Məhkəmə qərarları › İş №2(1-8)-1707/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1707/2026

18.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1707/2026 18.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı ilham qızının cavabdeh İsmayılzadə Şəbnəm Pərviz qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dəymiş maddi ziyanın əvəzinin ödənilməsi, mənəvi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı İlham qızının cavabdeh İsmayılzadə Şəbnəm Pərviz qızına qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən İsmayılzadə Şəbnəm Pərviz qızının kassasiya şikayətinə ## ###### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Nəsimi RPİ İŞ-nin müstəntiqi, R X1 tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən İddiaçı İlham qızının müraciəti üzrə toplanmış HK*/*** saylı material cinayət işinin başlanması rədd edilmişdir. Material üzrə izahatı alınmış İsmayılzadə Şəbnəm Pərviz qızı izahatında işlədiyi salonda xal yandırmaq üçün olan aparat vasitəsilə İddiaçı İlham qızının üzündəki səpkiləri yandırmasını qeyd etmişdir.

2. Mübahisə zərərin ödənilməsi ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı İlham qızı (bundan sonra həmçinin “iddiaçı”) iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 9.300 manat, mənəvi ziyana görə 5.000 manat, ödənilmiş 100 manat dövlət rüsumu olmaqla, cəmi 14.400 manat pul vəsaitinin cavabdeh İsmayılzadə Şəbnəm Pərviz qızından (bundan sonra həmçinin “cavabdeh”) onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ## ###### 2024-cü il tarixdə saçlarını kəsdirmək məqsədilə Bakı şəhəri Nəsimi rayonu Mərdanov qardaşları 43 ünvanında yerləşən «Şəbnur» gözəllik salonuna yaxınlaşmışdır. Şəbnəm adlı saç ustası iddiaçının üzündəki ağ səpkiləri gördükdə salonuna yeni gələn silah formalı cihaz vasitəsi ilə səpkilərin qurudulmasına vəd verərək üzündəki ağ səpkiləri yandırmağa başlamışdır. İddiaçı cavabdehə dərisinin yandığını və dözə bilmədiyini bildirsə də, cavabdeh bu əməliyyatın belə olduğunu yanında çalışan əcnəbi xanımla bildirmişlər. Nəticədə iddiaçının üzündə ağır yanıq əməliyyatı aparılmışdır. Bundan sonra cavabdeh ağ səpkilərinin qurudulması prosesinin bu şəkildə olduğuna, heç bir yanıq izinin qalmayacağına söz versə də, iddiaçı mart ayının 9-da həkim-dermatoloqa yaxınlaşdıqda, həkim üzündə ağır yanıq izlərinin olduğunu və həmin izlərin heç cür getməyəcəyi ilə bağlı iddiaçını xəbərdar etmişdir. Sonradan həmin gözəllik salonunun kosmetoloqu Aynur xanım iddiaçıya cavabdehin həmin cihazla bağlı heç bir təlim keçmədiyini və həmin yandırıcı cihazla hər hansı əməliyyat aparmasına heç bir lisenziya və ya icazəsinin olmadığını, ümumiyyətlə onun sadəcə saç ustası olduğunu bildirmişdir. İddiaçıya məlum olmuşdur ki, cavabdeh heç bir lisenziya olmadan üzündə onun icazəsi olmadan sağlamlığa zərər vuraraq 2 həftə üzü maskalı gəzməsinə və üzündə ləkə və çapıqların qalmasına səbəb olmuşdur. Bu iş Nəsimi rayon Polis İdarəsində müstəntiq Qəşəmli Süleyman tərəfindən araşdırılmışdır. Sağlamlığına az ağır xəsarət yetirildiyi müəyyən edilmişdir. Halbuki iddiaçı mart ayının 9-u həkim dermatoloqdan çıxdıqdan sonra «Şəbnur» gözəllik salonuna yaxınlaşmış, cavabdehə həkimin söylədiklərini təkrar etmişdir. Cavabdeh isə deyilənlərə inanmayıb öz tanıdığı Svetlana adlı bir kosmetoloqa zəng etmişdir. Bundan sonra cavabdeh iddiaçıya çapıqların getməsi üçün iynə vurmağı təklif etmişdir. İddiaçı isə 20 ildən çox təcrübəsi olan dermatoloqun dediyi fikirləri cavabdehə təkrar söyləyərək, sonuncunun təklifini rədd etmişdir. Bundan sonra iddiaçı cavabdehlə birgə həkim-dermatoloqun yanına getmiş, dermatoloq ona da çapıq müalicəsinin hələ 6 aydan sonra başlayacağını bildirmişdir. Cavabdeh həkimin yanında müalicə ödənişlərini ödəməyi öhdəsinə götürəcəyini bildirmişdir. Növbəti gün mart ayının 10-u cavabdeh mediasiya və tibbi xərcləri ödəməkdən imtina edərək ümumiyyətlə, iddiaçının üzündə yanıq əməliyyatının onun aparmadığını və üzündəki çapıqların ağ səpkilərinin yeri olduğunu söyləyərək məsuliyyətdən təmamilə boyun qaçırmışdır. İddiaçı cavabdehdən üzündə çapıq ləkəsinin qalacağını, buna görə də, heç məyus olmadığını və üzrxahlıq etmək istəməməsinin səbəbini təkrar soruşduqda cavabdeh üzündəki yanıq izlərini onun etmədiyini qışqıraraq bildirmişdir. İddiaçı anlamışdır ki, cavabdeh etdiyi əməlin nə peşmançılığını hiss edir, nə də ki, günahkar olduğunu anlayır. Bu səbəbdən də iddiaçı cavabdehin heç bir lisenziyası olmadan üzünə xəsarət vuraraq çapıqlar əmələ gətirdiyi üçün qanun qarşısında cavab verməsi ilə bağlı həm Nəsimi rayon Polis İdarəsinə, həm də Nəsimi rayon Prokurorluğuna və Antiinhisar Agentliyinə şikayət ərizəsi ilə müraciət etmişdir. Nəsimi RPİ-dəki izahatında cavabdeh guya üzünü yandırmasını iddiaçının özünün xahiş etdiyini bildirmiş, Antiihisar Agentliyindəki izahatında isə ümumiyyətlə iddiaçının üzünü yandırmadığını bildirərək yalan