ######## *********** nömrəli qəbzlə 400 manat, # ######## 2024-cü il tarixli, *********** nömrəli qəbzlə 200 manat, ## ##### 2024-cü il tarixli qəbzlə 430 manat, ## ### 2024-cü il tarixli qəbzlə 430 manat, ## ######## 2024-cü il tarixli qəbzlə 4.000 manat, ## ######## 2024-cü il tarixli qəbzlə 725 manat ödəniş edilmişdir.

3. Işdə olan X2 səs yazılarından müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh faktiki olaraq təqdim edilmiş və sonuncu tərəfindən sayılaraq təhvil alınmış bank krediti hesabına əldə edilmiş məbləğ 14.400 manat təşkil etmişdir.

4. “Whatsapp” sosial şəbəkəsindəki yazışmalardan aydın olur ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı onun üçün götürdüyü kredit məbləğini hər ay ödəməyi barədə öz üzərinə öhdəlik götürmüşdür. Iş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. Iddiaçı İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili X1 cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7.000 manat borcun, eləcə də dövlət rüsumu olaraq ödənilmiş 92 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh ilə ailə qurmaq məqsədi ilə tanış olmuşdur. Cavabdeh özünü subay kimi təqdim edərək iddiaçı ilə evlənmək istədiyini bildirmişdir. Cavabdeh Əlahiddə Çevik Polis Alayının 11-ci bölüyündə hərbi xidmət edir. Niyyətinin ciddi olduğunu bildirdiyi üçün iddiaçının onunla münasibəti yaranmış və onlar görüşməyə başlamışlar. Daha sonra cavabdeh maddi vəziyyətinin pis olduğunu, ona təcili 15.000 manat məbləğində pul lazım olduğunu bildirmişdir. Cavabdeh şəxs girov kimi isə xidməti silahının sənədini iddiaçıya vermişdir. Iddiaçı da cavabdehin onunla evlənəcəyinə inanaraq, etibar edərək maddi durumunun pis olduğunu, eyni zamanda onun polis olduğuna, formaya hörmət etdiyinə görə ona inanıb xxxxndan 14.400 manat pul götürüb cavabdehə vermişdir. Həmin pulun üç ayının ödənişini etdikdən sonra, cavabdeh pulu olmadığını, ödənişləri edə bilməyəcəyini bildirmişdir. Iddiaçı cavabdehə dəfələrlə zəng vurmağına baxmayaraq şəxs telefonlarına cavab verməmişdir. Daha sonra dəfələrlə cavabdehin özü və ailəsi ilə əlaqə saxlamağına baxmayaraq, onlar iddiaçıya hədə-qorxu gələrək, bacısı və anası tərəfindən qeyri-etik ifadələr işlədilərək, əxlaqsız qadın olmağı ilə bağlı şər-böhtan atılmaqla azyaşlı övladının iddiaçının himayəsindən alınacağı ilə bağlı mesajlar gəlmişdir. Iddiaçı cavabdehə himayəsində yaşlı anası, azyaşlı övladı olmasını bildirərək, onun üçün götürdüyü krediti ödəməsi ilə bağlı müraciət etməyinə baxmayaraq müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra isə cavabdeh öz öhdəsinə götürdüyü vəsaiti geri qaytarmaqdan imtina etmişdir.

7. Culfa Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Tural Haqverdiyev) iddia tələbi təmin edilmiş, cavabdehdən 7.000 manat pul və ödənilmiş 92 manat dövlət rüsumunun əvəzinin alınıb iddiaçıya verilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh ilə ailə qurmaq məqsədi ilə tanış olmuş, daha sonra cavabdeh iddiaçını aldadaraq ondan 15.000 manat məbləğində kredit götürüb ona verməsini xahiş etmiş, iddiaçı # #### 2024-cü il tarixdə “xxxx” ASC ilə aralarında bağlanmış BPM************ saylı kredit müqaviləsi əsasında bankdan 14.400 manat məbləğində istehlak krediti götürmüş və həmin pulu cavabdehə vermişdir. Cavabdeh kredit məbləğini hər ay ödəmək barədə üzərinə məsuliyyət götürsə də, öhədliklərini yerinə yetirməmiş, iddiaçının onun üçün götürdüyü kredit məbləğini tam ödəməmiş, həmin məbləğ hesabına əsassız varlanmışdır. Iddia ərizəsinə əlavə edilmiş sənədlərdən iddiaçının tələbinin sübuta yetdiyi müəyyən olunur.

