Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1794/2026 10.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh cavabdeh3 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: vurulmuş zərərə görə ödənilmiş sığorta ödənişinin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## ######## 2026-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının ## ###### 2004-cü il tarixli sərəncamına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3623-cü məhəllədə yerləşən 7606,1 kv.m torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün icarə əsasında “xxxx” Mənzil Tikinti Kooperativinin istifadəsinə verilmişdir. Kooperativin ## ###### 2004-cü il tarixli ümumi yığıncağının qərarı ilə cavabdeh3 kooperativin sədri təyin edilmişdir.
2. “xxxx” MTK tərəfindən həmin ünvanda inşa edilmiş yaşayış binasının tikinti işləri başa çatdırılmış, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən binanın normativ tələblərə və tikinti layihəsinə uyğun inşa edildiyi barədə istismara hazırlıq aktı rəsmiləşdirilmişdir.
3. ## #### 2015-ci il tarixdə “xxxx” MTK ilə X1 arasında müqavilə bağlanmış, kooperativ Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3623-cü məhəllədə tikilən yaşayış binasının 2ci blokunda, 16-cı mərtəbəsində yerləşən, sahəsi 61 kv.m olan 1 otaqlı *** nömrəli mənzilin tikintisini öz üzərinə götürmüş, X1 isə pay haqqını ödəmişdir. Sonradan kooperativ tərəfindən həmin mənzilin ünvanının ünvan 2 kimi göstərilməli olduğu qeyd edilmişdir.
4. “xxxx” MTK-nin sədrinin ## ### 2016-cı il tarixli əmri ilə cavabdeh4 kooperativdə yanğın təhlükəsizliyi üzrə məsul şəxs təyin edilmişdir.
5. ## #### 2017-ci il tarixdə “xxxx” MTK ilə İddiaçı ASC arasında daşınmaz əmlakın icbari sığortası müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, keçid 1260, ev 29A, Blok-2, ***A nömrəli mənzillə bağlı kooperativin mülki məsuliyyəti 25.000 manat sığorta məbləği və 250 manat azadolma məbləği ilə sığortalanmışdır. Sığorta haqqı ## #### 2017-ci il tarixdə ödənilmişdir.
6. ## ###### 2017-ci il tarixdə saat 20 radələrində ünvan 1 ünvanında yerləşən “xxxx” MTK məxsus 17 mərtəbəli yaşayış binasının elektrik şaxtasında yanğın baş vermiş və nəticədə bina, o cümlədən ***A nömrəli mənzil zərər görmüşdür.
7. ## ###### 2017-ci il tarixli zərər hesabatına əsasən, həmin mənzilə dəymiş zərərin məbləği 7.010 manat təşkil etmişdir. İddiaçı ASC tərəfindən sığorta müqaviləsinə uyğun olaraq X1 250 manat azadolma və 8,25 manat əlavə sığorta haqqı çıxılmaqla 6.751,75 manat sığorta ödənişi həyata keçirilmişdir.
8. ## ##### 2018-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq İdarəsinin qərarı ilə yanğın hadisəsi ilə bağlı AR Cinayət Məcəlləsinin 225-ci maddəsi üzrə cinayət işinin başlanması rədd edilmiş və həmin qərara əsasən, cavabdeh3 və cavabdeh1 üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmadığından, cavabdeh4 barəsində hadisə nəticəsində ağır nəticələr və ya şəxslərin sağlamlığına ciddi zərər dəymədiyindən cinayət tərkibi müəyyən edilməmişdir.
9. “xxxx” MTK tərəfindən ## ###### 2024-cü il tarixdə İddiaçı ASC-yə müraciət edilərək, ## ###### 2017-ci il tarixli yanğın nəticəsində dəymiş zərərin müəyyən olunması və ödənilməsi xahiş edilmişdir.
10. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional İdarəsinin ## ##### 2025ci il tarixli məktubuna əsasən, yanğın elektrik şaxtasında baş verdiyindən və hadisə 2017-ci ildə baş verdiyindən ətraf mühitə dəymiş zərərin məbləğini müəyyən etmək mümkün olmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra -iddiaçı) cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh4 (bundan sonra- cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş zərərə görə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 6.751,75 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 87,52 manat, cəmi 6.839,27 manatın cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi işin faktiki hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, **A saylı ünvanda yerləşən “xxxx” MTK tərəfindən inşa edilmiş 17 mərtəbəli yaşayış binasının ***A nömrəli mənzili X1 məxsus olmuşdur. Həmin mənzil İddiaçı ASC ilə “xxxx” MTK arasında bağlanmış ## #### 2017-ci il tarixli daşınmaz əmlakın icbari sığortası müqaviləsi əsasında sığortalanmışdır. ## ###### 2017-ci il tarixdə saat 20 radələrində yaşayış binasının elektrik şaxtasında yanğın baş vermiş, nəticədə elektrik şaxtası, eləcə də 160, 233A, 234A və ***A nömrəli mənzillər yanğın və tüstünün təsirinə məruz qalmışdır. Hadisə nəticəsində bəzi şəxslər tüstüdən zəhərlənərək tibbi yardım üçün müraciət etmişlər. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2018-ci il tarixli ekspert rəyinə əsasən, yanğının mənbəyi elektrik şaxtasında olmuş, hadisənin gərginlik altında olan elektrik naqillərində qəza halının yaranması nəticəsində baş verməsi ehtimal edilmişdir. Ekspert rəyində yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulduğu və bu pozuntuların “xxxx” MTK-nın rəhbərliyi, elektrik işlərinə cavabdeh şəxs cavabdeh1 və yanğın təhlükəsizliyi üzrə məsul şəxs cavabdeh4 tərəfindən törədildiyi göstərilmişdir. Yanğın nəticəsində X1 məxsus mənzilə 7.010 manat maddi ziyan dəymişdir. Sığorta hadisəsi ilə bağlı İddiaçı ASC tərəfindən ## ###### 2017-ci il tarixli sığorta aktına əsasən, 250 manat azadolma məbləği və 8,25 manat əlavə sığorta haqqı çıxılmaqla, 6.751,75 manat sığorta ödənişi həyata keçirilmişdir.
13. Cavabdeh cavabdeh3 iddiaya qarşı etiraz təqdim edərək, göstərmişdir ki, iddiaçının məhkəmədə iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyünü göstərmişdir. Hadisənin 2017-ci ilin noyabr ayında baş verdiyini və hadisədən 8 il keçdiyini qeyd etmişdir. Qanunla iddiaçının 3 il müddətində iddia qaldıra biləcəyini bildirmişdir. Bundan başqa, işlədikləri şirkətin sığorta şirkətinə ödəniş etdiyini və evi sığortaladığını göstərmişdir. Belə olan halda, iddiaçının pul tələb etmək hüququnun olmadığını bildirmişdir.
14. Biləsuvar Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Rəfayil Əliyev) iddia tələbi təmin edilməmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə “xxxx” MTK arasında bağlanmış ## #### 2017-ci il tarixli daşınmaz əmlakın icbari sığortası müqaviləsinə əsasən “xxxx” MTK Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, keçid 1260, ev 29A, Blok-2, ***A nömrəli mənzillə əlaqədar sığorta hadisəsi halı üçün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini sığorta etdirdiyinə və məhz sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta hadisəsi baş verdiyinə görə İddiaçı ASC tərəfindən, maddi zərərə məruz qalmış üçüncü şəxs qismində X1 sığorta ödənişi həyata keçirmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, iddiaçının ## #### 2017-ci il tarixli daşınmaz əmlakın icbari sığortası müqaviləsi üzrə həyata keçirdiyi sığorta ödənişinin əvəzini subroqasiya qaydasında sığortalı “xxxx” MTK-nin vəzifəli şəxslərindən tələb etdiyi müəyyən edilmişdir.
17. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ## ###### 2017-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, **A saylı ünvanda yerləşən “xxxx” MTK məxsus 17 mərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi üzrə AR Cinayət Məcəlləsinin 225.1-ci maddəsi ilə, yəni təqsirin ehtiyatsızlıq formasında törədilmiş cinayət əməli üzrə araşdırma aparılmışdır.
18. Beləliklə, məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlər barəsində ## ###### 2017-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, **A saylı ünvanda yerləşən “xxxx” MTK məxsus 17 mərtəbəli yaşayış binasında yanğın hadisəsi üzrə qəsdən törədilmiş hüquqa zidd hərəkətlərlə əlaqədar cinayət işi və ya inzibati xəta haqqında iş üzrə araşdırma aparılmasını və müvafiq hökm və ya qərar qəbul edilməsinə dair hər hansı sübut təqdim edilməmişdir.
19. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 373.1, 373.2, 1096.1, 1099.1, 1099.2, 883.1, 884.1, 884.6, 888.1, 888.2, 922, 926.1, 936.1, 936.2 və 936.5-ci maddələrinə, AR Konstitusiya Məhkəməsi Plenumunun “AR Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2022-ci il tarixli Qərarına, “İcbari sığorta haqqında” AR Qanunun 6.1, 6.2, 6.4, 7, 35.2, 36.1, 25.1.1, 25.2-ci, habelə MPM-nin 77.1, 14.2, 217.4, 107, 119-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayətində qeyd edilmişdir ki, zərərçəkən şəxs digər subyektin hərəkəti nəticəsində hüquq və qanunla qorunan mənafeyinin pozulduğunu sübut etməlidir. Bununla yanaşı, təqsir prezumpsiyası zərərçəkənin zərərvuranın təqsirini təsdiq edən sübutlar təqdim etmək hüququnu istisna etmir. Şikayətdə göstərilmişdir ki, mülki qanunvericilikdə təqsirsiz məsuliyyət prinsipi də nəzərdə tutulur. Belə ki, AR Mülki Məcəlləsinin 1097.3-cü maddəsinə əsasən, qanunla nəzərdə tutulan hallarda zərərvuranın təqsiri olmasa belə, vurulmuş zərərin əvəzinin ödənilməsi mümkündür. AR Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2022-ci il tarixli qərarına istinad edilərək bildirilmişdir ki, bu halda məsuliyyət şəxsin təqsirli hərəkətinə görə deyil, müəyyən edilmiş şərtlər daxilində yaranmış zərərli nəticələrə görə tətbiq edilir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verməmiş, sübutları və qanunvericiliyin müvafiq normalarını qarşılıqlı əlaqədə araşdırmamış, nəticədə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Şikayətə əsasən: AR Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə cavabdeh4 yanğın təhlükəsizliyi qaydalarının pozulmasında rolu müəyyən edilmişdir. ## #### 2018-ci il tarixli yanğın-texniki ekspertiza rəyi ilə cavabdeh3 və cavabdeh1 yanğın təhlükəsizliyi qaydalarının tələblərini pozduğu müəyyən edilmişdir. Göstərilən hallara əsasən cavabdehlərin baş vermiş zərərə görə mülki-hüquqi məsuliyyət daşıdığı bildirilmişdir.
22. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*-*)- ***/**** nömrəli qətnaməsi ilə (hakimlər: Aytən Novruzova (sədrlik edən), Mahir Əsədli və Pərviz Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflər arasında yaranmış qarşılıqlı hüquq münasibətlərinə düzgün hüquqi qiymət vermiş və tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisənin həlli üçün əsas məsələ sığorta ödənişinin həyata keçirilməsi deyil, həmin ödənişdən sonra sığortaçının subroqasiya hüququnun yaranıb-yaranmadığının müəyyən edilməsidir.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, baş vermiş yanğın hadisəsi ilə bağlı aparılmış araşdırmalar nəticəsində hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyi müəyyən edilmiş və cinayət tərkibinin olmaması səbəbindən cinayət işinin başlanması rədd edilmişdir. Bunun hadisənin hüquqi baxımdan qəsd formasında törədilmiş hüquqa zidd əməl kimi qiymətləndirilə bilməyəcəyini təsdiq etdiyi göstərilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən cavabdehlərin qəsdən hərəkət etdiyini təsdiq edən hər hansı sübutun təqdim edilmədiyi müəyyən edilmişdir.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı subroqasiya hüququnun yaranması üçün zəruri olan hüquqi faktı, yəni qəsdin mövcudluğunu sübuta yetirmədiyindən, irəli sürdüyü tələb hüquqi baxımdan əsaslandırılmış hesab edilə bilməz. Apellyasiya şikayətində irəli sürülən arqumentlərdən biri də təqsir prezumpsiyası və obyektiv məsuliyyət prinsiplərinə istinad edilməsidir.