söyləmişdir. Halbuki cavabdeh iddiaçıya əcnəbi xanımla bir yerdə bu işi dəfələrlə gördüyünü demiş, sadəcə səpkini qurudacağına inandırmışdır. Belə ki, üzünü yandırdıqdan sonra izlərin qaldığını bildirdikdə ona məzmununu ətraflı şəkildə qeyd etdiyi səs yazıları göndərmişdir. Səs yazılarından da aydın şəkildə görünür ki, cavabdeh tək onun yox, «jirovik» yandırmaq adı ilə bir çox müştərinin üzünü yandırmışdır. Cavabdeh iddiaçını da üzündə heç bir ləkə qalmayacağına inandırmışdır. İddiaçı üzünü oymağa heç zaman cavabdehə icazə verməmişdir. Lakin cavabdeh onun üzünü oyaraq yandırmış, hətta vurulmuş zərəri də qarşılamaqdan yayınmışdır. Məhkəmə-tibbi ekspertizasının ## ##### 2024-cü il tarixli ***/KEŞ nömrəli rəyinə görə iddiaçıda “Atrofik çapıqlar” olduğu müəyyən edilmişdir, bu da Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinin HK-*/*** nömrəli qərarında göstərilən tarixdə və şəraitdə, yəni ## ###### 2024-cü il tarixində «Şəbnur» gözəllik salonunda cavabdehin onun üzündə səpkiləri aparatla yandıran zaman yaranmasını istisna etmir. Onda olan atrofik çapıqlar yüksək hərarətin təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinin HK-*/*** nömrəli qərarında göstərilmişdir ki, toplanmış materialda cinayət tərkibi yoxdur və CM-nin 128-ci maddəsinə istinad edilmişdir.. Qərarda Şəbnəmin törətdiyi əməlin ehtiyatsızlıqdan törədildiyi qənaətinə gəlinsə də, təqdim etdiyi səs yazılarından da görünür ki, Şəbnəmin ona qarşı törətdiyi əməli dolayı qəsd olaraq qiymətlədirilməli idi. Çünki, Şəbnəm heç bir təhsil, kurs keçmədən kosmetoloji avadanlıq sayılan yandırıcı cihazdan dəfələrlə istifadə etdiyini bildirir. Demək ki, Şəbnəm səs yazılarında dediyi kimi dərini yandırdığını anlayır və görürdü. Şəbnəm dərini yandırdıqdan sonra da səpkinin içini də yandırmış və əsaslandırmışdır ki, səpkinin üstünü yandırıb götürdüyündən üzdə çapıqlar qalmışdır. Lakin ekspertiza isə müəyyən etmişdir ki, üz yandığından çapıq yerləri qalmışdır. Eyni zamanda Şəbnəm işi ödənişsiz gördüyünü bildirsə də, həmin gün ona 28 manat pul ödəmişdir. Demək ki, Şəbnəm işi pul müqabilində etmişdir. Şəbnəm üzü yandırdıqdan sonra üzdəki çapıqların bağlanacağını səs yazıları ilə deyir. Demək Şəbnəm üzü yandırıb, üzdə çapıq yaratdığını anlamışdır. Növbəti gün isə Şəbnəm üzdə yara çapıqlarını görüb, həmin çapıqların guya səpkinin yeri olduğunu bildirir. Daha sonra isə krem vurulsa üzdə yaratdığı məsafələrin bağlanacağını bildirir. Bu halda onun əməli ehtiyatsızlıq kimi qiymətləndirilə bilməzdi. Çünki Şəbnəm üzündəki 30-dan çox səpkini eyni üsulla yandırmışdır. O, şüurlu surətdə üzündə çapıqların yaranmasına yol vermişdir. Üzündə bu çapıqları saxlamasına səbəb isə Şəbnəmə bu işi görməkdə heç bir təlim keçilməməsi olmuşdur. Şəbnəm bu işin mütəxəssisi olmadığını bilə-bilə onun üzünü yandırmışdır. Bu hal ehtiyatsızlıq kimi qiymətləndirilə bilməzdi. Qeyd etmişdir ki, o, dəfələrlə Şəbnəmlə əlaqə saxlayaraq vəziyyətinin kritik olduğunu, təcili köməyə ehtiyacı olduğunu bildirsə də, Şəbnəm «narahat olma, yaxşılığa doğru dəyişikliklər var, düzələcək» deyib onu aldadırdı. Lakin əksinə vəziyyətinin daha da ağırlaşdığını biləndən sonra bundan sonra onunla əlaqəyə girməkdən boyun qaçırmışdır. Hazırda üzündəki çapıqların götürülməsi ilə üz dərisinin soyulması proseduruna getməli olduğu bildirilir ki, burda hər prosedorun qiyməti 500 manatdan artıqdır. Ümumi müalicənin qiyməti toplam olaraq 5.000 manatdan artıqdır. Bu günədək keçirdiyi əsəb sarsıntısı və psixoloji gərginliyə görə cavabdehdən 5.000 manat məbləğində mənəvi ziyana görə də pul tutulmalı və ödənilməlidir. Həmçinin üzünün yanmış hissəsində yaranmış atrofik çapıq izlərinin azaldılması üçün ona həkimlər tərəfindən 3 və ya 4 kurs müalicə təyin edilmişdir. Hər bir kursun müddəti təqribən 6 ay təşkil edir və aşağıdakı prosedurları əhatə edir: Fraksion cilalanma – 3 prosedur (prosedurlar arası 45–60 gün fasilə ilə). Bir prosedurun qiyməti: 500 AZN. Ümumi: 1.500 AZN. PDRN inyeksiyası – 3 prosedur (çapıq toxumasının regenerasiyası məqsədilə). Bir prosedurun qiyməti: 300 AZN. Ümumi: 900 AZN. RF (radiofrequensiya) proseduru – 1 prosedur. Bir prosedurun qiyməti: 700 AZN. Beləliklə, bir kurs müalicənin ümumi dəyəri: 3.100 AZN təşkil edir. Ona ən azı 3 kurs müalicə tələb olunduğuna görə ümumi müalicə xərci 9.300 manatdır.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ-nin Nəsimi RPİ İŞ-nin müraciətinə əsasən tərtib etdiyi ##.##.2024-cü il tarixli KEŞ-*** saylı ekspert rəyinə görə İddiaçı mütəxəssis müayinəsi zamanı onda «Atrofik çapıqlar»ın olduğu müəyyən edilmişdir ki, bu da qərarda göstərilən tarixdə və şəraitdə yəni, ##.##.2024-cü il tarixdə «Şəbnur» gözəllik salonunda Şəbnəm adlı saç ustasının onun üzündə olan səpkiləri aparatla yandıran zaman yaranması istisna edilmir. İddiaçı atrofik çapıqlar yüksək hərarətin təsirindən əmələ gəlmiş və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir.

6. Birinci instansiya məhkəməsi tibbi ekspertiza təyin etmişdir.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi» PHŞ-nin ##.##.2025-ci il tarixli KEŞ-*** saylı ekspert rəyinə görə İddiaçı mütəxəssis müayinəsi zamanı onda “Atrofik çapıqlar”ın olduğu müəyyən edilmişdir ki, bu da qərarda göstərilən tarixdə və şəraitdə yəni, ##.##.2024-cü il tarixdə «Şəbnur» gözəllik salonunda Şəbnəm adlı saç ustasının onun üzündə olan səpkiləri aparatla yandıran zaman yaranması istisna edilmir. Bununla əlaqədar onun müalicələrə ehtiyacı vardır.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi» PHŞ-nin ##.##.2025-ci il tarixli KEŞ-*** saylı ekspert rəyində isə qeyd edilib ki, İddiaçı İlham qızının mütəxəssis müayinəsi zamanı üz dərisində qüsurlu “atrofik çapıqlar” müəyyən olunmuşdur ki, bu da qərarda göstərilən tarixdə və şəraitdə, yəni ##.##.2024-cü il tarixdə «Şəbnur» gözəllik salonunda Şəbnəm adlı saç ustasının onun üzündə olan səpkiləri termiki aparatla yandıran zaman yaranması istisna edilmir (1, 2, 5-ci suallar üzrə). İddiaçı üz dərisindəki «atrofik çapıqlar» aparılmış qüsurlu kosmetoloji müdaxilədən sonra yaranmış fəsadlar kimi qiymətləndirilir (3-cü sual üzrə). İddiaçı aparılmış qüsurlu termiki prosedur nəticəsində dəriyə termiki zədənin yetirilməsi ilə əlaqədar dəri qatlarında çapıq toxuması formalaşmışdır (4-cü sual üzrə). İddiaçı üz nahiyəsində olan «atrofik çapıqlar»ın müalicəsi üçün Fraksion cilalama, PDRN inyeksiyaları, RF (radiofrequensiya) proseduru nəzərdə tutulur (6-cı sual üzrə).

9. «Çöhrə» Estetik Klinikasının ##.##.2025-ci il tarixli arayışına əsasən İddiaçı İlham qızı ## #### 2025-ci i il tarixində «Çöhrə» Estetik Klinikasına müraciət edərək sol üz nahiyəsindəki atrofık çapıq izlərinin aradan qaldırılması ilə bağlı tibbi yardım istəmişdir. İlkin müayinə zamanı pasiyentə üz nahiyəsindəki ağ səpkilərin təmizlənməsi və bəzi laborator qan analizlərinin verilməsi tövsiyə olunmuş, nəticədə ilkin prosedurlardan sonra çapıq izlərinin aradan qaldırılması məqsədilə kompleks müalicə tədbirlərinə başlanılması zəruri hesab edilmişdir. Belə ki, pasiyentin müalicəsinə (dərinin günəşin zərərli şüalarından qorunması üçün) növbəti payız aylarında çox gecikdirmədən başlanılması tövsiyə olunur. Yuxarıda qeyd olunanlarla əlaqədar İddiaçı İlham qızına üzünün yanmış hissəsindəki atrofik çapıq izlərinin azaldılması üçün 3 və ya 4 kurs müalicə təyin olunmuş, hər müalicə kursunun müddəti təqribən 6 ay təşkil edir. Hər bir kurs çərçivəsində aşağıdakı prosedurların icrası nəzərdə tutulur: Fraksion cilalanma üzrə üç prosedur - prosedurlar arası intervalla (45-60 gün) həyata keçirilir. Hər prosedurdan sonra pasiyentin yeddi gün ev şəraitində istirahət etməsi tələb olunur. Bir prosedurun qiyməti: 500 AZN. PDRN inyeksiyası üzrə üç prosedur - çapıq toxumasının regenerasiyasını stimullaşdırmaq məqsədilə tətbiq olunur. Bir prosedurun qiyməti 300 AZN, RF(radiofrequensiya) proseduru üzrə bir prosedur - dərialtı toxumaların bərpasına yönəlib. Bir prosedurun qiyməti: 700 AZN. Nəzərə alınmalıdır ki, atrofik çapıq izlərinin tam şəkildə aradan qaldırılması uzunmüddətli və mərhələli müalicə tələb edir. Müalicə nəticəsində çapıq izlərinin tamamilə yox olacağına zəmanət verilməsə də, daha qənaətbəxş və estetik cəhətdən yaxşılaşdırılmış nəticənin əldə olunması mümkündür. Bu baxımdan, pasiyentə əlavə müalicə kurslarının aparılması tövsiyə olunur.

10. Cavabdeh ekspertizanın rəyi və tibbi prosedurların qiyməti ilə bağlı arayışla razı olmadığın göstərmiş, iddiaçıya 2000 manat kömək edə biləcəyini demişdir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı # ####### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək vurulmuş maddi zərərə görə 9.300 (doqquz min üç yüz) manat pul vəsaitinin və ödənilmiş 133 (bir yüz otuz üç) manat dövlət rüsumunun cavabdeh İsmayılzadə Şəbnəm Pərviz qızından iddiaçı İddiaçı İlham qızının xeyrinə tutulması qət edilmişdir. (hakim Vüsalə Musayeva)

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin mübahisəli halı iddiaçının üzündəki zədələrin aradan qaldırılması üçün hansı məbləğdə vəsait tələb edilməsi ilə bağlıdır ki, iş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizanın rəyində yaranmış qüsurların aradan qaldırılması üçün tələb olunan tibbi prosedurlar qeyd edilmiş və iddiaçı tərəfindən təqdim edilmiş müvafiq klinikanın arayışında həmin tibbi-kosmetoloji prosedurların zəruri dövrü, sayı və dəyəri göstərilmişdir. Cavabdeh tərəfindən arayışda göstərilən məsələlər sözdə mübahisələndirilsə də, alternativ sübutlar təqdim edilməmişdir. Təqdim edilmiş arayışdan göründüyü kimi, iddiaçıya üzünün yanmış hissəsindəki atrofik çapıq izlərinin azaldılması üçün 3 və ya 4 kurs müalicə təyin olunmuş, hər müalicə kursunun müddəti təqribən 6 ay təşkil edir. Hər bir kurs çərçivəsində aşağıdakı prosedurların icrası nəzərdə tutulur: Fraksion cilalanma üzrə üç prosedur - prosedurlar arası intervalla (45-60 gün) həyata keçirilir. Hər prosedurdan sonra pasiyentin yeddi gün ev şəraitində istirahət etməsi tələb olunur. Bir prosedurun qiyməti: 500 AZN. PDRN inyeksiyası üzrə üç prosedur - çapıq toxumasının regenerasiyasını stimullaşdırmaq məqsədilə tətbiq olunur. Bir prosedurun qiyməti 300 AZN, RF (radiofrequensiya) proseduru üzrə bir prosedur - dərialtı toxumaların bərpasına yönəlib. Bir prosedurun qiyməti: 700 AZN.

13. Birinci instansiya məhkəməsi iddia tələbini maddi zərərin tutulması hissəsində tam əsaslı hesab etsə də, 5.000 manat mənəvi ziyan hissəsini əsaslı hesab etməmişdir. Belə ki, cavabdeh tərəfindən icra edilmiş qüsurlu prosedur nəticəsində iddiaçının üzünün bərpası üçün çəkməli olduğu xərclər iddia tələbi həcmində tam təmin edildiyindən, bununla da hesab etmək olar ki, bu fakt iddiaçının mənəvi dünyasında müsbət emosiyalara səbəb olacaq haldır.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 21.1, 21.2, 21.3, 1096.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı il tarixli və “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019cu il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi maddi ziyanla bağlı hissədə əsassızdır. Belə ki məhkəmə qətnamə qəbul edərkən «Çöhrə» Estetik Klinikasının ##.##.2025-ci il tarixli arayışını əsas sübut kimi götürmüşdür. Halbuki həmin klinika tərəfindən lazım olan prosedurların qiyməti tamamilə şişirdilmiş və arayışda qeyd edilmişdir. Qeyd edilən prosedurlar daha aşağı məbləğə başa gələn prosedurlardır. Prosedurları keçmədən hər hansı bir estetik mərkəz tərəfindən verilən arayış iddiaçıya qeyd edilən məbləğdə ziyan dəyməsinin əsası kimi götürülə bilməz. İddiaçı qeyd edilən məbləği alandan sonra bəlkə daha aşağı qiymətə qeyd edilən prosedurdan keçəçək. Cavabdeh tərəfindən əlavə ödənilən məbləğ əsassız varlanmaya gətirib çıxardacaq. Belə ki, dəymiş zərər real olmalıdır, çəkilmiş xərci sübut edən real qəbzlər olmalıdır. Süni şəkildə şişirdilmiş formada alınan arayış dəymiş ziyanı müəyyən edə bilməz. İddiaçının işə əlavə etdiyi arayış sübut növü kimi qəbul edilə bilməz. İddiaçı ödənilmiş vəsaitin ciddi uçot blankı, kassa ödəniş qəbzləri, post-terminal vasitəsiilə ödənilmiş ödəniş qəbzləri və qanunvericiliyin digər tələblərinə uyğun ödənişlərin həyata keçirilməsini təsdiq edən sənədləri təqdim etməmişdir.

17. İşin apellyasiya baxışı zamanı alınmış “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli arayışına əsasən: 1. Fraksional cilalanma proseduru - klinikada fraksional cilalanma zamanı 1 atışın qiyməti 2 (iki) AZN təşkil edir. Bütöv üz üzrə 1 prosedurun təxmini qiyməti pasiyentin üz nahiyəsinin ölçüsündən asılı olaraq 650-700 AZN arasında dəyişir. 3 prosedurun ümumi dəyəri təxmini olaraq 1950-2100 AZN təşkil edə bilər. 2. PDRN inyeksiya proseduru - PDRN preparatı 2ml və 5 ml həcmdə tətbiq olunur. 1 prosedurun qiyməti istifadə olunan preparatın istehsalçısından və həcmindən asılı olaraq minimum 300-350 AZN, bəzi hallarda isə 450 AZN təşikl edə bilər. 3 prosedurun ümumi dəyəri təxmini olaraq 900-1350 AZN aralığında dəyişə bilər. 3. RF (radiofrequensiya) proseduru – Fractora (Fractura) metodu tətbiq edildiyi halda 1 prosedurun qiyməti 55 AZN-dir. Morpheus (Morfus) metodu tətbiq edildiyi halda isə 1 prosedurun qiyməti 700 AZN təşkil edir. SMAS lifting proseduru 1 prosedurun qiyməti tətbiq sahəsindən və fərdi göstəricilərdən asılı olaraq 600-800 AZN aralığındadır. Həmçinin qeyd edilmişdir ki, göstərilən qiymətlər prosedurun icra xüsusiyyətlərindən, istifadə olunan preparat və avadanlıqdan, həmçinin pasiyentin fərdi tibbi göstəricilərindən asılı olaraq dəyişə bilər.

18. İşin apellyasiya baxışı zamanı alınmış “xxxx” MMC-nin ***-** nömrəli məktubuna əsasən fraksional cavanlaşma proseduru – 3 prosedur üçün ümumi məbləğ: 800 AZN; PDRN inyeksiya proseduru – 3 prosedur üçün ümumi məbləğ: 800 AZN; RF (radiofrequensiya) proseduru (Alma Prime X aparatında icra olunur) – 1 prosedur üçün məbləğ: 350 AZN təşkil edir.

19. Apellyasiya baxışında cavabdeh həmçnin bildirmişdir ki, qətnamədə məbləğ çox hesablanmışdır, həmin proseduru başqa həkimlərdə daha aşağı qiymətə etmək mümkündür. O, tək işləyir, xəstəyə baxır. Orada 3-4 prosedur yazılmışdır, bəlkə bir prosedura düzələ bilər. İddiaçının dərisi də normalda problemli dəridir. İddiaçı dermotoloqda müalicə alır. Onu bu proseduru etməyə iddiaçı təkid etmişdir. İddiaçının üzünün bir tərəfinə zərər dəymişdir. İddiaçının üzü problemli dəri idi. O, birdəfəlik ödəniş edə bilməz. Təqribi 4 min manat ödəyə bilər. İddiaçı onun saç ustası olduğunu bilirdi. O, iddiaçının təkidi ilə bu hərəkəti etmişdir.

20. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı # ####### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev, Nigar Nəbizadə)

21. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işdə olan ekspert və mütəxəssis rəylərinə əsasən iddiaçının üz nahiyəsində yaranmış atrofık çapıq izlərinin aradan qaldırılması ilə bağlı kompleks müalicə tədbirlərinə başlanılmasının zəruri olduğu müəyyən edilmişdir. Bu sənədlərlə həmçinin təsdiq olunmuşdur ki, iddiaçının üz nahiyəsindəki çapıq izlərinin azalması üçün onun 3-dən artıq kurs müalicəsindən keçməsi zəruridir.

22. Nəzərə alınmalıdır ki, bu cür çapıq izlərinin müalicəsi uzunmüddətli və mərhələli xarakter daşıyır, adətən bir neçə prosedurun ardıcıl şəkildə tətbiqini tələb edir. Bu səbəbdən kollegiya birinci instansiya məhkəməsinin iddiaçıya dəymiş maddi zərərin məbləği ilə bağlı gəldiyi qənaətlə razılaşmış və tutulan məbləğin iş üzrə toplanmış sübutlara uyğun müəyyən edildiyini hesab etmişdir.

23. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097.1, 1097.3, 1115, 1128.1, 1128.3, 1129.2, 1129.3, 1131, 1132-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 9.10, 11-ci, Mülki Prosesual Məcəlləsinin 4.1, 14.1, 14.2, 217.1, 217.3-cü maddələrinə və “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı ##.##.2025-ci il tarixli Qərarının 3.3.2, 3.3.3, 3.3.4-cü bəndlərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin və ona etirazın dəlilləri

24. Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi ilə bağlı yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayətinin dəlilləri iddia və apellyasiya şikayətin dəlilləri ilə eynilik təşkil etmişdir, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının sübut növü kimi məhkəmə işinə əlavə etdiyi arayış sənədi sübut növü kimi qəbul edilə bilməz. İddiaçı ödənilmiş vəsaitin ciddi uçot blankı, kassa ödəniş qəbzləri, post-terminal vasitəsi ilə ödənilmiş ödəniş qəbzləri və digər qanunvericiliyin tələblərinə uyğun ödənişlərin həyata keçirilməsini təsdiq edən sənədləri təqdim etməmişdir. Apellyasiya Məhkəməsi tərəfindən fərqli yerlərə qiymətlərin müəyyən olunması üçün göndərilsə də, elə əsassız olaraq şəhərin ən bahalı, ən görkəmli sayılan kosmetoloji obyektlərinə göndərilmişdir və oradan qiymətlər alınmışdır. Cavabdeh iddiaçı ilə birlikdə kosmetoloq yanına getmişdir və onlardan ümumilikdə bu prosedurlar üçün 2000 manat pul tələb edilmişdir. Lakin iddiaçı bundan yayınıb. İddiaçı real müayinədən keçsə idi və xərcləri təsdiq edən qəbzlər əlində olasa idi, o, bu xərcləri real hesab edərdi. Cavabdeh tərəfindən qüsurun aradan qaldırılması təklif edilsə də, iddiaçı bu məsələdən yayınmışdır. Hətta iddiaçı heç bir xərc çəkmədən və bunu təsdiq edən qəbzləri təqdim etmədən cavabdehdən pul istəmişdir. Azərbaycan Respublikası Al Məhkəməsinin Plenumunun “Şəxsiyyət Hüquqlarının Müdafiəsi haqqında” ## ###### 2025-ci il tarixli, ** nömrəli qərarında qeyd edilib ki, növləri “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunla müəyyən edilən (bu qərarın 4.64 bəndi) tibbi yardımdan fərqli olaraq, estetik cərrahiyə, estetik stomatologiya, kosmetoloji xidmətlər və bu kimi digər tibbi fəaliyyət növlərində tərəflər arasında yaranan münasibətlər - nəticəsinə təminat verilən podrat münasibətləri hesab olunur. Bu baxımdan həmin münasibətlərdən doğan zərər tələbinin hüquqi əsası kimi müqavilənin şərtləri, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun, habelə Mülki Məcəllənin 39-cu fəsli və 9-cu bölməsi çıxış edə bilər. Zərər bu fəaliyyətin həyata keçirilməsi zamanı pasiyentlərin “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 24-cü maddəsi ilə əhatə olunan hüquqlarının pozulması ilə bağlı olduqda isə tələbinin maddi hüquqi əsasını həmçinin istinad edilən bu norma da təşkil edəcəkdir. Sifarişçi aşkara çıxan qüsurla bağlı əvvəla əlavə müddət təyin etməli (Mülki Məcəllənin 763.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla), əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edib ödənilmiş muzdu tələb etmək hüququndan istifadə edə bilər. Lakin iddiaçının qüsurlarla bağlı cavabdehə müraciət etməsi, əlavə icra tələb etməsi, bununla bağlı əlavə müddət təyin etməsi təsdiqini tapmır. b) Kassasiya şikayətinə etirazın dəlilləri

