Məhkəmə qərarları › İş №2(1-8)-1648/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1648/2026

01.07.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1648/2026 01.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi Idarəsi) “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı Iddiaçı iddia tələbinin təmin edilməsi, Ünvan ünvanında yerləşən, ümumi sahəsi 139,07 kv.m olan ** nömrəli evin iddiaçı Iddiaçı düşən “A” tikilisindən ibarət hissəsinin naturada ayrılması qət edilmişdir.

2. Qeyd olunan qətnamədən cavabdeh cavabdeh1 apellyasiya şikayəti vermişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*- *)-****/**** nömrəli qərardadı ilə cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-364-cü maddələrinin tələblərinə müvafiq olaraq mülki işin Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

4. Qərardad onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh cavabdeh1 rəsmi qeydiyyat ünvanına sifarişli poçt vasitəsi ilə göndərilmiş və ## ####### 2025-ci il tarixdə “Novruzova” soyadlı şəxs tərəfindən qəbul edilmiş, bu barədə olan xəbərnamə iş materiallarına əlavə edilmişdir. Lakin, cavabdeh apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddəti ötürmüş, qətnamə qanuni qüvvəsini aldıqdan və icraya yönəldikdən sonra ## ###### 2026-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə qətnaməsindən məlumatlı olmadığını, qətnamənin ona rəsmi qaydada verilməsini xahiş etmiş, məhkəmənin qətnaməsi ona ## #### 2026-cı ildə təqdim edilmiş, ## #### 2026-cı ildə cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd edilən hallara diqqətdən kənarda saxlayaraq, öz (Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli işi üzrə ## #### 2026-cı il tarixli) qərardadı ilə iş üzrə ## ####### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətini qəbul edərək, vaxtında verilmiş hesab etmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmiş, qərardaddan şikayət vermək hüququnu qeyd etməyərək, tərəflərə rəsmi qaydada göndərməmiş, beləliklə də qərardaddan tərəflərin şikayət vermək (gözləntiləri təmin edilməyərək) hüququ pozulmuşdur. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünə qiymət verərkən müəyyən prosessual müddətlər həddində tərəfin qərardaddan şikayət vermək hüququ gözlənilmədən (məlumat verilmədən) işdə iştirak edən şəxslərin şikayət vermək hüquqlarını məhdudlaşdıran prosessual hərəkət (hərəkətsizliklər) işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların mövcudluğunu istisna edən və qanunvericiliyin tələblərindən (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Diqqətə çatdırılmalıdır ki, məhkəmə aktının qanuni qüvvəsinin alması (icraya yönəldilməsi) artıq müddətin ötürülməsini müəyyən edir və müddətin ötürülməsinin üzrlülük meyarlarının müzakirə edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulan müraciət olmalı, məhkəmənin öz təşəbbüsü ilə qiymət verildiyində isə şikayət vermək hüququ üzrə tərəfə məlumat verməklə gözləntiləri təmin etməli, o cümlədən təqdim edilən apellyasiya şikayətinin prosessual müddətlərdə verilməsinə qiymət verməlidir. Hazırkı mərhələdə apellyasiya icraatının hədlərinin müəyyən edilməsi və işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar müəyyən edilmədiyindən apellyasiyanın mümkünlüyü üçün əsasların olmadığı qənaətinə gələn məhkəmə kollegiyası hesab etmişdir ki, o, qəbul olunmamış hesab edilməli və səlahiyyətləri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 364, 395, 396-cı maddələrinin tələblərinə riayət edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Şikayət verilərkən birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin ötürülüb-ötürülməməsi və məzmun tələblərinə riayət edilməsi məsələsinə səlahiyyəti daxilində hüquqi qiymət verilmədən, qanuni qüvvəsini almış (icraya yönəlmiş) qətnamənin mübahisələndirilməsi mümkünlüyü araşdırılmalı, əks halda məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı tərəflərə təqdim edilmədiyindən, onların qərardaddan şikayət vermək hüququ təmin edilməlidir.

5. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130, 133, 135, 146, 357, 363, 364, 366-cı maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

6. Cavabdeh cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, işin apellyasiya baxışına qəbul olunması və işə mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

7. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 60, 127-ci, Mülki Prosessual Məcəllənin 14, 88, 135-ci maddələrinin tələbləri pozulmuşdur.

