Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1709/2026 26.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdehin və əşyalarının mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ, mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. Ünvan *** saylı fərdi yaşayış evinin 2-ci mərtəbəsində 2 otağı (ümumi sahəsi 59,9 kv.m, yaşayış sahəsi 36,4 kv.m, köməkçi sahə 23,5 kv.m və 2,4 kv.m açıq eyvan) Iddiaçı mülkiyyəti kimi ## ##### 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Iddiaçı oğlu X1 və Cavabdeh ## ###### 2018-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından ## #### 2019-cu il təvəllüdlü X2 adlı övladları anadan olmuşdur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və ## #### 2019-cu il təvəllüdlü X2, cavabdehə məxsus “Samsung” markalı televizor, “LG” markalı soyuducu, “LG” markalı paltaryuyan, “Midea” markalı qabyuyan, masa və altı ədəd stul, divan və kreslo, qab dolabı, televizor altı, taxt və yataq matrası (döşək), paltar dolabı, güzgülü əşya dolabı əşyaları ilə birlikdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 005011007402-XXX reyestr və ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında 2-ci mərtəbədə yerləşən, 2 otaq ümumi sahəsi 59,9 kv.m və 2,4 kv.m açıq eyvanı olan * saylı mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında 2-ci mərtəbədə yerləşən, 2 otaq ümumi sahəsi 59,9 kv.m və 2,4 kv.m açıq eyvanı olan * saylı mənzil ## ##### 2017-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Bir müddət oğlu ailəsi ilə iddiaçıya məxsus olan həmin mənzildə yaşamışlar. Hazırda onların münasibəti korlanmış və nikahlarının pozulmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət olunmuşdur. Cavabdeh 2025ci ilin avqust ayından etibarən iddiaçının razılığı olmadan mənzilin qapısının açarlarını dəyişmişdir. Nəticədə iddiaçının öz əmlakından istifadə hüququ məhdudlaşdırılmışdır. O, mənzilə daxil olmaq istəsə də, cavabdeh açarları təqdim etməkdən imtina edir. Cavabdehin iddiaçıya məxsus mənzildə “Samsung” markalı televizoru, “LG” markalı soyuducu, “LG” markalı paltaryuyan, “Midea” markalı qabyuyan, masa və altı ədəd stul, divan və kreslo, qab dolabı, televizor altı, taxt və yataq matrası (döşək), paltar dolabı, güzgülü əşya dolabı vardır. Dəfələrlə cavabdehdən evdən çıxmasını tələb etsə də, cavabdeh mənzildən çıxmır.
5. Cavabdeh Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, 2018-ci il tarixdən etibarən iddiaçının oğlu X1 ilə rəsmi nikahdadır və həmin nikahdan ## #### 2019-cu il təvəllüdlü X2 adlı övladı vardır. Nikaha daxil olduğu gündən etibarən birlikdə mübahisəli evdə yaşamışlar. Artıq 6 ildir ki, həmin evdə yaşayır, oradan ayrılmaq, öz evi bildiyi yerdən atılmaq uşağa psixoloji cəhətdən pis təsir edəcəkdir. Həmçinin, övladı 1-ci sinfə gedir. Evdən çıxarılmaları qızının dərsə davamlılığına mənfi təsir göstərəcəkdir. Başqalarının evində sığıntı kimi qalmaq onun həyatı üçün böyük sarsıntı və travmalarla nəticələnəcəkdir. Həmçinin, ev cavabdehin işlədiyi yerə yaxın olmaqla yanaşı, övladının mənafeyinə uyğun yaşayış şəraitini və onun gündəlik həyatının sabitliyini təmin edir. Cavabdehin başqa yaşayış yeri yoxdur, mənzildən çıxarılmaları onları son dərəcə çətin vəziyyətə salacaqdır. Yaşadığı evdən çıxarılacağı təqdirdə kirayə qalmaq məcburiyyətində qalacaq, buna isə maddi imkanı yetərli deyil və aldığı məvacib yalnız gündəlik tələbatını ödəməyə kifayət edir. Uşağa ödənilən alimentin məbləği çox az olduğu üçün onun tələbatlarını ödəməyə demək olar ki, kifayət etmir. Valideynləri və yaxın qohumları ilə ünsiyyəti yoxdur.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim H.Mahmudova) iddia təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh mənzildə qalmaqla yalnız yaşayışdan istifadə etməklə kifayətlənməmiş, əksinə, mülkiyyətçinin həmin əmlakdan istifadəsinə faktiki maneələr yaratmışdır. Cavabdehin və onun himayəsində olan azyaşlı uşağın iddiaçıya məxsus mənzildə qalması üçün hüquqi əsaslar mövcud deyildir, onların mənzildən çıxarılması mülkiyyət hüququnun bərpasına yönəlmiş qanuni və zəruri tədbirdir. Həmçinin, cavabdehin şəxsi əşyaları onun tərəfindən götürülməli, əşyaların mənzildə saxlanılması üçün hüquqi əsas mövcud olmadığından həmin əşyalar mənzildən çıxarılmalıdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, nikaha daxil olduqları gündən etibarən cavabdeh mübahisəli evdə yaşayır. Birgə nikahdan olan övladları artıq 6 ildir ki, bu evdə yaşayır və bu evdən ayrılmaq, öz evi bildiyi yerdən atılmaq uşağa psixoloji cəhətdən pis təsir edəcəkdir, həmçinin uşaq 1-ci sinfə başlayıb. Evdən çıxarılmaqları onun dərsə davamlılığına mənfi təsir göstərəcək, yaşamağa başqa yerləri olmadığına görə onun həyatı üçün böyük sarsıntı və travmalarla nəticələnəcəkdir. Həmin ev cavabdehin işlədiyi yerə yaxın olmaqla yanaşı, övladının mənafeyinə uyğun yaşayış şəraitini və onun gündəlik həyatının sabitliyini təmin edir. Onun və övladının başqa yaşayış yeri yoxdur və hazırda mənzildən çıxarılmaları onları son dərəcə çətin vəziyyətə salacaq. Cavabdeh çox az müddətdir ki, işləyir və aldığı məvacib yalnız gündəlik tələbatını ödəməyə kifayət edir. Uşağa ödənilən alimentin məbləği də çox az olduğu üçün onun tələbatlarını ödəməyə demək olar ki, kifayət etmir. Eyni zamanda, onun yanında müvəqqəti yaşaya biləcəyi heç kim yoxdur, valideynləri və yaxın qohumları ilə ünsiyyəti yox dərəcəsindədir. Qanunvericiliyə əsasən, azyaşlı uşağın və onunla yaşayan valideynin evdən çıxarılması yalnız onların mənafelərinə uyğun alternativ yaşayış yeri təmin olunduğu halda mümkündür. Onun isə belə bir alternativ məskunlaşma yeri yoxdur. Iddiaçının tələbi yerinə yetiriləcəyi təqdirdə, o və azyaşlı övladı yaşayış yerindən məhrum olacaq, bu isə uşağın maraqlarına ziddir və qanunvericiliklə ziddiyyət təşkil edir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*- *)-****/**** nömrəli qətnaməsi ilə (hakim R.Səmədovun sədrliyi və məruzəsi ilə, hakimlər X.Mərdanova və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “onun və övladının başqa yaşayış yeri yoxdur və hazırda mənzildən çıxarılmaları onları son dərəcə çətin vəziyyətə salacaq” dəlilə münasibətdə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
13. Iş materiallarından göründüyü kimi, cavabdeh iddiaçının ailə üzvü deyil və onun hazırda mübahisəli mənzildə yaşaması üçün heç bir hüquqi əsas yoxdur. Əksinə, iş materiallarından göründüyü kimi cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır, onun öz mənzilindən istifadə hüquqlarına maneələr yaradır. Bundan əlavə, iş materialları ilə sübut edilmişdir ki, cavabdehin rəsmi iş yeri və gəlir mənbəyi var. Belə olan halda, onun maddi vəziyyəti ona alternativ yaşayış yerinin təmin edilməsinə imkan verir.
14. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsi və BMT-nin Uşaq Hüquqları Konvensiyasının 3-cü maddəsində uşağın üstün mənafeyinin nəzərə alınması göstərilsə də, lakin uşağın üstün mənafeyi anlayışı mülkiyyətçinin öz mülkiyyət hüququndan tam məhrum edilməsi hesabına təmin edilə bilməz. Xüsusilə cavabdehin maddi imkanlarının mövcud olduğu, uşağın alternativ yaşayış şəraitində saxlanılmasının mümkünlüyü nəzərə alındıqda, uşağın mənafeyi mübahisəli mənzildə qalmaqla mütləq şəkildə əlaqələndirilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hazırda uşaq azyaşlı olduğundan, ana qayğısına ehtiyacı olduğundan və ananın himayəsində olduğundan, həmçinin ananın mülkiyyətçi tərəfindən mübahisəli mənzildən çıxarılması tələb edildiyindən, uşağın da ana ilə birlikdə həmin mənzildən çıxarılması məqsədəuyğundur.
15. Bundan əlavə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin əşyalarının iddiaçıya məxsus mənzildə saxlanılması iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına gətirib çıxara bilər və bu səbəbdən cavabdehin şəxsi əşyaları onun tərəfindən götürülməli, əşyaların mənzildə saxlanılması üçün hüquqi əsas mövcud olmadığından həmin əşyalar mənzildən çıxarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, məhkəmə iddia tələbinin bu hissədə də təmin edilməsində haqlı olmuşdur.
16. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 157.2-ci, Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
17. Cavabdeh Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 129-cu, Ailə Məcəlləsinin 52-ci, BMT-nin Uşaq Hüquqları Konvensiyasının 3-cü, Mülki Prosessual Məcəllənin 9, 88, 217.1-ci maddələrinin tələbləri pozulmuşdur.
19. Belə ki, məhkəmə iş üzrə bütün sübutlara, tam, hərtərəfli və obyektiv qiymət verməmiş, işi hərtərəfli araşdırmamış, nə mənzilin faktiki sahəsinə, nə iş üzrə tərəfindən təqdim edilmiş sübutlara, nə də müəyyən edilmiş hallara düzgün hüquqi qiymət verməmişdir, beləliklə də qanunsuz və əsassız qərar qəbul etmişdir.
20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Kassasiya baxışının hədləri
22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
23. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
26. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına və cavabdehin hazırkı kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinə ətraflı hüquqi qiymət verilmiş və məhkəmə gəlinən nəticə ilə tam razılaşır.
31. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, mübahisəli yaşayış sahəsinə iddiaçının mülkiyyətində olmaqla, cavabdehin həmin mənzilə qanundan və ya müqavilədən irəli gələn istifadə hüququnun olmaması işin müəyyən olunmuş hallarıdır. Belə olan halda, işin faktiki hallarını araşdıran məhkəmələr iddianı təmin etməklə, maddi və ya prosessual hüquq normalarına riayət etmişlər.
32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin uzun müddət ərzində mübahisəli mənzildə yaşaması, onun və övladının başqa yaşayış yerinin olmaması iddianın rədd olunması üçün əsas ola bilməz. Belə ki, bu hallar yaşayış sahəsinə istifadə hüququ olmayan şəxsin mülkiyyətçinin qanunla qorunan hüquqlarının məhdudlaşdırılması üçün əsas kimi qanunvericiliklə nəzərdə tutulmamışdır.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*-*)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.