9. Iddiaçı “xxxx” ASC ilə bağladığı istehlak krediti müqaviləsinə əsasən borclu şəxs qismində çıxış etmiş, lakin həmin kreditdən əldə olunan vəsait faktiki olaraq cavabdehin istifadəsinə verilmişdir.

10. Məhkəmə tərəfindən tədqiq edilmiş X2 səs yazılarından, həmçinin iddiaçı tərəfin təqdim etdiyi vatsap sosial şəbəkəsindəki mesajlaşmalardan müəyyən olunur ki, həqiqətən də İddiaçı “xxxx” ASC-dən götürdüyü kredit məbləğini Cavabdeh vermişdir. Belə ki, səs yazılarından tam şəkildə aydın olur ki, bankdan götürülmüş pul məbləği cavabdeh tərəfindən sayılaraq təhvil alınmışdır. Həmçinin cavabdeh iddiaçıya kredit borcunu 7 aya tamamilə bağlayacağı barədə yalan vədlər vermiş, onu aldatmışdır. Vatsap yazışmalarından görünür ki, iddiaçı həmçinin cavabdehin bacısı ilə mesajlaşmış, bacısı borcu 2024-cü ilin sentyabr ayına kimi ödəyəcəklərini bildirmiş, o cümlədən cavabdehin anası iddiaçıya göndərdiyi səs yazılarında “niyə buna (Cavabdeh) pul vermisən, bizi bu günə qoymusan, ana-atanla məsləhətləşərdin, canı çıxacaq borcunu verəcək” tipli ifadələr işlətmişdir. Cavabdeh bir neçə ayı ödəsə də, tam borcunu ödəməmişdir (təqdim edilən qəbzlərə əsasən). Beləliklə sübut olunmuşdur ki, cavabdeh iddiaçının onun üçün götürdüyü kredit məbləğindən faydalanmış, lakin öhdəliyini yerinə yetirməmişdir. Bu hərəkətləri nəticəsində cavabdeh əsassız varlanmış, iddiaçı isə maddi ziyana uğramışdır. Qanunvericiliyə əsasən əsassız varlanma hallarının mövcudluğu sübut edildikdə cavabdeh həmin vəsaiti iddiaçıya qaytarmağa borcludur.

11. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 389.1, 329.3, 442, 443.1, 1091, 1092.1, 1093-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat.

12. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan borc pul götürməmiş, götürülmüş məbləğ qeyd edilən miqdarda olmamışdır. Iddiaçı cavabdehə verdiyi məbləği özü könüllü şəkildə, hədiyyə olaraq vermişdir. Məhkəmə iddiaçının tələbinin sübuta yetdiyinin müəyyən olunduğunu qeyd etsə də, tələb sübuta yetməmişdir. Belə ki, iddiaçının kredit götürməsi və götürdüyü kredit məbləğini cavabdehə verməsi faktı olsa da, belə bu hal hazırkı iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz. Çünki cavabdehə verilmiş məbləğ hər hansı öhdəliklə şərtləndirilməmiş, iddiaçı hədiyyə şəklində, öz razılığı və istəyi ilə onu cavabdehə vermişdir. Iddiaçı cavabdehin ondan pul istəməsini və ya borc istəməsini sübuta yetirə bilməmiş, qeyd etdiyi xərcləri könüllü olaraq çəkmədiyini qeyd edir. Odur ki, hazırkı işdə iddiaçı vermiş olduqlarını bağışlama düşüncəsi ilə etmədiyinə istinad edirsə, əmlakın bağışlamadan kənar niyyətlə verildiyini və ya qarşı tərəfin hər hansı öhdəliyi ilə şərtləndirildiyini sübut etmək yükünü də daşımış olur. Çünki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Onun maddi sıxıntıları olduğundan iddiaçı ona kömək edə biləcəyini demişdir. O, isə iddiaçıya heç nəyə ehtiyacının olmadığını demişdir. Lakin iddiaçı ona israrla köməklik etmək istədiyini bildirmişdir. Bir müddət keçdikdən sonra iddiaçı ona bankdan kredit götürdüyünü demişdir. O isə iddiaçıya heç nəyə ehtiyacının olmadığını desə də, iddiaçı israrla pulun bir hissəsini ona vermişdir. Həqiqətən də iddiaçının dediyi kimi ona pul verilmişdir. Lakin iddiaçının ona pul verməsini o, istəməmişdir. Belə ki, iddiaçı özü ona köməklik etmək istədiyini demiş, o da, ehtiyacı olduğu üçün iddiaçının ona verdiyi pulları qəbul etmişdir. O, çətinliyi olduğunu iddiaçıya demiş, iddiaçı da ona kömək məqsədi ilə pul verəcəyini demişdir. Şəxsən özü iddiaçıdan nəinki pul, heç bir şey istəməmişdir. Bir müddət keçdikdən sonra isə iddiaçı ona başqa təkliflər etmiş, bundan sonra ona məlum olmuşdur ki, əslində iddiaçının əvvəldən niyyəti başqa olmuşdur. Əgər əvvəldən bunu bilmiş olsa idi, ondan pul qəbul etməzdi. Daha sonra, iddiaçı ondan pulu tələb etmiş və onun barəsində polis şöbəsinə şikayət etmişdir. Beləliklə hesab edir ki, iddia tam əsassızdır. Çünki o, iddiaçıdan heç vaxt heç bir şey istəməmiş, iddiaçı könüllü olaraq ona yardım etmək istədiyini deyərək, ona pul vermişdir. Belə olan halda əsassız varlanmaya aid normaların iddia tələbinin maddi hüquqi əsası olaraq hazırkı işə tətbiq edilərək iddianın təmin edilməsi əsassız olmuşdur.

14. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(*-*)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Zamiq Əliyev (sədrlik edən və məruzəçi), Mehman Allahverdiyev və Sənan Qarayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında yaranmış şəxsi etimad və yaxınlıq münasibətləri zəminində iddiaçıda cavabdehə qarşı tam inam formalaşmış və iddiaçı məhz bu şəxsi etimada əsaslanaraq # #### 2024-cü il tarixdə “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 14.400 manat məbləğində istehlak krediti götürmüş və həmin vəsaiti cavabdehə təqdim etmişdir. Bu faktlar sübutlardan - kredit müqaviləsi və gizli səs yazılarından müəyyən edilir.

16. Apellyasiya şikayətinin dəlillərindən aydın olur ki, cavabdeh iddiaçı tərəfindən bankdan götürülmüş pul vəsaitinin ona verilməsi faktını mübahisələndirmir və həmin məbləğin faktiki olaraq ona təqdim edildiyini inkar etmir. Belə ki, cavabdeh şikayətində həqiqətən də iddiaçının bankdan kredit götürərək pulun bir hissəsini ona verdiyini təsdiq etmişdir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələbi əsaslandırdığı faktı digər tərəfin etiraf etməsi əks tərəfi həmin faktı sübut etmək vəzifəsindən azad edir. Bu baxımdan, 14.400 manat məbləğində vəsaitin cavabdehə verilməsi tərəflər arasında mübahisəsiz fakt kimi qəbul edilməlidir.

17. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Cavabdeh apellyasiya şikayətində sözügedən vəsaitin ona borc kimi deyil, “hədiyyə” və ya əvəzsiz yardım kimi verildiyini iddia etsə də, bu iddiasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Mülki Məcəllənin 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi hədiyyə verənin öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı heç bir cavab xidməti olmadan zənginləşdirməsini nəzərdə tutur. Lakin iş materiallarından, xüsusilə səs yazılarından və tərəflərin yazışmalarından görünür ki, iddiaçı həmin vəsaiti bağışlama niyyəti ilə deyil, cavabdehin onu geri qaytaracağı vədi və şəxsi münasibətlərin gələcək perspektivinə olan inamı fonunda vermişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsindən görünür ki, mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Normaya əsasən iddiaçı tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Hazırkı iş üzrə cavabdeh qeyd edilən məbləğin ona hədiyyə kimi verilməsini sübut etməyə borclu olsa da, cavabdeh tərəfindən bu istiqamətdə heç bir sübut təqdim edilməmişdir.

18. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş X2 (flaş kart) AUD20240531-WA-1035 adlı audio yazıların məzmunu cavabdehin "vəsaitin hədiyyə olması" barədə iddialarını tamamilə təkzib edir. Audio yazıların təhlili göstərir ki, tərəflər arasında məhz borc öhdəliyi və onun qaytarılması qaydası barədə detallı müzakirə aparılmışdır. Belə ki, səs yazısından tərəflər arasında aşağıdakı məzmunda dialoqun (iş üçün əhəmiyyətli olan hissələri) keçdiyi müəyyən edilir: Aynur: “...Sən kişi sözü vermisən ki, bu pulu almısan, hər ay qaytaracaqsan. Düzdür? Mirdamət: “Bərəkət haqqı qaytaracam. Atamın qəbri haqqı... Allah qoysa, uzağı 7 aya qaytaracam. Uzağı 7 aya.” Aynur: “Yəni hər ay banka pulunu ödəyəsən normal şəkildə?” Mirdamət: “Ödəyəsən, mənə çeki atasın... mən 430 (manat) ödəyəsən." Aynur: “Ödəyərsən, çekin biri səndə qalar, biri məndə?” Aynur: (Pulu sayaraq) “...8.000, 9.000, 10.000... 14.400. Aylıq da olacaq 427.”

19. Səs yazısından aydın olur ki, 14.400 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən tək-tək sayılaraq təhvil alınmış, aylıq ödəniş məbləğinin (427-430 manat) konkretləşdirilməsi və cavabdehin bu borcu uzağı 7 ay ərzində tamamilə bağlayacağına dair verdiyi qəti vədlər birmənalı şəkildə əks olunmuşdur.

20. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, həmçinin cavabdehin anası ilə olan səsli yazışmalarda ananın iddiaçıya ünvanladığı “niyə buna pul vermisən... canı çıxacaq borcunu verəcək” kimi ifadələri borcun mövcudluğunu və bunun hədiyyə deyil, geri qaytarılmalı olan öhdəlik olduğunu bir daha təsdiq edir. Bu faktlar fonunda cavabdehin vəsaitin “hədiyyə” olması barədə arqumentləri sadəcə məsuliyyətdən yayınmaq xarakteri daşıyır və işin faktiki halları ilə ziddiyyət təşkil edir.

21. Sözügedən gizli səs yazısının sübut kimi qəbuledilənliyi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə (Lopez Ribalda və digərləri Ispaniyaya qarşı işdə (2019) məhkəmə qeyd etmişdir ki, əgər səs yazısı şəxsin özəl, ailə həyatının sirrini ifşa etmək üçün deyil, tərəflər arasındakı işgüzar və ya mülki-hüquqi öhdəliyi sübut etmək üçün istifadə edilirsə, bu, 8-ci maddənin (şəxsi həyata hörmət) pozulması sayılmaya bilər) görə səs yazıları şəxsi həyatın sirrini ifşa etmək məqsədi daşımadıqda və tərəflər arasındakı mülki-hüquqi öhdəliyi sübut etmək üçün istifadə edildikdə, sübut kimi qəbul edilə bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş hüquqi mövqeyə əsasən, mülki mübahisə tərəflərinin bir-biri ilə olan danışıqları onlar üçün “şəxsi və ailə həyatının sirri” hesab olunmur. Məhkəmə kollegiyası hesab etmişdir ki, mülki mübahisə tərəflərinin öz hüquqlarının müdafiəsi üçün istifadə etdikləri səs yazısı cavabdehin şəxsi həyatına müdaxilə yox, məhz öhdəlik münasibətlərinin sübuta yetirilməsi məqsədini daşıyır. Bu səbəbdən, həmin səs yazısı Mülki- Prosessual Məcəllənin 76.3-cü maddəsində nəzərdə tutulmuş “qanunsuz əldə edilmiş sübut” anlayışına daxil edilə bilməz.

22. Məhkəmə kollegiyasının qənaətinə görə, səs yazısında cavabdehin borc məbləğini qəbul etməsi, onu sayaraq təhvil alması və qaytarma qaydalarını müzakirə etməsi faktları Mülki Məcəllənin 1091.1-ci maddəsində nəzərdə tutulan əsassız varlanma halının mövcudluğunu tam təsdiq edir. Belə ki, cavabdeh heç bir hüquqi əsas (hədiyyə) olmadan iddiaçının hesabına əmlak (pul vəsaiti) əldə etmişdir. Cavabdehin apellyasiya şikayətində iddiaçı ilə aralarında borc müqaviləsinin olmaması və bu səbəbdən pulun geri qaytarılması öhdəliyinin yaranmaması barədə gətirdiyi dəlillərə münasibətdə qeyd edilməlidir ki, hazırkı iddia tələbi tərəflər arasında bağlanmış hər hansı yazılı borc müqaviləsinin icrasına deyil, məhz hüquqi əsas olmadan əldə edilmiş vəsaitin (əsassız varlanmanın) qaytarılmasına yönəlmişdir. Iddiaçı tərəfindən iddia predmeti borc müqaviləsindən irəli gələn tələb kimi deyil, cavabdeh tərəfindən mənimsənilmiş və faktiki istifadə edilmiş vəsaitin geri alınması kimi müəyyən edilmişdir. Bu baxımdan, yazılı borc müqaviləsinin yoxluğu iddianın rədd edilməsi üçün əsas ola bilməz, çünki öhdəliyin əmələ gəlməsi üçün Mülki Məcəllənin 386.1-ci maddəsində tək müqavilə deyil, həm də əsassız varlanma halları da nəzərdə tutulmuşdur.

23. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iş materiallarından və tədqiq edilmiş sübutlardan (bank sənədləri və səs yazıları) müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə faktiki olaraq təqdim edilmiş və cavabdeh tərəfindən sayılaraq təhvil alınmış məbləğ 14.400 manat təşkil etmişdir. Lakin iddiaçı məhkəməyə müraciət edərək, bu məbləğin yalnız bir hissəsinin, yəni 7.000 manatın cavabdehdən tutulmasını tələb etmişdir. Mülki Prosessual Məcəllənin 372.3-cü maddəsinin mahiyyətinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yoxlayarkən iddia tələbinin hədləri ilə bağlı dispozitivlik prinsipini rəhbər tutur. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə, məhkəmə, tərəflərin tələb etmədiyi hallar barədə öz təşəbbüsü ilə qərar çıxara bilməz (qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla). Bu baxımdan, faktiki varlanma məbləğinin (14.400 manat) iddia məbləğindən (7.000 manat) artıq olması, iddianın təmin edilməsi üçün maneə yaratmır, əksinə, tələb olunan 7.000 manatın cavabdehin hesabına formalaşan əsassız varlanmanın bir hissəsi olduğunu tam təsdiq edir.

24. Beləliklə, cavabdeh tərəfindən qəbul edilmiş və qeyri-qanuni saxlanılan vəsaitin həcmi iddia predmeti olan məbləğdən kifayət qədər çox olduğu üçün, birinci instansiya məhkəməsi tərəfindən 7.000 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə gəlinən nəticə maddi hüquq normalarına və işin faktiki hallarına tam uyğundur.

25. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 32 və 148-ci, Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 329.1- 329.2, 331.1, 334.1, 337.1, 385.1, 386.1, 666.1, 1091, 1092.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 76, 77, 80, 88, 106.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

26. Qətnamədən cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, sübutları düzgün qiymətləndirməmiş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

28. Cavabdeh iddiaçıdan borc almamış, iddiaçı tərəfindən ona verilmiş pul vəsaiti hər hansı borc münasibəti və ya digər hüquqi öhdəlik əsasında deyil, iddiaçının öz təşəbbüsü və könüllü iradəsi ilə maddi yardım, yəni hədiyyə qismində verilmişdir. Iddiaçının bank krediti hesabına əldə etdiyi vəsaiti cavabdehə verməsi özü-özlüyündə tərəflər arasında borc münasibətinin yaranmasını təsdiq etmir. Pulun verilməsi hər hansı öhdəliklə şərtləndirilmədiyindən, həmin vəsaitin geri qaytarılmasının tələb edilməsi üçün hüquqi əsas mövcud olmamışdır.

29. Iddiaçı cavabdehin ondan borc istədiyini, pulun qaytarılması barədə razılığın olduğunu və ya cavabdehin hər hansı öhdəlik götürdüyünü sübuta yetirə bilməmişdir. Verilmiş pul vəsaitinin bağışlama məqsədilə təqdim edilmədiyini iddia etdiyindən, həmin vəsaitin başqa hüquqi əsasla verildiyini sübut etmək yükü də iddiaçının üzərinə düşmüşdür. Lakin bu hal iş materialları ilə təsdiq edilməmişdir.

30. Bundan başqa, cavabdeh iddiaçıdan pul istəməmiş, iddiaçının öz təşəbbüsü ilə göstərdiyi maddi yardımı qəbul etmişdir. Sonradan iddiaçının həmin vəsaiti geri tələb etməsi və tərəflər arasında yaranmış münasibətlər pulun verildiyi vaxt mövcud olan hüquqi əsasın dəyişməsinə səbəb ola bilməz. Bu baxımdan, cavabdehin iddiaçının hesabına hüquqi əsas olmadan varlanması barədə nəticə işin müəyyən edilmiş hallarına uyğun olmamış, əsassız varlanmaya dair maddi hüquq normaları hazırkı mübahisəyə düzgün tətbiq edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

31. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

32. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

33. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

34. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

35. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

36. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

37. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.

38. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir;

39. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

40. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

41. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

42. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

43. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

44. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

45. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

48. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlüklə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

60. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

61. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

63. Izah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Mülki Prosessual Məcəllənin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

64. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

65. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

66. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

67. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar