Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-183/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçılar iddiaçı2, iddiaçı3, iddiaçı4 və iddiaçı1 cavabdehlər cavabdeh2, cavabdeh1 və Bakı şəhəri ** saylı Notariat ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Vərəsəliklə bağlı mübahisələr; vərəsəliyin mübahisələndirilməsi, vərəsəlik şəhadətnaməsinin və mənzilə dair çıxarışın etibarsızlığı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar iddiaçı2, iddiaçı3, iddiaçı4 və iddiaçı1 cavabdehlər cavabdeh2, cavabdeh1 və Bakı şəhəri ** saylı Notariat ofisinə qarşı “miras mənzilə dair şəhadətnamənin, çıxarışın və ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Miras qoyan X4 # #### 2017-ci ildə ölmüşdür.
2. Miras əmlak ünvan 1, mənzil 22 ünvanında yerləşən ümumi sahəsi 54 kv/m olan mənzildən ibarətdir.
3. Iddiaçılar iddiaçı2, iddiaçı3, iddiaçı4, iddiaçı1 və cavabdehlər cavabdeh2, cavabdeh1, eləcə də apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, X3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, X5, X1 mərhumun övladlarıdır.
4. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş elektron çıxarışların surətlərinə əsasən, ünvan 1 ünvanında yerləşən ** saylı mənzil # ###### 2021-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə X4 adına, sonradan isə (yeni ünvanla: AZ 1054, Arif Hüseynov küçəsi, 58, M1, m3) ## ###### 2024-cü il tarixdə ½ hissədə cavabdeh1 və ## ###### 2024-cü il tarixdə ½ hissədə cavabdeh2 adına qeydiyyata alınmışdır.
5. Bakı şəhəri ** saylı Notariat Ofisinin ## ### 2025-ci il tarixli məktubuna əsasən, # #### 2017-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi cavabdeh1 26 iyul 2021-ci il tarixdə vərəsəlik işinin açılması üçün müraciət etmiş və notarius tərəfindən vərəsəlik işi açılmışdır. Məktubda həmçinin bildirilir ki, iddiaçılar – iddiaçı2, iddiaçı4, iddiaçı3 və iddiaçı1 vərəsəliyin qəbulu ilə bağlı yazılı müraciətləri olmamış, onlar yalnız şifahi qaydada müraciət etmiş və mübahisənin məhkəmə qaydasında həlli tövsiyə edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçılar iddiaçı2, iddiaçı3, iddiaçı4 və iddiaçı1 cavabdehlər cavabdeh2, cavabdeh1 və Bakı şəhəri ** saylı Notariat ofisinə qarşı məhkəməyə müraciət edərək, ünvan 1, mənzil 22 ünvanında yerləşən, ümumi sahəsi 54 kv.m olan miras əmlak üzrə cavabdehlərin adına aparılmış dövlət qeydiyyatının, notariat orqanı tərəfindən verilmiş vərəsəlik şəhadətnaməsinin və çıxarışın, habelə bunlardan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsini, mənzilin ilkin mülkiyyətçi X4 adına hüquqi qeydiyyatının bərpa olunmasını, miras əmlakın vərəsələr arasında bərabər paylarla bölünməsini və onların pay hüquqlarının tanınmasını xahiş etmişlər.
7. Iddiaçılar iddia tələblərini onunla əsaslandırmışdır ki, ünvan 1, mənzil 22 ünvanında yerləşən, ümumi sahəsi 54 kv.m olan mənzil mərhum ataları X4 xüsusi mülkiyyətində olmuş və onun ## #### 2017-ci il tarixdə vəfatından sonra 11 vərəsəyə miras qalmışdır. Iddiaçılar mirası faktiki qəbul etdiklərini və ilkin mərhələdə vərəsəlik işinin açılması üçün notariat orqanına müraciət etsələr də, ailədaxili razılaşma əsasında prosesi dayandırdıqlarını bildirmişlər. Lakin cavabdehlər digər vərəsələrin mövcudluğunu notariat orqanından gizlədərək vərəsəlik işi açdırmış, miras əmlakı öz aralarında bölüşdürmüş və hüquqi qeydiyyat aparmışlar. Bu hal iddiaçılara yalnız tərəflər arasında başqa mülki iş üzrə məhkəmə baxışı zamanı məlum olmuşdur. Iddiaçılar həmin qeydiyyatın, vərəsəlik şəhadətnaməsinin və ondan irəli gələn hüquqi nəticələrin etibarsız sayılmasını, mülkiyyət hüququnun bərpasını və mirasın bütün vərəsələr arasında bərabər bölünməsini tələb edirlər.
8. Cavabdeh ** saylı Notariat ofisinin nümayəndəsi ## ###### 2025-ci il tarixli məktubla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində ona qarşı cavabdeh qismində irəli sürülmüş tələb əsassızdır və qəbul edilmir. Iddiaçılar ərizələrində # #### 2017-ci ildə vəfat etmiş X4 11 vərəsəsinin olduğunu göstərmişlər. Məlumata görə, cavabdeh cavabdeh1 2021-ci ildə ilk dəfə notariat ofisinə müraciət etmiş və mübahisəli mənzilin onun qanuni sahibliyində olduğunu təsdiq edən arayış təqdim etmişdir. Həmin dövrdə digər vərəsələr tərəfindən notariat orqanına müraciət edilməmişdir. Nəticədə, 2021-ci ildə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Sonradan cavabdeh2 da vərəsə kimi tanınması tələbi ilə notariat ofisinə müraciət etmiş, lakin imtina məktubu aldıqdan sonra “miras mənzilə dair şəhadətnamənin, çıxarışın və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi” tələbi ilə Binəqədi Rayon Məhkəməsinə iddia qaldırmışdır. Məhkəmənin ## #### 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, bunun əsasında 2024-cü ildə hər iki şəxsə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Notariat ofisi nümayəndəsi qeyd etmişdir ki, cavabdeh qismində cəlb olunmasına baxmayaraq, ona qarşı yönəlmiş konkret tələb aydın göstərilməmişdir. Bu səbəbdən, iş üzrə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
9. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin # #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim-X2).
10. Məhkəmə iddia tələbi ilə bağlı öz hüquqi mövqeyinin əsaslandırılması baxımından ilk növbədə qeyd etmişdir ki, hüquqi nəticə etibari ilə miras qoyanın digər övladları, yəni iddiaçılar istər rəsmi olaraq notariat kontoruna ərizə ilə müraciət formasında, istərsə də faktiki qəbul formasında miras əmlakda məcburi paylarını qəbul etmədiklərindən miras qalmış əmlakdan pay tələb etmək hüququ əsassızdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.3, 324.5, 324.6, 337.1, 337.2, 337.4, 1133.1, 1133.2, 1134.1, 1159.1, 1243.1, 1243.2, 1255-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Iddiaçılar iddiaçı2, iddiaçı4 və iddiaçı1 apellyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar miras əmlakın bir hissəsini qarşılıqlı razılaşma əsasında bölüşdürərək faktiki sahiblənmiş və bununla da mirası bütövlükdə qəbul etmişlər. Buna baxmayaraq, məhkəmə işin bu faktiki hallarına lazımi hüquqi qiymət verməmiş, Azərbaycan Respublikasının Mülki Məcəlləsi-nin 1133.1, 1133.2, 1134.1, 1159.1 və 1159.1.1-ci maddələrini formal olaraq tətbiq etsə də, onları düzgün şərh etməmişdir; halbuki qeyd olunan normalar iddianın təmin olunmasını şərtləndirir və əqdlərin etibarsızlığına əsas verən hal mövcud deyildir. Eyni zamanda, 1243.1, 1243.2 və 1255-ci maddələr düzgün tətbiq olunsa da, işin faktiki hallarına uyğun nəticə çıxarılmamış, 1202.1-ci maddə isə vərəsəlikdən imtina və ya mirasın qəbul edilməməsini təsdiq edən sübutlar olmadığı halda düzgün tətbiq edilməmiş, habelə 1274, 1276 və 1281-ci maddələr tətbiq edilməli olduğu halda məhkəmə tərəfindən nəzərə alınmamışdır.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ## ####### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakimlər Akif Isgəndərov (sədrlik edən və məruzəçi), Səadət Səlimova və Məhəmməd Rüstəmli) Binəqədi Rayon Məhkəməsinin # #### 2025-ci il tarixli qətnaməsi ləğv edilərək və iş üzrə yeni qətnamə çıxarılaraq, Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, *V-* nömrəli və ##.##.2024-cü il tarixli, *V-** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmiş, ünvan 1 ünvanında yerləşən ** saylı mənzil (Yeni qaydalarla: AZ 1054 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi, 58, M1, m3) barədə cavabdehlər cavabdeh2 və cavabdeh1 hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazıları və çıxarışlar ləğv edilmiş, mərhum X4 qanun üzrə birinci növbədə vərəsə olan bütün övladlarına mirasdan bərabər pay verilməsinin rəsmiləşdirilməsi, yəni onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi Bakı şəhəri ** saylı notariat ofisinə həvalə olunmuşdur.
15. Məhkəmə qeyd etmişdir ki, notarius tərəfindən yalnız iki vərəsənin miras mənzil üzərində pay hüquqları olmasının təsbit edilməsi ilə miras qoyanın digər vərəsələrinin vərəsəlik hüquqları pozulmuşdur. Notarius ##.##.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni verərkən digər vərəsələrin də mövcudluğunu nəzərə almalı idi. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsi də notariusdan məhz bunu tələb edir. Həmin maddəyə görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə məlumat verməlidir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 83-cü bəndinin tələbinə görə də açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər.
16. Mirasın digər vərəsələr tərəfindən qəbul olunub-olunmaması məsələsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bu məsələ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli qərarına uyğun həll olunmalıdır. Bu qərarla Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərara əsasən qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
17. Sözügedən qərarda ifadə edilmiş hüquqi mövqeyə görə miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.
18. Konstitusiya Məhkəməsinin Plenumu adı çəkilən qərarında qeyd olunmuşdur ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir. Işin müəyyən edilmiş hallarından görünür ki, miras mənzilə dair vərəsəlik işi üzrə tərəflər arasında yaranmış məhkəmə mübahisəsi həmin vaxt məhkəmənin icraatında olmuş və işə apellyasiya instansiyası məhkəməsində baxılarkən apellyasiya şikayətindən imtina olunduğuna görə apellyasiya icraatına xitam verilmişdir.
19. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçılar iddiaçı2, iddiaçı4, iddiaçı3 və iddiaçı1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin miras əmlak barədə susmaları mirasın qəbulundan imtinası kimi qiymətləndirilə bilməz. Adı çəkilən şəxslər miras qoyanın birinci növbədə vərəsələridir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1301, 1559.1.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli Plenum qərarına əsasən, Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilmiş və həmin Qərar gələcək vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan işlərə şamil edilməlidir. Lakin qeyd etmək lazımdır ki, ## ###### 2023-cü il tarixdə X8 Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli qətnaməsi üzrə apellyasiya şikayəti artıq imtina edildiyindən, apellyasiya icraatı ## ####### 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə başa çatmış və tərəflər arasında mübahisə həmin vaxt artıq mövcud olmamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı iddiaçının etirazında qeyd edilmişdir ki, notarius tərəfindən yalnız iki vərəsənin miras mənzil üzərində pay hüquqları olmasının təsbit edilməsi ilə miras qoyanın digər vərəsələrinin vərəsəlik hüquqları pozulmuşdur. Notarius ##.##.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni verərkən digər vərəsələrin də mövcudluğunu nəzərə almalı idi. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 55-ci maddəsi də notariusdan məhz bunu tələb edir. Həmin maddəyə görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə məlumat verməlidir. "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 83-cü bəndinin tələbinə görə də açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli qərarı
24.1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. 25.3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
28. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə maddi və prosessual normaların tələblərinə uyğun qəbul edilmədiyindən ləğv edilərək yeni baxışa göndərilməlidir.
32. Prosessual qanunvericiliyin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.(MPM-nin 217.2ci maddəsi)
33. Vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarına əsasən qüvvədən düşsə də, qeyd edilən qərarın mətnində bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və qərar qəbul edilən vaxt məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməli olduğu qeyd edilmişdir.
34. Apellyasiya məhkəməsi hesab etmişdir ki, bu qərar qəbul edilərkən miras mənzilə dair vərəsəlik işi üzrə tərəflər arasında yaranmış məhkəmə mübahisəsi həmin vaxt məhkəmənin icraatında olduğundan qeyd edilən qərar hazırkı mübahisə üzrə tətbiq edilməlidir.
35. Kollegiya kassasiya şikayətinin dəlilləri ilə razılaşır ki, qeyd edilən qərar hazırkı mübahisə üzrə tətbiq edilə bilməzdi. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar cavabdehlərə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişlər. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarı qəbul edilərkən hazırkı iş məhkəmənin icraatında olmamışdır.
36. Apellyasiya məhkəməsinin qətnaməsində istinad etdiyi mülki mübahisə isə yalnız cavabdehlər arasında olmuş, həmin iş üzrə iddiaçılar tərəf olmamış və qeyd edilən mübahisə üzrə Binəqədi rayon Məhkəməsi tərəfindən ##.##.2023-cü il tarixdə qəbul edilmiş qətnamədən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətindən imtina edildiyindən Bakı Apellyasiya Məhkəməsinin MK-nın ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı qərardadı ilə apellyasiya icraatına xitam verilmişdir.
37. Kollegiya hesab edir ki, əvvəlki mülki mübahisə hazırkı işin tərəfləri arasında olmadığından, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarı qəbul edilən vaxt məhkəmənin icraatında olmadığından apellyasiya instansiyası məhkəməsinin mövqeyi düzgün olmamışdır.
38. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə uyğun həll etmədiyindən kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək iş yeni baxışa qaytarılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.