Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1734/2026 09.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçılar iddiaçı4, iddiaçı2, iddiaçı3 və iddiaçı1 cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı “pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi, mülkiyyətdən maneəsiz istifadə hüququnun təmin edilməsi, zəbt edilmiş torpaq sahəsinin azad edilməklə mülkiyyətçilərə təhvil verilməsi, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılması və ya bunun əvəzində torpaq və üzərindəki çox illik əkililərə görə kompensasiyanın hesablanaraq əvəzinin ədalətli ödənilməsi, maddi və mənəvi zərərin, əldən çıxmış faydanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu, dövlət rüsumunu ödəməkdən azad edilən şəxslər, publik hüquqi şəxsinin dövlət rüsumu ödəmək öhdəliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Qazax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi ilə (hakim H.Musayev) iddia tələbi qismən təmin edilmiş, paylı mülkiyyətin mülkiyyətçilərinə məxsus alınmaya məruz qalan torpaq sahələrinə görə cəmi 41951 manat kompensasiya məbləğinin iddiaçı4 1/5 hissə, iddiaçı2 1/5 hissə, iddiaçı1 1/5 hissə və iddiaçı3 2/5 hissədə paylara uyğun, yəni iddiaçı4 8690,2 manat, iddiaçı2 8690,2 manat, iddiaçı1 8690,2 manat və iddiaçı3 17380,4 manat məbləğində bölünməsi və “xxxx” publik hüquqi şəxsi tərəfindən iddiaçı4, iddiaçı2, iddiaçı1 və iddiaçı3 hər birinin paylarına mütənasib şəkildə ödənilməsi, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manatın, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manatın, məhkəmə-bioloji ekspertizasının dəyəri olan 50 manatın “xxxx” publik hüquqi şəxsindən alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
2. Cavabdeh “xxxx” publik hüquqi şəxsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, *(*- *)-***/**** nömrəli qərardadı ilə (hakim M.Mustafayevin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.Qəhrəmanov və R.Muradov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilmişdir.
4. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş şikayətə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, eləcə də, cavabdeh “xxxx” publik hüquqi şəxsinin dövlət rüsumunu ödəməkdən azad olan şəxs olmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Cavabdeh “xxxx” publik hüquqi şəxsi apellyasiya şikayətində büdcə təşkilatı olmasına istinad edərək dövlət rüsumunu ödəməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən qanunvericiliklə publik hüquqi şəxslər dövlət rüsumundan azad olunması nəzərdə tutulan şəxslərin sırasına daxil edilməmişlər.
5. Apellyasiya instansiyası məhkəməsi mövqeyini “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci, Mülki Prosessual Məcəllənin 363.1, 363.1.2, 363.4, 366.1, 366.2, 366.3, 366.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
6. Cavabdeh “xxxx” publik hüquqi şəxs kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işin apellyasiya şikayətinin icraata qəbul edilməsi mərhələsindən başlanması üçün yenidən apellyasiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
7. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Dövlət rüsumu haqqında”xxxx“Publik hüquqi şəxslər haqqında” Qanunun 2.2, 7.1, 7.2-ci maddələrinin tələbləri pozulmuşdur.
8. Belə ki, apellyasiya instansiyası maddi hüquq normalarını düzgün təfsir etməyərək, tətbiq edilməli olan normanı tətbiq etməmişdir. Nazirlər Kabinetinin *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Vahid büdcə təsnifatı”nın büdcə xərclərinin inzibati təsnifatı bölməsində xxxx (125, 1818 kodları ilə) birbaşa dövlət büdcəsindən maliyyələşən qurum kimi təsbit olunmuşdur. Məhkəmənin bu normaları sistemli şəkildə araşdırmadan şikayəti qaytarması birmənalı qanun pozuntusudur. xxxx PHŞ-nin Nizamnaməsinin 5.2-ci bəndinə əsasən, Agentliyin əmlakı təsisçi tərəfindən ödənilən nizamnamə fondundan, təsisçi tərəfindən ona verilmiş digər əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitlərdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır. Bu imperativ müddəa Agentliyin maliyyələşməsinin bilavasitə dövlət büdcəsi hesabına həyata keçirildiyini və onun hüquqi status baxımından birmənalı olaraq büdcə təşkilatı olduğunu təsdiqləyir. Nəticə etibarilə, Agentlik qanunla rüsumdan azad olunduğu halda, məhkəmənin yalnız “dövlət orqanı deyil” prinsipinə istinad etməsi və Nizamnamənin tələblərini gözardı etməsi hüquqi məntiqə, habelə qanunvericiliyin aliliyinə ziddir.
9. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
10. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-cü maddəsinə əsasən apellyasiya və kassasiya şikayətlərindən bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.
13. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. 7.2-ci maddəsinə əsasən publik hüquqi şəxsin əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşa bilər.
14. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.13-cü maddəsinə əsasən büdcə ssudaları – dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə, dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına büdcə ili ərzində verilən və ən geci verildiyi büdcə ilinin sonunadək qaytarılmalı olan maliyyə vəsaiti başa düşülür. 1.1.23-cü maddəsinə əsasən büdcə təşkilatı - maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlardırlar.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində cavabdehin apellyasiya şikayətinin mümkünlüyünə hüquqi qiymət verərkən hesab etmişdir ki, cavabdehin qanunla müəyyən olunan məbləğdə dövlət rüsumu ödəməlidir.
16. Belə ki, hazırkı mübahisə publik hüquqi şəxsin dövlət rüsumunu ödəməkdən azad olunan şəxslər siyahısına daxil olub-olmaması ilə bağlıdır.
17. Cavabdeh onun əmlakının dövlət tərəfindən formalaşmasını və xxxxnin “Vahid büdcə təsnifatı”nın büdcə xərclərinin inzibati təsnifatı bölməsində qeyd olunmasını əsas gətirərək, “Dövlət rüsumu haqqında” Qanunun müvafiq normasına görə onun dövlət rüsumu ödənilməsindən azad olunduğunu iddia edir.
18. Qeyd olunmalıdır ki, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.14-cü maddəsində nəzərdə tutulmuşdur ki, büdcə təşkilatları və bələdiyyələr məhkəmələrə verilən iddia ərizələri və şikayətlər üzrə dövlət rüsumu ödəməkdən azaddırlar.
19. Göründüyü kimi, Qanunun müvafiq normasında “büdcə təşkilatı” söz birləşməsindən istifadə olunmuşdur.
20. Lakin, cavabdehin istinad etdiyi “Vahid büdcə təsnifatı”nda qeyd olunan siyahı büdcə təşkilatlarını deyil, Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatını əhatə edir.
21. Publik hüquqi şəxslərin büdcə təşkilatları anlayışı ilə əhatə olunub-olunmamasını müəyyən etmək üçün aidiyyəti qanunvericilik araşdırılarkən, bununla bağlı bilavasitə norma müəyyən olunmamışdır.
22. Bununla belə, “Büdcə sistemi haqqında” Qanunda büdcə təşkilatının anlayışı verilərkən, onlara maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlar aid edilmişdir.
23. Həmin Qanunun büdcə ssudaları anlayışını verən 1.1.13-cü maddəsində isə büdcə təşkilatları ilə yanaşı, dövlət adından yaradılan publik hüquqi şəxslər sadalanmışdır.
24. Təsadüfi deyil ki, büdcə təşkilatının maliyyələşdirilməsi bilavasitə dövlət büdcəsindən həyata keçirildiyi halda, publik hüquqi şəxslərin əmlakının həmçinin fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşması nəzərdə tutulmuşdur.
25. Göründüyü kimi, aidiyyəti qanunvericilik dövlət adından yaradılan publik hüquqi şəxslərini büdcə təşkilatlarından ayırmışdır.
26. Odur ki, publik hüquqi şəxs büdcə təşkilatları anlayışı ilə əhatə olunmadığından, habelə “Dövlət rüsumu haqqında qanunda” rüsumu ödəməkdən azad olan şəxslərin siyahısında bilavasitə göstərilmədiyindən, hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunan məbləğdə və qaydada dövlət rüsumu ödəməli olmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
27. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, *(*-*)- ***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.