Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1633/2026 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçılar iddiaçı3 MMC-nin, iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsindən irəli gələn mübahisələr, kirayəçinin iddiası üzrə müddətin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi cavabdeh2 və cavabdeh1 mülkiyyətində olmuşdur.
2. ## ##### 2022-ci il tarixdə icarə müqaviləsi ilə icarəyə verən cavabdeh2 ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 680,1 kv.m. olan qeyri-yaşayış sahəsinin 403 kv.m hissəsini icarəçi iddiaçı2 icarəsinə vermişdir. Icarə müddəti ## ##### 2027-ci il tarixədək müəyyən edilmiş və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilmişdir. Icarəyə verilən sahənin istifadəsinə görə icarəyə götürən iddiaçı2 icarəyə verən cavabdeh2 aylıq 1200 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.
3. ## ######## 2023-cü il tarixli “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” Icarə Müqaviləsi ilə icarəyə verən cavabdeh1 ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 38 kv.m. hissəsini icarəçi iddiaçı3 MMC-nin istifadəsinə verməyi, Icarəçi isə Icarəyə verənə müəyyən edilmiş icarə haqqı ödəməyi öhdəsinə götürür. Icarə müddəti ## ######## 2023-cü il tarixdən ## ######## 2024-cü il tarixədək müəyyən edilir və tərəflər arasında bu müddətin uzadılmasına dair razılaşma olmazsa, ## ######## 2024-cü il tarixdə başa çatır. Bu müqavilə üzrə Icarəçi tərəfindən obyektdə aparılacaq tikinti işləri də nəzərə alınmaqla bir aylıq icarə haqqı 150 manat həcmində təşkil edir.
4. ## ####### 2023-cü il tarixli “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” Icarə Müqaviləsi ilə Icarəyə verən cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 255 kv.m. hissəsini Icarəçi iddiaçı1 istifadəsinə verməyi, Icarəçi isə Icarəyə verənə müəyyən edilmiş icarə haqqı ödəməyi öhdəsinə götürür. Icarə müddəti ## ####### 2023-cü il tarixdən ## ####### 2024-cü il tarixədək müəyyən edilir və tərəflər arasında bu müddətin uzadılmasına dair razılaşma olmazsa, ## ####### 2024-cü il tarixdə başa çatır. Bu müqavilə üzrə Icarəçi tərəfindən obyektdə aparılacaq tikinti işləri də nəzərə alınmaqla bir aylıq icarə haqqı 300 manat həcmində təşkil edir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçılar iddiaçı3 MMC, iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təmir-quruculuq, tərtibat işlərinə çəkilmiş xərclərin əvəzi olaraq 154490,73 manat pulun, hüquqi yardıma görə ödənilmiş 900 manat pulun, dövlət rüsumuna görə ödənilmiş 446 manat pulun cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada alınaraq, iddiaçılar iddiaçı2 51945,57 manat, iddiaçı3 51945,57 manat və iddiaçı1 51945,57 manat olmaqla ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
6. Iddia onunla əsaslandırılmışdır ki, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahələri cavabdeh2 və cavabdeh1 xüsusi mülkiyyətində olmuşdur. Ünvan ünvanında yerləşən qeyri-yaşayış sahəsi sahibkarlıq fəaliyyəti ilə əlaqədar hissə-hissə iddiaçı2, iddiaçı1, X1 tərəfindən icarəyə götürülmüş və birlikdə təxmini 187000 manat tikinti-təmir xərcləri görülmüşdür. Belə ki, həmin qeyri-yaşayış sahəsi təmirsiz formada icarəyə götürülmüş, fəaliyyətə başlamamışdan qabaq iddiaçılar tərəfindən təmir işləri görülmüş və təmirdən sonra Portal Games adı altında oyun sahəsi fəaliyyətə başlamışdır. 2024-cü ilin may ayında mülkiyyətçilər iddiaçılara həmin qeyri-yaşayış sahəsinin söküləcəyi barədə şifahi məlumat vermişlər. Sözügedən icarə obyektə iddiaçılar tərəfindən külli miqdarda xərc çəkildiyi üçün söküləcəyi təqdirdə onların tikinti-təmir xərcləri ödənilməli olduğu bildirilmiş, lakin mülkiyyətçilər imtina etmişlər. Bununla əlaqədar olaraq iddiaçı2 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə müraciət edərək, cavabdeh2 və cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahələrində söküntü, tikinti, təmir və sair işlərin aparılması, həmçinin həmin qeyri-yaşayış sahələrinin hər hansı bir formada özgəninkiləşdirilməsi ilə bağlı müəyyən hərəkətlərin edilməsi mülkiyyətçilərə və digər fiziki və hüquqi şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin **(***)-***/**** nömrəli, ## ### 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Həmin qərardaddan maraqlı şəxs Bakı şəhəri Xətai Rayon Icra Hakimiyyəti şikayət verərək qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə mülkiyyətçilər cavabdeh2 və cavabdeh1 rayon Icra Hakimiyyətinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahələrində hər hansı bir hərəkətlərin qadağan edilməsi ilə əlaqədar müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə Xətai Rayon Məhkəməsinin qərardadının mövcudluğu barədə məlumat verərək, məsələyə münasibət bildirilməsini xahiş etmişlər. Xətai Rayon Icra Hakimiyyəti məhkəmənin qeyd edilən qərardadı ilə razı deyildir. Belə ki, Bakı Şəhər Icra Hakimiyyəti Başçısının # ### 2024-cü il tarixli, ** saylı sərəncamı ilə Xətai Rayon Icra Hakimiyyəti Bakı şəhəri Xətai rayonu, XXX və XXX küçələrinin əhatəsində yerləşən ərazidə abadlıq işlərinin aparılması üçün sözügedən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmrinə əsasən Bakı Şəhər Icra Hakimiyyətinə ayrılmış vəsait dairəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün vahid sifarişçi təşkilat təyin edilmiş və Xətai Rayon Icra Hakimiyyəti Xətai rayonu, XXX və XXX küçələrinin əhatəsində yerləşən ərazidə, yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsini və köçürülən ərazidə söküntü işlərinin aparılmasını həmçinin sözügedən ərazinin tullantılardan daşınmasını zəruri tədbirlər görməklə təmin edilməsi həvalə edilmiş və bununla əlaqədar Xətai Rayon Icra Hakimiyyəti Başçısının ## ### 2024-cü il tarixli, *** saylı Sərəncamı ilə təsdiq olunmuş komissiya yaradılmışdır. Bakı Şəhər Icra Hakimiyyətinin sərəncamı əsasında Xətai Rayon Icra Hakimiyyətində yaradılmış komissiya həmin ərazidə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Belə ki, Bakı Şəhər Icra Hakimiyyəti Başçısının ## ### 2024-cü il tarixli, ** saylı sərəncamına əsasən Xətai Rayon Icra Hakimiyyəti Bakı şəhəri, Xətai rayonu, XXX və XXX küçələrinin kəsişməsində yerləşən 2,75 ha ərazidə abadlıq işlərinin aparılması qərara alınmış və sözügedən ərazidə yerləşən yaşayış və qeyri- yaşayış obyektlərinin köçürülməsi məqsədilə dövlət tərəfindən müvafiq ssuda ayrılmışdır. Xətai Rayonu Icra Hakimiyyəti Başçısının ## ### 2024-cü il tarixli, *** saylı sərəncamdan çıxarışa əsasən XXX, XXX küçələrinin ərazisində və eləcə də layihəni əhatə edən ünvanlar üzrə işlərin davam etdirilməsi, kompensasiya ödənilməklə yaşayış və qeyriyaşayış sahələrinin köçürülməsi məqsədilə komissiya yaradılması qərara alınmışdır. Buna əsasən şikayət təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin **(***)-***/**** nömrəli, ## ### 2024-cü il tarixli qərardadı ləğv edilmiş və qeyri-yaşayış sahələri sökülmüşdür. Mülkiyyətçilər tərəfindən iddiaçılara dəymiş zərər ödənilməmişdir. Sökülmə işləri gedərkən qeyri-yaşayış sahəsindən təxmini 35000 manat dəyərində əşyalar və digər mallar çıxarılmışdır. Söküntü işləri aparılmadan iddiaçı tərəfindən rəy alınması üçün “xxxx” MMC-yə müraciət edilmişdir. “xxxx” MMC tərəfindən hazırlanmış ## ### 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmir-quruculuq, tərtibat işlərinə çəkilmiş xərclərin məbləği (işçilik və material daxil olmaqla) 154490,73 manat təşkil etmişdir. Bakı şəhəri Xətai Rayon Icra Hakimiyyətinin ## ####### 2024-cü tarixli məktubundan müəyyən olunur ki, dövlət tərəfindən cavabdeh2 və cavabdeh1 kompensasiya ödənilmişdir. Lakin mülkiyyətçilər tərəfindən iddiaçılara pul ödənilməmişdir. Cavabdehlər iddiaçıların hüquqlarına hörmətlə, vicdanla yanaşmamış öhdəliklərini lazımı şəkildə yerinə yetirməmişdir. Iddiaçılar məhkəmədə hüquqlarını təmsil və müdafiə etmək üçün Bakı Şəhər ** saylı vəkil bürosunun vəkili Nümayəndə ilə müxtəlif tarixlərdə müqavilələr bağlamışdır. Qanunvericiliyin tələblərinə əsasən 446 manat dövlət rüsumu ödənilmişdir. Sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq əvvəlcə iddiaçı iddiaçı2 tərəfindən cavabdeh cavabdeh2 ilə icarə müqaviləsi bağlanmış, daha sonra oyun salonunun genişlədilməsi ilə əlaqədar olaraq iddiaçı2 şərikləri olaraq MMC və iddiaçı1 tərəfindən cavabdeh1 məxsus olan, eyni dam altında olan sahə icarəyə götürülmüşdür.
7. Cavabdeh cavabdeh2 nümayəndəsi, vəkil vəkil2 iddia tələbinə etiraz edərək və iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verərək qeyd etmişdir ki, əgər cavabdehlər icarə müqaviləsindən irəli gələn öhdəliklərə görə məsuliyyət daşıyırlarsa, zərər çəkən şəxs həmin öhdəliyin pozulmasından xəbər tutduğu andan, yəni 2024-cü ilin may ayından ən geci altı ay sonra bununla bağlı məhkəməyə müraciət edə bilərdi. Iddiaçılar bunu etməmiş və bununla da iddia müddətini ötürmüşlər.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim Ş.Əliyev) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər icarəyə verdikləri öz əmlaklarını mülkiyyət hüququ ilə icra hakimiyyəti orqanına vermiş, icra hakimiyyəti orqanı tərəfindən mübahisəli ərazidə söküntü və hasarlama işləri aparılmış, iddiaçılar söküntünün dayandırılması üçün müvəqqəti təminat tədbirinin tətbiqi barədə # ### 2024-cü il tarixdə ərizə vermişdir, bu hallar tərəflərə artıq həmin tarixdə məlum olmuş, iddiaçıların cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmə müddəti # ###### 2024-cü il tarixdə başa çatmış, onlar tərəfindən iddia ərizəsi isə # ###### 2025-ci il tarixdə verilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından tələb üzrə iddia müddəti keçdiyindən, iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən və iddia müddətinin ötürülməsinin üzrlü səbəblərinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadığından iddia müddəti tətbiq edilməli, iddia tələbindən imtina olunmalıdır. Beləliklə, məhkəmə hesab etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından tələb üzrə iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməli, iddia tələbi təmin edilməməlidir.
10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 372.1, 372.2, 375.2, 385.1, 697.4, 699.1, 700.1, 700.2, 700.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” ## #### 2013-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2022-ci il tarixli, “L.İ.Binnətovanın şikayəti üzrə” ## ### 2008-ci il tarixli Qərarları, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə ## #### 2009-cu il tarixli Qərarı ilə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Iddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- ****/**** saylı iş üzrə qəbul etdiyi və ümumi məhkəmə təcrübəsini müəyyən edən ## ###### 2024-cü il tarixli (ulduzlu) qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 697.4-cü maddəsində müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, bu baxımdan həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Kəsici və iddia müddətləri bir-birindən fərqli anlayışlardır. Lakin işə baxmış Rayon Məhkəməsinin Mülki Məcəllənin 697.4-cü maddəsində nəzərdə tutulmuş müddətə kəsici müddət kimi deyil, iddia müddəti kimi yanaşmışdır. Bundan başqa, birinci instansiya məhkəməsi iş üzrə tərəflər arasındakı münasibətlərin xronoloji ardıcıllığı araşdırılmamış, kompensasiyanın hansı tarixdə ödənilməsini, qeyri-yaşayış sahəsinin hansı tarixdə sökülməsini, iddiaçıların hansı tarixdə hansı şəraitdə icarə obyektindən çıxarılmalarını araşdırılmamışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim M.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər G.Abbasova və F.Talışınski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə ## ###### 2025-ci il tarixdə müraciət etmişlər.
15. Bununla da müəyyən edilmişdir ki, iddiaçılar iddia ərizəsi ilə məhkəməyə 6 aylıq kəsici müddəti ötürməklə müraciət etmişlər.
16. Buna görə də, apellyasiya kollegiyası hesab etmişdir ki, kəsici müddətin keçməsi səbəbi ilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair qərar çıxara bilməz, kəsici müddətin ötürülməsi nəticəsində haqqın (hüququn) mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur.
17. Birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən isə görünür ki, həmin məhkəmə qeyd edilən həmin müddətə kəsici müddət kimi deyil, iddia müddəti kimi yanaşmışdır. Apellyasiya şikayətindən isə görünür ki, iddiaçılar, hesab etmişlər ki, bu halın mövcud olması birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır.
18. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlili ilə isə bağlı qeyd etmişdir ki, həmin hal mövcud olsa da, bu, qətnamənin ləğv edilməsi üçün əsas hesab edilməməlidir. Çünki Rayon Məhkəməsi iddianı “müddətin” keçməsi əsası ilə rədd etmişdir. Başqa sözlə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı olan və mahiyyəti üzrə düzgündür.
19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 697.1, 697.2, 697.3, 697.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
20. Iddiaçılar kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 375, 697.4, 699, 700-cü, Mülki Prosessual Məcəllənin 76.2, 77.1, 97, 101-ci maddələrinin tələbləri pozulmuşdur.
22. Belə ki, iddiaçılara zərərin vurulduğu iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapsa da, məhkəmə hazırkı münasibətləri tənzimləməli olan Mülki Məcəllənin 21-ci maddəsini deyil, fərqli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normasını tətbiq etmiş, düzgün olmayan nəticəyə gəlmişdir. Mülki işin materiallarından görünür ki, apellyasiya məhkəməsi araşdırma aparmadan birbaşa iddia müddətini tətbiq etmişdir. Iddiaçılar zərərlə əlaqədar mütəxəssis rəyi təqdim etmiş, cavabdeh tərəf bununla razılaşmamışdır. Lakin buna baxmayaraq məhkəmə tərəfindən ekspertiza keçirilməmişdir.
23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
24. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Kassasiya baxışının hədləri:
25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
26. Iddiaçılar apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiklərindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 697.4-cü maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıların apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verməklə, kirayəşin olan iddiaçıların xərclərinin əvəzinin ödənilməsi barədə olan hazırkı iddiaları üzrə Mülki Məcəllənin 697.4-cü maddəsi ilə müəyyən olunan kəsici müddətin ötürülməsi nəticəsinə gəlmişdir.
31. Kassasiya şikayətinin dəlilləri işin həqiqi hallarının araşdırılmaması ilə bağlıdır. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçılar iddiaçı2, iddiaçı1 və iddiaçı3 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.