8. Belə ki, cavabdeh cavabdeh1 iş üzrə tərəf qismində cəlb edilsə də, məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir. O, məhkəmə tərəfindən işin mövcudluğu, məhkəmə iclaslarının vaxtı və yeri barədə hər hansı qaydada bildiriş almamış, qətnamə ona təqdim edilməmiş, nəticədə məhkəmə iclaslarında iştirak etmək, öz mövqeyini bildirmək, sübutlar təqdim etmək və ekspertiza rəyinə münasibət bildirmək imkanı olmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi barədə cavabdeh yalnız ## ###### 2026-cı il tarixində Səbail Rayon Icra Şöbəsi tərəfindən mobil telefon nömrəsinə göndərilmiş SMS bildirişi vasitəsilə məlumat əldə etmişdir. Bundan sonra, məsələni aydınlaşdırmaq məqsədi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsinin, eləcə də qətnamənin ona təqdim edilmədiyini bildirmişdir. Iş materiallarından görünür ki, məhkəmə sənədi “Novruzova” soyadlı şəxsə təqdim edilmiş kimi rəsmiləşdirilmişdir. Halbuki, həmin şəxs nə cavabdeh cavabdeh1 ailə üzvüdür, nə də onunla birlikdə yaşayır. Cavabdeh isə mübahisəli ünvan üzrə birbaşa ünvan sahibi olsa da, ona hər hansı məhkəmə sənədi təqdim edilməmişdir. Mübahisəli ümumi paylı əmlakın yerləşdiyi ünvanda faktiki olaraq ayrı giriş-çıxışı olan fərdi yaşayış evləri mövcuddur və ayrı-ayrı evlərin sakinləri bir-biri ilə qonşuluq münasibətindədirlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsi qeyd olunan hallardan məlumatlı olduğu üçün apellyasiya şikayətinin verilməsi müddətinin ötürüldüyünü hesab etməmiş və cavabdehin apellyasiya şikayətini baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir. Lakin, apellyasiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən bu hallara lazımi diqqət yetirmədən apellyasiya şikayətini qeyri-mümkün hesab etmişdir. Məhkəmə tərəfindən yalnız poçt xəbərnaməsində “Novruzova” soyadının göstərilməsinə əsasən məhkəmə sənədinin rəsmi qaydada təqdim edildiyi nəticəsinə gəlinməsi ehtimallara əsaslanan formal yanaşma olmaqla, işin tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə ziddir. Apellyasiya instansiyası məhkəməsi prosessual müddətin başlanması məsələsini həll etmədən birbaşa müddətin ötürülməsi nəticəsinə gəlmişdir. Hazırkı işdə cavabdeh cavabdeh1 qətnaməni ## #### 2026-cı il tarixində rəsmi qaydada almış və ## #### 2026-cı il tarixində apellyasiya şikayəti vermişdir. Beləliklə, şikayət qanunla müəyyən edilmiş 1 aylıq müddət daxilində verilmişdir. Məhkəmə aktının qanuni qüvvəyə minməsi (icraya yönəldilməsi) faktının prosessual müddətin ötürülməsi kimi qiymətləndirilməsi hüquqi baxımdan yanlışdır və prosessual hüquq normalarının mahiyyətinə ziddir. Belə ki, məhkəmə qərarının qanuni qüvvəyə minməsi yalnız hüquqi nəticə doğuran formal mərhələdir və bu hal avtomatik olaraq şəxsin həmin məhkəmə aktı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırıldığını sübut etmir. Əgər şəxs məhkəmə aktını lazımi qaydada almamışdırsa, prosessual müddətin başladığını və ya keçdiyini iddia etmək əsassızdır. Bu baxımdan, qətnamənin yalnız qanuni qüvvəyə minməsi faktına istinad etməklə prosessual müddətin ötürüldüyünü hesab etmək cavabdehin məhkəmə müdafiəsi hüququnun faktiki olaraq məhdudlaşdırılmasına gətirib çıxarır. Həmçinin, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin apellyasiya şikayətinin vaxtında verilmiş hesab edilməsi və işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə ## #### 2026-cı il tarixli qərardadda digər tərəflərin şikayət vermək hüququnun göstərilməməsi, habelə qərardadın tərəflərə rəsmi qaydada göndərilməməsi onların prosessual hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, prosessual qanunvericiliyə əsasən şikayət vermək hüququnun mövcudluğu və həyata keçirilməsi həmin hüququn məhkəmə aktında ayrıca qeyd olunmasından deyil, birbaşa qanundan irəli gəlir. Qərardadda şikayət hüququnun göstərilməməsi həmin hüququ nə yaradır, nə də məhdudlaşdırır.

9. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

10. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355- 19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

12. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

13. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı Iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçisi olmaqla, tələbini cavabdehlər kimi həmin daşınmaz əmlakın digər paylı mülkiyyətçiləri cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı irəli sürərək, payının naturada ayrılmasını xahiş etmişdir.

14. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

15. Birinci instansiya məhkəməsinin ## ####### 2025-ci il tarixli məktubunda qətnamənin hər üç cavabdehə ayrı-ayrılıqda ünvanlanması göstərilsə də, iş materiallarında olan ## ####### 2025-ci il tarixli poçt reyestrinə görə məktub yalnız 1 dəfə - “cavabdeh3 o və qeyriləri”nə, cavabdehlərin ümumi olan ünvanlarına göndərilmişdir.

16. Poçt xəbərnaməsinə görə həmin məktub ## ####### 2025-ci il tarixdə “Novruzova” adlı şəxsə imza edilməklə, rəsmi qaydada təqdim edilmişdir.

17. Həmçinin, iş materiallarından müəyyən olunur ki, cavabdeh cavabdeh1 ## ###### 2026-cı il tarixdə birinci instansiya məhkəməsinə müraciət edərək, qətnamənin surətinin ona verilməsi xahiş etmiş, qətnamə ## #### 2026-cı il tarixdə həmin cavabdehə rəsmi qaydada təqdim edilmiş, ## #### 2026-cı il tarixdə isə apellyasiya şikayəti verilmişdir.

18. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi cavabdeh cavabdeh1 apellyasiya şikayətini qeyri-mümkün hesab edərkən, işin hallarını tam nəzərə almamışdır.

19. Belə ki, qeyd olunduğu kimi, cavabdehlər bir ünvanda yaşasalar da, nəzərə alınmalıdır ki, onlar mübahisəli daşınmaz əmlakın paylı mülkiyyətçiləridir. Paylı mülkiyyətçilərdən birinə (onun ailə üzvlərinə) məhkəmə sənədinin təqdim edilməsi, digər paylı mülkiyyətçilərə rəsmi təqdim edilməsi kimi qiymətləndirilə bilməz. Bu səbəbdən ki, hazırkı işdə paylı mülkiyyətçilərin bir ailənin üzvləri olması, birgə təsərrüfat aparmaları müəyyən olunmur.

20. Əksinə, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinin məzmununa görə, fərdi yaşayış evi faktiki vəziyyəti üzrə bölünmüşdür. Belə olan halda, fərdi yaşayış evi faktiki vəziyyətə uyğun (reyestrdə qeydə alınmış paylarına uyğun deyil) bölünməklə, mübahisəli yaşayış sahəsinin paylı mülkiyyətçilərin iş üzrə maraqları üst-üstə düşməyə bilər.

21. Belə olduğu halda, məhkəmə qətnaməsinin “Novruzova” soyadlı şəxsə təqdim edildiyi üçün cavabdeh cavabdeh1 da rəsmi çatdırılmasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 135.3, 135.5 və 360-cı maddələrinə zidd olmuşdur.

22. Həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvəyə minərək icraya yönəlməsi faktının cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün müəyyən olunan prosessual müddətin buraxılmasına əsas kimi göstərilməsi də mülki prosessual qanunvericiliyinin tələbinə ziddir.

23. Belə ki, Mülki Prosessual Məcəllənin 233.1-ci maddəsində müəyyən olunan ümumi qaydaya əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

24. Bu normanın məzmunundan müəyyən olunur ki, məhkəmə qətnaməsi bu şərtlər ödənildikdən sonra qüvvəyə minir: 1. ilk olaraq işdə iştirak edən şəxsə rəsmi qaydada verilməli, 2. bu tarixdən 1 ay keçməli, 3. göstərilən müddət ərzində qətnamədən şikayət verilməməlidir.

25. Lakin, hazırkı işdə cavabdehə birinci instansiya məhkəməsinin qətnaməsinin rəsmi qaydada verilməsi müəyyən edilmədiyindən, qətnamənin qüvvəyə minməsinə dair sonrakı şərtlər də ödənilmir. Göstərilənlərə zidd olaraq, məhkəmənin qətnamə əsasında icra vərəqəsi verməsi bu qətnamənin kassatora münasibətdə qüvvəyə minməsi anlamına gəlmir.

26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş apellyasiya məhkəməsinə qaytarılmalıdır.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*-*)- ****/**** nömrəli qərardadı ləğv edilsin və cavabdeh cavabdeh1 apellyasiya şikayətinin mümkünlüyünə yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsi göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar