Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-224/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh1 qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): nisyə satılmış əşyanın ödənilməsi, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), X1 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə cavabdeh1 (bundan sonra -cavabdeh) arasında qızıl alqı-satqısı münasibətləri olmuşdur. Bununla bağlı əlyazma kağızlar tərtib edilmiş, qızıl çəkiləri və müəyyən məbləğlər göstərilmiş, müəyyən imzalar atılmışdır.
2. ##.##.2023-cü il tarixdə iddiaçı hüquq-mühafizə orqanına müraciət edərək cavabdehin onun etibarından sui-istifadə edərək 14300 manat dəyərində qızıl-zinət əşyaları alması və onların dəyərini qaytarmadığını göstərmiş, Ağstafa rayon Polis Şöbəsinin təhqiqat bölməsinin ##.##.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir.
3. Həmin qərara görə cavabdeh izahatında göstərmişdir ki, ##.##.2022-ci il tarixdə iddiaçıdan nisyə şəkildə aldığı 14300 manat dəyərində qızıl-zinət əşyasına görə öz maaş kartını iddiaçıya təhvil vermiş, sonuncu da bankomat vasitəsilə həmin kartdan 800 manat vəsait çıxartmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ##.##.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 47.750 manat məbləğində pulun və 241 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Qazax rayon Mərkəzi bazarında qızıl satışı ilə məşğul olmuşdur. Cavabdeh 2020-ci ildən müxtəlif vaxtlarda ondan qızıl-zinyət əşyaları almış və dəyərini ödəyəcəyi barədə yazılı və şifahi məlumatlar vermişdir. Cavabdehin ümumilikdə 47.750 manat borcu vardır. Dəfələrlə aldığı qızılların pulunu ödəməsi barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq müxtəlif bəhanələrlə borcunu ödəməkdən boyun qaçırmışdır.
6. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçını tanıyır, aldığı pulların hamısını qaytarmışdır və bu barədə sübutları mövcuddur. Ona görə də hesab edir ki, iddiaçının tələbi əsassızdır.
7. İddiaçının təqdim etdiyi şahid şahid1 ifadəsində göstərmişdir ki, Qazax rayonu, Ağköynək kəndində yaşayır, zərgərlik fəaliyyəti ilə məşğuldur. Həqiqətən, cavabdeh iddiaçıdan sonuncu dəfə qızıl alış-verişi edərkən, cavabdehi tanımış, qızılları aldığına şahid olmuşdur. İddiaçıda satış üçün ona məxsus qızıl-zinət əşyaları olmuşdur. Cavabdeh tərəfindən hər hansı məbləğdə pulun iddiaçıya verilməsini isə görməmişdir.
8. İddiaçının təqdim etdiyi şahid şahid2 ifadəsində göstərmişdir ki, cavabdeh anasının əmisi qızıdır. Gəncə şəhərində qızıl satışı ilə məşğul olarkən cavabdehin əmisi qızı Ramilə xanım vasitəsi ilə iddiaçını tanımışdır. Cavabdeh iddiaçıdan 3 il öncə həmin qızılları alarkən yanlarında olmuşdur. Borc vərəqinə cavabdehlə bərabər imza atmışdır. Cavabdeh tərəfindən hər hansı məbləğdə iddiaçıya pulun verilməsini isə görməmişdir.
9. Ağstafa Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) *(***)- ***/**** nömrəli iş üzrə ## ##### 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Zamiq Rəsulov).
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı izahatında bildirmişdir ki, o, cavabdehə 2020-ci ilin iyul ayında 47.750 manat məbləğində qızıl-zinət əşyaları vermişdir. İddiaçının məhkəməyə təqdim etdiyi qəbzlərdən görünür ki, o, cavabdehə 47750 manat məbləğində qızıl-zinət əşyaları vermişdir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə 47750 manat məbləğində qızıl-zinət əşyaları verilməsi sübut olunmuşdur. Cavabdeh isə borc alınmış qızılların dəyərinin qaytarılması barədə sübutlar təqdim etməmişdir. İddiaçı bildirmişdir ki, cavabdeh aldığı pulu qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh məhkəmə iclasına gəlməmiş, pulun qaytarılma müddəti ilə bağlı etiraz bildirməmişdir.
11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 739-cu maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıdan götürdüyü əşyaların dəyəri ümumilikdə 13000 manat olmuşdur. Bu hal iddiaçıya yazdığı əlyazma qəbzlə öz təsdiqini tapmışdır. Məhkəməyə ifadə vermiş şahid1 və şahid2 adlı şəxsləri tanımadığı halda həmin şəxslər onun barəsində həqiqətə uyğun olmayan ifadə vermişlər. Hansı ki, həmin ifadələrdə 47.750 manat dəyərində qızılın nisyə şəkildə alınması sübut olunmamışdır.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh əlavə olaraq izahatında bildirmişdir ki, 2017-ci ildən iddiaçı ilə alış-veriş etmiş, aldığı malların dəyərini də vaxtında ödəmişdir. İddiaçıdan nisyə şəkildə qızıl almış və aldığı qızılların dəyərini ödəyərkən dəftərə imza edib yenə qızıl götürmüşdür. Sonuncu dəfə 2022-ci ilin payızında iddiaçıdan nisyə qızıl almış, həmin ilin noyabr ayında isə “xxxx” ASC-dən 14300 manat kredit götürüb iddiaçıya qalan borcunu ödəmişdir. Hər dəfə pulu ödəyəndə isə dəftərə imza etmişdir. Onun hazırda iddiaçıya borcu qalmamışdır. Əvvəllər borcu olsa da, lakin sonradan borcunu ödəmişdir. Məhkəməyə təqdim edilmiş əlyazma qəbzlərdəki imzalar onun tərəfindən icra edilsə də, o iddiaçıdan götürdüyü qızılların pulunu tam ödəmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, 2019-cu ildə cavabdehlə sonuncunun əmisi qızı Ramilə adlı qadın vasitəsilə tanış olmuşdur. Cavabdeh ondan 47750 manat dəyərində qızılı nisyə almış, 12 ay müddətində də hər ay ona 1000 manat ödəniş etmiş, sonucu dəfə də, cavabdehə məxsus kartından 800 manat çıxarmışdır. Cavabdeh hər ödəniş etdikcə, bu barədə dəftərə imza etmişdir. Cavabdehlə qızıl ticarətləri 2019-cu ildə başlamışdır. Cavabdeh ilk dəfə ondan 100 qram, ümumilikdə isə 550 qram qızıl almışdır. O, ilk dəfə aldığı 100 qram qızılın dəyərini ödəmişdir. Ümumilikdə, cavabdehlə 5-6 dəfə alış-veriş etmişlər. Cavabdeh ondan nisyə aldığı qızı-zinət əşyalarına görə ümumilikdə 12.800 manat ödəniş etmiş, 35000 manat borcu isə qaytarmamışdır. Borcunu ödəmədiyinə görə cavabdehin evinə getmiş və sonuncu ona bildirmişdir ki, qızılları satdığı şəxslər vəfat etdiyinə görə borcunu ala bilmir. Cavabdeh ona təklif etmişdir ki, yenidən ona nisyə qızıl satsın, beləliklə də işləyib ona olan borcunu ödəsin. Ona görə də yenidən cavabdehə 150 qram qızıl nisyə satmışdır. Həmin 150 qram qızılı ona görə cavabdehə nisyə satmışdır ki, sonuncu ona «əgər mənə yenə qızıl verməsən mən də sənə olan borcumu verə bilməyəcəm, o pulun batacaq» deyə bildirmişdir. O da 35000 manat pulunun batacağından qorxduğu üçün 14300 manat dəyərində 150 qram qızılı iddiaçıya nisyə satmışdır.
16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2024-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Rüfət Məcidov).
17. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh 2020-ci ildə müxtəlif vaxtlarda və müxtəlif dəyərdə olmaqla, ümumilikdə iddiaçıdan 47.750 manat dəyərində qızıl-zinət əşyalarını nisyə şəkildə almışdır. Daha sonra isə cavabdeh ##.##.2022-ci il tarixdə iddiaçıdan 14.300 manat dəyərində qızıl-zinət əşyasını nisyə şəkildə almışdır. Bu hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əlyazma qəbzlərlə öz təsdiqini tapmışdır. Cavabdeh də apellyasiya baxışı zamanı verdiyi izahatında həmin əlyazma qəbzlərin onun tərəfindən icra edildiyini bildirmişdir.
18. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə (47750+14300=62050) ümumilikdə 62050 manat dəyərində qızıl-zinət əşyaları nisyə satılmışdır. Artıq, mübahisənin obyektiv həlli üçün ikinci araşdırılmalı olan məsələ - nisyə satılmış qızıl-zinət əşyalarının dəyərindən cavabdeh tərəfindən iddiaçıya hansı məbləğdə vəsait qaytarılmasının müəyyən edilməsidir.
19. Bu kontekstdə araşdırma aparan məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh cavabdeh1 iddiaçıdan nisyə şəkildə aldığı qızıl-zinət əşyalarının dəyərini tam həcmdə ödədiyini və iddiaçıya borcu qalmadığını bildirsə də, bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Bununla belə işin müəyyən edilmiş və faktiki halları ilə aydın olmuşdur ki, cavabdeh qızıl-zinət əşyalarının nisyə alqı-satqısına görə iddiaçıya olan borcunun bir qismini ödəmişdir.
20. Belə ki, iddiaçı İddiaçı apellyasiya baxışı zamanı verdiyi izahatında cavabdeh cavabdeh1 12 ay müddətində hər ay ona 1000 ödəniş etdiyini, həmçinin ##.##.2022-ci il tarixdə ondan nisyə şəkildə aldığı 14300 manat dəyərində qızıl-zinət əşyasına görə cavabdehə məxsus bank kartı vasitəsilə 800 manat vəsait çıxartdığını bildirmişdir.
21. Beləliklə, iddiaçının apellyasiya baxışı zamanı verdiyi izahatın sistemli tədqiqi nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya olan borcundan (12000+800=12800) ümumilikdə 12800 manat ödəmişdir. Cavabdehin qızıl-zinət əşyalarının nisyə satışına görə iddiaçıya ödədiyi 12800 manat vəsait nəzərə alındıqda cavabdehin iddiaçıya qalıq borcu (62050-12800=49250) 49250 manat təşkil etmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirmişdir ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı cavabdehdən 47.750 manat vəsait tələb etmişdir. Mülki prosessual qanunvericiliyə görə də, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM maddə 218.3). Hazırkı işdə tələbdən kənara çıxmanın müstəsna halı mövcud deyildir. Ona görə də tələb həddində cavabdehdən iddiaçının xeyrinə 47750 manat vəsait tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
22. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 442, 567, 600-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsində birinci icraat:
23. Cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** nömrəli, # ### 2025-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır (hakimlər Vüqar Həsənov (məruzəçi), Əhməd Əhmədov, İspəndiyar Şəfiyev). Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında nisyə alqısatqı 24. müqaviləsindən irəli gələn münasibətlər yaranmış və məhkəmələr iddianın maddi hüquqi əsasını düzgün müəyyən etmişlər. Belə olan halda tərəflər arasında qızıl-zinət əşyalarının nisyə alqı-satqısı ilə bağlı münasibətlərin yaranması mübahisə edilməmiş olur.
25. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə, iddiaçı birinci instansiya məhkəməsinə borcun mövcud olmasının təsdiqi olaraq cavabdeh tərəfindən imzalanmasını iddia etdiyi qəbzlər təqdim etmişdir. İddiaçının tələb etdiyi 47.750 manatın əks olunan qəbzdə tarix ##.##.2020-ci il olaraq qeyd edilmişdir. Lakin, həmin qəbz və ##.##.2022-ci il tarixədək tərtib olunmuş digər qəbzlərin məzmunu tam aydın deyildir (qəbzlərin bir hissəsi deformasiya olunub, əvvəl yazılmış qeydlərin üzərində müxtəlif qaralanma hərəkətləri icra edilib, müxtəlif tarixlərə aid məbləğlər göstərilsə də bunların qəbul edilmiş və ya qaytarılan məbləğlər olmasını dəqiq müəyyən etmək mümkün deyil, bəzi qəbzlərin tərtib edilmə tarixləri göstərilməyib, qarşısında imza edilən məbləğlərin hansı tarixdə qəbul edilməsini müəyyən etmək mümkün deyil və s). Məhkəmə iddiaçının təqdim etdiyi qəbzlərə əsaslanmaqla iddiaçı tərəfindən cavabdehə 47.750 manat məbləğində qızıl-zinət əşyalarının verilməsinin sübut olunduğunu, cavabdehin isə alınmış qızılların dəyərinin qaytarılması barədə sübutların təqdim edilməməsi nəticəsinə gələrək iddianı təmin etmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi iddia tələbindən kənara çıxaraq iddiaçının irəli sürmədiyi tələb üzrə qiymətləndirmə aparmış və cavabdehin iddiaçı qarşısında, ümumilikdə 62050 manat həcmində öhdəliyinin olması və onun 12800 manat hissəsinin icra olunması və qalan məbləğin irəli sürülmüş iddia tələbinin həddini aşmasını qeyd edərək iddia tələbini əsaslı hesab etmişdir.
27. Göstərildiyi kimi işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi iddiaçının təqdim etdiyi qəbzlərə və iddiaçının apellyasiya baxışı zamanı verdiyi izahatına əsaslanmışdır. Lakin nəzərə alınmalı idi ki, həmin qəbzlərin özlərinin mötəbərliyinin sübuta ehtiyacı vardır. Çünki bu yuxarıda göstərilən nöqsanlar həmin qəbzlərdə əks olunmuş məlumatların digər sübutlara təsdiq olunmasını zəruri edir. İddiaçı tərəf bu çatışmazlığı təqdim etdiyi şahid ifadələri ilə aradan qaldırmağa çalışmış, lakin bu sübutlar da tərəflər arasında yaranmış mübahisənin düzgün həlli üçün kifayət etməmişdir.
28. Məhkəmə tərkibi eyni zamanda qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi təqdim olunmuş bütün sübutları qiymətləndirməmişdir.
29. Belə ki, iş vərəqinin 72-ci səhifəsində olan cinayət işinin başlanmasının rədd edilməsinə dair Ağstafa rayon PŞ TB-nin ## #### 2023-cü il tarixli qərarı apellyasiya instansiya məhkəməsi tərəfindən sübut kimi qəbul olunmuşdur. Həmin qərarın qəbul edilməsinə əsas iddiaçının ərizəsi olmuşdur. İddiaçı polis şöbəsinə etmiş olduğu müraciətində cavabdehin ##.##.2022-ci il tarixdən onun etibarından istifadə edərək 14.300 manat dəyərində 14 qram qızıl-zinət əşyalarını alaraq pulunu qaytarmamasını bildirmiş və bu barədə tədbir görülməsini xahiş etmişdir.
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi sübutetmə yükünü də tərəflər arasında düzgün bölüşdürməmişdir. Hazırki işdə iddiaçı iddia edir ki, cavabdehə 47.750 manat dəyərində qızıl-zinət əşyaları vermiş, cavabdeh tərəfindən həmin əşyalar qəbul edilmiş və həmin öhdəliyin icrası cavabdeh tərəfindən təmin olunmamışdır. Cavabdeh tərəf isə iddiaçının göstərdiyi məbləğdə deyil, daha az miqdarda və həcmdə qızıl-zinət əşyaları almasını, lakin onların dəyərinin qaytarıldığını və iddiaçıya hər hansı məbləğdə borcunun qalmadığını göstərir.
31. Məhkəmə kollegiyasının qənaətinə görə, ilkin olaraq iddiaçının məhz iddia etdiyi sayda və fərdi xüsusiyyətlərə malik olan qızılların iddiaçıya verilməsi sübut olunmalı (çünki iddia ərizəsində məhz hansı qızıl-zinət əşyalarının, onların çəkisi, onların hər birinin ayrılıqda dəyəri, digər fərdi xüsusiyyətləri, bu qızıllar eyni vaxtda deyil, ayrı-ayrı vaxtlarda verilmişdirsə bunların cavabdeh tərəfində qəbul edilmə anı və s), bundan sonra cavabdehin iddiaçı qarşısında icra edilməli olan öhdəliyinin həcmi aydınlaşdırılmalıdır. Bu zaman isə iddiaçının təqdim etdiyi hər bir qəbzin tərtib oluma səbəbi, həmin qəbzlərdə olan anlaşılmazlıqların yaranma səbəbi, yəni qəbzdə olan məlumatların hansı səbəblərdən silinməsi, qəbzlərin bəzilərində onun hissələrinin hansı səbəbdən mövcud olmaması, ##.##.2022-ci ildə tərtib olunmuş qəbzdə əgər əvvəlki münasibətlərdən irəli gələn qalıq borc hissəsi qalmışdırsa, sonuncu qəbzdə bununla bağlı xüsusi qeydin aparılmaması, eyni zamanda buna qədər icra edilməli olan öhdəlik mövcud idi isə, hansı səbəbdən sonuncu dəfə iddiaçı tərəfindən cavabdehə qızıl-zinət əşyaları verilməsinin hansı zərurətdən irəli gəlməsi aydınlaşdırılmalı idi. Bu dəlillərin isə məhz cavabdehin etirazında və apellyasiya şikayətində göstərilməklə aydınlaşdırılmasının zəruri olması məhkəmələrin diqqətinə çatdırılmışdır.
32. Bununla yanaşı məhkəmələr iddiaçının polis orqanarına müraciətini, həmin araşdırma zamanı iddiaçının və cavabdehlərin izahatlarını işdə olan digər sübutlarla birlikdə qiymətləndirməmişdir.
33. Belə ki, bu halda məhkəmələr iddiaçı ilə dəqiqləşdirməli idilər ki, ##.##.2023-cü il tarixdə hüquq-mühafizə orqanına müraciət edən iddiaçı cavabdehin onun etibarından suiistifadə edərək 14300 manat dəyərində qızıl-zinət əşyaları alması və onların dəyərini qaytarmadığını göstərdiyi halda, hansı səbəbdən ##.##.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərkən daha artıq məbləğdə, yəni 47.750 manat məbləğində öhdəliyinin olmasını iddia edir.
34. Eyni zamanda o da nəzərə alınmalı idi ki, polis orqanına müraciət edən iddiaçı məhz cavabdehin daha əvvəlki tarixdən, yəni 2019-2020-ci illərdən deyil, ##.##.2022-ci il tarixdən onun etibarından istifadə edərək 14300 manat dəyərində 14 qram (150 qram və ya daha artıq çəkidə deyil) qızıl-zinət əşyalarını alaraq pulunu qaytarmamasını tələb etmişdir.
35. Apellyasiya məhkəməsi qətnaməsində tərəflər arasındakı mübahisəli halların aydınlaşdırılması üçün iş üzrə qəbzləri, tərəflərin izahatlarını (hətta iddiaçının apellyasiya icraatında yeni hallar üzrə verdiyi izahatını) müqayisəli şəkildə yenidən nəzərdən keçirilməsini zəruri hesab etdiyini göstərdiyi halda, qətnamənin əsaslandırma hissəsində həmin qərarda olan hallarla bağlı hər hansı dəyərləndirmə aparmamış, qərarı sübut kimi qəbul etsə də, iddiaya aidiyyətinə hüquqi qiymət verməmişdir.
36. Digər tərəfdən məhkəmə cavabdeh tərəfindən müəyyən miqdarda ödənişlərin edilməsini qəbul etsə də bu ödəmələrin edilmə vaxtına dair heç bir araşdırma aparmamışdır.
37. Bütün göstərilənlərin məmusu onu deməyə əsas verir ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 77.1, 88 və 217.3-cü maddələri pozulmuşdur.
d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
38. Apellyasiya instansiya məhkəməsinin iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, cavabdeh isə apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə aralarında əvvəllər də bir neçə dəfə alqı-satqı münasibətləri olmuş, aldığı qızılların qarşılığında ödənişləri həyata keçirmişdir. Sonuncu dəfə iddiaçıdan 14300 manat dəyərində olan qızıl aldığını qəbul etmiş, lakin həmin qızılın da pulunu ödəmişdir.
39. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Rəşad Mamedov (sədrlik edən və məruzəçi), Azər Bayramov və Aygül İsgəndərova) birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia qismən təmin edilmiş, cavabdehdən 14.300 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən göstərmişdir ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. İddiaçı tərəfindən sübut qismində təqdim edilən qəbzlərin məzmunu tam aydın deyil. İddiaçı tərəf qeyd olunan qəbzlərdəki çatışmazlığı təqdim etdiyi şahid ifadələri ilə aradan qaldırmağa çalışmış, lakin bu sübutlar da tərəflər arasında yaranmış mübahisənin düzgün həlli üçün kifayət etməmişdir. Həmçinin həmin qəbzlərdə əks olunmuş məlumatlar digər sübutlarla da təsdiq olunmadığından məhkəmə kollegiyası həmin qəbzlərin özlərini ayrılıqda iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi nöqteyi-nəzərindən qeyri-mötəbər sübut hesab etmişdir.
41. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə iddia tələbinin tam təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Hazırki apellyasiya icraatı zamanı isə cavabdeh məhkəmə iclasında sonuncu dəfə 14.300 manat məbləğində qızıl-zinət əşyasını iddiaçıdan aldığını qəbul etmiş, lakin həmin qızılın dəyəri olan pulu da birdəfəlik ona geri ödədiyini bildirmişdir.
42. Buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sübut etmə yükünün tərəflər arasında bölüşdürülməsi baxımından cavabdeh iddia tələbi üzrə qeyd olunan 14.300 manat dəyərində qızılı aldığını qəbul etdiyindən həmin hissədə onun qarşılığında ödənilməli olan 14.300 manat pulun ödənildiyini sübutetmə yükü də elə cavabdehin üzərinə düşür. Lakin cavabdeh həmin halı təsdiq edə biləcək dəlillər təqdim etməmişdir.
43. İddia tələbinin geri qalan hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 385, 425.1, 442, 567, 600.1, 600.4, MPM-in 14.2, 76.1, 77.1-ci maddələrinə istinad etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
45. İddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi və ya həmin hissədə işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
46. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassasiya instansiya məhkəməsinin qərarında şərh olunan göstərişlər araşdırılmamışdır. Belə ki, əvvəlki məhkəmə araşdırması zamanı cavabdehin verdiyi izahatlarından, habelə onun kassasiya şikayətinin dəlillərindən də həmin qəbzlərdəki yazıların və imzaların ona məxsus olması dolayısıyla etiraf edilmiş, hətta cavabdeh müvafiq məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməməsinə dair etirazının olduğunu da bildirmişdir (kassasiya instansiyası məhkəməsinin birinci qərarı, 25-ci bənd).
47. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyasının digər göstərişlərini də icra etməmiş, qənaətini formal mülahizələrlə əsaslandıraraq onun hüquqlarını kobud şəkildə pozmuşdur. Cavabdehin etirafları və əvvəlki kassasiya şikayətinin dəlillərindən də müəyyən olunur ki, cavabdeh 14300 manat dəyərində qızıl-zinət əşyalarını almasından da qabaq nisyə qızıl-zinət əşyalarını aldığını etiraf etmiş və həmin əşyaların dəyərini iddiaçıya tam həcmdə ödədiyini bildirmişdir. Lakin pulların qaytarılmasını təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Göründüyü kimi, iddiaçının cavabdehə 2020-ci ildən başlayaraq nisyə qızıl-zinət əşyalarını satması öz təsdiqini tapmışdır.
48. Kassasiya instansiya məhkəməsinin digər göstərişinə görə, məhkəmələr iddiaçı ilə dəqiqləşdirməli idilər ki, ##.##.2023-cü il tarixdə hüquq-mühafizə orqanlarına müraciət edən iddiaçı cavabdehin onun etibarından sui-istifadə edərək 14300 manat dəyərində olan qızılzinət əşyalarını almasını və onların dəyərinin qaytarılmamasını göstərdiyi halda, hansı səbəbdən ##.##.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək daha artıq, yəni, 47750 manat məbləğində öhdəliyinin olmasını iddia edir. Birincisi həmin qərara diqqət yetirildikdə görünür ki, araşdırma zamanı verdiyi izahatda cavabdehin ona 14300 manat deyil, ümumilikdə 49300 manat məbləğində borcun qaldığını açıq-aşkar qeyd etmişdir. Ona görə Qazax RPŞ-yə müraciət etməli olmuş, həmin RPŞ-in ## ###### 2023-cü il tarixli qərarından da görünmüşdür ki, 49300 manat məbləğində borcunun olduğunu bildirmişdir. Apellyasiya məhkəməsi Ali Məhkəmənin bu göstərişinə əməl etməmiş, həm Ağstafa, həm də Qazax RPŞ-də verdiyi izahatlara diqqət yetirilməmiş, bu hallara hüquqi qiymət verməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 50.Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 51.Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni, şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 52.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 53.Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 54.Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 55.Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 56.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 57.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 58.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 59.Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 60.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 61.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri 62.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 63.Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
64.Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 65.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, iddiaçı mübahisələndirdiyi hissədə istinad etdiyi halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddia tələbi həmin hissədə sübuta yetirilmədiyindən apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq təmin edilməmişdir. 66.Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir. 67.Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. 68.Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.