27. Məhkəmə öz hüquqi mövqeyini “İcbari sığorta haqqında” AR Qanunun 6.1, 6.2, 6.4, 7, 25.1, 25.1.1, 25.2,36.1-ci, habelə MPM-nin 77.1, 88 və 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (vəkil Xəlilov İlkin Ələkbər oğlu) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi “İcbari sığortalar haqqında” AR Qanunun 25.1.3-cü maddəsinə istinad etməklə yanlış hüquqi nəticəyə gəlmişdir. Qeyd edilmişdir ki, həmin norma mülki məsuliyyətin icbari sığortasına aid olduğu halda, mübahisə predmeti daşınmaz əmlakın icbari sığortası müqaviləsi olduğundan məsələ həmin Qanunun 23.1.6-cı maddəsi və AR Mülki Məcəlləsinin 936-cı maddəsi əsasında həll edilməli olmuşdur. Bu mövqeyin təsdiqi kimi Bakı Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının ##.##.2025-ci il tarixli qətnaməsinə istinad edilmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, subroqasiya müstəqil tələb deyil, sığorta ödənişini həyata keçirən sığortaçının zərərçəkmiş şəxsin zərərvuran şəxsə qarşı tələb hüququnu əldə etməsindən ibarətdir. Buna görə də sığortaçının subroqasiya qaydasında tələb irəli sürməsi üçün ilk növbədə cavabdehin zərərin vurulmasında təqsirli olması müəyyən edilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, baş vermiş yanğın hadisəsi ilə bağlı keçirilmiş ekspertiza nəticəsində AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2018-ci il tarixli ekspert rəyi verilmişdir. Həmin rəydə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, **A saylı ünvanda yerləşən “xxxx” MTK tərəfindən inşa edilmiş 17 mərtəbəli yaşayış binasında yanğının mənbəyinin elektrik şaxtasında olduğu müəyyən edilmişdir. Ekspert rəyinə əsasən, yanğın şaxtadan keçən gərginlik altında olan elektrik naqillərində qəza halının yaranması nəticəsində baş vermişdir. Həmçinin “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın 1.6, 1.10, 1.10.1ci bəndlərinin və “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi Qaydaları”nın 2.3.3, 2.3.3.1 və 2.3.5-ci bəndlərinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Ekspert rəyində göstərilmişdir ki, həmin pozuntulara görə “xxxx” MTK-nın elektrik işlərinə cavabdeh şəxsi cavabdeh1, yanğın təhlükəsizliyi üzrə məsul şəxs cavabdeh4, kooperativin sədri cavabdeh3 və “xxxx” MTK-nın rəhbərliyi məsuliyyət daşıyır. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, mülki hüquqda zərərvuran şəxsin təqsiri prezumpsiyası prinsipi tətbiq edilir. Bu prinsipə əsasən, hüququ pozan şəxs öz təqsirsizliyini sübut edənədək təqsirli hesab olunur və məsuliyyətdən azad olunmaq üçün zərərvuran şəxs təqsirsizliyini sübut etməlidir. Nəticə etibarilə, kassasiya şikayətində göstərilmişdir ki, təqsir prezumpsiyası prinsipinə əsasən zərərçəkən tərəf zərərvuran şəxsin təqsirini ayrıca sübut etməyə borclu deyildir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq “İcbari sığorta haqqında” AR Qanunu
31. Maddə 6.1. İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir.
32. Maddə 6.2. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir.
33. Maddə 6.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda AR Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir.
34. Maddə 7. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar.
35. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır:
36. Maddə 25.1.1. Sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda;
37. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.
38. Maddə 36.1. daşınmaz əmlakın yanğın, ildırım düşməsi; məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; elektrik naqillərində baş verən qısa qapanma; buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; yerüstü nəqliyyat vasitəsinin dəyməsi; təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi və üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi
50. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
51. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
52. Belə ki, apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflər arasında yaranmış qarşılıqlı hüquq münasibətlərinə düzgün hüquqi qiymət vermiş və tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
53. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, mübahisənin həlli üçün əsas məsələ sığorta ödənişinin həyata keçirilməsi deyil, həmin ödənişdən sonra sığortaçının subroqasiya hüququnun yaranıb-yaranmadığının müəyyən edilməsidir. Baş vermiş yanğın hadisəsi ilə bağlı aparılmış araşdırmalar nəticəsində hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyi müəyyən edilmiş və cinayət tərkibinin olmaması səbəbindən cinayət işinin başlanması rədd edilmişdir.
54. Apellyasiya məhkəməsi eyni zamanda qeyd etmişdir ki, baş vermiş hadisənin hüquqi baxımdan qəsd formasında törədilmiş hüquqa zidd əməl kimi qiymətləndirilə bilməyəcəyini təsdiq etdiyi göstərilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən cavabdehlərin qəsdən hərəkət etdiyini təsdiq edən hər hansı sübutun təqdim edilmədiyi müəyyən edilmişdir.
55. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı subroqasiya hüququnun yaranması üçün zəruri olan hüquqi faktı, yəni qəsdin mövcudluğunu sübuta yetirmədiyindən, irəli sürdüyü tələb hüquqi baxımdan əsaslandırılmış hesab edilə bilməz. Apellyasiya şikayətində irəli sürülən arqumentlərdən biri də təqsir prezumpsiyası və obyektiv məsuliyyət prinsiplərinə istinad edilməsidir.
56. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi
Q ə r a r a aldı: İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*- *)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.