Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1465/2026 09.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış ## ######## 2022-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı notariusun bankda olan depozit hesabı vasitəsi ilə 25.000 manatı ## #### 2025-ci il tarixədək qaytarmaq şərti ilə Cavabdeh vermişdir.
2. İddiaçı tərəfindən borc müqaviləsi üzrə köçürülmüş 25.000 manat notariusun məktubu əsasında Cavabdeh ödənilmişdir.
3. Tovuz Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin ## ####### 2025-ci il tarixli məktubundan görünür ki, ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə borc öhdəliyi barədə Tovuz Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisində heç bir ödəniş olmamış, müqavilə qüvvədədir, əlavə dəyişiklik və ya ləğv olunmamışdır.
4. “E-manat” ödəniş sistemi vasitəsilə edilmiş elektron ödəniş qəbzlərindən görünür ki, X1 ##.##.2022-ci ildə 600 manat, ##.##.2022-ci ildə 404 manat ödənişlər etmişdir.
5. “Milliön” ödəniş sistemi vasitəsilə edilmiş elektron ödəniş qəbzlərindən görünür ki, X1 ##.##.2023-cü ildə 810 manat, ##.##.2023-cü ildə 1010 manat, ##.##.2023-cü ildə 150 manat, ##.##.2022-ci ildə 505 manat, ##.##.2023-cü ildə 302 manat və ##.##.2022-ci ildə 303 manat ödənişlər etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) məhkəmədə iddia qaldıraraq, cavabdeh Cavabdeh (bundan sonra- cavabdeh) 25.000 manatın tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanan ## ######## 2022-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə 25.000 manat borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən, cavabdeh həmin pulu ## #### 2025-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh ona həmin müddətdə borcu qaytarmamışdır. Cavabdeh ona olan borcunu ödəmədiyi üçün məcbur olub hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.
8. Cavabdeh məhkəməyə etiraz təqdim edərək izahatında göstərmişdir ki, iddiaçının ona qarşı “pul” tələbinə dair iddiasını qismən qəbul edir. Belə ki, iddiaçı ilə ##.##.2022-ci ildə Tovuz “Asan Xidmət” Mərkəzi Notariat ofisində kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsi formal xarakter daşıyır və iddia ərizəsində qeyd edilən 25.000 manat ona verilməmişdir. Əslində iddiaçı tərəfindən ona 5.000 manat verilmiş, lakin sənədləşmə aparılarkən 25.000 manat 3 illik faizi ilə birlikdə hesablanmış, iddiaçı tərəfindən depozitə qoyulmuş və pul kassadan çıxarıldıqdan sonra “Asan Xidmət” Mərkəz binasının qarşısında 20.000 manat iddiaçı tərəfindən, 5.000 manat isə onun tərəfindən götürülmüşdür. Aldığı 5.000 manatdan 2022-ci ilin oktyabr ayında 500 manat, noyabr ayında 300 manat, dekabr ayında 300 manat, 2023-cü ilin may ayında 500 manat, iyul ayında 800 manat və avqust ayında 400 manatı iddiaçının qızı X2 məxsus “xxxx” ASC kart hesabına köçürmüşdür. Göründüyü kimi ona verilən 5.000 manatdan 2.800 manatın qaytarmışdır. Aralarında bağlanan borc müqaviləsinə görə sələm götürdüyü pul tərəfindən 2025-ci ilin mart ayına kimi ödənilməli idi. Lakin iddiaçı tərəfindən iddia müddəti ötürülməklə məhkəməyə müraciət edilmişdir. Ona görə də, iddia müddəti ötürüldüyündən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Xocavənd Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə (hakim İlqar Əliyev) iddia təmin edilərək, cavabdehdən 25.000 manatın və ödənilmiş dövlət rüsumuna görə 165 manatın iddiaçının xeyrinə tutulması qət edilmişdir.
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan ##.##.2025-ci il tarixədək qaytarmaq şərti ilə ## ######## 2022-ci ildə 25.000 manat borc alması, bu barədə Tovuz “Asan Xidmət” Mərkəzi notariat ofisində kredit müqaviləsi bağlaması və həmin müqavilə əsasında iddiaçı tərəfindən ##.##.2022-ci ildə “xxxx” ASC-nin Tovuz Şöbəsinin depozit hesabına 25.000 manat köçürməsi, cavabdeh tərəfindən ##.##.2022-ci ildə 25.000 manatı “xxxx” ASC-nin Tovuz Şöbəsindən qəbul etməsi, lakin cavabdeh aldığı pulu qaytarmaması məhkəmə iclasında cavabdehin izahatı və işin digər halları ilə öz təsdiqini tapdığından, həmçinin cavabdeh istinad etdikləri hallara dair mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyindən, iddia təmin olunmalı, cavabdehdən 25.000 manat və ödənilmiş dövlət rüsumuna görə 165 manat iddiaçının xeyrinə tutulmalıdır.
11. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 157.2, 425.1, 442, 448.1, 739.1, 740-cı, habelə MPM-nin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki iddiaçı ilə Tovuz Regional “ASAN Xidmət” mərkəzi notariat ofisində bağlanmış ##.##.2022-ci il tarixli kredit müqaviləsi formal olaraq bağlanmışdır. Kredit müqaviləsində qeyd edilən 25.000 manat ona verilməmişdir. İddiaçı tərəfindən ona 5.000 manat verilmiş, lakin sənədləşmə aparılarkən 25000 manat 3 illik faizlə birlikdə hesablanaraq qeyd edilmişdir. İddiaçı tərəfindən 25.000 manat pul depozitə qoyulmuş və pul kassadan çıxarıldıqdan sonra “Asan Xidmət” mərkəzi binasının qarşısında 20.000 manat iddiaçıya qaytarılmışdır. Bu vaxt yanlarında Ayaz Həzrətquluyev də olmuşdur. Həmin aldığı puldan ##.##.2022-ci ildə 505 manat, ##.##.2022-ci ildə 303 manat, ##.##.2023cü ildə 1010 manat, ##.##.2023-cü ildə 810 manat, ##.##.2023-cü ildə 302 manat, ##.##.2023cü ildə 150 manatı qaytarmışdır. Qeyd edilən pulları iddiaçının qızı X2 məxsus olan “xxxx” ASCdə olan kart hesabına köçürmüşdür. Məhkəmə iclasında iddiaçının iştirakının təmin olunması üçün heç bir tədbir görülməmişdir. İddiaçı isə həqiqəti məhkəmədən gizlətmək üçün məhkəmə iclasında iştirakdan yayınmışdır. Hətta bundan əvvəl Tovuz Rayon Məhkəməsinə bu tələblə müraciət edərkən də, məhkəmə iclasında iştirakdan yayınmışdır. Bu səbəbdən Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəməyə təqdim etdiyi qəbzlərin çıxarışı nəzərə alınmamışdır. Qəbzlərin əslini məhkəməyə təqdim etməməsinin səbəbi həmin qəbzlərin özü ilə məhkəmə iclasına gətirilməməsi olmuşdur. ##.##.1999-cu ildə Azərbaycan ordusunda xidmət edir Vətən müharibəsində və ondan sonra həyata keçirilən “Antiterror” əməliyyatlarında iştirak etmişdir. Hal-hazırda xidmətini Laçın, Kəlbəcər və Ağdərə rayonlarının düşmənlə bilavasitə təmas xəttində döyüş tapşırıqlarını yerinə yetirən N saylı hərbi hissədə davam etdirir. 2021-ci ildən başlayaraq iddiaçıdan 10-15% sələmə pul götürmüş və qaytarmışdır. 2022-ci ilin sentyabrında maddi sıxıntılar səbəbindən 5.000 manat pul lazım olmuşdur. İddiaçıya bu barədə bildirdikdə maddi cəhətdən ondan asılı olduğunu görərək ona 5.000 manat pul verməsini bir şərtlə razı olduğunu bildirmişdir ki, müqavilə bağlanandan 2 il 6 aydan sonra sələmlə bir yerdə 25.000 manat qaytaracaq. Onun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etmişdir. Yəni heç bir halda bu məsələnin məhkəməyə verməyəcəyinə söz vermişdir. Bunun üçün onlar Tovuz Rayon “Asan Xidmət”ə getmiş və orada formal olaraq, görünüş üçün müqavilə bağlamışlar. “Asan Xidmət”in qarşısında R Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs yanında 20.000 manatı iddiaçının özünə qaytarmışdır. Yəni müqavilə bağlamağa gedəndə əvvəlcədən bilirdilər ki, depozitə qoyulan pul götürüldükdən sonra həmin vaxtı ona qaytarılacaq. Bununla bağlı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şahid olaraq yazılı ifadəsini məhkəməyə təqdim etmişdir. Buna baxmayaraq hakim həmin izahatı sübutlar siyahısına əlavə etməmişdir. Hətta Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şəxsiyyət vəsiqəsinin surətini belə izahatı ilə birlikdə məhkəməyə təqdim etmişdir. Pulun alınmasında bilavasitə bu şəxs iştirak etmişdir. Müqavilənin rəsmiləşməsinə qədər olan bütün məsələlər, yəni pulun verilməsinə iddiaçını bu şəxs razı salmışdır. Ona görə də, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 3-cü şəxs olaraq işə cəlb edilməsini xahiş edir. İddiaçı qanunsuz olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur, heç bir lisenziyası olmadan ayrı-ayrı şəxslərə yüksək faizlərlə 15-20% pul verir. Həmin şəxs, xüsusən Tovuz rayonu və ətraf rayonlarda hərbi hissələrdə xidmət edən çoxsaylı hərbi qulluqçulara 15-20% pul verərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğuldur. İddiaçı hərbi qulluqçuların əmək haqqı kartlarını, hərbi, şəxsiyyət vəsiqələrini, bəzi hallarda isə ailələrin qızıllarını qanunsuz olaraq girov götürür. Onların ailələrinə, xidmət yerlərinə gəlməklə hədələyir və bununla hərbi qulluqçuları daim təzyiq altında saxlayır. O və bir neçə onun əməllərindən zərər çəkmiş hərbi qulluqçular hüquq-mühafizə orqanlarına və Dövlət Vergi Xidmətinə ##.##.2025-ci il tarixdə müraciət etmişlər.
14. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə (hakimlər Pərviz Əhmədov (sədrlik edən, məruzəçi), İlham Əsədov və Tofiq Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Xocavənd Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur.
16. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində ##.##.2022-ci il tarixli kredit müqaviləsini formal olaraq bağlaması, iddiaçı tərəfindən ona 5.000 manat verilməsi, lakin sənədləşmə aparılarkən 25.000 manatın 3 illik faizi ilə birlikdə hesablanaraq qeyd edilməsi, cavabdehin müxtəlif vaxtlarda - ##.##.2022-ci ildə 505 manat, ##.##.2022-ci ildə 303 manat, ##.##.2023- cü il tarixdə 1010 manat, ##.##.2023-cü il tarixdə 810 manat, ##.##.2023-cü il tarixdə 302 manat, ##.##.2023-də 150 manat borc üzrə ödənişlər etməsi, habelə 20.000 manat pul vəsaitinin iddiaçının qızına qaytarmasına dair dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh tərəf qeyd edilən halları sübut edə bilməmiş və birinci instansiya məhkəməsinə sübutlar təqdim etməmişdir.
17. Cavabdehin nümayəndəsi və vəkili Vəkil İsgəndər qızı tərəfindən təqdim edilmiş ödəniş sənədlərinə dair məhkəmə kollegiyası qeyd etmişdir ki, bu ödənişlər yalnız apellyasiya məhkəməsində icraat zamanı təqdim edilmiş, birinci instansiya məhkəməsində isə təqdim edilməməsinin üzrlü səbəbləri əsaslandırılmamışdır.
18. İşdən göründüyü kimi, tərəflərə birinci instansiya məhkəməsində icraat zamanı qanunla müəyyən edilmiş prosessual müddətlər çərçivəsində özlərinin mötəbər sübutlarını məhkəməyə təqdim etmək üçün kifayət qədər vaxt ayrılmış və zəruri şərait yaradılmışdır. Cavabdeh birinci instansiya məhkəməsində keçirilmiş iclasların vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, habelə məhkəmə iclasında şəxsən iştirakı təmin edilmişdir.
19. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 385.1, 425, 442, 445.2.1, 448.1, 739.1, 740-cı, habelə MPM-in 14.2, 77.1, 78.1, 89.1, 217.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, 2(106)-1950\**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında kredit müqaviləsi olmasına baxmayaraq, həmin müqavilə əslində formal olaraq bağlanmışdır. Belə ki, 2021-ci ildən başlayaraq cavabdeh iddiaçıdan 10% olmaqla sələmə pul götürmüş və qaytarmışdır. Belə ki, 2021-ci ilin aprel ayında 3.000 manat, 10% sələmi ilə almış və hər ay 500 manat 10% sələm olmaqla qaytarmışdır. 2021-ci ilin noyabr ayında 2.000 manat 10% sələmə pul almış və qaytarmışdır. 2022-ci ilin may ayında 700 manat 20% pul götürmüş, ##.##.2022- ci ildə 600 manat, ##.##.2022-ci ildə 404 manat olmaqla həmin puluda qaytarmışdır ki, bunların da çeki mövcuddur. 2022-ci ilin sentyabr ayında maddi sıxıntılar səbəbindən cavabdehə 5.000 manat pul lazım olmuşdur. Bu barədə cavabdeh eyni hərbi hissədə xidmət etdiyi və yaxın yoldaşlıq münasibətində olduğu xidmət yoldaşı Ayaz Həzrətquluyevə bildirmişdir. O, da cavabdehə tanışı və mötəbər münasibətdə olduğu iddiaçıdan bu pulu ala biləcəyini demişdir. Həmin gün Tovuz rayonunda yerləşən çayxanalardan birində görüşmüşlər. Ayaz Həsənquliyev iddiaçının 5.000 manat pul verməyə razı saldığını bildirmişdir. Lakin bunu notarial qaydada kredit müqaviləsi bağlamaqla və 5.000 manatın müqabiləndə 25.000 manalıq kredit müqaviləsi bağlamaq şərti ilə verməyə razı olduğunu bildirmişdir. Eyni zamanda həmin müqavilənin bağlanması üçün lazım olan, yəni depozitə qoyulmalı olan məbləğin hamısının onda olmadığını və başqa bir şəxsdən alacağını bildirmişdir ki, bunun üçün, yəni pulun bir neçə saat onda qalması üçün pul aldığı şəxsə 200-300 manat hörmət etdiyini bildirmişdir. Bunun üçün Tovuz rayon Asan Xidmət mərkəzinə notariat ofisinə getmiş və orada formal olaraq, görünüş üçün müqavilə bağlamışlar. Əvvəlcədən razılaşdıqları kimi Asan xidmətin qarşısında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs yanında 20.000 manatı iddiaçının özünə qaytarmışdır. Yəni onlar müqavilə bağlamağa gedəndə əvvəlcədən bilirdilər ki, depozitə qoyulan pul götürüldükdən sonra həmin vaxtı 20.000 manat iddiaçıya qaytarılacaq. Bununla bağlı cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şahid olaraq yazılı ifadəsini məhkəməyə təqdim etmişdir. Lakin məhkəmənin çıxardığı qətnamədə bununla bağlı heç bir qeyd yoxdur. Hətta əsas şahid olmasına baxmayaraq hakim onun məhkəmə iclasına çağrılması barədə vəsatətini təmin etməmişdir. Cavabdeh hətta Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şəxsiyyət vəsiqəsinin surətini belə izahatı ilə birlikdə məhkəməyə təqdim etmişdir. Pulun alınmasında və qaytarılmasında bilavasitə bu şəxs iştirak etmişdir. Müqavilənin rəsmiləşməsinə qədər olan bütün məsələlər, yəni pulun verilməsinə iddiaçını bu şəxs razı salmışdır. 2025-ci ilin aprel ayında Tovuz Rayon Məhkəməsində, həmin ilin sentyabr ayında Xocavənd Rayon Məhkəməsində cavabdehə qarşı 25.000 manat pul tələbinə dair iddia qaldırmışdır. Beləliklə iddiaçı, cavabdehlə aralarında yaranan münasibətlərdən sui-istifadə edərək tamah məqsədilə kredit müqaviləsinin bağlanması anına qədər cavabdehin əmlak hüququnu ələ keçirmək niyyətilə dələduzluq etmişdir. Bundan başqa, dövlət qeydiyyatına alınmadan sahibkarlıq fəaliyyətinin( qeyri bank fəaliyyəti sələmçilik) həyata keçirilməsi üçün lisenziya tələb olduğu halda lisenziya almadan sələmçilik fəaliyyəti ilə məşğul olaraq çoxsaylı hərbi qulluqçulara və mülki şəxslərə əsassız varlanma qaydaları çərçivəsində qaanuni borc müqaviləsini yazılı formada bağlanmasını tələb etməli olduğu halda müqaviləsiz həmin şəxslərin hərbi vəsiqələrin, şəxsiyyət vəsiqələrin, əmək haqqı kartlarını və sürücülük vəsiqələrini, ailələrinin qızıl-zinyət əşyalarını heç bir hüququ və səlahiyyəti olmadan qanunsuz girov götürərək sələmə pul verir. Qanunvericiliyə görə əgər şəxs davamlı və sistemli şəkildə müxtəlif şəxslərə faizlə borc verirsə bu fəaliyyət artıq sahibkarlıq fəaliyyəti kimi qiymətləndrilə bilər. Qanunvericiliyə əsasən sahibkarlıq fəaliyyəti dövlət qeydiyyatından keçməklə həyata keçirilməlidir. Əks halda, belə fəaliyyət qanunsuz sahibkarlıq kimi qiymətləndrilməli və hüquqi məsuliyyət yaradır. Məhkəmə təcrübəsindən görünür ki, borc verən şəxslərin hərəkətlərində qanunsuz sahibkarlıq fəaliyyəti və ya digər hüquq pozuntularının əlamətləri aşkar edildikdə məhkəmələr tərəfindən xüsusi qərardad qəbul edilərək materiallar prossesual qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilməlidir. Məlahətin əməllərindən zərərçəkmiş şəxslər hərbi qulluqçulardır ki, hansı ki, onların əksəriyyəti tovuz döyüşlərində, qarabağ müharibəsində, antiterror əməlaytalarında iştirak edən şəxslərdir. Bundan əlavə cavabdeh apellyasiya məhkəməsinə 5.000 manat pulun ödənilməsini təsdiq edən çeklər təqdim etsə də, məhkəmə sübut olaraq onları nəzərə almamışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, bütün sübutlar məhkəmə hazırlıq iclasında təqdim ediləli idi. Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh məhkəmə hazırlıq iclaslarında iştirak edə bilməmişdir. Bunun səbəbi isə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməməsi olmuşdur. Belə ki, cavabdeh hazırda Kəlbəcər rayonu, N saylı hərbi hissədə xidmət etdiyi halda Xocavənd Rayon Məhkəməsinin bildirişləri cavabdehin əvvəl xidmət etdiyi Xocavənd rayonu, Hadrut qəsəbəsində yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. Bu səbəbdən məhkəmə iclasının vaxtı cavabdehə məlum olmamışdır. Artıq cavabdehə məlumat veriləndən sonra cavabdeh məhkəmə baxışında iştirak etmişdir ki, bu halda da, təqdim etdilmiş sübutlar məhkəmə tərəfindən qəbul edilmədir. Bu sübutları yəni pulun ödənilməsi barədə qəbzləri Şirvan Apellyasiya Məhkəməsinə təqdim etdikdə isə məhkəmə eyni mövqedən çıxış edərək pulun ödənilməsi barədə qəbzləri qəbul etmədi. Bu artıq Xocavənd Rayon Məhkəməsinin öz səhvidir ki, məhkəmə iclasının yeri və vaxtı barədə bildirişi cavabdehə vaxtında təqdim etməmişdir. Belə halda məhkəmə baxışında təqdim edilsə belə üzürlü hesab edilərək sübut kimi bu qəbzlər məhkəmə tərəfindən qəbul edilməli idi. Eyni zamanda Müdafiə Nazirliyinin əmrinə əsasən hərbi qulluqçular telefonoqrama vasitəsilə məhkəmə iclasına dəvət edilməlidir. Belə bir Telefonoqrama Xocavənd Rayon Məhkəməsi tərəfindən N saylı hərbi hissəyə göndərilməmişdir. Məhkəmə gəldiyi nəticə üçün cavadehin məhkəməyə təqdim etdiyi qəbzləri, eyni zamanda pulun verilməsində bilavasitə iştirak etmiş şəxs Ayaz Həzrətquluyevin yazılı şəkkildə məhkəməyə təqdim edilmiş ifadəsini araşdırmamışdır. Məhkəmənin qətnaməsində iş materiallarına həmin şahidin ifadəsi əlavə edilməmişdir. MPM-nin sübutlar adlı bölməsində sübut növlərindən biri də şahid ifadəsidir. Qeyd edilən şahid pulun verilməsində iştirak edib və 20.000 manat pulun iddiaçıya qaytarılmasının şahidi olmuş şəxsdir. Məhkəmə iclasında cavabdeh vəsatətət verərək həmin tarixə olan kamera görüntülərinin Tovuz rayon Asan Xidmət Mərkəzindən alınmasını xahiş etsə də məhkəmə bununla bağlı heç bir addım atmamışdır. Məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun gəlmir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
26. Maddə 425.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (əvvəlki redaksiya).
30. Maddə 740. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (əvvəlki redaksiya).
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 34.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 35.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 36.Maddə 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. 37.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 38.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 39.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Cavabdehin kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı.
Kasasiya məhkəməsinin hüquqi mövqeyi
42. Kassasiya məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz.
43. Belə ki, işdən görünür ki, tərəflər arasında ## ######## 2022-ci il tarixli notarial qaydada bağlanmış kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə faizsiz 25.000 manat borc verir, cavabdeh isə krediti ## #### 2025-ci il tarixədək qaytarmağı öhdəsinə götürür.
44. Hazırda iddiaçı, cavabdehə ## ######## 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 25.000 manat borc verdiyini, cavabdehin həmin borcu ## #### 2025-ci il tarixədək qaytarmağı öhdəsinə götürdüyünü, lakin onun bu müddətdə borcu qaytarmadığını göstərib, cavabdehdən onun xeyrinə 25.000 manatın tutulmasını iddia edir.
45. Cavabdeh isə iddiaya etiraz edərək, iddiaçının ona qarşı olan “pul tələbinə dair” iddiasını qismən qəbul etdiyini, iddiaçı ilə aralarında ## ######## 2022-ci il tarixdə notarial qaydada kredit müqaviləsinin bağlandığını, həmin müqavilənin formal xarakter daşıdığını, iddia ərizəsində qeyd edilən 25.000 manatın ona verilmədiyini, əslində iddiaçı tərəfindən ona cəmi 5.000 manat verildiyini, lakin sənədləşmə aparılarkən 25.000 manatın 3 illik faizi ilə birlikdə hesablandığını, iddiaçının həmin vəsaiti notariusun depozitinə qoyduğunu, pul kassadan çıxarıldıqdan sonra “Asan Xidmət” Mərkəz binasının qarşısında 20.000 manatı iddiaçının, 5.000 manatı isə onun götürdüyünü, aldığı 5.000 manatdan 2022-ci ilin oktyabr ayında 500 manat, noyabr ayında 300 manat, dekabr ayında 300 manat, 2023-cü ilin may ayında 500 manat, iyul ayında 800 manat, avqust ayında 400 manatı iddiaçının qızı X2 “xxxx” ASC-də olan kart hesabına köçürdüyünü, beləliklə ona verilən 5.000 manatdan 2.800 manatı iddiaçıya geri qaytardığını göstərib, iddaya etiraz edir.
46. Əvvəla, qanunverciliyə görə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir, uzlaşmırsa rədd edilir.
47. O, da qeyd olunmalıdır ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənibsöykənmədiyini müəyyən etmək işə baxan məhkəmənin vəzifəsidir. Çünki, hüququn tətbiqinə bilavasitə işə baxan məhkəmə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi məhkəmə üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “mənə faktları ver, sənə uyğun hüququ verim” (da mihi factum, dabo tibi ius) prinsipinə əsaslanır.
48. Bu baxımdan kassasiya məhkəməsi hesab edir ki, iddiaçının tələbinə uyğun gələn qanuni əsas kimi ilk növbədə AR Mülki Məcəlləsinin 739, 740-cı maddələrinin dispozisiya şərtləri nəzərdən keçirilə bilər.
49. Məlum olduğu kimi borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
50. Borc müqaviləsində tərəflərin hüquq və vəzifələrinin yaranması üçün tərəflərin razılığa gəlmələri ilə bərabər borc predmetinin qarşı tərəfə verilməsi də zəruridir.
51. Borc müqaviləsində borc verən borc vermək üzrə öhdəliyini yerinə yetirdikdən sonra onun üzərində yalnız hüquqlar qalır ki, bu da verilmiş borcun qaytarılmasını tələb etməkdən ibarətdir. Borc alan isə borc predmetini aldıqdan sonra ona qaytarmaq vəzifəsini daşıyır.
52. Hazırkı işdə, cavabdeh iddiaçının ona 25.000 manat deyil, cəmi 5.000 manat borc verdiyini, lakin sənədləşmə zamanı 25.000 manat borcun 3 illik faizlə birlikdə hesablandığını, iddiaçının notariusun depozit hesabına qoyduğu 25.000 manatın 20.000 manatını iddiaçının, 5.000 manatını isə özünün götürdüyünü, aldığı 5.000 manat borcu isə 2022-ci ilin oktyabr ayında 500 manat, noyabr ayında 300 manat, dekabr ayında 300 manat, 2023-cü ilin may ayında 500 manat, iyul ayında 800 manat, avqust ayında 400 manat olmaqla, iddiaçının qızı X2 “xxxx” ASC olan kart hesabına köçürməklə qaytardığını və beləliklə də 5.000 manat borcdan iddiaçıya 2.800 manat qaytardığını göstərib, iddiaya etiraz etsə də, işə baxan məhkəmələr ümumiyyətlə cavabdehin etirazının əsası kimi istinad etdiyi bu hallarla bağlı heç bir araşdırma aparmadan, ən azından iddiaçının bilavasitə məhkəmə iclasında iştirakını təmin edib onun bu hallara münasibətini öyrənmədən, 2022-ci ilin oktyabr ayından başlayaraq cavabdehin iddiaçının qızının kart hesabına köçürdüyü vəsaitin məqsədinə, təyinatına aydınlıq gətirmədən, başqa sözlə, tərəflər arasında mövcud olmuş borcun mahiyyətinə varmadan iddianı təmin etmişlər.
53. Digər tərəfdən, işin mübahisə olunmayan hallarına görə cavabdeh, ## ######## 1999cu il tarixdən Azərbaycan ordusunda xidmət edir, Vətən müharibəsində və ondan sonra həyata keçirilən “Antiterror” əməliyyatlarında iştirak edib, hazırda isə xidmətini “N” saylı hərbi hissədə davam etdirir. Cavabdehin deməsinə görə iddiaçı, lisenziyası olmadan ayrı-ayrı şəxslərə, hərbi qulluqçulara yüksək faizlərlə borc verir, onların əmək haqqı kartlarını, hərbi, şəxsiyyət vəsiqələrini və.s girov götürür.
54. Bu fakt apellyasiya, kassasiya şikayətinin dəlilləri, habelə Şəmkir hərbi prokurorunun “Cinayət haqqında məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarı ilə də təsdiq olunur.
55. Apellyasiya məhkəməsi, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsaslanaraq cavabdehin həmin müqavilə üzrə öhdəliyini icra etmədiyi və onun iddiaçıya ödənilməmiş 25.000 manat borcunun olduğu nəticəsinə gələrkən, bu zaman bütün müvafiq halları nəzərə almayıb, o cümlədən qohumluq əlaqələri olmadığı halda, iddiaçının son üç il müddətində cavabdehə nəyə görə və hansı şərtlərlə faizsiz borc verdiyini aydınlaşdırmayıb.
56. Bundan başqa, cavabdeh apellyasiya şikayətində notariusun depozit hesabından 25.000 manatı götürdükdən sonra 20.000 manatı Ayaz Həstrətquliyevin iştirakı ilə bilavasitə iddiaçının özünə qaytardığını və bu səbəbdən də 5.000 manatın məhz 3 illik faizi ilə birlikdə hesablandığını qeyd etsə də, apellyasiya məhkəməsi onun bu dəlilləri üzrə də heç bir araşdırma aparmayıb.
57. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi qanunilik və əsaslılıq baxımından apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh izahatında, iddiaya etiraz ərizəsində, apellyasiya şikayətində kredit müqaviləsi üzrə bilavasitə borcun predmetinə aid 2.800 manatı iddiaçıya geri qaytardığını qeyd etdiyi halda, onun həmin borcu ödəməsinə dair qəbzləri apellyasiya məhkəməsinə təqdim etməsi yeni sübut kimi qiymətləndirilə bilməz və apellyasiya məhkəməsi ödənilmiş borcu dəqiqləşdirib ümumi borcdan çıxmamaqla səhv nəticəyə gəlib. Halbuki, AR MPM-nin 217.1-ci maddəsində göstərilir ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
58. Həmin Məcəllənin 418.1-ci maddəsində göstərilir ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
59. Kassasiya məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, cavabdehin kassasiya şikayətində göstərdiyi digər dəlilləri də müzakirə edərək hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini pozduğundan, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi Qərara aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.