26. Kassasiya şikayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.10. İş görülməsində və xidmət göstərilməsində, istehlakçının həyatını, sağlamlığını və ya əmlakının təhlükəsizliyini təmin etməyən materialların, avadanlıqların cihazların, alətlərin, qurğuların və başqa vasitələrin tətbiqi nəticəsində vətəndaşın həyatına, sağlamlığına və ya əmlakına zərər dəyərsə, xxxx onlar xassələrini bilibbilmədiyindən asılı olmayaraq məsuliyyət daşıyır. Maddə 11. Malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərər, qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı ##.##.2025-ci il tarixli Qərarı 3.3.2-ci bənd. Malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına dəymiş zərər zərərvuran tərəfindən istehlakçıya tam ödənilməlidir. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərərin vurulması isə şəxsin şəxsiyyət hüquqlarının pozulması ilə nəticələndiyi halda mənəvi zərərin yaranmasına səbəb olur. 3.3.3-cü bənd. İstehlakçıların şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərinin maddi hüquqi əsasını tərəflər arasında bağlanmış müqavilə, Mülki Məcəllənin 9-cu bölməsinin və ya digər (müqavilənin növündən asılı olaraq) normaları, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, habelə digər sahəvi normativ hüquqi aktlar təşkil edir. İstehlak münasibətlərindən irəli gələn zərər tələbinin maddi hüquqi əsasları müəyyənləşdirilərkən zərəçəkmişin müqavilə tərəfi olub-olmaması, zərər əmlaka vurulduqda isə həmin əmlakın müqavilə predmetini təşkil edibetməməsindən asılı olaraq, bu qərarın 4.15-ci bəndində göstərilən qayda nəzərə alınmalıdır. 3.3.4-cü bənd. İstehlakçıya dəyən zərər onun seçimindən asılı olaraq, istehsalçı (xxxx, satıcı) tərəfindən ödənilməlidir. Nəzərə alınmalıdır ki, “xxxx” iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar olmaqla, xidmət sahəsində mənəvi zərərin ödənilməsinə cavab verməli olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş, iş üzrə ekspertiza təyin etmiş, qiymətlə bağlı müvafiq arayışlar almış, işin hallarını da işdəki sübutlar, o cümlədən ekspert rəyi və həmin arayışlara qiymət verməklə müəyyən etmişdir.

32. İşdən görünür ki, cavabdehin etdiyi müdaxilə nəticəsində iddiaçının üzündə “Atrofik çapıqlar” yaranıb.

33. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına əsasən gəlinən nəticə ilə razılaşır.

34. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

35. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, qeyd edir ki, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmiş. Buna görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

36. Kassasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Al Məhkəməsinin Plenumunun “Şəxsiyyət Hüquqlarının Müdafiəsi haqqında” ## ###### 2025-ci il tarixli, ** nömrəli növləri “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunla müəyyən edilən (bu qərarın 4.64 bəndi) tibbi yardımdan fərqli olaraq, estetik cərrahiyə, estetik stomatologiya, kosmetoloji xidmətlər və bu kimi digər tibbi fəaliyyət növlərində tərəflər arasında yaranan münasibətlərin nəticəsinə təminat verilən podrat münasibətləri hesab olunması qeyd edilib, buna baxmayaraq məhkəmlər səhv nəticəyə gəliblər.

37. Məhkəmə kollegiyası qeyd edir ki, estetik cərrahiyə və kosmetoloji xidmətlər o halda podrat münasibətləri sayıla bilər ki, həmin xidmətləri göstərən şəxsin buna zəruri biliyi və lazımı lisenziyası olsun.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ### tarixli *** nömrəli qərarı ilə “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nın * nömrəli əlavəsinin 2.13.1 və 2.13.2-ci bəndlərinə görə dermatoloji və kosmetoloji xidmətlər lisenziyalaşdırılan iş sayılır.

39. Cavabdehin isə müvafiq lisenziyasının olması müəyyən edilməyib, deməli, onun qeyd edilən fəaliyyətlə məşğul olmaq hüququ yoxdur, Buna görə də bu dəlil əsaslı sayıla bilməz.

40. Qeyd edilən əsasla, kassasiya şikayətinin növbəti dəlili də – qüsuru aradan qaldırmaq üçün sifarşçinin (iddiaçının) vaxt verməməsi – qəbul edilən deyil. Yəni cavabdehin müvafiq fəaliyyətlə məşğul olmaq hüququ olmadığı üçün onun Mülki Məcəllənin 763.2-ci maddəsinin tələbləri üzrə qüsuru aradan qaldırmaqla bağlı imkanı da istisna edilir.

41. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: cavabdeh İsmayılzadə Şəbnəm Pərviz qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi vaxtdan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar