Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1436/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr, borc müqaviləsi, borcun qaytarılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış ##.##.2024-cü il tarixli borc müqaviləsi ilə, İddiaçı cavabdeh Cavabdeh 51.000 (əlli bir min) manat məbləğində borc verməyi, Cavabdeh isə ##.##.2025-ci il tarixədək faizsiz olaraq qaytarmağı öhdəsinə götürmüşdür.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ## #### 2024-cü il tarixli borc müqaviləsinə əsasən 51000 (əlli bir min) manat pul vəsaitinin və dövlət rüsumu üçün ödənilmiş 243 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında ## #### 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24/A ünvanında yerləşən * saylı Notariat Ofisində, 51.000 (əlli bir min) manat pul məbləğinə dair borc müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə üzrə 51.000 manat pul məbləğini ##.##.2025-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtı-vaxtında yerinə yetirməmiş, qeyd olunan pul vəsaitinə dair ümumiyyətlə ödəniş etməmiş, müqavilə üzrə öhdəliyinə götürdüyü 51.000 manat pul məbləğini geri qaytarmaqdan qəsdən, qərəzli olaraq boyun qaçırmışdır. Cavabdeh tərəfindən borc müqaviləsi üzrə öhdəsinə götürdüyü qaytarılmalı olan 51.000 manat pul məbləğinin müddəti keçmişdir. Qeyd olunanlara dair ##.##.2025-ci il tarixdə pretenziya qaydasında məktub göndərilərək müqavilənin icra edilərək pul vəsaitinin ödənilməsi xahiş edilmişdir, lakin cavabdeh tərəfindən cavab verilməmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- ****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, ## #### 2024-cü il tarixli borc müqaviləsinə əsasən 51.000 manat borc və 243 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 51.243 manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir (hakim Vüqar Nağıyev).
5. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış borc (kredit) müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə və şərtlərlə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüş, lakin müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Bununla da cavabdeh həm qanunvericiliklə, həm də müqavilə üzrə öhdəliyini pozaraq razılaşdırılmış müddət başa çatsa da, pulu qaytarmamaqla öhdəliyini pozmuşdur. Şərh edilən xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, 51.000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyinə tutulmalıdır.
6. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 385.1, 442, 739.1, 739.2, 742.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Cavabdeh apellyasiya şikayət verərək qətnamənin ləğv edilməsi xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının aldadıcı hərəkətləri və borcun məqsədli şəkildə olduğundan çox göstərilməsi araşdırılmamışdır. X2 borcu onun adına rəsmiləşdirməklə gələcəkdə tam məbləğin ondan tələb olunmasını planlaşdıraraq, ödənişlərin gerçək tarixçəsini gizlətmişdir. Müqavilə tərəflər arasında faizsiz qeyd olunsa da o, dəfələrlə ondan faiz ödənilməsini qanunsuz olaraq tələb etmişdir. Hakim Aynur Abdullayevanın icraatında olan mülki işdə o, borcu faizlə verdiyini və faiz tələb etdiyini də çıxışında bildirmişdir. Məhkəmə borcun yaranma şəraitini, ödəniş cəhdlərini və maliyyə durumunu heç bir şəkildə qiymətləndirməmiş, yalnız formal müqaviləyə əsaslanmışdır. e-*(***)-****/**** saylı mülki işdə də eyni tələblərə baxılır və eyni iddiaçı və eyni cavabdeh mövcuddur. Buna görə də hər 2 işin birlikdə baxılması daha ədalətlidir və qanunvericiliyin tələblərinə uyğundur. Aynur Abdullayevanın icraatında olan mülki iş üzrə də eyni məsələlər müzakirə olunur. Hətta həmin prosesdə Nəsirova Gülmira məhkəmə prosesində həmin borc müqaviləsi üzrə pulu faizlə verdiyini etiraf etmişdir. Həmçinin həmin prosesdə qarşılqılı iddia əsasında da işə baxılır və ödənişlərin edilməsi və s. hallarda digər məhkəmə prosesində mübahisələndirilir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Sabit Bəhramzadə-sədrlik edən və məruzəçi, Vahid Sadıqov və Xumar Mərdanova).
10. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, hazırkı işin faktiki hallarına əsasən tərəflər arasında yazılı borc (kredit) müqaviləsinin bağlanması baş tutmuş, iddiaçı öhdəliyini icra edərək 51.000 (əlli bir min) manat pul məbləğini cavabdehə ödəməklə və həmin pula olan mülkiyyət hüququnu da cavabdehə verməklə öhdəliyini icra etmişdir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, sözügedən pul vəsaiti elə eyni tarixdə də cavabdeh tərəfindən qəbul edilmişdir. Tərəflər arasında bağlanmış borc müqaviləsi həm də ona görə etibarlı müqavilədir ki, məbləğindən asılı olaraq qanunla müəyyən edilmiş yazılı formada bağlanmışdır. Borc müqaviləsinin yazılı və ya şifahi formada bağlanmasının imperativliyi borcun məbləği və onun subyektlərin tərkibi ilə şərtləndirilmişdir. Qanunun tələbinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
11. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış borc müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə və şərtlərlə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüş, lakin müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Bununla da cavabdeh həm qanunvericiliklə, həm də müqavilə üzrə öhdəliyini pozaraq razılaşdırılmış müddət başa çatsa da, pulu qaytarmamaqla öhdəliyini pozmuşdur.
12. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçı cavabdehdən yalnız borc müqaviləsi üzrə pulun tutulmasını tələb edir, cavabdehin isə həmin məbləğin dəqiq olmadığı və faiz şəklində ona verildiyini iddia etsə də, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, həmçinin nə birinci instansiya məhkəməsinin, nədəki apellyasiya instansiyası zamanı məhkəmə iclaslarında iştirak etməyərək irəli sürdüyü mövqeyini müdafiə etməyə cəhd etməmişdir.
13. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 448.2, 739.1, 739.2ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, ##.##.2024-cü il tarixli borc müqaviləsi üzrə tərəfindən X2 ödənişlərin müəyyən bir hissəsi edilsə də, çek və sübutlar qarşı tərəfdə qalmışdır. Borc üzrə ödənişləri hissə-hissə etmiş və ödənişlərin bir qismini nağd şəkildə Gülmira Nəsirovaya təhvil vermişdir. Lakin Gülmira xanımla olan yaxın münasibətinə görə tərəfindən belə addım atılmışdır. Ödənişlərin təsdiqini lazım gələrsə etiraf edəcəyinə dair hər zaman söz vermişdir və onun bu sözlərinə inanmışdır. Məhkəmə MPMin 77-ci maddəsi üzrə sübutların tam araşdırılması öhdəliyini pozmuşdur. Müqavilə tərəflər arasında faizsiz qeyd olunsa da o, dəfələrlə ondan faiz ödənilməsini qanunsuz olaraq tələb etmişdir. Məhkəmə işi birtərəfli araşdırmışdır. Məhkəmə borcun yaranma şəraitini, ödəniş cəhdlərini və maliyyə durumumu heç bir şəkildə qiymətləndirməmiş, yalnız formal müqaviləyə əsaslanmışdır. Mülki hüquqda borc münasibətlərinin qiymətləndirilməsi yalnız müqavilə ilə məhdudlaşmır, faktiki davranışlar da nəzərə alınmalıdır. Bundan başqa, Nəsirova Gülmira tərəfindən ##.##.2024-cü il tarixli borc müqaviləsi üzrə 2025-ci ilin iyun ayında müqavilənin müddəti hələ bitməmiş barəsində Nəsimi RPI Idarəsinə əsassız olaraq şikayət etmişdir ki, bununla da dəfələrlə əsassız olaraq polis idarəsinə çağırılaraq dindirilmişdir. Hətta, onunla Nəsirova Gülmira arasında olan münasibət o qədər yaxşı olmuşdur ki, ona ##.##.2024-cü il taixində 10.000 (on min) manat olan kredit müqaviləsinə zamin durmuşdur. Lakin o, 2025-ci ilin aprel ayında həmin pulun da ondan tutulmasına dair iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət etmişdir (Hakim Aynur Abdullayeva) və əsassız olaraq onun barəsində mənfi fikir yaradaraq, ona aidiyyatı olmayan bir iş üzrə iddia qaldırmışdır. Həmin qətnamədən də apellyasiya şikayəti verilmişdir. ##.##.2024-cü il taixində X1 ilə “xxxx” KB arasında 10.000 (on min) manat məbləğində pulun verilməsinə dair kredit müqaviləsi imzalanmışdır. Həmin tarixli zaminlik müqaviləsi üzrə ona həmin kredit müqaviləsi üzrə zamin durmuşdur. Iddiaçı ##.##.2025-ci il tarixində Xətai Rayon Məhkəməsinə müraciət edərək, zamin durduğu kredit müqaviləsi üzrə də pulu ondan tələb etmiş, həmçinin ona heç aidiyyatı olamayan iddialar qaldırmışdır. Hətta hazırkı borc müqaviləsini də həmin icraatda mübahisələndirmişdir. (e-2(011)- 4194/2025 hakim Aynur Abdullayeva), qərardan apellyasiya şikayəti verilmişdir) Tərəfindən iki dəfə vəsatətlə müraciət olunaraq hazırkı mülki işin baxılması üçün e-*(***)-****/**** saylı mülki işlə birləşdirilməsini məhkəmədən xahiş etsə də, vəsatəti nəinki təmin olunmamış, hətta ona münasibət də bildirilməmişdir. Bundan başqa, apellyasiya instansiyasında da işlərin birləşdirilməsini xahiş etsələr də, məhkəmə vəsatətə münasibət bildirməmiş və vəsatətin rədd olunmasını əsaslandırmamışdır. Hər iki mülki işdə də eyni tələblərə baxılır və eyni iddiaçı və eyni cavabdehlər mövcuddur. Buna görə də hər iki işin birlikdə baxılması daha ədalətlidir və qanunvericiliyin tələblərinə uyğundur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Iddiaçı İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 385.1. Ööhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 18.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 19.Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 20.Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir 21.Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 22.Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 23.Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
34. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kassasiya şikayətində qeyd etdikləri formal mülahizələrdən ibarətdir. Apellyasiya instansiyası məhkəməsi yetərincə araşdırma apararaq yuxarıdakı nəticəyə gəlmişdir.
35. Qeyd edilməlidir ki, tərəflər arasında notarial qaydada bağlanmış ##.##.2024-cü il tarixli borc müqaviləsi ilə, İddiaçı cavabdeh Cavabdeh 51.000 (əlli bir min) manat məbləğində borc verməyi, Cavabdeh isə ##.##.2025-ci il tarixədək faizsiz olaraq qaytarmağı öhdəsinə götürmüşdür.
36. Məhkəmə tərkibi qeyd edir ki, necə ki, iddiaçı öz öhdəliyini yerinə yetirərək həmin məbləği cavabdehə vermişdir, cavabdeh də öz növbəsində öhdəliyini yerinə yetirməyə borcludur.
37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.